Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 16:29

Şəhla Hümbətova ifadə verməkdən imtina edib (VIDEO)


Ş.Hümbətova
Ş.Hümbətova

Vəkillik fəaliyyəti dayandırılmış Şəhla Hümbətova Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ifadə verməkdən imtina edib.

Bu barədə AzadlıqRadiosuna vəkil Elçin Sadıqov məlumat verib.

Elçin Sadıqovun sözlərinə görə, Şəhla Hümbətova hələ ki, vəkildir, Vəkillər və vəkillik fəaliyyəti haqqında Qanunun 7-ci maddəsinə əsasən vəkil öz müştərisi ilə söhbətləri açıqlaya bilməz:

"Vəkillər Kollegiyasının müraciətinə əsasən araşdırma başlanıldı. Araşdırma ilə bağlı Şəhla xanım bildirdi ki, hazırda ifadə verməkdən imtina edir. Bizə İdarədə bildirildi ki, araşdırma Cinayət Məcəlləsinin (CM) 294.1 (Mülki iş üzrə işdə iştirak edən şəxs və ya onun nümayəndəsi tərəfindən sübutların saxtalaşdırılması) maddəsi ilə başlanıb. Lakin bu maddə ilə araşdırma aparması üçün yeganə əsası məhkəmənin məlumatıdır. Məhkəmənin isə belə bir məlumatı yoxdur. Müraciətin predmenti olan sənəd məhkəmə tərəfindən sübut kimi qəbul olunmayıb. Ona görə də, biz hesab edirik ki, araşdırmanın aparılması tamamilə qanunsuzdur".

Vəkil əlavə edib ki, Şəhla Hümbətova nə qədər Vəkillər Kollegiyasının üzvüdür, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən araşdırmanın dayandırılmasını xahiş ediblər:

"Biz İdarənin rəisi Kamran Əliyevin adına ərizə yazdıq. Ərizə ona təqdim olunandan sonra qərarı o verəcək".

Şəhla Hümbətova da AzadlıqRadiosuna bildirib ki, baş verənlər sırf onun vəkillik fəaliyyəti ilə bağlıdır:

"... Səbəb mənim vəkil kimi siyasi işlərdə iştirakımı dayandırmaq, əvvəlki apardığım işlərə görə cəzalandırmaq və digər vəkilləri çəkindirməkdir".

Şəhla Hümbətova Vəkillər Kollegiyasının onun vəkillik fəaliyyətinin dayandırılması ilə bağlı məhkəməyə müraciətindən xəbərsiz olduğunu bildirib:

"Tək bildiyim məlumat odur ki, Vəkillər Kollegiyası məhkəməyə müraciət etməsi ilə bağlı qərar qəbul etdi, lakin sənədlərin məhkəməyə göndərilib-göndərilməməsi ilə bağlı heç bir məlumatım yoxdur".

Şəhla Hümbətovanın əlavə etməsinə görə, ona qarşı hələ ki, heç bir ittiham irəli sürülməyib:

"Burada Vəkillər Kolkegiyasından daxil olmuş material araşdırılır. İttiham irəli sürülməyib. Mən hesab edirəm ki, sürülə də bilməz. Bunun üçün heç bir qanuni əsas yoxdur”.

Şəhla Hümbətovanın vəkillik fəaliyyətinin dayandırılması ilə bağlı proseslərin gedişini, hələlik, Vəkillər Kollegiyası və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Onun hazırkı açıqlamalarına da Baş Prokurorluqdan münasibət almaq cəhdləri nəticə verməyib.

Vəkil Şəhla Hümbətova ifadə verməkdən imtina edib
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

Şəhla Hümbətovadan Korrupsiya İdarəsinə müraciət edilib

Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, Vəkillər Kollegiyasının Rəyasət Heyəti Şəhla Hümbətova ilə bağlı Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib və onun haqqında araşdırma aparılmasını istəyib.

Bu barədə vəkillik fəaliyyəti dayandırılan Ş.Hümbətovanın özü məlumat yayıb.

Ş.Hümbətovanın bildirməsinə görə, bunu dünən, dekabrın 16-da ona Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsindən zəng edib bildiriblər: «Araşdırma ilə bağlı baş idarəyə dəvət etdilər. Dekabrın 17-də saat 15:00-da Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə gedib Kollegiyanın təqdimatı ilə bağlı izahat verməliyəm. Təqdimat mənim Kollegiyadan çıxarılmağıma səbəb olmuş əsaslardan biri – guya məhkəməyə saxta qəbz verməyim iddiası ilə bağlıdır. Belə iddianın heç bir hüquqi əsası yoxdur. Hər hansı cinayət ittihamı və ya vəkillikdən uzaqlaşdırma ilə nəticələnə biləcək fəaliyyətimdən, hərəkətimdən söhbət gedə bilməz».

Onun deməsinə görə, Kollegiyadan xaric olmağı nə üzvlük haqqını vaxtında ödəməməməsi, nə də ki, vətəndaşın əsassız şikayəti ilə bağlıdır: «Bunu Kollegiyanın prokurorluq orqanına barəmdə araşdırma aparılması üçün müraciət etməsi bir daha təsdiq edir».

O, daha sonra da buları əlavə edib: «Mehman Hüseynovun işində vəkillik fəaliyyətimə görə təzyiqlər nəticəsiz qalsa da, bugün baş verənlərdə məqsəd məni «Gəncə işi»ndən uzaqlaşdırmaq və vəkillik fəaliyyətimə görə cəzalandırmaqdır».

Ş.Hümbətova həm bloqer Mehman Hüseynovun, həm də ötən il Gəncədə baş verən olaylara görə həbs edilən şəxslərdən bəzilərinin vəkili olub.

2018-ci ildə Gəncədə icra başçısına sui-qəsd, iki polis əməkdaşının öldürülməsi və bu olaylar ətrafında baş verən proseslərlə bağlı 80 civarında şəxsin həbs edildiyi bildirilir.

Ş.Hümbətovanın fikrincə, son bir ayda «Gəncə işi»ndə müdafiəçi olan üç vəkil (o, Elçin Sadıqov, Nemət Kərimli) haqqında intizam icraatının başlanılması həmin iş ilə bağlı tutulanları müdafiəsiz qoymaq, ciddi qanunsuzluqları cəmiyyətin diqqətindən kənarda saxlamaq məqsədi daşıyır.

Vəkillər Kollegiyasından izah

Ş.Hümbətova ilə bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edilməsini Vəkillər Kollegiyasından da AzadlıqRadiosuna təsdiqləyiblər.

Bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyəti Aparatının əməkdaşı Sənan Şirinov məlumat verib.

S.Şirinovun sözlərinə görə, qurum Ş.Hümbətova ilə bağlı intizam icraatı başlamışdı, lakin bütün məsələlərə hüquqi qiymət verə bilmədiyinə görə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib: «Orada elə məsələlər yaranıb ki, Vəkillər Kollegiyasının onlara hüquqi qiymət verilməsi mümkün olmayıb. Məsələ Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin səlahiyyətləri çərçivəsində olduğuna görə Kollegiyanın Rəyasət Heyəti İdarəyə müraciət edib».

Amma S.Şirinov konkret hansı faktın Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciətə səbəb olduğu barədə suala cavab verməyib: «Mənim faktın təfərrüatı ilə bağlı məlumatım yoxdur. Sadəcə, prosedurla bağlı məlumatım var. Biz qiymət verə bilmiriksə, məsələ başqa bir orqanın səlahiyyəti çərçivəsindədirsə, məsələni həmin orqana yönəldirik».

Vəkillər Kollegiyasının nümayəndəsi Ş.Hümbətovanın «Gəncə işi» ilə bağlı təzyiqlərlə üzləşdiyi barədə iddiaları qəbul etmədiyini vurğulayıb: «Biz bu iddia ilə təbii ki, razılaşmırıq. Məndə olan məlumata görə, Şəhla xanıma intizam icraatın başlamasından əvvəl başladığı işlərdə iştirak etməyə icazə verilib, baxmayaraq ki, fəaliyyəti dayandırılıb».

Xatırlatma

Bu ilin noyabrında Vəkillər Kollegiyası Ş.Hümbətovanın bu qurumdan çıxarılması üçün məhkəməyə müraciət edib. Onun vəkillik fəaliyyəti dayandırılıb.

Vəkillər Kollegiyası Ş.Hümbətovanın bir vətəndaşın şikayəti əsasında, həmçinin, Kollegiyaya üzvlük haqqını gecikdirdiyinə görə cəzalandırıldığını açıqlayıb. Ş.Hümbətova bununla razı deyil.

Son illər Azərbaycanda bir neçə vəkil – Xalid Bağırov, Əlayif Həsənov, Yalçın İmanov və başqaları Kollegiyadan uzaqlaşdırılıb. Vəkillər bunu siyasi işlərə çıxmaları, yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı şəxslərin hüquqlarını müdafiə etmələri ilə izah edib. Ancaq Kollegiya bunları inkar edib, onların qanunvericiliyin tələblərini pozduqlarına görə kənarlaşdırıldıqlarını açıqlayıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG