Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:11
Sentyabrın 6-da «Facebook» sosial şəbəkəsində statusların birində belə bir məlumat oxudum ki, sentyabrın 7-dən «Söz və ifadə azadlığına dəstək» forumu başlayır. Məlumatda forumun proqram detallarına qədər xəbər verilir.

Selcan Məmmədli adlı istifadəçi statusunda «tut ağacı, tut ağacı» yazır, Aynur Talıbova isə «Sən bilməlisən ki, insanların vurduğu zərər sənə xeyir və onların özləri üçün ziyandır» bildirir.

Əlbəttə, bunlar mənim «Facebook»dakı səhifəmdə görünən mənzərədir, bir başqasında dostlarının sayından asılı olaraq başqa xəbərlər də yayıla bilər.

MÜZAKİRƏ ÜÇÜN MEYDAN

«Sosial şəbəkəni niyə seçdiz?» - «Qanun» nəşriyyatının direktoru Şahbaz Xuduoğludan soruşuram. O, «Facebook»da aktiv istifadəçilərdən biridir. Deyir ki, ictimai-siyasi problemləri bölüşmək üçün sosial şəbəkə üzvü olub.

Xuduoğlu hesab edir ki, Azərbaycanda ən populyar sosial şəbəkə «Facebook» və «Tvitter»dir. Şahbaz Xuduoğlunun fikrincə, məsələn, «odnoklassnik» informasiya mübadiləsi, müzakirəsi üçün bir o qədər də əlverişli «meydan» deyil.

Ş.Xuduoğlu həm də öz nəşrləri, kitabların təqdimatı barədə məlumatı da burda bölüşür və ötən həftə keçirilən tədbirə də tanımadığı bir xeyli adamın «Facebook»dan gəldiyini düşünür:

- Sosial şəbəkədə verilən elanlar daha əhəmiyyətlidi, nəinki qəzetlərdə. Burda elə bil adamlarla göz-gözə baxırsan, birbaşa özün dəvət edirsən.

«YENİ QƏZET – «FACEBOOK»

«Yuxudan duran kimi «nə baş verib deyə» hər hansı qəzetə, televiziya kanalına yox, «Facebook»a baxıram» - yeni media üzrə mütəxəssis, bloqçu Əli Novruzov belə deyir. Onun fikrincə, insanlar arasında ünsiyyət vasitəsi kimi yaradılan sosial şəbəkələr Azərbaycanda ikinci funksiya daşıyıcısına çevrilib:

Əli Novruzov
- Burda xəbərlərin paylaşması var. Azərbaycanda ənənəvi media zəifdir. Qərb ölkələrində ənənəvi medianın daşıdığı rolu sosial media daşıyır. Əgər ən çoxtirajlı qəzetin 10 min tirajı varsa, «Facebook»un 180-200 minə yaxın azərbaycanlı istifadəçisi var. «Facebook» Azərbaycanın bir nömrəli qəzeti olub.

«Statusların tez-tez yenilənməsi də paylaşılan informasiyaları gündəmdən çıxarmır», - Əli Novruzov belə düşünür. Onun sözlərinə görə, əhəmiyyətli xəbərləri istifadəçilər bir-birlərindən götürüb paylaşır və beləcə, bir və ya bir neçə ictimai-sosial əhəmiyyətli məsələlər gündəmdə qalır.

«YAP-DAN ÇAĞIRIŞ»

Bir neçə gün öncə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov görüşlərin birində gəncləri çağırıb ki, internetdə sosial şəbəkələrə qatılarkən öz mövqelərini ortaya qoysunlar, yalnız oxucu deyil, aktiv iştirakçı olsunlar.

Sosial şəbəkə istifadəçiləri arasında siyasi baxışlarına görə, hansı tərəf daha aktivlik göstərir - deyə bir təhlil aparılırmı? Bloqçu Əli Novruzov söyləyir ki, sosial şəbəkələrdə bütün tərəflər aktiv iştirak edir və ortaya öz mövqelərini qoyurlar. Amma:

- Sosial mediada partiya göstərişiylə nəyəsə nail olmaq mümkün deyil. Burda güclü ictimai rəy var. Azad ölkələrdə müstəqil media necə ictimai rəy yaradırsa və problemlərin həllinə təsir edirsə, sosial mediada da elədir. Sosial media satılmış qəzet deyil ki, kiminsə sifarişiylə xəbəri çıxarasan, ya yayasan.

YENİ MEDİANIN YÜKÜ

Ə.Novruzovun sözlərinə görə, virtual ictimai rəy ədalətli və obyektiv mövqe tutma baxımından təsiredici qüvvəyə sahibdir:

«Bayraq meydanı»nda bayrağın cırılması barədə ilk video-görüntülərə də «YouTube»də baxmaq mümkün oldu
- Həm də burda ictimai qınaq var. İkisi də çox güclüdür. Sosial medianın ənənəvi medianın funksiyalarını öz öhdəsinə götürməsi və uğurla daşımasının səbəblərindən biri də budur.

Azərbaycanda sosial medianın hansı növü populyardır? Əli Novruzovun fikrincə, Azərbaycanda internet əhlinin əhəmiyyətli hissəsini «Facebook» və «Tvitter» istifadəçiləri, sayca az olsa da, çəkidə sanballı olan qismini bloqçular arasında bölmək olar.

Ə.Novruzov deyir ki, söhbət video informasiyaların paylaşmasından gedərsə, «YouTube»-da populyar məkanlardan biridir. Hətta Azərbaycanda internet televiziyaların çoxu öz verilişlərini «YouTube» vasitəsilə də yayırlar.

Yeri gəlmişkən, bir neçə gün öncə təntənəli açılışı olan «Bayraq meydanı»ndakı bayrağın cırılması barədə ilk video-görüntülərə də «YouTube»də baxmaq mümkün oldu.

Şərhləri göstər

XS
SM
MD
LG