Keçid linkləri

2026, 09 Avqust, bazar, Bakı vaxtı 19:22
Vladimir Putin
Vladimir Putin

Putin deyib ki, Qarabağın statusu ‘gələcəyə’ qalır

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

20:22 16.10.2020

Baş Prokurorluq: “Videolarla əlaqədar araşdırma aparılıb”

Azərbaycan Baş Prokurorluğu bəzi sosial şəbəkə istifadəçiləri və kütləvi informasiya vasitələrində yayılan videolarla bağlı açıqlama yayıb.

Orada bildirilir ki, bəzi sosial şəbəkə istifadəçiləri, “Инфотека24” və digər xarici kütləvi informasiya vasitələri guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı qanunsuz davranışlarını, o cümlədən azərbaycanlı həkimlərin yaralılara laqeyd münasibət göstərməsini əks etdirən videogörüntülər yayıblar.

“Tərəfimizdən erməni əsirlərinə qarşı qanunsuz davranışlarla bağlı yayılmış videolarla əlaqədar araşdırma aparılıb və onların saxta olması müəyyənləşdirilib. Bildiririk ki, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə ermənilər tərəfindən səhnələşdirilən bu tipli videolar təxribat xarakteri daşıyır. Videoların Azərbaycan hərbi qulluqçularının döyüş fəaliyyətinə, o cümlədən cəmiyyətimizə heç bir aidiyyəti yoxdur” - məlumatda yazılıb.

Bundan əvvəl Ermənistan mediasında insan haqları müdafiəçilərinin Azərbaycan əsgərlərinin erməni əsirlərlə qəddar hərəkət etməsinin və daha sonra onları güllələməsinin iddia olunduğu iki video və bir fotonu əldə etdikləri xəbər verilmişdi.

News.am saytı iddia edir ki, belə videolar Azərbaycan mənbələri tərəfindən yayılır.

18:35 16.10.2020

“Xırmancıq, Ağbulaq, Axullu kəndləri azad edilib”

Azərbaycan prezidenti İlham Əliyev bu gün, oktyabrın 16-da bildirib ki, 3 kənd də işğaldan azad edilib.

"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib..." - deyə prezident İlham Əliyev "Twitter" səhifəsində paylaşım edib.

16:22 16.10.2020

İran xəbərdarlıq edir

İranın Xarici İşlər Nazirliyi Ermənistana və Azərbaycana yenidən xəbərdarlıq edib. Buna Dağlıq Qarabağda əməliyyatlar zamanı İran tərəfə təsadüfən atəş açılması və bir nəfərin yaralanması səbəb olub.

"Belə bir atəş bir daha təkrarlanarsa, İran İslan Respublikası buna etinasız yanaşmayacaq", – nazirliyin sözçüsü Səid Xətibzadə oktyabrın 16-da deyib.

Rəsmi IRNA agentliyi yerli məmura istinadla xəbər verib ki, İranın Şərqi Azərbaycan əyalətinin Xudafərin şəhəristanında iki kəndə 10 raket düşüb, bir bina dağılıb, bir nəfər yaralanıb.

Xudafərin Ermənistanın işğalı altında olan Dağlıq Qarabağla həmsərhəddir.

Sentyabrın 27-dən Azərbaycanla Ermənistan arasında başlanan əməliyyatlar zamanı sərhədin o tayına dəfələrlə raket və mərmi düşüb. Xətibzadə oktyabrın 12-də xəbərdarlıq edirdi ki, "münaqişənin istənilən tərəfinin ölkəmiz ərazisinə müdaxiləsi dözülməzdir".

14:47 16.10.2020

Pompeo Qarabağa 'barıt çəlləyi' deyir

Dağlıq Qarabağdakı separatçı rejim bu gün daha 29 əsgərinin öldürüldüyünü bildirib. Beləliklə, sentyabrın 27-dən gedən döyüşlərdə həlak olmuş Ermənistan əsgərlərinin sayı 633-ə çatıb. Xəbəri "Reuters" yayıb.

ABŞ Dövlət katibi Mayk Pompeo isə deyir ki, Türkiyə Azərbaycanı resursla təmin etməklə münaqişəni daha da ağırlaşdırır. "WSB Atlanta"ya müsahibəsində Pompeo qeyd edib ki, münaqişənin diplomatik həllinə ehtiyac var, nəinki "üçüncü tərəf ölkələrin barıt çəlləyini daha da alovlandırmasına".

Türkiyə isə NATO müttəfiqlərinin tənqidlərini rədd edir, Ermənistanı Azərbaycan ərazisinin işğalına görə ittiham edir.

XİN-dən ABŞ Dövlət katibinə etiraz

"Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Mayk Pompeo bu ilin 15 oktyabr tarixində "WSB Atlanta" televiziya kanalında "Erik Erikson Şou" verilişində səsləndirdiyi fikirlər sırasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Azərbaycan tərəfi hesab edir ki, ABŞ Dövlət katibinin fikirləri ABŞ hökuməti tərəfindən münaqişə ilə bağlı bundan öncə edilmiş çoxsaylı rəsmi bəyanatlara uyğun deyil".

Bu barədə Azərbaycan XİN-dən daxil olan məlumatda bildirilir.

"Bu fikirlər həmçinin, ABŞ-ın, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi, statusuna uyğun gəlmir", - açıqlamada vurğulanıb.

Davamı

XS
SM
MD
LG