Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Çaydaşıyan qadının adına 5 milyon manat kredit necə götürülüb


Manat
Manat

«Dünyamin Xəlilovun rəhbərlik etdiyi «General Construction» şirkətində işləyirdim. İşim çay aparıb-gətirmək idi. Təxminən üç il işləyəndən sonra adımı «Beta Line» şirkətinin direktoru kimi rəsmiləşdirdilər...», – Svetlana Əsədullayeva şirkət rəhbəri olması haqda danışarkən deyib.

Beynəlxalq Bankın vəsaitlərinin mənimsənilməsi ilə bağlı cinayət işi üzrə təqsirləndirilən 22 nəfərdən biri də S.Əsədullayevadır. O, fevralın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib. Bildirib ki, şirkətdə çaydaşıyan kimi 150 manat maaş alırdı. Onu «Beta Line»nın direktoru təyin edəndən sonra 100 manat da buna görə əlavə alırmış.

İxtisasca mühəndis olan S.Əsədullayeva deyir ki, «Beta Line»nın adına Beynəlxalq Bankdan götürülmüş kreditlərdən, həmin vəsaitlərin hara xərclənməsindən xəbəri olmayıb: «Heç vaxt bankda olmamışam. İşdə, mətbəxdə olanda sənədləri gətiriblər, qol çəkmişəm».

39 milyondan çox kredit

Beynəlxalq Bankdan «Beta Line»nın direktoru kimi S.Əsədullayevanın adına 5 milyon 308 min manat kredit götürülüb.

«Beta Line» şirkətinin direktoru S.Əsədullayevadan öncə Ramiz Kərimov olub. O da təqsirləndirilən şəxslər arasındadır. Məhkəmədə ifadə verən R.Kərimov bildirib ki, əvvəllər Daxili İşlər Nazirliyində işləyib, polis mayorudur. 2005-ci ildə keçmiş deputat, hazırda isə təqsirləndirilən şəxslər sırasında olan Dünyamin Xəlilovla tanış olub, ardınca onun rəhbərlik etdiyi «General Construction» şirkətində mühafizəçi işləyib. Onun sözlərinə görə, mühafizəçi işlədiyi dövrdə D.Xəlilov ona «Beta Line» şirkətində direktor vəzifəsi təklif edib, o da razılaşıb: «Sənədləri imzalamaq üçün təqdim edirdilər, mən də imzalayırdım. İki-üç aylıq «Green Hill»də də direktor olmuşam».

R.Kərimov deyir ki, 2015-ci ildə Beynəlxalq Bankdan götürülmüş kreditlərlə əlaqədar DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılaraq həbs olunub. Amma bir müddət sonra həbsdən buraxılıb: «İstintaq zamanı məlum oldu ki, «Aztorq» firması ilə əlaqədar həbs olunmuşam. İfadə verdim ki, imzaladığım sənədləri oxumamışam, bankdan götürülən məbləğləri görməmişəm. Ya arada banka gedib imzalamışam, ya da iş yerimə hazır sənədləri gətiriblər, qol çəkmişəm. Əsasən mühafizəçi işləyirdim. Mühafizəçi kimi, maaşım 450 manat idi, direktor olmağıma görə də əlavə 100 manat alırdım».

Məhkəmədə elan olunub ki, şirkət rəhbəri kimi R.Kərimovun adına Beynəlxalq Bankdan 39 milyon 180 min manat kredit götürülüb və qaytarılmayıb. O, həmin vəsaitləri görmədiyini, hara xərclənməsindən xəbərsiz olduğunu bildirərək, onu qaytarmağa maddi imkanı çatmadığını vurğulayıb: «Pulları kimin qaytarmasını məhkəmə aydınlaşdırsın».

«Görülən işlər düz hesablanmayıb»

Daha bir təqsirləndirilən Fariz Muradov vaxtilə Milli Təhlükəsizlik Nazirliyində işləyib. Dediyinə görə, D.Xəlilov onu şüşə zavoduna (Interglass) direktor təyin edib. Zavodun tikintisinin 2004-cü ildə başladığını, 2008-ci ildə istifadəyə verildiyini, onun açılışında prezident İlham Əliyevin də iştirak etdiyini yada salan F.Muradov ittiham olunduğu 1 milyon 193 min manatlıq mənimsəmə və israfetmə ilə razılaşmır. Bildirir ki, istintaq vaxtı düzgün hesablama aparılmayıb: «Görülən işlər, onların həcmi düz hesablanmayıb. «AMAY» Ticarət Mərkəzi «Interglass»ın aktividir. Ora pul ödəyir, işlər görülür, amma forma-2-də «AMAY»ın adı göstərilmir. Ora hazırda «ASAN Xidmət»ə icarəyə verilib».

F.Muradov söyləyir ki, zavod Beynəlxalq Bankın dəstəyi ilə tikilib. Ona görə tikintinin gedişində bankın keçmiş rəhbəri Cahangir Hacıyev mütəmadi prosesin gedişi ilə maraqlanırdı.

C.Hacıyevin bacanağı İsmayıl Hidayətzadə də məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verib. Çoxmərtəbəli binaların tikintisiylə bağlı işlər gördüyünü deyən İ.Hidayətzadənin sözlərinə görə, ittiham ekspert rəyinə əsaslanır, həmin rəy isə natamamdır, obyektiv deyil: «O, həqiqəti əks etdirmir. Podratçıların gördüyü işlərin hamısı, əlavə xərclər, nəqliyyat məsrəfləri, kran və s. -bunların heç biri orada nəzərə alınmayıb. Mən qeyd olunmayan 188 halı tapmışam. Bəlkə bundan da çoxdur».

«Intertobacco»nun rəhbəri olan İ.Hidayətzadə deyir ki, 2013-cü ildə Vergilər Nazirliyi tərəfindən hərtərəfli yoxlama aparılıb, qanunsuzluq aşkarlanmayıb.

Xatırlatma

Bu cinayət işi üzrə Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev, onun dostu Dünyamin Xəlilov, sabiq bankirin bacanağı İsmayıl Hidayətzadə və daha 19 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlara qarşı CM-in 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israfetmə) maddələri ilə ittiham irəli sürülüb. C.Hacıyevə həmçinin, vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlar da verilib.

İttihamda yazılıb ki, C.Hacıyevin tapşırığıyla D.Xəlilovun rəhbərlik etdiyi «General Construction»ın işçilərinin adına müxtəlif şirkətlər yaradılaraq, onların vasitəsilə Beynəlxalq Bankdan milyonlarla kredit götürülərək mənimsənilib.

Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmir.

C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmüylə 15 il azadlıqdan məhrum edilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG