Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:23

Azeriblog.com-dan 15 min bloq yazarına «sürpriz»


Müstəqil jurnalist Məmməd Süleymanov
Müstəqil jurnalist Məmməd Süleymanov
“Bu, tam qanunsuzluqdur və fırıldaqdır, mənim müddətim bitsəydi, hətta abonent haqqı ödəməsəydim, yenə həmin sayt təzələnmək imkanı olmadan orda qalmalı idi. Üstəlik, heç bir xəbərdarlıq eləmədən bunu edib, bu, etikadan kənar hərəkətdir”.

1020 YAZI BİR ANIN İÇİNDƏ GÖYƏ SOVRULDU

Azeriblog.com saytında şəxsi bloqunu yaratmış və xeyli müddətdir ki, burada bloq yazıları ilə çıxış edən 15 mindən artıq azərbaycanlı oktyabrın 20-də günün ikinci yarısında bloqundan istifadədən məhrum edilib.

Müstəqil jurnalist Məmməd Süleymanov da həmin saytda şəxsi bloqunu yaradanlardandır və deyir ki, iki ildən artıq müddətdə bloqunda 1020 yazısını yerləşdirib. Hətta ötən ilin sentyabr ayından saytın sahibi bloq yazarlarına pullu xidmət təklif edəndə buna razılıq verənlərdən biri də o olub:

“Keçən ilin sentyabrında pullu elədi, mən də noyabr ayında illik 10 manat ödədim. Pulu bank yolu ilə şəxsi hesabına köçürürdüm, bankdan aldığım qəbzin fotosunu elektron adreslərinə göndərdim ki, bloqumu aktivləşdirsinlər”.

“ÖZÜMÜ ALDADILMIŞ HESAB EDİRƏM”


Məmməd Süleymanov deyir ki, xidmət pulunu ödəməsinin 1 ili hələ noyabrın 12-də tamam olacaq, yəni, həmin tarixədək pullu istifadəçi kimi o, bloqundan məhrum edilə bilməzdi:

“Bundan sonra hətta müftə və yüksək keyfiyyətli xidmət də təklif etsə, mən bir daha o saytda yazmaram. Çünki artıq özümü aldadılmış hesab edirəm”.

Fərhad Əsgərzadə
Fəaliyyəti dayandırılmış Azeriblog.com saytının sahibi İran vətəndaşı Fərhad Əsgərzadədir. İranda yaşayan Fərhad Əsgərzadə deyir ki, dövlət işində işləyir, Azeribloq.com şəxsi saytını yaratması da virtual məkana marağından irəli gəlib. Saytda bloq yazarlarının sayı artdıqca qərara alıb ki, daha keyfiyyətli xidmət göstərmək üçün saytı pullu xidmətə keçirsin:

“15 min bloqçudan 1 il ərzində cəmi 100 nəfəri pul ödəmişdi, bu da 1000 manata qədər pul elədi. Ancaq mən ayda 200 dollara yaxın pul ödəyirdim. Serverin pulunu ödəyə bilmədik, serveri bağladılar”.

“SAYTI ALMAQ İSTƏYƏNLƏRDƏN HƏLƏ DƏ XƏBƏR YOXDUR”

Fərhad Əsgərzadə deyir ki, saytın xərci borcunu ödəmədiyindən qərara alıb ki, Azeriblog.com-u satışa çıxarsın:

“Azərbaycandan bir neçə şirkətlə danışdım, ancaq onlardan da bir xəbər çıxmadı. Sata bilməsəm də, özüm 1 həftəyə, ya bir aya axır ki, saytın fəaliyyətini bərpa edəcəm”.

Fərhad Əsgərzadə söz verir ki, hətta saytın gələcəkdə fəaliyyəti bərpa olunmasa belə, o, imkan yaradacaq ki, bloq yazarları öz yazılarını Azeribloq.com-dakı bloqlarından götürə bilsinlər.

ETİK QAYDALARA ƏMƏL OLUNMAYIB

Osman Gündüz
Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüz deyir ki, Azeriblog.com-da 15 mindən artıq bloq yazarının toplaşması ondan xəbər verir ki, həmin sayt tanınmış internet resurslarındandır. Və belə bir gərəkli internet resursun öz istifadəçilərinə qarşı sayğısız davranması ciddi məsələdir:

“Fəaliyyətini dayandırmaq ərəfəsində istifadəçiləri mütləq xəbərdarlıq etməli idi. Könüllü xidmət göstərənlərlə bağlı bir qədər yumşaq yanaşma ola bilər, onlara etik qaydalara uyğun olaraq xəbərdarlıq oluna bilərdi. Amma pullu istifadəçilərlə bağlı belə addım atılmasına artıq sərt yanaşma olmalıdır. Mən pullu xidmət almalıydım, mənə heç bir xəbərdarlıq olunmayıb, mənimlə müqavilə bağlanmayıb və sair”.

Osman Gündüzün sözlərinə görə, Azeriblog.com-un sahibi xarici vətəndaş olduğuna görə, saytın pullu istifadəçiləri məsələni hətta beynəlxalq məhkəmədə də mübahisələndirə bilərlər.

Azeribloq.com saytı oktyabrın 20-dən fəaliyyətini dayandırıb. Bloq yazarları ilk günlərdə sayta daxil olarkən saytın satışa çıxarılması ilə bağlı elan görüblər. Lakin bir neçə gündür ki, bu elanı da görmək mümkün deyil, çünki artıq sayta giriş bağlıdır.

MÖVZUNU BURADA ŞƏRH ET
XS
SM
MD
LG