Gəncədə axtarış-xilasetmə işləri yekunlaşıb
“Ermənistan silahlı qüvvələrinin atdığı raket nəticəsində Gəncə şəhərində dağılmış binada axtarış-xilasetmə işləri yekunlaşıb”
Bu məlumatı oktyabrın 11-də Azərbaycan Fövqəladə Hallar Nazirliyi yayıb.
Məlumatda qeyd edilib ki, Ermənistan ordusunun oktyabrın 11-i, gecə saat 2.00 radələrində Gəncə şəhərinə atdığı raket nəticəsində yaşayış binası tamamilə dağılıb, bina sakinləri dağıntılar altında qalıb:
“Dərhal əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən dağıntılar altından xəsarət almış 17 nəfər və 9 nəfərin cəsədi çıxarılıb.Aidiyyəti qurumların məlumatına əsasən dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb”
Elçin Əmirbəyov: Beynəlxalq təşkilatlar Ermənistana sanksiyalar tətbiq etməlidirlər
“Azərbaycan beynəlxalq hüquq çərçivəsində bütün hüquqları özündə qoruyur.”
AZƏRTAC-ın xəbərinə görə,bu sözləri isə oktyabrın 11-də Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Gəncədə keçirilən brifinqdə bildirib.
Elçin Əmirbəyov deyib: “Əgər beynəlxalq ictimaiyyət bizdən xahiş edirsə ki, ermənilərə şans verək, biz bu şansı verdik. Lakin Ermənistanın bu təxribatları onu sübut edir ki, onlar bu şansdan istifadə etmək istəmirlər. İlk növbədə, beynəlxalq təşkilatlar bu hücumları qınamalı, Ermənistana sanksiyalar tətbiq etməlidirlər"
Hikmət Hacıyev: “Ermənistan bir tərəfdən sülh yalvarışları edir, digər tərəfdən...
“Ermənistan bir tərəfdən sülh yalvarışları edir, digər tərəfdən şəxslərə qarşı terror aktı törədir”.
Bu fikri də oktybrın 11-də Gəncədə Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.
Prezidentin köməkçisi bildirib ki, “biz başverənləri terror aktı kimi qiymətləndiririk”.
Hikmət Hacıyev: “Bu, Rusiya Federasiyasına qarşı hörmətsizlik kimi qiymətləndirilməlidir”
Prezidentin köməkçisi Hikmət Hacıyev Gəncədə yerli və xarici kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırıb.
O deyib ki, qarşı tərəf humanitar atəşkəs rejiminin tələblərini kobudcasına pozaraq təkcə Gəncəni deyil, Mingəçevir və digər yaşayış məntəqələrini atəşə tutub.
AZƏRTAC-ın xəbərinə görə, H.Hacıyev sonra da deyib: “Bu, Ermənistanın dünya ictimaiyyətinə, o cümlədən Rusiya Federasiyasına qarşı hörmətsizliyi kimi qiymətləndirilməlidir. Rusiya Federasiyasının bilavasitə vasitəçiliyi ilə humanitar əsaslarla atəşkəsə dair fikirlər ortaya qoyulduğu halda Azərbaycan xalqına qarşı Ermənistan tərəfindən bu vandallıq və soyqırımı aktı həyata keçirildi. Beynəlxalq ictimaiyyət bu hadisələrə lazımi qiymət verməlidir”.