Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 15:12

Özbəkistan pambıq boykotunun qaldırılmasını xahiş edir


Pambıq yığımına cəlb edilmiş Qadın Komitəsinin üzvləri

Daşkənd Özbəkistan pambığı və tekstilinin üzərindən beynəlxalq boykotun qaldırılması üçün Cotton Campaign qlobal insan haqları təşkilatına çağırış edib.

Özbəkistan pambıqçılıqda məcburi əməyi ləğv etdiyini bildirir və hazırda koronavirus pandemiyasının yaratdığı iqtisadi çətinliklərin nəzərə alınmasını rica edir.

Özbəkistanın əmək naziri Nozim Khusanov aprelin 15-də Cotton Campaign təşkilatına ünvanladığı məktubda yazır ki, hazırda onun ölkəsi “misilsiz ikiqat təhlükə” ilə üzləşib. Bunlar koronavirus epidemiyası və iqtisadiyyatın bağlanmasıdır.

Hökumətin təxminlərinə görə, hazırda 260-dək geyim istehsalçısı və satıcısının qoşulduğu bu boykotun dayandırılması, Qərb bazarlarına tekstil ixracını iki dəfə artırmaq və ciddi ehtiyac olan iş yerlərini yaratmaq imkanı verərdi.

1 milyon insanı dolandıran 200 min işçi

Hazırda dünyanın bir çox yerlərində pandemiyanın davam etməsi ilə bağlı geyim məhsullarına qlobal tələbat çöküb və mağazalar bundan əvvəl verdikləri sifarişlərdən imtina edib.

Ekspertlər belə bir şəraitdə boykotun qaldırılmasının Özbəkistana nəsə verəcəyinə inanmırlar.

Özbəkistan hökuməti bildirir ki, ölkənin 7000 şirkətində 200 mindən çox işçi çalışır və onların gəliri 1 milyon insanın dolanışığını təmin edir.

Təxminlərə görə boykotdan sonra 150 min insan işini itirib və üstəlik başqa yerlərdə əmək miqrantı olan 140 minədək vətəndaş ölkəyə qayıdıb.

Məktubda deyilir ki, pambıq boykotunun qaldırılması Özbəkistan üçün həyati əhəmiyyət daşıyır, beləki tekstil sektoru ölkənin aparıcı işverənlərindən biridir.

Hökumət müsbət addımlar atsa da…

İnsan haqları təşkilatları bu boykotu 2006-cı ildə, Özbəkistan hökumətini adamların zorla pambıq yığımına cəlb edilməsi praktikasına son qoymağa məcbur etmək üçün elan etmişdi.

2016-cı ildə prezident seçilən Shavkat Mirziyoevin hökuməti məcburi əməyi və uşaq əməyinin istismarını qadağan edən bir sıra qanunlar qəbul edib.

Hökumət habelə pambıq yığımı üçün dövlət idarələrinə qoyulan kvotaları da ləğv edib.

Bununla belə, Özbəkistan İnsan Haqları Forumu da daxil bir sıra vətəndaş cəmiyyəti qrupları bildirirlər ki, Mirziyoev pozitiv addımlar atsa da, pambıqçılıq sektorunda məcburi əmək hələ də geniş yayılıb.

Özbəkistan hökuməti ilə əməkdaşlığa başlayan Cotton Campaign qrupu AzadlıqRadiosuna bildirib ki, hakimiyyət məcburi əməyin ləğvi istiqamətində “əhəmiyyətli addımlar” atıb.

Lakin bununla yanaşı təşkilat deyir ki, Özbəkistanda insan haqları ilə bağlı bir çox problemlər hələ də həllini tapmayıb.

XS
SM
MD
LG