Cəbhədə oktyabrın 21-ə olan son vəziyyət
"Oktyabrın 20-i gün ərzində və 21-ə keçən gecə cəbhənin Ağdərə, Füzuli- Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib".
Bu məlumatı da AMN yuxarıdakı məlumatdan təqribən 10 dəqiqə öncə paylaşmışdı.
Məlumatda qeyd edilirdi ki, qarşı tərəf Azərbaycanın müdafiə mövqelərini atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Azərbaycan ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində qarşı tərəfin geri çəkildiyi vurğulanıb.
"Goranboy və Tərtər rayonları atəşə tutulur"
Oktyabrın 20-də saat 17:00 radələrindən Ermənistan ordusunun Goranboy və Tərtər rayonlarının ərazisini raket-artilleriya atəşinə tutuğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.
Top mərmisindən Tərtərdə iki nəfərin öldüyü bildirilir
Bu gün, oktyabrın 20-də top mərmisindən Tərtər rayonunda iki nəfərin həlak olduğu açıqlanıb.
Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Açıqlamaya görə, oktyabrın 20-si, səhər saatlarından başlayaraq qarşı tərəfin silahlı birləşmələri Tərtər rayonunu intensiv raket və ağır artilleriya atəşinə tutub: "Saat 15 radələrində rayonun Cəmilli kəndində fərdi yaşayış evinə top mərmisinin düşməsi nəticəsində kənd sakinləri - 1994-cü il təvəllüdlü İsaqlı Anar Rəsul oğlu və 1984-cü il təvəllüdlü Quliyev Anar Tofiq oğlu həlak olub. 1972-ci il təvəllüdlü Şabanov Murov Rəsul oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb, yaşayış evinə isə külli miqdarda ziyan dəyib".
Qurumdan bundan əvvəl qeyd edildiyinə görə, sentyabrın 27-dən (cəbhədə döyüşlər başlanandan) Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 61 mülki şəxs həlak olub, 291 nəfər yaralanıb.