İ.Əliyev: "Biz böyük qayıdışın astanasındayıq"
"Əminəm ki, bu gün işğalçılardan azad edilmiş bütün torpaqlara Azərbaycan vətəndaşları qayıdacaqlar. O torpaqlarda yaşayacaqlar, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqlar".
Prezident İlham Əliyev bunu xalqa müraciətində bildirib.
O vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilən bütün şəhərləri, kəndləri bərpa olunacaq: "Biz böyük qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, işğal edilmiş və azad edilmiş torpaqlara qayıdacaq Azərbaycan vətəndaşları rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar. Bu torpaqlarda həyat canlanacaqdır".
Prezident: Zəngilan şəhəri işğaldan azad edilib
Prezident İlham Əliyev xalqa müraciətində deyib ki, Azərbaycan ordusu Zəngilan şəhərini, bu, Xocavənd, Cəbrayıl və Füzuli rayonlarının bəzi kəndlərini işğaldan azad edib.
Azərbaycan prezidenti İ.Əliyevin deməsinə görə, aşağıdakı yaşayış məntəqələri işğaldan azad edilib:
Füzuli rayonu: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri.
Cəbrayıl rayonu: Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri.
Xocavənd rayonu: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Vəng kəndləri.
Prezident daha sonra əlavə edib: "Vəng kəndinə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın".
Azərbaycan dövlət başçısının vurğulamasına görə, Zəngilan rayonunda isə rayon mərkəzi, Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan və Muğanlı kəndi işğaldan azad edilib.
Tərtər və Ağdam rayonları atəşə tutulur
Ermənistan silahlı qüvvələrinin Tərtər və Ağdam rayonlarının ərazilərini atəşə tutduqları bildirilir.
Bu barədə bu gün, oktyabrın 20-si, saat 13:00 radələrində Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.
BQXK rəhbəri cəbhə xəttində işlərindən danışıb
Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer oktyabrın 19-da Romada AP-yə müsahibəsində deyir ki, müharibə bütün tərəflərin silahlı qüvvələrinə böyük təsir göstərir, mülki əhaliyə təsiri də artır. Ancaq o, hazırda bir dəyərləndirmə aparmağın çox çətin olduğunu vurğulayıb.
"Çünki cəbhə xəttindəki əməkdaşlarımız özlərini qorumalıdırlar. Onlar daha çox sığınacaqlarda qalırlar, müharibəyə görə bayıra məhdud çərçivədə çıxırlar və ona görə də tam dəyərləndirmə aparmaq mümkün deyil. Ancaq əlbəttə ki, yüzlərlə yaralı, saxlanan, həlak olan var. Tam mənzərəni bilmək üçün atəşkəs olmalı, biz çöldə işləməliyik. Ümid edirəm, bunu mümkün qədər tez edə biləcəyik", – o deyib.
Maurerin sözlərinə görə, çətinliklərə baxmayaraq, xəstəxanaları, tibb ocaqlarını cərrahiyyə alətləri ilə təmin edib, təməl humanitar işi həyata keçirə biliblər. "Ancaq bunun miqyasını böyütmək üçün azından günün müəyyən günlərində atəşkəs olmalıdır", – o vurğulayıb.
"Ən çətin məsələ mülki əhali ilə hərbi hədəfləri ayırd etməkdir. Hər bir münaqişədə olduğu kimi, Dağlıq Qarabağda da bu, xüsusilə çətindir. Beynəlxalq humanitar qanun belə bir öhdəlik qoyur ki, humanitar təşkilatların işi asanlaşdırılmalı, onlar yaralılara kömək edə bilməlidirlər. İtkin düşənlərlə məşğul olmaq lazıdır. Beynəlxalq humanitar qanun bir sıra öhdəliklər müəyyənləşdirir, ancaq onlarla bağlı işləməyə adekvat durum yoxdur. Biz Dağlıq Qarabağda fəaliyyətimizi ona görə gücləndiririk ki, tərəflərlə işləyən azsaylı oyunçulardanıq və bu işi davam etdirəcəyik".