AMN: 'Goranboy, Tərtər və Ağdamın kəndləri artilleriya atəşinə tutulur'
Ermənistan silahlı qüvvələrinin Goranboy, Tərtər və Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutduğu bildirilir.
Bu məlumatı oktyabrın 8-i, saat 18-47-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) yayıb.
AMN qeyd edib ki, buna qarşı adekvat tədbirlər görülür.
31 mülki şəxs həlak olub, 154-ü yaralanıb
Azərbaycan Baş Prokurorluğu oktyabrın 8-i günorta saatlarında cəbhə bölgəsində mülki əhalinin itkiləri ilə bağlı növbəti açıqlama yayıb.
Qurumun mətbuat xidmətinin məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 31 mülki şəxs həlak olub, 154 nəfər yaralanıb.
"Bərdə "Toçka-U" kompleksindən atəşə tutulub"
"Bərdə ərazisi "Toçka-U" kompleksindən atəşə tutulub".
Bunu Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 8-i saat 13 radələrində yayıb.
"Oktyabrın 8-də səhər saat 10 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələri Bərdə rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutub".
Bu məlumatı isə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti yayıb.
Məlumata görə, saat 11 radələrində Bərdə şəhərinin mərkəzində yerləşən "Qədim Bərdə" restoranına raket düşməsi nəticəsində həmin vaxt orada olan iki nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib: "Eyni zamanda, Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşmüş raketlər 5 nəfər şəxsin yaralanmasına səbəb olub…".