'Ordubad rayonuna raket zərbəsi endirilib'
Ermənistan silahlı qüvvələrinin Ordubad rayonu ərazisinə raket zərbəsi endirdiyi bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) oktyabrın 16-da saat 13:35-də məlumat yayıb.
"Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib", - məlumatda yazılıb.
47 mülki şəxs həlak olub, 222-i yaralanıb
Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti bu gün, oktyabrın 16-də cəbhədə mülki əhalinin itkiləri ilə bağlı növbəti açıqlama yayıb.
Qurumun məlumatına görə, sentyabrın 27-dən (cəbhədə döyüşlər başlayandan) hazırkı vaxtadək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 47 mülki şəxs həlak olub, 222 nəfər yaralanıb: "Bundan başqa, 301 mülki obyekt, 84 yaşayış binası və 1669 yaşayış evi yarasız hala düşüb".
Cəbhədə vəziyyət gərgin olaraq qalır
Oktyabrın 15-i gün ərzində və 16-na keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut istiqamətlərində vəziyyətin yenə də gərgin olaraq qaldığı bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) oktyabrın 16-sı saat 9:19-da məlumat yayıb.
Məlumatda yazılıb ki, işğaldan azad edilmiş Cəbrayıl, Hadrut istiqamətlərində yerləşən Azərbaycan bölmələrinin mövqelərini, eləcə də cəbhə xəttinə yaxın kəndləri qarşı tərəf oktyabrın 15-də gün ərzində raket, artilleriya və minaatanlardan atəşə tutub. MN-in bildirməsinə görə, gecə ərzində cəbhənin bəzi istiqamətlərində qarşı tərəf fəallaşmağa cəhd göstərib, amma bunun qarşısı alınıb.
MN: "Yaşayış məntəqələrimiz atəşə tutulur"
"Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə tutur".
MN bu məlumatı oktyabrın 16-da saat 8:22-də yayıb.