Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:47

Üçüncü dəfədir mənzil fırıldağında suçlanır


Binalar. Foto arxiv
Binalar. Foto arxiv

Tikintisi başa çatmayan binalardan inşa prosesi davam edə-edə nisbətən ucuz qiymətə mənzil almaq istərkən dələduzluğun qurbanı olub pulunu da itirən yüzlərlə zərərçəkən var. Ona görə son vaxtlar insanlar daha ehtiyatlı davranaraq hazır binalardan mənzil almağa üstünlük verirlər. Amma təcrübə göstərir ki, bu halda da aldananlar az deyil. Hətta içində yaşayış olan eyni mənzil bir neçə nəfərə satılır.

Bu qəbildən olan daha bir cinayət işinin məhkəmə araşdırması dekabrın 10-da yekunlaşıb.

Mənzil fırıldağına görə məhkəmə qarşısına çıxarılıb cəzalandırılan isə «Qarabağ» Sudan İstifadə Edənlər Assosiasiyasının direktoru Telman Səlimov olub. Ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 11 il həbs cəzası verilib.

O, Yasamalda «Şakir» tikinti şirkətinin inşa etdiyi binada eyni mənzillərin bir neçə nəfərə satılmasında təqsirli bilinib.

«Evim mənə qaytarılsın»

Zərərçəkmiş Yusif Əhmədov deyir ki, T.Səlimov iki mənzilin ona məxsus olduğunu bildirir, onu əmin edirdi. Hər iki ev ona təmirli vəziyyətdə təhvil verilməliydi. Mənzillərin sənədləri də onun adına rəsmiləşdirilmişdi:

«Mən də o iki evdən birini Ramin Xanbabayevin qızına satdım, aramızda alqı-satqı müqaviləsi oldu. İkinci evlə bağlı dedilər ki, onu şəhid ailəsinə verirlər. O 4-otaqlı evin əvəzinə mənə Sumqayıtda yeni tikilən binadan iki ədəd 2-otaqlı ev verəcəklərini dedilər. Mən də razılaşdım. Amma indi həmin bina yarımçıqdır. Mənə evləri 11-12 mərtəbədən veriblər, bina isə 9-cu mərtəbəyə qədər tikilib. Mən Yasamaldakı evi Xanbabayevin qızına satandan sonra öyrəndim ki, o evi məndən əvvəl Kamil Mirzəyev adlı başqa birinə də satıblar. Amma mən özbaşına ev satmamışam. Əlimdə məhkəmə qətnaməsi var ki, ev mənimdir. Bunu əsas götürərək evi satmışam...».

Zərərçəkən Kamil Mirzəyev deyir ki, həkimdir, nəvəsi hərbi xidmətdən qayıdanda hədiyyə olaraq ona ev almaq istəyib. Alıb da, təmirə başlayanda məlum olub ki, mənzilin başqa sahibi də var: «Ev mübahisəli olduğu üçün təmiri dayandırdım. Sonra öyrəndim ki, ev Yusif Əhmədova satılmamışdan 6 il əvvəl başqa adama – Əhməd Tamoyevə satılıb. Hətta alqı-satqı müqaviləsi də var idi. Mən evi almaq üçün iki dəfəyə 50 min manat vermişəm. Mən də Tamoyevdən 2016-da almışam. İndi də tələb edirəm ki, evim mənə qaytarılsın».

Təqsirləndirilən T.Səlimov isə söyləyib ki, ev Ə.Tamoyevə məxsus olub. O qeyd edib ki, Ə.Tamoyev tikinti biznesində çalışıb və zərər etdiyi üçün evi qısa zamanda dəyər-dəyməzinə satıb və K.Mirzəyev alıb.

T.Səlimov məhkəmədə deyib ki, özünü təqsirli bilmir.

Bu, T.Səlimovun mənzil fırıldağı suçlamasıyla üçüncü məhkumluğudur. Birinci dəfə 2008-ci ildə «Şakir» tikinti şirkətinin rəhbəri Şakir Hüseynov, onun qardaşı Vidadi Hüseynov, İlham HüseynovƏşrəf Orucovla birlikdə mühakimə olunub. Həmin ittihama görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində 16-mərtəbəli və Yasamal rayonu Tbilisi prospektində yaşayış binası tikiblər. Müəyyənləşdirilib ki, binalar standartlara cavab vermir, yaşayış üçün təhlükəlidir. O iş üzrə ümumilikdə 125 nəfər zərərçəkmiş olub.

Məhkəmə o zaman təqsirləndirilənlərə şərti cəza verib. Hökmdə həm də zərərçəkənlərin mənzillə təmin olunması məsələsi əksini tapıb. Ancaq adamlar gözləyib görüblər ki, evlə təmin olunmadılar, apellyasiya şikayəti veriblər. Onların şikayəti əsasında Ş.Hüseynov həbs olunub. Ona 10 il 6 aylıq cəza verilib. Digər təqsirləndirilən şəxslərin şərti cəzası isə qüvvədə qalıb.

Ş.Hüseynov 2016-cı ilin iyulunda cəzaçəkmə müəssisəsində dünyasını dəyişib.

Kvadratı 300 dollardan 50 kvadratlıq mənzil

T.Səlimovun daha bir məhkumluğu da «Şakir» tikinti şirkəti ilə bağlıdır. Şirkət Sumqayıtda Sülh və Dostluq küçələrinin kəsişməsində, 36-cı məhəllədə 17-mərtəbəli bina inşa edib. Təqsirləndirilən T.Səlimov da həmin binadan mənzil satıb.

Tikinti prosesinin gedişində məhkəmə qərarıyla inşa işləri dayandırılıb. Səbəb isə inşaat qaydalarının pozulması olub. Cinayət işinin materiallarında yazılıb ki, T.Səlimov bunu bilib. Ancaq yenə də zərərçəkən Rafiq Bəylərovu inandırıb ki, binanın tikintisinin yenidən bərpa olunacaq və qısa müddətdə başa çatacaq, onun da mənzili hazır olacaq. R.Bəylərov o binadan hər kvadratı 300 dollara olmaqla, 50 kvadrat metrlik mənzil alıb.

T.Səlimovla aralarında da 15 min dollarlıq müqavilə bağlanıb. T.Səlimov icraçı qismində sənədi imzalayıb, üstünə də «Qarabağ» Sudan İstifadə Edənlər Assosiasiyasının möhürünü vurub. R.Bəylərovdan ilkin ödəniş kimi 7231 manat alınıb.

Bu işə görə də T.Səlimova şərti cəza verilib. Zərərçəkən hökmdən şikayət verib onun həbsini tələb etsə də, onun şikayəti təmin olunmayıb.

Dekabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi T.Səlimova 11 il azadlıqdan məhrumetmə cəzası təyin edərkən əvvəlki məhkumluqlarından üzərində qalan şərti cəzaları da nəzərə alıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG