Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:41

«Krediti alanda tələb olunan sənədləşmə adamı bezdirir...»


Hələ ki bankın faizini qoyunları satmadan, atasının maaşından ödəyirlər
Hələ ki bankın faizini qoyunları satmadan, atasının maaşından ödəyirlər
Salyanın Pambıqkənd kəndinin sakini Turan İbadlı AccessBankdan götürdüyü 1000 manatlıq mikrokrediti artıq bir-iki aya ödəyib bitirmək üzrədir. O deyir ki, hər ay 1000 manata 80 manat faiz ödəyir. Krediti qoyunçuluq təsərrüfatı yaratmaq üçün götürüb. Fermer bildirir ki, faizi ödəməklə bağlı problem olmasa da krediti alanda tələb olunan sənədləşmə onu bezdirib:

“BU SƏRFƏLİDİR...”

“Mən kənddə yaşayıram, deyirlər evin “kupça”sı olsun. Əvvəllər bir qədər yaxşı idi, sənədləşmə ilə bağlı şərtlər az idi. Kənd yerində isə çox evin “küpça”sı-filanı yoxdur, evlər ata-babadan qaldır. Bunu gərək dövlət özü sənədləşdirə ki, biz də həmin sənədləri harasa verə bilək. Amma belə ki, pulu götürüb istifadə eləmək, ondan pul qazanmaq, banka pulu qaytarmaq, qazanc götürmək mümkün olur, bu sərfəlidir”.

Turan İbadlinın dediyinə görə, hələ ki bankın faizini qoyunları satmadan, atasının maaşından ödəyirlər. Umud edir ki, təsərrüfatı inkişaf etdirməklə kredit asılılığından qurtaracaqlar.

Azərbaycanda kiçik bisnesmenlərə, eləcə də aşağı və orta gəlirli ailələrə kredit verən özəl bank olan AccessBank 2008-ci illə müqayisədə 2009-cu ildə iki dəfə çox sahibkara mikrokredit verdiyini açıqlayır. Bankın məlumatına görə, fəaliyyətə başladığı andan həmin dövrə qədər verilən mikrokreditlərin həcmi 20 milyon dolları ötüb.

“KREDİT FAİZİ YÜKSƏK OLDUĞU ÜÇÜN ÇOXLARI MÜFLİS OLUB”

Daşkəsəndəki “ATEKS” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) sədri Səbuhi Cahangirov isə deyir ki, onlar həm İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan, həm də özəl banklardan götürdükləri kredit hesabına xeyli iş görüblər. İndi bu cəmiyyətin balıqçılıq təsərrüfatı, əkin sahələri var. Səbuhi Cahangirova görə, öz işləri yaxşı getsə də, tanıdıqları xeyli sahibkarlar var ki, onlar götürdükləri yüksək faizli biznes kreditini ödəyə bilmədikləri üçün müflis olublar:

Oqtay Haqverdiyev
“İqtisadi İnkişaf Nazirliyinin verdiyi faizlər yaxşıdır, 6-7 faiz, amma biznes kreditlərinin faizi çox yüksəkdir, 26 faizdən 30 faizə qədər”.

Sahibkara görə, bir də işi sıfırdan başlayanlara və kənd təsərrüfatı ilə bağlı mövsümi işlər görmək istəyənlərə banklar kredit verməkdə o qədər də maraqlı deyillər:

“Çünki mövsümi işlərin gəlirləri də mövsümi olur, amma kredit götürəndə faiz hər ay verilməlidir. Bundan başqa, kimsə beş-on baş heyvan saxlayır, düzdür, girov təminatı kimi ferma-filan var, amma qarantiyalı biznesi yoxdur deyə, banklar həmin şəxslərə kredit verməyə çəkinirlər”.

“AZƏRBAYCANDA KREDİTLƏŞMƏYƏ MONOPOLİYA MANE OLUR”

Nazirlər Kabinetinin Maliyyə və kredit siyasəti şöbəsinin sabiq müdiri Oqtay Haqverdiyev kreditlə bağlı problemlərin mövcudluğunu əksər sahələrin monopoliyada olmasıyla əlaqələndirir. O deyir ki, pul nə qədər bol olsa, banklar nə qədər kredit verməyə meylli olsa da, monopoliya sahibkarlara imkan vermir ki, alınan kreditlər hesabına normal gəlir gətirəcək iş qursunlar:

“Monopoliya olduğu üçün Azərbaycanda kreditləşmə o qədər də inkişaf etməyib. Misal üçün mən sabah istəsəm ki, gedim hardansa araq və ya siqaret gətirim, məni bu bazara buraxmayacaqlar. Çünki mən onların adamı deyiləm. Artıq sahələr bölüşdürülüb. Mən indi risk edib bankdan kredit götürüm, araq, siqaret və ya banan gətirim, məni heç gömrükdən içəri buraxmayacaqlar. Ona görə də mən elə bir riskə gedə bilmərəm. Bu baxımdan da monopoliya kreditləşmə prosesini xeyli geri qoyur”.

“TƏKCƏ KƏND TƏSƏRRÜFATINDA KREDİTLƏŞMƏYƏ 20 MİLYON MANAT AYRILIB”

Hakim Yeni Azərbaycan Partiyasının təmsilçilərindən, fəaliyyəti başa çatan parlamentdə Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov isə kreditlərin verilməsi və ondan istifadədə problemlərin olması fikri ilə razılaşmır.

Eldar İbrahimov
Eldar İbrahimov deyir ki, son iki ildə dövlət büdcəsindən kənd təsərrüfatının kreditləşməsi üçün 20 milyon manat vəsait ayrılıb. Bu da onun fikrincə, dövlətin bu sahəyə qayğısının göstəricisidir. Keçmiş Komitə sədrinin qənaətinə görə, İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan hər il ayrılan 80 milyondan artıq vəsaiti və fermerlərə yaradılan güzəştli imtiyazları da yada salsaq, tənqidlərə haqq qazandırmaq mümkün deyil.

“BİLƏRƏM Kİ, KİMİNSƏ SƏHVİ UCBATINDAN YANMAYACAM”

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Elçin Əzizov isə Azərbaycanda kreditləşmənin inkişaf etməməsini cavabdeh qurumların məsuliyyətsizliyi və bu sahələrdəki müəyyən çatışmazlıqlarla əlaqələndirir. O, Salyan rayonundakı vəziyyətdən misal çəkir. Deyir ki, əkin və suvarma vaxtı olmasına baxmayaraq, Salyanda texnika çatışmır, suvarma sistemləri idarəsi su nasoslarını təmirə saxlayıb. Amma bankdan kredit götürən fermer iş görmək istəyir, lakin bu kimi problemlər üzündən işini vaxtında görə bilmir. Banklar isə hər ay ödəniləcək kredit faizini tələb edirlər. Ekspertə görə, adamlar kiminsə məsuliyyətsizliyi üzündən bankla üz-üzə qalmaq istəmir:

“Məsuliyyətsizlik var sadəcə. Əgər icra qurumları məsuliyyət daşısalar, mən sərbəst şəkildə gedib bankdan kredit götürərəm və bilərəm ki, kiminsə səhvi ucbatından yanmayacam. Mən sərmayəni gərək layihə şəklində dəyərləndirəm ki, ondan mənfəət əldə edəm, sonra banka qaytaram”.

Nazirlər Kabinetinin Maliyyə və kredit siyasəti şöbəsinin sabiq müdiri Oqtay Haqverdiyev isə bildirir ki, mikrokreditlə kənd təsərrüfatı və ya sahibkarlığın hansısa subyektini inkişaf etdirmək mümkün deyil. Onun sözlərinə görə, banklar uzaq başı bir il, il yarım müddətinə 1000-2000 min manat mikrokreditlər verirlər ki, həmin məbləğlə də orta bir layihəni maliyyələşdirmək çətin məsələdir. İqtisadçı hesab edir ki, bu məbləğə adamlar ancaq hansısa qonşu ölkədən xırda-para mallar gətirib alver edə bilərlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG