DTX terrorçuların danışıqlarını tutduğunu bildirir
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündə xarici muzdlulardan, İraq və Suriya ərazisindən gətirilən kürd terrorçu qruplaşma üzvlərindən fəal istifadə edildiyi bildirilir.
Bu barədə oktyabrın 6-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti ( DTX) məlumat yayıb.
Qurumdan vurğulanıb ki, Azərbaycan əleyhinə hərbi əməliyyatlarda iştirak edən PKK ilə əlaqəli terrorçuların radio danışıqları ələ keçirilib. "Həmin səs yazılarında terrorçular erməni tərəfində vəziyyətin ağır və itkilərin çox olması, azərbaycanlılar tərəfindən dronların effektli tətbiqi barədə müzakirələr aparır, ermənilərin məlumatlarına aldanaraq münaqişə bölgəsinə gəldiklərindən peşmançılıq keçirdiklərini bildirirlər", - açıqlamada yazılıb.
Oxşar iddialar Azərbaycana qarşı da səslənib. Bir neçə gün öncə Fransa prezidenti E.Makron də iddia etmişdi ki, Azərbaycan tərəfdə Suriyadan gətirilmə muzdlular döyüşür.
Azərbaycan rəhbərliyi belə iddiaları qəti təkzib edib. DTX-nın bu açıqlamasına isə, hələlik, Ermənistan tərəfdən münasibət bildirilməyib.
Ötən gecə nisbətən sakit keçib
Ermənistan oktyabrın 6-da bildirib ki, ötən gecə Dağlıq Qarabağ münaqişə zonasında nisbətən sakit keçib.
"Dağlıq Qarabağ münaqişə zonasında əməliyyatların dərhal dayandırılması ilə bağlı beynəlxalq ictimaiyyətin çağırışlarından sonra ötən gecə sərhəddə nisbətən sakitlik olub", – Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan Facebook-da yazıb.
Qondarma "Dağlıq Qarabağ Respublikası"nın de-fakto prezidenti Arayik Harutyunyan Facebook-da yazıb ki, ötən gecə cəbhədə "sabit vəziyyət" saxlanıb.
Müdafiə Nazirliyinin müşavirəsi keçirilib
Oktyabrın 6-da Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirə keçirilib.
Nazirliyin məlumatına görə, müşavirədə aparılan əks-hücum əməliyyatında hazırda mövcud olan vəziyyət təhlil olunub. Eyni zamanda, bu istiqamətdə tapşırıqlar verildiyi qeyd edilib.
"Müdafiə naziri qoşunlara azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə göstəriş verib", - məlumatda yazılıb.
Açıqlamaya görə, müdafiə naziri bildirib ki, qarşı tərəfdən "İsgəndər" əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcək.