Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:58
Bu həftə bloqqerlər WikiLeaks-in sənədlərindən, azərbaycanlının kreditə hesablanmış həyat tərzindən, mentalitetdən və s. yazırlar...

Natiq Cəfərli yazır ki, çox güman ki, WikiLeaks-in açıqladığı son sənədlərdən sonra ölkədə “mafiya” oyunu və “Xaç atası” filmi qadağan olunacaq:

Millət, WikiLeaks və Turqut Ər olaylarından sonra sistem, ya hər hansı bir şəkildə islahata gedəcək, ya da repressiyaları gücləndirib, ölkəni partlayışa aparacaq. Onlar anlamalıdırlar ki, dünya çox dəyişib, dəyişməkdə də davam edir. Bizlər isə hər iki varianta hazır olmalıyıq”.

Natiq Cəfərli bu həftə ölkədə “quş qripi”nin tapılmasına da şübhə ilə yanaşır:

“İnsanların başını qatmaq, fikirlərini WikiLeaksTurqut Ər məsələlərindən yayındırmaq üçün ortaya “Quş qripi” xəstəliyi atdılar”.

SAXTALAŞMAQ KEYFİYYƏT GÖSTƏRİCİSİ HALINA GƏLİB

Azər Aydın öz bloqunda yazır ki, Yeni il yaxınlaşdıqca bir çox proseslər sonluğa doğru hərəkət edir: “Yekun hesabatlar hazırlanır, növbəti il üçün yeni strateji planlar qurulmağa başlanır. Eyni zamanda, müxtəlif sahələr üzrə “ilin adamı” kimi formal xarakter almış müsabiqələr təşkil olunur”.

Azər Aydın yazır ki, keçirilən müsabiqələr və ya seçimlər çox zaman saxta olur:

“Saxtalaşmaq” - artıq bizlərdə daxili keyfiyyət göstəricisi halına gəlmişdir. Sevgimiz də, dostluğumuz da, düşüncəmiz də saxtalaşmaq üzrə ixtisaslaşmışdır”.

Ülvi Telmansoy yazır:

HƏR ŞEY KREDİT

Hələ nağd pul kimi kredit də verirlər...
“İndi yaşadığım şəhərdə tək-tük adam tapa bilərsən ki, banka borcu olmasın. Kimi dindirirsən, bankdan kredit götürüb. Əslində, kredit elə sələmdir. Sadəcə, sələmi qanuniləşdiriblər, adını da dəyişib kredit qoyublar”.

Bloqqer yazır ki, camaat artıq kreditlə yaşamağa alışıb: “Avtomobil kredit, ev kredit, telefon kredit, kontur kredit, kompyuter kredit, əşyalar kredit, hələ nağd pul kimi kredit də verirlər. Kef elə...”.

METRODA MÜŞAHİDƏ

Ramilə Əliyeva yazır ki, “rəfiqələrimlə metronun “Neftçilər” stansiyasından “Sahil” stansiyasına gedirdik. Oturub insanları müşahidə edirdim. Qarşıda bir qadın oturmuşdu. Hardasa 50-60 yaş arası olardı. Üzündə bir nigarançılıq, dərin fikir var idi. Görünür, fikri maliyyə məsələsi ilə əlaqəli idi. Güman ki, qonşunun bağrını çatlatmaq üçün qızına daha yaxşı cehiz almağı düşünürdü və hansı bankdan kredit götürəcəyini götür-qoy edirdi. Bəlkə də yanılıram. Digər gənc qız isə hey mənə və rəfiqəmə baxırdı. Üst-başımızdan gəlmə olduğumuz sezilirdi”.

Vəfa Cəfərova isə yazır ki, hər gün eyni şeylərdən yazmaq insanı bezdirir:

“Hə, sual doğa bilər yazdığımdan sonra bəs niyə mən hələ də nə üçünsə mübarizə aparıram…Ümid üçün, gələcəkdə doğacağım uşaqlarım üçün, bu yolu sevdiyim üçün…Kimsə bu gün yazmışdı ki, xeyirxah insanlar heç vaxt bu dövrdəkindən xeyirxah görsənə bilməyəcək”.

“MENTALİTET 2010”

Firudin Allahverdi
Firudin Allahverdi
“Mentalitet 2010” adlı yazısına qədim bir şəkli yerləşdirib: “Bu fotoya diqqətlə baxın. Çox yox, təxminən 100 il əvvəlin azərbaycanlılarıdır. Şübhəsiz, onların da özlərinə məxsus “mentalitet”, “namus”, “qeyrət” anlayışları olub. Məsələn, indi bizə çox adi gələn məsələlər, tutaq ki, qadınların kişilərlə bir yerdə işləməsi, yaxud başı açıq gəzməsi onlar üçün dəhşətli bir hadisə ola bilərdi. Onlar heç vaxt razılaşmazdılar ki, xanımları evdən başı açıq, tək-tənha çıxıb işə getsin, hansısa binada yad kişilərin yanında işləsin (hələ mən ictimai nəqliyyatda yan-yana oturub getməyi demirəm). Heç şübhəsiz bunu biqeyrətlik sayardılar, deyərdilər ki, bu, kafirlərin, avropalıların adətidir, bizə yaramaz”.

Bloqqer yazır ki, yüz il keçdi, indi biz onların düşüncələrini gerilik, cahillik sayırıq:

“Amma indinin özündə də biz öz müasirimiz olan, fəqət bizdən irəlidə olan cəmiyyətlərdəki həyat tərzinə, məişətinə qəribə baxırıq, bəyənmirik, hətta bəzən bunu əxlaqsızlıq sayıb, deyirik ki, onlara oxşamayaq, öz adət-ənənəmizi saxlayaq və s. Yəqin bizdən 100 il, hətta 20-30 il sonrakı nəsillər də cəmiyyətimizdə bu gün yaşamını sürdürən qadağalara güləcək, bunları gerilik, cahillik sayacaq...Mentalitet dediyin də elə bu zatən” .

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG