Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

İqtisadçı: ‘467 min nəfərin sosial yardımı kəsilib’


Nemət Əliyev
Nemət Əliyev

İqtisadçı “aztminatlı ailələri köməksiz qoydular” deyir, nazirlik rəsmiləri isə fərqli düşünürlər...

“Ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı azalıb və təqribən 80 mindən 42, 7 minə düşüb. Ünvanlı sosial yardım alan ailələrin üzvlərinin sayı isə 171 min nəfər olub.”

Bunu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2018-ci ilin nəticələrinə dair yaydığı hesabata istinad etdiyini deyən Azərbaycan Xalq Cəbhəsi Partiyası İqtisadiyyat komissiyasının sədri Nemət Əliyev bildirir. Onun Azadlıq Radiosuna dediyinə görə, hesabatda həmçinin yazılıb ki, bu tədbirlərin nəticəsində büdcə vəsaitlərinə 102 mln. manat qənaət edilib.

Nemat Əliyev vəziyyəti şərh edərək qeyd edib ki, nazirlik son iki ildə təxminən 467 min nəfərin sosial yardımını kəsib.

İqtisadçının sözlərinə görə, dövlətdən sosial yardım alan şəxslərin içində təsadüfi, fürsətçi insanlar olsa da, onların əksəriyyəti ehtiyac içərisində yaşayır:

“Bunu sübut etmək çox asandır. Əhali gəlirlərinin azalması, bahalaşma fonunda vətəndaşların alıcılıq qabiliyyətinin zəifləməsi, ölkə iqtisadiyyatına sərmayələrin azalması, yerli istehsalın düşməsi sübut edir ki, Azərbaycan vətəndaşlarının sosial vəziyyəti pisləşib”.

Nazirlikdən nə deyirlər?

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı isə ünvanlı sosial yardımı alan şəxslərin sayının azalmasını başqa səbəblərlə izah edir.

Onun sözlərinə görə, son illər işsiz vətəndaşlardan ötrü aktiv məşğulluq tədbirlər təklif olunur və bu təkliflərin sayı artıb. Nazirlik sözcüsü vurğulayıb ki, həm özünüməşğulluq proqramı, həm “işsizin dostu” proqramı ünvanlı yardımdan ötrü müraciət edən işsiz vətəndaşların sayının azalmasına gətirib çıxarıb:

“Ötən il 7300 vətəndaş özünməşğulluq proqramına cəlb edilib. Bu il də bu rəqəmin 7-8 min arasında olacağı gözlənir. Bu il “işsizin dostu” proqramı çərçivəsində 35 mindən çox işsiz vətəndaş ödənişli ictimai işlərə cəlb edilib. Beləliklə, vətəndaşlar əmək müqaviləsi əsasında işə cəlb olunur, bununla da sosial müdafiə tədbirlərindən kənarlaşırlar”.

Nazirliyin sözçüsü vurğulayıb ki, ünvanlı sosial yardım həssas qrupa aid olan vətənadaşlara həmişə açıqdır.

Xatırlatma

Özünüməşğulluq proqramlarında imkansız ailələrə pul şəkilində sosial yardım əvəzində əsasən öz təsərrufatlarını yaratmaqdan ötrü mal-qara verilir.

Bəzən bu proqram çərçivəsində verilən mal-qaranın xəstə, qüsurlu olması ilə bağlı şikayətlər də səslənir. Amma nazirlikdən belə şikayətləri araşdırmağa hazır olduqlarını bildiriblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG