Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:15
Dünya Bankı 183 ölkə üzrə biznes mühitinin qiymətləndirməsində Azərbaycana 54-cü yeri verib.

Ölkəyə verilən qiymət biznes fəaliyyətinin 9 əsas sahəsinə verilən qiymətlərdən yaranır. Həmin sahələr biznesə başlamaq, tikintiyə icazə, kredit ala bilmək, sərhəddən mal keçirmək, mülkiyyət hüquqları, investorların qorunması, vergilər, müqavilənin yerinə yetirilməsi və biznesi bağlamaqdır.

Hesabatda idxal üçün ən çox sənəd tələb olunan ölkələr arasında Azərbaycanın dünyada 2-ci yerdə durduğu göstərilir – 14 sənəd. Mülkiyyətin qeydə alınmasında çəkilən xərcin azlığına görə, Azərbaycan dünyada 10-cudur. 10-cu yeri Azərbaycan tikintiyə icazəyə tələb olunan proseduraların çoxluğuna görə də saxlayır. Bunun üçün Azərbaycanda 31 proseduradan keçmək gərəkdir. Ölkədə biznes mübahisəsinin məhkəmədə həllinə isə orta hesabla 237 gün getdiyi müəyyən olunub.

“Biznes etmək” adlı hesabatda iki il öncə Azərbaycan 96-cı, 2010-cu ildə isə 33-cü yerdə idi. Bəs ölkənin belə kəskin yerdəyişmələrinin səbəbi nədir?

BİRPƏNCƏRƏ SİSTEMİN TƏTBİQİ...
Azər Mehdiyev


İqtisadi Tədqiqatlara Yardım Mərkəzinin başçısı Azər Mehdiyev deyir ki, Azərbaycanın 2 il öncə 96-cı yerdən 33-ü yerə yüksəlməsi “birpəncərə” sisteminin tətbiqi ilə bağlı olub. Bu sistemin tətbiqindən sonra qeydiyyat məsələləri 3 günə tamamlanır. Ancaq ekspert hesab edir ki, biznesin qeydiyyatı heç də həlledici deyil. Çünki əsas problemlər qeydiyyatdan sonra başlayır:

“Son illər sahibkarların fəaliyyəti ilə bağlı problemlər azalmaq yerinə daha da çoxalıb. Dünya Bankının hesabatında Azərbaycanın ən yüksək göstəricisi əmlakın qeydiyyata alınması ilə bağlıdır. Əslində isə mülkiyyətin qorunması və əmlakın qeydə alınması ilə bağlı Azərbaycandakı durum son dərəcə dözülməzdir. Bundan başqa, sahibkarlıq üçün vacib olan bank sistemində də ciddi problemlər var. Bank sektorunda vəsait çatışmazlığı, sahibkarların kredit almaq imkanlarını məhdudlaşdırır”.

BİZNESƏ MANE OLAN NƏDİR?

Sahibkar Bədrəddin Quliyev də deyir ki, Azərbaycanda biznes mühiti əlverişsizdir. Bank sistemindəki problemlər, ölkəyə mal gətirilməsindəki monopoliya, icra strukturlarının biznesin inkişafına mane olması, Quliyevin dediyinə görə, ölkədə azad biznes mühitinin formalaşmasını əngəlləyir:

“Azərbaycanda bank sistemi normal qurulmayıb. Bankların nizamnamə kapitalı aşağı səviyyədədir. Banklardan vəsait götürüb ciddi biznes qurmaq üçün vəsait yoxdur. Ölkədə biznes planı təqdim edib banklardan təyinatı üzrə kredit götürmək mümkün deyil. Milli Bank müvəkkil banklara büdcə vəsaitindən kreditlər ayırmalı, banklar isə bu vəsaitdən sahibkarlara kreditlər verməlidir. Ancaq nə, 2010, nə 2011-ci ilin dövlət büdcəsindən bu məqsədlə vəsait ayrılmayıb”.

Sahibkarın sözlərinə görə, idxaldakı monopoliyadan başqa icra strukturlarının yaratdığı problemlər biznes mühitinə mənfi təsir göstərir:
Bədrəddin Quliyev

BÜTÜN SAHƏLƏR NƏZARƏTDƏ...

“Azərbaycanda sahibkarın icra strukturlarında zavod, fabrik tikmək üçün torpaq alması mümkün deyil. Torpaq sahələrinin hamısı ayrı-ayrı icra strukturlarının nəzarətindədir. Bu səbəbdən Azərbaycanda azad rəqabət mühiti, azad bazar formalaşmır. Hətta məhkəmə yolu ilə də hüquqların bərpası mümkün olmur. Belə məhkəmə çəkişmələri zamanı qərarlar rəsmi qurumların xeyrinə çıxarılır”.

Ölkədəki biznes mühitinin ən ağır problemi isə Bədrəddin Quliyevə görə, sərhəddən mal keçirilməsidir. Sahibkarın bu fikrini iqtisadçı-ekspert Azər Mehdiyev də bölüşür. Onun fikrincə, bu, Azərbaycanın müstəqilliyinin bərpasından sonra sahibkarlıq mühiti ilə bağlı ən ciddi problemdir.

“Bu, Azərbaycan iqtisadiyyatında inhisarlaşmanın bünövrəsinin qoyulduğu sahədir. Demək olar, ölkəyə gətirilən bütün mallar müəyyən qruplar arasında bölünüb. Bu məsələdə qeydiyyatdan keçirilən müəssisələrin sayı çox ola bilər. Ancaq bütün bu müəssisələr kiçik bir qrupun əlində cəmləşib. Qrupdan kənar hansısa şəxsin eyni məhsulu ölkəyə gətirməsi mümkün deyil. Bu isə ölkə daxilində rəqabət prosesini pozur, məhsulların qiymətlərinin normal iqtisadi proseslərlə deyil, inhisarçıların istəyilə formalaşmasına səbəb olur”.

İNHİSARÇILAR ÜTT-YƏ GİRMƏYƏ DƏ ƏNGƏLDİR


Azərbaycan 1997-ci ildən ÜTT-yə daxil olmaqla bağlı quruma müraciət edib. Ancaq bu proses hələ də tamamlanmayıb. Azər Mehdiyevə görə, prosesə inhisarçılar mane olur:

“Azərbaycanın oliqarx-inhisarçıları Azərbaycanın quruma daxil olmamasında çox maraqlıdırlar. Çünki ölkə ÜTT-yə üzv olsa gömrüklə bağlı müəyyən hüququ proseduralar qəbul oluna bilər ki, bu da onların inhisarçılığına son qoyar”.

Milli Məclisin İqtisadi Siyasət Komissiyasının üzvü Vahid Əhmədov Dünya Bankının hesabatında göstərilənlərin ümumilikdə ölkə reallıqlarına uyğun olduğunu bildirir. Onun fikrincə, 183 ölkə arasında 54-cü olmaq o qədər də pis göstərici deyil:

YENİ MƏCƏLLƏ NƏYİ DƏYİŞƏCƏK?

“Azərbaycanda son illər ciddi iqtisadi islahatlar aparılır. Ancaq bu gün tikinti ilə, idxalla bağlı sənədlərin çox olması, idxalda problemlərin olması reallıqdır. Bu məsələlərdə monopoliya var. İnvestisiya ilə bağlı isə düşünürəm ki, Azərbaycanda heç bir problem yoxdur. Ancaq o da var ki, biznesin inkişafına müəyyən qurumlar problemlər yaradır. İndi biz MM-də “Rəqabət Məcəlləsi”ni hazırlayırıq. Məqsəd də inhisarçılığın, monopoliyanın aradan qaldırılmasıdır. Dövlət başçısı İlham Əliyev də bir neçə çıxışlarında bu məsələyə toxunub. Çatışmazlığın aradan qaldırılması üçün işlər görülür”.

Vahid Əhmədov bildirir ki, heç bir dövlət problemlərdən sığortalanmayıb. Ən əsası hökumətin bu problemlərin aradan qaldırılması üzrə istəyinin olmasıdır, o da Azərbaycanda var.

Şərhləri göstər

XS
SM
MD
LG