61 mülkü şəxs həlak olub, 291-i xəsarət alıb
Baş Prokurorluğun mətbuat xidməti cəbhədə mülki insanların itkisi ilə bağlı bu gün, oktyabrın 20-də növbəti açıqlama yayıb.
Açıqlamada qeyd edildiyinə görə, sentyabrın 27-dən (cəbhədə döyüşlər başlanandan) hazırkı vaxtadək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 61 mülki şəxs həlak olub, 291 nəfər yaralanıb: "Bundan başqa, 382 mülki obyekt, 90 hündürmərtəbəli yaşayış binası və 1941 yaşayış evi yarasız hala düşüb".
Ceyhun Bayramovun Vaşinqtona səfəri gözlənir
Oktyabrın 23-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Mayk Pompeo ilə görüşünün keçirilməsi nəzərdə tutulur.
Bu barədə bu gün, oktyabrın 20-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Məlumatda yazılıb ki, onun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşünün keçirilməsi də planlaşdırılır.
Suqovuşan və Talış kəndlərinə yol planlaşdırılır
Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Məlumata görə, prezident İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır: "Ümumi uzunluğu 29 km olan avtomobil yollarının bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən hazırlıq işlərinə start verilib".
Lakin yolların bərpasına büdcədən nə qədər vəsait ayrılacağına dair hələ ki, heç bir məlumat yoxdur.