Yenidən atəşə tutulur
Ermənistan ordusunun Tərtər və Füzuli rayonlarının yaşayış məntəqələrini yenidən atəşə tutduğu bildirilir.
Bu barədə oktyabrın 7-si saat 14:45-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.
Xındırıstanda mərmidən ölən olduğu bildirilir
Ağdam rayonunun Xındırıstan kənd sakininin mərmidən həlak olduğu deyilir.
Bu barədə Azərbaycan Baş Prokurorluğu oktyabrın 7-də məlumat yayıb.
Qurumun mətbuat xidmətindən bildiriblər ki, işğalçı ölkənin silahlı qüvvələri Ağdam rayonunu müxtəlif istiqamətlərdən atəşə tutub. Qeyd edilib ki, Xındırıstan kəndində yaşadığı evə mərmi düşməsi nəticəsində 1945-ci il təvəllüdlü Zərifə Əliyeva həlak olub.
Baş Prokurorluğun mətbuat xidmətindən bundan əvvəl verilən məlumata görə, sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan tərəfdən 28 mülki şəxs həlak olub, 144 nəfər yaralanıb.
Putin: "Bu, bir faciədir"
Rusiya prezidenti Vladimir Putin deyir ki, Rusiya Federasiyası Dağlıq Qarabağda əməliyyatları mümkün qədər tez dayandırmağa çağırır.
"İstənilən halda biz atəşi dayandırmağa və bunu mümkün qədər tez etməyə çağırırıq", – Putin "Rossiya 24" televiziyasına müsahibəsində deyib.
Rusiya prezidenti Qarabağdakı hadisələrin bir faciə olduğunu, Rusiyanın bundan çox narahat olduğunu bildirib: "Bu, bir faciədir. Biz çox narahatıq, çünki Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ ərazilərində yaşayan insanlar bizə yad deyil".
V.Putin Rusiyada təxminən iki milyon azərbaycanlının və iki milyondan çox erməninin yaşadığını qeyd edib.
Ermənistan Azərbaycanın qüvvələrini Araz çayı boyunca cəmləşdirdiyini deyir
Ermənistan ordusunun rəsmisi Azərbaycana İranla sərhədə, Dağlıq Qarabağdakı erməni mövqelərindən cənuba qüvvə cəmləmək taktikası ilə bağlı xəbərdarlıq edib. O, məqsədin İranla sərhəddə döyüşləri qızışdırmaq olduğunu iddia edib.
"Özəlliklə Qarabağ-Azərbaycan əməliyyatlarından cənubda Azərbaycan bölmələri Araz çayı boyunca böyük qruplarla cəmləşir, faktiki olaraq gizlənərək irəli getməyə cəhd edir", – Artsrun Ovannisyan oktyabrın 7-də səhər Facebook-da yazıb.
Ordu rəsmisi əməliyyatlar nəticəsində Azərbaycan tərəfinin geri çəkilməkdən, yaxud İrana qaçmaqdan başqa alternativi qalmayacağını istisna etməyib.
"Buna yol verməmək üçün, düşünürük ki, bütün bunları görən İran tərəfi Azərbaycanın bu dərəcədə qüvvə yığmasının qarşısını almalıdır", – Ovannisyan vurğulayıb.Oktyabrın 6-da Tehran İran ərazisinə hətta təsadüfən atəş açılmasına qarşı sərt tədbir görüləcəyini deyib.