Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:35

Dünya Bankı Azərbaycanın iqtisadi uğurları barədə


Ötən həftə Dünya Bankının Direktorlar Şurası Azərbaycana dair yeni Ölkə Tərəfdaşlığı Strategiyasını müzakirə edib. Bu strategiya 2011-2014-cü illərdə Azərbaycana Dünya Bankının yardım konturlarını müəyyən edir.

Strategiya hökumətin inkişaf prioritetləri üzərində qurulub, iki əsas sahəni nəzərdə tutub. Birinci sahə qeyri-neft sektorunun gücləndirilməsidir ki, bu, biznes mühitinin yaxşılaşdırılması, daha yaxşı infrastruktur və kənd təsərrüfatının inkişafından keçir.

İkinci sahə isə sosial xidmətlərin - səhiyyə, təhsil, sosial müdafiə və su təchizatının yaxşılaşdırılmasını nəzərdə tutur.

İQTİSADİYYATI ŞAXƏLƏNDİRMƏK LAZIMDIR


“Azərbaycan qlobal iqtisadi böhranın öhdəsindən nisbətən yaxşı gəlib, ancaq krizis göstərdi ki, iqtisadiyyat şaxələndirilməlidir, bazara əsaslanan siyasət, güclü sosial xidmətlər olmalıdır,” bunu Dünya Bankının Cənubi Qafqaz üzrə Regional Direktoru Asad Alam deyir:

“Hökumət bu ehtiyacları ödəməyə hazırlaşdığı bir vaxtda Dünya Bankı-Beynəlxalq Maliyyə Korporasiyası bu işdə ona dəstək olmaq istəyir”.

Son illər Azərbaycanda neft-qaz gəlirləri sayəsində ÜDM kəskin artıb, yoxsulluq azalıb. 2001-ci ildə 49 faiz olan yoxsulluq 2008-ci ildə 16 faizə düşüb. Maaşlarda kəskin artım olub, ünvanlı sosial yardım sistemi formalaşıb. Ancaq sürətli inkişaf neft-qaz gəlirlərinin artması sayəsində baş verib. Bu gəlirlər növbəti onillikdə dəyişməz qalacaq, sonra isə azalacaq. Buna görə də iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun inkişafı əsas məqsədə çevrilir.

Yeni strategiyanın bir neçə fərqləndirici xüsusiyyəti var. Əvvəla, mövcud layihələrin icrasının sürətləndirilməsinə fikir veriləcək. İkincisi, hökumətin tələbatının, idarəçiliyinin olduğu sahələrə yeni sərmayələr qoyulacaq. Və nəhayət, bank işini daha çox analitik iş və dialoq istiqamətində quracaq.
“İnsan kapitalının inkişafı, əsas institusional qüsurları həll etmək qeyri-neft sektorunun inkişafı üçün əsas olacaq”, bunu Dünya Bankının Azərbaycan üzrə meneceri Cozef Ouen deyir.

DÖRD İLƏ BİR MİLYARD DOLLAR


Azərbaycan hökuməti Dünya Bankından dörd il ərzində 1 milyard dollarlıq sərmayə istəyib. İlk iki ildə, 380 milyon dollar ayrılacaq. Azərbaycan adambaşına düşən illik gəlirə görə (4.820 dollar) hazırda orta gəlirli ölkələr qrupundadır. 2011-ci ildə bu ölkəyə Dünya Bankının güzəştli maliyyəsi qurtaracaq. Həmin vaxt Dünya Bankının bir qurumu olan Beynəlxalq Maliyyə Korporasiyası sərmayə proqramını 200 milyon dollara çatdıracaq.

Hökumət Dünya Bankı ilə Birgə İqtisadi Tədqiqat proqramı çərçivəsində əməkdaşlığa razılaşıb. Bank başqa orta gəlirli və daha inkişaf etmiş iqtisadiyyatların təcrübəsini Azərbaycan siyasətçiləri ilə bölüşəcək.

Dünya Bankı bildirir ki, yeni Ölkə Tərəfdaşlığı Strategiyasının əsasını idarəetmənin və institusional imkanları gücləndirmək təşkil edir. Bunlar korrupsiyanı azaltmaq, ictimai sektorun səmərəsini artırmaqda vasitə hesab olunur. Bu məsələlərə üç - layihə, sektor və milli səviyyədə, düzgün seçilmiş metodlarla baxılacaq.

Azərbaycanın inkişaf göstəriciləri:

Son 4-5 ildə, Azərbaycan bəzi sahələrdə çox müsbət inkişafa nail olub:

• Adambaşına düşən illik gəlir 2005-ci ildə 1.270 dollardan 2009-cu ildə 4.820 dollara qalxıb (Bankın Atlas metodu vasitəsilə hesablanıb)
• 2008-ci iləcən yoxsulluq dramatik, 16 faizə düşüb
• Çox kasıbların 50 faizindən çoxuna ünvanlı sosial yardım verilib
• Pensiya və sosial müavinətlər 97 faiz ATM-lərlə ödənir
• Dövlət Neft Fonduna yatırımlar etməklə neft gəlirləri ağılla idarə olunur və gələcək nəsillərə saxlanır. Azərbaycan 2009-cu ildə Mədən Sənayesi üzrə Şəffaflıq Təşəbbüsünə əməl etdiyi təsdiqlənən ilk ölkə olub.
• Biznes qurmaq yönündə əhəmiyyətli proqres qeydə alınıb. 2007-ci ildə biznesin qeydiyyata alınması müddəti 51 gün idisə, 2010-cu il Biznes Qurma Hesabatında 8 günə düşüb.

18 İLƏ 3 MİLYARD 350 MİLYON DOLLAR


Dünya Bankının Kənd İnvestisiya Layihəsi bankın ölkə inkişafına töhfəsinə yaxşı nümunədir. Bu layihə çərçivəsində kənd infrastrukturunda bərpa işləri görülüb ki, 430 icmada 1 milyondan çox adam bunun xeyrini görüb. Nəticədə bu icmalarda kənd təsərrüfatı məhsuldarlığı 30 faiz artıb, fermerlər isə məhsulların qiymətində 20 faizlik artım qazanıblar.

1992-ci ildən bəri Dünya Bankı Azərbaycana 43 layihə çərçivəsində 3 milyard dollar ayırıb. Beynəlxalq Maliyyə Korporasiyası isə 1995-ci ildən bəri 45 layihə çərçivəsində 350 milyon dollar ayırıb.
XS
SM
MD
LG