Mülki əhalidən ölənlər 14-ə çatıb
Baş Prokurorluq cəbhə bölgəsində sentyabrın 27-dən bəri mülki şəxslərin itkisi ilə bağlı növbəti açıqlama yayıb.
Sentyabrın 30-da günorta saatlarında yayılan məlumata görə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində hazırkı vaxtadək ümumilikdə mülki insanlardan 46 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, 14 nəfər şəxs isə həlak olub.
Amma Azərbaycanın rəsmi qurumları sentyabrın 27-dən qoşunların təmas xəttində ağır silahların işə düşməsindən bəri hərbi qulluqçuların həlak olması və yaralanması ilə bağlı say açıqlamayıb.
Fransa prezidenti Türkiyənin 'müharibə' ritorikası haqda
Fransa prezidenti Emmanuel Makron sentyabrın 30-da deyib ki, Türkiyənin müharibə” ritorikası Azərbaycanı Dağlıq Qarabağı almağa həvəsləndirir və bu qəbuledilməzdir. Makron hazırda əlində Türkiyənin münaqişədə birbaşa iştirakını sübut edən dəlil olmadığını əlavə edib.
"Türkiyənin Azərbaycanın xeyrinə siyasi bəyanatlarını ehtiyatsız və təhlükəli hesab edirəm", – Makron Latviyada mətbuat konfransında bildirib.
O deyib ki, bu gün (30 sentyabr) axşam məsələni rusiyalı həmkarı Vladimir Putin, sabah isə ABŞ prezidenti Donald Tramp ilə müzakirə edəcək.
Ermənistan Dağlıq Qarabağa sülhməramlılar yerləşdirməyi nəzərdən keçirmir.
Bunu Rusiya xəbər agentlikləri bu gün – sentyabrın 30-da Ermənistanın Baş naziri Nikol Paşinyana istinadla yayıblar.
Goranboy rayonunun da vurulduğu bildirilir
"Ermənistan silahlı qüvvələrinin artilleriya bölmələri Goranboy rayonunun Aşağı Ağcakənd kəndini atəşə tutmağa başlayıblar".
Bu məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti sentyabrın 30-da saat 10:50-də yayıb. Məlumatda görə, qarşı tərəfə adekvat cavab tədbirləri görülür.