Azərbaycan XİN-nin həmsədrlərin bəyanatına münasibəti
Azərbaycan Xarici İşlər Nazirliyinin (XIN) Mətbuat xidməti idarəsi ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərinin bəyanatına dair oktyabrın 2-də açıqlama yayıb.
Açıqlamada deyilir ki, bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycanın mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, növbəti təcavüzə əl atıb.
XİN qeyd edib ki, növbəti hərbi təcavüzü çərçivəsində Ermənistan Silahlı Qüvvələri ənənəvi şəkildə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Azərbaycanın mülki əhalisini, infrastrukturunu məqsədyönlü şəkildə atəşə tutur, bununla da müxtəlif cinayətlər törədir:
“1 oktyabr 2020-ci il tarixinə olan məlumata əsasən, Azərbaycanın 19 mülki şəxsi qətlə yetirilib, 55 nəfər yaralanıb və 200-dən çox ev və mülki obyektlər dağıdılıb. Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarının işğalı zamanı hərbi əməliyyatlarda terror qruplaşmalarından və muzdlu döyüşçülərdən istifadə edildiyinə dair çoxsaylı faktlar mövcuddur. ”
XİN qeyd edib ki, hazırda da Ermənistan rəhbərliyi bu siyasəti davam etdirərək, həyata keçirdiyi yeni təcavüz aktı çərçivəsində Azərbaycana qarşı ekstremistlərdən geniş istifadə edir.
Açıqlamaya görə, ATƏT-in Minsk Qrupu bu günədək verdiyi çoxsaylı bəyanatlarda status quo vəziyyətinin qəbuledilməz olduğunu vurğulayıb:
“Ermənistan isə buna rəğmən işğala əsaslanan status quo rejiminin möhkəmləndirilməsi məqsədini güdür. Görünən odur ki, Ermənistan münaqişəni danışıqlar yolu ilə həllində maraqlı deyil və işğal etdiyi ərazilərin ilhaqına çalışır”.
Açıqlamada daha sonra BMT Təhlükəsizlik Şurasının qətnamələri xatırlanır:
“BMT Təhlükəsizlik Şurasının 1993-cü il 822, 853, 874 və 884 saylı qətnamələri başda olmaqla beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı qərarların Ermənistanın işğalçı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılması ilə əlaqədar tələbləri bu günədək Ermənistan tərəfindən yerinə yetirilmir...”
Açıqlamada daha sonra deyilir ki, bölgədə yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.
Dünən, oktyabrın 1-də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin liderləri birgə bəyanat verərək tərəfləri hərbi əməliyyatları dayandırmağa və ilkin şərt olmadan danışıqları bərpa etməyə çağırmışdı.
Patruşev ABŞ-la Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Cenevrədə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Robert O’Brian-la görüşüb.
Rusiya Təhlükəsizlik Şurasının katibliyindən Moskovski Komsomolets qəzetinə bildiriblər ki, görüşdən məqsəd Rusiya-ABŞ ikitərəli münasibətlərinin normallaşdırılması və beynəlxalq təhlükəsizliyin gücləndirilməsi idi.
Görüşdə habelə Dağlıq Qarabağdakı vəziyyət də müzakirə olunub. Müzakirənin təərrüatları bildirlmir.
Bundan başqa tərəflər nüvə silahlarının yayılmaması və silahlar üzərində nəzarət məsələlərini müzakirə ediblər.
Bakı danışıqlar üçün şərtini açıqladı
"Münaqişənin həlli üzrə danışıqların başlaması üçün Ermənistan Dağlıq Qarabağ regionundan öz qoşunlarını çıxarmalıdır".
Bunu Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə bildirib.
"Ermənistan bu gərginliyə son qoymaq istəyirsə, Qarabağın işğalına son qoymalıdır, bundan sonra danışıqlar aparıla bilər", - deyə o vurğulayıb.
Bununla da o, Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) ATƏT-in Minsk qrupu çərçivəsində danışıqları bərpa etməyə hazır olmaları barədə bəyanatına münasibət bildirmiş olub.
ABŞ üçüncü tərəflərin münaqişəyə müdaxiləsinə qarşıdır
"Biz münaqişənin beynəlmiləl format almasına qarşıyıq və hesab edirik ki, xarici qüvvələr kənarda qalmalıdır", – ABŞ Dövlət katibi Mayk Pompeo oktyabrın 1-də "Fox News" televiziyasına müsahibəsində deyib.
"Birləşmiş Ştatlar münaqişə tərəflərini atəşi dayandırmağa çağırır və üçüncü qüvvənin Dağlıq Qarabağ münaqişəsinə müdaxiləsini pisləyir", -Pompeo vurğulayıb. O qeyd edib ki, ABŞ administrasiyası Ermənistan və Azərbaycan rəhbərliyi ilə danışıb, onları atəşi dayandırmağa səsləyib.
"Ümidvarıq, onlar yaxın günlərdə əmin olacaqlar ki, etnik və siyasi münaqişələri hərbi yolla həll etmək mümkün deyil, üçüncü ölkələrin müdaxiləsi isə problemi daha da qəlizləşdirəcək", – Pompeo vurğulayıb.
Fransanın Xarici İşlər naziri Jan-İv Lö Drian oktyabrın 2-də azərbaycanlı və ermənistanlı həmkarlarına münaqişənin beynəlmiləl xarakter almasıyla bağlı xəbərdarlıq edib. O, nazir həmkarlarına telefon zəngində qeyd edib ki, döyüşlərin qarşısını ala bilməsələr, eskalasiyanın nəzarətdən çıxmaq riski yarana bilər.