Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:49

Hökumət koronavirusa görə yığışdı


Təhsil naziri Çində təhsil alan tələbələrdən danışdı
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00

Təhsil naziri Çində təhsil alan tələbələrdən danışdı

Yeni koronavirusun özünü göstərdiyi Çin Xalq Respublikasının (ÇXR) Uhan şəhərində əslən Azərbaycandan olan tələbələr var.

Bu barədə Uhan şəhərində təhsil alan tələbə Səməd Azadlı məlumat verib. Onun sözlərinə görə, virusla əlaqəli şəhərin girişi və çıxışı qapadıldığından tələbələr oranı tərk edə bilmirlər.

Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Leyla Abdullayeva «Turan» agentliyinə bildirib ki, Azərbaycandan olan tələbələrin şəhərdən çıxarılması ilə bağlı Çin tərəfi ilə danışıqlar aparılır. «Bu, asan olmayan və uzun prosesdir, Çin tərəfi ilə danışıqlar davam edir», - L.Abdullayeva deyib.

Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı isə Azərbaycan Dövlət Televiziyasına (AzTV) bildirib ki, bu ölkədə hazırda 500 Azərbaycan vətəndaşı var. Onun qeyd etməsinə görə, Uhan şəhərində isə 7 Azərbaycan vətəndaşı, o cümlədən 4 tələbə qalır.

Verilən məlumatda o da bildirilib ki, tələbələr yataqxanalarda təcrid edilib. Yerli hakimiyyət bütün xaricilərə küçələrə çıxmamağı tövsiyə edir, onları yemək və zəruri əşyalarla təmin edir.

Səfir həmçinin vurğulayıb ki, Azərbaycan tərəfi öz vətəndaşlarını gətirmək məqsədilə Çin hakimiyyəti ilə danışıqları davam etdirir və bunun tezliklə həyata keçiriləcəyinə ümid edir.

Çinin 10-dan çox şəhərində karantin elan edilib
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

Nazirlər Kabinetində toplantı

Yanvarın 28-də Azərbaycan Nazirlər Kabineti koronavirusa qarşı qabaqlayıcı tədbirləri müəyyənləşdirib.

Bu barədə Nazirlər Kabinetin mətbuat xidmətindən bildirilib.

Baş nazirin iştirakı ilə keçirilmiş müşavirədə epidemiyanın Azərbaycana daxil olmasının qarşısının alınması üçün müzakirələr aparılıb.

Müşavirənin yekununda sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi, Çindən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin ciddi tibbi nəzarətə alınması haqqında qərar qəbul edilib. Habelə, xüsusi riskli hesab olunan, virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və bazarlarda həmin məhsullara nəzarətin gücləndirilməsi qərara alınıb.

Bundan başqa, səhiyyə ocaqlarında qaynar xətlərin yaradılması, virus və onunla mübarizə metodları barədə əhali ilə maarifləndirmə işlərinin aparılması vacib sayılıb.

Toplantıda o da vurğulanıb ki, hazırda Azərbaycanda belə xəstəliyə yoluxma halları müşahidə olunmayıb.

Çindən heyvan gətirilməsinə məhdudiyyət qoyulub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Çin Xalq Respublikasından ölkəyə diri heyvan, heyvan mənşəli məhsullar və dəniz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması barədə qərar verib.

Bu barədə AQTA-nın bu gün, yanvarın 28-də yaydığı məlumatda bildirilir.

Habelə, zoomağazalar və zooparklar üçün vəhşi heyvanların gətirilməsinə də müvəqqəti məhdudiyyət qoyulur.

«Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən xəstəliyin olduğu ölkələrdən gətirilən diri heyvanlar, heyvan mənşəli məhsullar və dəniz məhsullarının digər ölkələrə girişinə xüsusi nəzarət tədbirlərinin gücləndirilməsi məsləhət görülür», - açıqlamada yazılıb.

Xatırlatma

Çində yeni respirator virusdan ölənlərin sayı 106-ya çatıb, 1291 yeni yoluxma halı aşkarlanıb. Məlumatı Çin hakimiyyəti yanvarın 28-də yayıb. Səhiyyə komissiyası bildirib ki, hazırda ölkədə bu virusa 4 mindən artıq yoluxan var. Çin rəsmiləri virusun 11 milyon nəfərin yaşadığı Uhan şəhərində dəniz ərzaqları bazarından qaynaqlandığını açıqlayıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG