Prezidentin köməkçisi Gəncədidir
Oktyabrın 11-də Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Baş Prokuror Kamran Əliyev və başqa dövlət rəsmiləri Gəncə şəhərinə səfər edib.
Rəsmilər raket zərbələrinin vurulduğu ərazidə olub, vəziyyətlə yerində tanış olublar.
Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 11-də bəyanat yayıb.
Bəyanatda yazılıb ki, humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları aparılan ərazidən xeyli aralıda yerləşən şəhərləri, kəndləri raket və artilleriya atəşinə tutmaqda davam edir.
Məlumatda qeyd edilib ki, oktyabrın 10-u və 11-i müxtəlif saatlarda Gəncə, Mingəçevir şəhərləri, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarının kəndləri atəşə məruz qalıb.
“Nəticədə xeyli sayda dinc sakin həlak olub və yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib.Bölgədəki vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.”,AMN bildirib
Baş Prokurorluq: “41 dinc sakin həlak olub, 205 sakin yaralanıb”
Azərbaycan Baş Prokurorluğu sentyabrın 27-dən (cəbhədə döyüşlər başlayandan ) oktyabrın 11-dək olan müddətdə mülki insanların itkisi ilə bağlı növbəti açıqlama yayıb.
Qurumun məlumatına görə, bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər nəticəsində Azərbaycan tərəfdən 41 dinc sakin həlak olub, 205 sakin yaralanıb.
“Yararsız vəziyyətə düşmüş yaşayış evlərinin sayı 1 165, çoxmənzilli yaşayış binalarının sayı 57, mülki obyektlərin sayı isə 146 olub.”,məlumatda vurğulanıb.
“ Gəncədə raket atəşi nəticəsində ölənlərin sayı 9-a çatıb”
Ermənistan silahlı qüvvələrinin Gəncədə yaşayış binalarını raket atəşinə tutması nəticəsində ölənlərin sayının 9-a çatdığı bildirilir.
Bu barədə Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Ermənistan silahlı qüvvələri oktyabrın 11-i, gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər həlak olub.