Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 15:02

100 yaşlı partiyanın gələcəyi – Qərb mediası


Pekində yüzilliyə həsr olunmuş sərgi
Pekində yüzilliyə həsr olunmuş sərgi

“The Economist” yazır ki, Kommunist Partiyası liderlərinin hakimiyyətdə qalmaqdan başqa arzuları da var. Amma kommunizmə çatmaq daha onların sırasında deyil

İyulun 1-də Çin Kommunist partiyasının 100 yaşı tamam olur. “The Economist” dərgisi bu yüzilliklə bağlı silsilə yazılar hazırlayıb.

“Çin Kommunist partiyasını növbəti 100 illiyə hazırlayırlar” başlıqlı məqalədə deyilir ki, 25 il öncə Amerika Çinin gücünə elə də əhəmiyyət vermirdi, amma indi aşkar narahatlığı sezilir. Axı, Çin təkcə avtoritar ölkə deyil, antiqərb ideologiyası yürüdən kommunist ölkəsidir.

Elit qrup

Partiyanın 92 milyon üzvü var, başqa sözlə, yetkin yaşlı əhalinin 8 faizi qədər. Partiyaya üzv olmaq elə də asan deyil. Prezident Si Tsinpin kommunist partiyasını superloyal elit qrupa çevirmək istəyir. Sıravi üzvlər Covid-19 kimi xəstəliklərə ilk reaksiya verənlərdi, həm də iş yerlərində, yaşayış məhəllələrində, kampuslarda partiyanın gözü-qulağıdırlar, rəsmiləri potensial problemdən xəbərdar edirlər.

Partiya komitələri Sintzyan vilayətində düşərgələr tikərək 1 milyondan çox etnik uyğur müsəlmanı orada saxlayır. Kimin saxlanması, kimin buraxılmasına məhkəmələr deyil, partiya katibləri qərar verir. Mərkəzləri polis və həbsxana rəsmilərinin idarə etməsinə baxmayaraq, onlar əslində, partiya düşərgələridir.

Əndişələr

“The Economist” başqa bir məqaləsində yazır ki, Kommunist Partiyası liderlərinin hakimiyyətdə qalmaqdan başqa da arzuları var. Amma kommunizmə çatmaq daha onların sırasında deyil.

Məqalədə deyilir ki, partiyanın möhkəmliyi Qərbdə təəccüb və məyusluq doğurur. O, sürətlə artan orta sinfin tələblərinə adaptasiya oluna bilir, mesajlarını ictimai əhvala uyğunlaşdırır və bəzən bu əhvala görə hərəkət edir. Amma partiyanın qorxuları da azı deyil. Ötən sentyabrda partiyanın dərc etdiyi 251 səhifəlik kitabda ölkənin borcunun şişməsindən, Qərbin Çində “rəngli inqilablar” təşkil etmək cəhdlərindən söz açılırdı.

Prezident Si aradabir maqnatları da sıxışdırır, onların partiyaya meydan oxumayacağından əmin olmaq istəyir. Bir sıra varlı biznesmenlər ya həbs olunub, yaxud başqa şəkildə nəzarətə alınıblar. Sonuncu belə hədəf Alibaba elektron ticarət şirkətinin qurucusu Cek Ma idi.

Partiya da ‘xaricə gedir’

Çinlilər xaricə üz tutduqca partiya da onlarla gedir. “The Economist”in başqa bir məqaləsi belə adlanır.

Dərgi qeyd edir ki, rəsmilər partiyanın adının Qərbdə elə də xoş qarşılanmadığını bilirlər. Ona görə də ölkədə dövlət mediası kimi tanınan orqanlar xaricdə bu bağlantını gözə soxmamağa çalışırlar. Məsələn, CGTN bəzən çinli olmayan, BBC, CNN kimi qərb orqanlarında işləmiş aparıcıları işə götürür.

Yaxud Çinin səfirləri partiya katibləri olmalarına baxmayaraq, bundan nadir hallarda danışarlar.

“Pandemiyadan öncə 1.6 milyon çinli xaricdə oxuyur, 1.5 milyonu isə Çin şirkətlərində işləyirdi. Partiyada tələbələrin payı azdır: çoxu xaricə məktəbdən gedir, o yaşda az hallarda partiya üzvü olurlar. Amma xeyli məzun və mübadilə tələbəsi Çini tərk etməzdən partiyaya üzv olurlar. Dövlətə məxsus şirkətlərdə də partiya üzvlərinin sayı çoxdur: mərkəzdən idarə olunanların əməkdaşlarının 40 faizindən çoxunun partiya mənsubluğu var. Bu o deməkdir ki, partiyanın xaricdə onminlərlə üzvü ola bilər”, – məqalədə deyilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG