Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Aprel, şənbə, Bakı vaxtı 14:10

Azərbaycan Antalyadakı stadionu niyə tikməyib?


Dünyamin Xəlilov

"Antalyada mərkəzdə ticarət mərkəzi tikilməliydi. Razılaşma əldə olunmuşdu, bələdiyyə torpaq sahəsi də ayırmışdı. Amma şərt qoyulmuşdu ki, şəhərdə stadion da tikilsin. Stadionla bağlı hüquqi işlər görüldü, tikinti materialları alındı. Sonra bələdiyyə imtina edib, tikintini dayandırdı...", – bu haqda keçmiş deputat Dünyamin Xəlilov fevralın 11-də məhkəmədə danışıb.

2016-cı ilin fevralından həbsdə olan və 12 il 9 ay azadlıqdan məhrum edilən Dwnyamin Xəlilov Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyev və daha 20 nəfərlə birlikdə yenidən mühakimə olunur.

O, Cahangir Hacıyevlə dostluq münasibətlərindən istifadə edərək, onun göstərişilə Beynəlxalq Bankdan götürülən yüz milyonlarla manat kreditin mənimsənilməsində ittiham olunur. İddia edilir ki, Dwnyamin Xəlilov müxtəlif adamların adına şirkətlər yaradıb və kreditlər də həmin şirkətlərə ayrılıb.

DEPOZİT DƏ MƏNİMSƏMƏ KİMİ TƏQDİM OLUNUB

Dünyamin Xəlilov ittihamları qəbul etmir. O deyir ki, istintaq heç bir araşdırma aparmadan, vəsaitlərin hara köçürüldüyünü araşdırmadan onların hamısının mənimsənilməsi nəticəsinə gəlib.

Məsələn, Antalyada bələdiyyənin imtina qərarından sonra məhkəməyə müraciət olunub. Türkiyə qanunlarına görə, məhkəmənin hesabına depozit qoyulmalıdır. Onlar da Antalya Ticarət Məhkəməsinin hesabına 2 milyon 278 min dollar depozit köçürüblər. Lakin istintaq həmin vəsaiti mənimsəmə kimi təqdim edib:

"Mən bütün məlumatları, rəqəmləri həm yazılı, həm şifahi şəkildə təqdim etmişəm. Çox istərdim ki, bütün məsələlər araşdırılsın. Təəssüf ki, araşdırılmadı".

Cahangir Hacıyevlə münasibətlərindən danışan sabiq deputat bildirib ki, tanışlıqlarının 40 illik tarixi var, bir-birinin evlərinə gediş-gəlişləri olub:

"Azərbaycana xarici şirkətlərin axını başlayanda mən konsaltinq şirkəti yaratdım, bir çox tanınmış şirkətlərlə işlədim. Təcrübəmi nəzərə alaraq, Cahangir Hacıyev mənə General Construction MMC-yə rəhbərlik etməyi tapşırdı. O illərdə Beynəlxalq Bankın dəstəyi ilə Globus Plaza, Şəkidə, Zaqatalada, Qazaxda olimpiya kompleksləri tikilirdi. İki il General Construction-a rəhbərlik elədim".

Dünyamin Xəlilov deyir ki, hazırda onunla birlikdə mühakimə olunan təqsirləndirilən şəxslərin əksəriyyəti "General Construction"ın işçiləri olub. Sonradan onların adına müxtəlif şirkətlər yaradılıb. Səbəbini də sabiq deputat belə izah edir:

"Beynəlxalq Bank ölkə daxilində və xaricdə müxtəlif layihələr həyata keçirirdi. O layihələri birbaşa maliyyələşdirə bilmirdi. Çünki limit vardı, bir şirkət bəlli bir həddə kredit götürə bilərdi. Ona görə yeni şirkətlər yaradılırdı".

Həmin şirkətlərin işlək olduğunu, müxtəlif layihələr həyata keçirdiyini deyən Dünyamin Xəlilovun sözlərinə görə, onlar Cahangir Hacıyevin və Beynəlxalq Bankın başqa məsul şəxslərinin tapşırığı əsasında yaradılıb.

"Başqa məsul şəxslər kim idi?" sualına cavabında Beynəlxalq Bankın İdarə Heyətinin sədr müavini Emil Mustafayevin adını çəkib. Beynəlxalq Bankla bağlı cinayət işi Emil Mustafayevin özünün Daxili İşlər Nazirliyinə şikayət məktubu əsasında başlanıb.

14 MİLYON MANAT KREDİT QAYTARILMAYIB

Dünyamin Xəlilov "İnter" futbol klubunun inkişafı, Saatlıda iplik fabrikinin yaradılması, Bakıda Mərkəzi Ordu İdman Klubu kompleksinin bərpası və sair istiqamətlərdə xərclənən vəsaitlər haqda da danışıb.

Məhkəmədə digər təqsirləndirilən şəxslərdən 12 milyon manatlıq mənimsəmədə suçlanan Natiq İmanov, Arif Mədətov, Sadıq Murtuzayev də dindirilib.

Onlar bildiriblər ki, Dünyamin Xəlilovun yaratdığı şirkətlərə formal rəhbərlik ediblər. Konkret maaş əsasında fəaliyyət göstəriblər. Bütün maliyyə məsələlərinə, hansı işlərin görülməsinə Dünyamin Xəlilov özü nəzarət edib. Məsələn, Sadıq Murtuzayevin rəhbərlik etdiyi “Alfaline” şirkətinə 2006-2007-ci illərdə Beynəlxalq Bankdan 14 milyon manat kredit ayrılıb. Həmin kredit qaytarılmayıb.

“Mən şəxsən həmin maliyyələşmə zamanı orada iştirak etməmişəm. Sadəcə, sənədlərə qol çəkmişəm. 2010-cu ildə isə şirkətdən ayrılmışam, ancaq şirkət mənim adımda qalmışdı”, - Sadıq Murtuzayev bildirib.

Beynəlxalq Bankın 3 milyon 226 min manat vəsaitini mənimsəməkdə ittiham olunan Arif Mədətov “Abidə” tikinti şirkətinə rəhbərlik edib. Deyir ki, yaradıcı, ədəbiyyata bağlı adamdır, bu işə düşüb, nəticədə ona həm maddi, həm də mənəvi ziyan dəyib.

Beynəlxalq Bankla bağlı məhkəmə araşdırmaları fevralın 14-də davam edəcək.

Xatırlatma

Cahangir Hacıyev 2015-ci ilin dekabrında həbs olunub və 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 15 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

Cahangir Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla dollar dəyərində kreditlərin götürülüb mənimsənilməsində təqsirli bilinib.

İndi məhkəmədə baxılan ikinci cinayət işində Cahangir Hacıyevə verilmiş külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vergidən yayınma və başqa ittiham maddələrində 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Cahangir Hacıyev özünü təqsirli bilmir.

Hazırda onunla birlikdə mühakimə olunan şəxslərdən keçmiş deputat Dünyamin Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 3 ay azaldıb. Cahangir Hacıyevin bacanağı İ.Hidayətzadəyə isə 7 il həbs cəzası verilmişdi. Ali Məhkəmə bu cəzanı 5 ilə endirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG