Bərdə atəşə tutulur
Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini atəşə tutduqları bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 8-də saat 11:24-də məlumat yayıb.
Ceyhun Bayramov Hayko Maas ilə danışıb
Dünən, oktyabrın 7-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə Almaniya Xarici İşlər naziri Hayko Maas arasında telefon danışığı baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) oktyabrın 8-də yaydığı məlumatda qeyd edilib ki, tərəflər arasında bölgədə mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb: "Almaniya xarici işlər naziri bölgədə baş verən gərginliyin alovlanmasından ciddi narahatlığını ifadə edib və məsələnin həlli üzrə siyasi dialoqun zəruriliyini vurğulayıb. Nazir Ceyhun Bayramov bölgədəki son gərginlik, xüsusən də Ermənistanın azərbaycanlı mülki şəxslərini və obyektlərini qəsdən atəşə tutması barədə qarşı tərəfə məlumat verib".
Açıqlamaya görə, C.Bayramov BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsinin bölgədə sülhün təmin edilməsi üçün mühüm şərt olduğunu qeyd edib. (1993-cü ildə qəbul edilən 4 qətnaməni nəzərdə tutur. Orada işğal edilən ərazilərin boşaldılması istənilib-red.)
Goranboyda artilleriya zərbələrindən həlak olan var
Goranboy rayonunun Şahməmmədli kəndində ağır artilleriyadan mülki əhalidən ölən olduğu deyilir.
Bu barədə Azərbaycan Baş Prokurorluğu oktyabrın 8-də məlumat yayıb.
Məlumatda qeyd edilir ki, oktyabrın 8-də Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə Goranboy rayonun Şahməmmədli kəndinin ağır artilleriyadan atəşə tutulması nəticəsində kənd sakini 1957-ci il təvəllüdlü Türyan Quliyeva yaşadığı evdə həlak olub.
Qurumun oktyabrın 7-də yayılan məlumatında bildirilirdi ki, sentyabrın 27-də, cəbhədə döyüşlər başlayandan bəri Azərbaycan tərəfdən 30 mülki şəxs həlak olub, 140-dan çoxu yaralanıb.