AMN: “...Qədim tarixi tikililərə ziyan dəyib”
Bu gün, oktyabrın 4-də Azərbaycan Müdafiə Nazirliyi (AMN) Gəncənin atəşə tutulması ilə bağlı növbəti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, qarşı tərəfinin guya Gəncə şəhərindəki hərbi obyektlərin vurulması ilə bağlı yaydığı xəbər təxribat xarakteri daşıyır və yalandır.
Açıqlamada qeyd edilib ki, açılan atəşlər nəticəsində dinc sakinlərə, mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəyib.
Baş Prokurorluq: “Azərbaycanın ikinci böyük şəhəri olan...
Azərbaycan Baş Prokurorluğu Ermənistan ərazisindən Gəncə şəhərinin atəşə tutması ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, işğalçı ölkənin silahlı qüvvələri oktyabrın 4-də saat 10 radələrindən başlayaraq Gəncə şəhərini atşə tutub.
Qurum hesab edir ki, bu beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyalarını, onların Əlavə Protokollarını kobud şəkildə pozmaqdır. “... Döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutur.Hadisə yerində olan prokurorluq əməkdaşları zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərinin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirirlər.”, məlumatda yazılıb
Zakir Həsənov: "Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması...”
"Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir"
Bunu Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
Bu barədə oktyabrın 4-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Prezidentin köməkçisi: 500-dən çox fərdi ev tam dağılıb, ya ciddi ziyan dəyib”
“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə Ermənistan ərazisindən raketlər atılıb. Ermənistan silahlı qüvvələri qəsdən, məqsədli şəkildə Tərtər şəhərini, Füzuli rayonunun Horadiz şəhərini ağır artilleriyadan və raketlərdən istifadə etməklə atəşə tutub”.
Bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AZƏRTAC-a açıqlamasında deyib.
Prezidentin köməkçisi bildirib ki, son günlər ərzində Ermənistan tərəfindən insanların sıx şəkildə yaşadığı Azərbaycanın yaşayış məntəqələrinə 10 mindən artıq müxtəlif növ mərmi və raket atılıb, 500-dən çox fərdi ev tam dağılıb, ya onlara ciddi ziyan dəyib.
Onun deməsinə görə, Azərbaycan tərəfi beynəlxalq humanitar hüququ, Cenevrə Konvensiyalarını rəhbər tutaraq beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın hərbi rəhbərliyini yaşayış məntəqələrini və mülki insanları artilleriya atəşinə tutmaqdan çəkinmək barədə bir neçə dəfə xəbərdar etmişdi:
“ Onlar tərəfindən buna əməl edilmədi və növbəti dəfə riyakarlıq nümayiş etdirildi. Bu, bir daha açıq şəkildə onu göstərir ki, Ermənistanın məqsədi qəsdən mülki insanları hədəfə almaqdır.”
O əlavə edib ki, regionda davamlı sülhü təmin etmək üçün Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının qətnamələrinə (1993-cü ildə qəbul edilən 4 qətnaməni nəzərdə tutur) uyğun olaraq Azərbaycanın işğal edilmiş ərazilərindən tam şəkildə çıxarılmalıdır.