Gəncə şəhərinin Ermənistan tərəfindən atəşə tutulması nəticəsində bu saata qədə ölən mülki vətəndaşlaın sayı 7-yə, yaralananların sayı isə 33-ə çatıb.
Bu barədə Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 11-də “Twitter”dəki hesabında paylaşım edib.
Ermənistana məxsus PUA-nın vurulduğu bildirilir
Ermənistana məxsus pilotsuz uçuş aparatın (PUA) vurulduğu bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) oktyabrın 11-i saat 9-21-də məlumat yayıb.
Məlumatda qeyd edilib ki, oktyabrın 11-i səhər saat 08.00 radələrində Mingəçevir istiqamətində uçuşlar həyata keçirməyə cəhd edən Ermənistana məxsus pilotsuz uçuş aparatını (PUA) Azərbaycanın Hava Hücumundan Müdafiə bölmələri vurub.
Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri oktyabrın 9-u və 10-da Moskvada danışıqlar apararaq atəşkəs barədə sənəd imzalamışdılar. Həmin sənədə görə, oktyabrın 10-u saat 12-dən cəbhədə tərəflər arasında atəşkəs əldə edilməliydi.
Amma həmin tarixdən sonra da cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi açıqlanıb.
Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 30-dan çox kəndi, Cəbrayıl şəhərini və Hadrut qəsəbəsini işğaldan azad edib.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildəbaşlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir. Xüsusilə 2016-cı ilin aprelində və bu ilin iyulunda cəbhədə ağır silahların işə düşdüyü, hər iki tərəfdən itkilər olduğu deyilirdi.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.
Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.
"Yaşayış binasının raket atəşinə tutulması nəticəsində 5 nəfər həlak olub, 28 nəfər yaralanıb"
Ermənistan respublikasının silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 5 nəfər həlak olub, 28 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib. Bu barədə Azərtac yaydığı məlumat deyilir.
Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
"Gəncə şəhəri növbəti dəfə atəşə tutulur"
Azərbaycanın Müdafiə nazirliyinin yaydığı son məlumata görə, Gəncə şəhəri növbəti dəfə atəşə tutulur. Nazilik şəhərin Ermənistanın Berd rayonu ərazisindən atəşə tutulduğu bildirir.