Ağcəbədi,Ağdam və Bərdənin kəndlərinin vurulduğu deyilir
Hazırda Ağcabədi rayonunun Sarıcalı, Ağdam rayonunun Baharlı, Çıraqlı, Üçoğlan və Bərdə rayonunun Şahvəllər yaşayış məntəqələrinin intensiv artilleriya atəşinə tutulduğu bildirilir.
Bu barədə oktyabrın 4-də saat 16-10-da Azərbaycan Müdafiə Nazirliyi (AMN) məlumat yayıb.
Məlumata görə, yaralanan var.
Baş prokuror: "Arayik Arutunyan barəsində cinayət işi başlanıb"
Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev bəyanat yayıb.
Bəyanatda yazılıb ki, sentyabrın 27-dən Ermənistan tərəfindən Azərbaycana qarşı başlanmış təcavüz davam edir.Qeyd edilib ki, Azərbaycan Ordusu əks tərəfə tutarlı cavablar verilməklə mühüm yaşayış məntəqələri və strateji yüksəkliklər azad edib:
“Buna cavab olaraq qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutunyanın tapşırığı əsasında 4 oktyabr saat 10 radələrində Cenevrə konvensiyasının tələbləri pozularaq cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri, beş yüz mindən çox dinc əhalinin yaşadığı Gəncə şəhəri raket və top mərmilərindən atəşə tutulub”
Açıqlamada yazılıb ki, əldə olunan məlumata əsasən Gəncə şəhər sakini Tunar Qoşqar oğlu Əliyev həlak olub, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb:
“ Bununla yanaşı, şəhərin infrastrukturuna, yaşayış evlərinə külli miqdarda ziyan vurulub...”
Açıqlamaya görə, ilkin araşdırma ilə qeyd olunan fakt üzrə qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Arutunyan-ın Cenevrə konvensiyasının tələblərini birbaşa pozaraq dinc əhalini qəsdən öldürmə, insanlar arasında vahimə yaradılmasına yönələn hərəkətlər etməsinə kifayət qədər sübutlar toplanıb.
A. Arutunyanın barəsində Azərbaycan Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama...), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə) maddələri ilə cinayət işi açıldığı qeyd edilir.
Onun habelə, 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma) və 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddə ilə də ittiham edildiyi bildirilir.
Prezidentin köməkçisi: Araik Arutunyan ağır yaralanıb
“Azərbaycan Ermənistanın hücumlarının heç birini cavabsız qoymur və bu hücumlar adekvat cavabını alır.”
AZƏRTAC-ın xəbərinə görə, bunu Azərbaycan prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev deyib ki, hazırda bu atəşin qondarma “Dağlıq Qarabağ respublikası”nın rəhbəri Araik Arutunyanın əmri ilə işğal olunmuş ərazilərdən endirildiyi ilə bağlı məlumatlar yayılır. “Mən buradan Araik Arutunyana müraciət etmək istəyirəm. Araik Arutunyan, sən bunkerdə gizlənmişdin, Azərbaycan Ordusu səni orada da tapdı. Ordumuzun dəqiq zərbəsi nəticəsində Araik Arutunyan ağır yaralanıb...”, - deyə prezidentin köməkçisi qeyd edib.
XİN: “ Gəncədə 1 mülki şəxs həlak olub,...”
Azərbaycanın ikinci paytaxtı sayılan Gəncənin atəşə tutulmasi nəticəsində bir mülki şəxsin öldüyü, 4-nün isə yaralandığı bildirilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Twitter səhfəsində məlumat açıqlanıb.
Azərbaycanın rəsmi qurumları bundan öncə bildirmişdilər ki, sentyabrın 27-də cəbhədə vəziyyət gərginləşəndən sonra onlar tərəfdən 21 mülki şəxs həlak olub, 67 nəfər isə yaralanıb.