Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:54

Azərbaycanda rəsmi statistika niyə şübhə ilə qarşılanır?


Arif Vəliyev
Arif Vəliyev
- Ötən il telefonumu oğurlamışdılar. Polisə ərizə yazdım. Amma orda dedilər ki, yəqin itirmisən. Mən də dedim ki, itirməmişəm, oğurlayıblar. Filan parkda “skamya”da oturmuşdum, telefonu da yanıma qoymuşdum.

Gəncəli Elnur Məmmədov danışır ki, sonradan polisdə işləyən bir tanışdan eşidib ki, oğurluqla bağlı statistika şişməsin deyə, xırda oğurluqların qeydiyyatından qaçırlar. Şəmkir rayon qeydiyyatında olan, özü isə illərdi Bakıda yaşayan İradə Səfərova isə yarızarafat, yarıgerçək soruşur ki, bir neçə il əvvəl əhali siyahıya alınanda nə Bakıda, nə də Şəmkirdə evlərinin qapısını döyən olub, indi o və ailəsi 9 milyonun içində var, ya yox?

Azərbaycanda rəsmi statistik rəqəmlər niyə bəzən şübhə ilə qarşılanır? Məsələn, oktyabrın 26-da mətbuat konfransı keçirən Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev deyir ki, sentyabrda ölkədə inflyasiya 0,9 faiz, 2009-cu ilin yanvar-sentyabr aylarına nisbətdə isə 5,2 faiz təşkil edib.

O, bu ilin sonuna inflyasiya artımının 2009-cu ilə nisbətdə 5,5-5,6 faiz gözləndiyini deyir.

İqtisadi Tədqiqatlar Mərkəzi isə sentyabr ayındakı inflyasiyanı 1,68 faiz hesablayıb. Mərkəzin proqnozuna görə, ilin sonuna qədər inflyasiyanın həddi təxminən 8 faiz olacaq ki, bu da ötən illə müqayisədə 6 dəfə çoxdur.

PROBLEMLƏRİN ŞƏKLİ YOXSA...

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini Rövşən Ağayev deyir ki, statistikaya baxanda ölkənin reallığı görünməlidir:

- Ölkədə təhsilin vəziyyəti yaxşı deyilsə, statistikaya baxanda bu, görünməlidir. Bu o demək deyil ki, statistika problemlərin şəklini çəkməlidir, yox, statistika bütün tendensiyalarla bağlı faktları, məlumatları, rəqəmləri verməlidir. Bizim statistikamız isə sovet statistikası kimi mənfi çalarlı rəqəmləri görmək istəmir.

Rövşən Ağayev hesab edir ki, Statistika Komitəsi bəzi sahələrdə ümumi məlumatlar verməklə kifayətlənir, qruplara bölmür və ya apardığı metodologiya beynəlxalq standartlara uyğun gəlmir.

TƏSNİFATLANDIRMA YOXDUR

Rövşən Ağayev
Araşdırmalarında tez-tez statistikaya ehtiyac duyan jurnalist Elxan Salahov isə statistik məlumatların qaneedici olmamasından narazıdır:

- Yalnız o statistikanı açıqlayırlar ki, ya ictimaiyyət üçün böyük əhəmiyyət daşımır, ya da gözlə görünən, hesablanması mümkün olan rəqəmlər olur. Tədqiqat aparan jurnalistlər üçün çətinlik odur ki, bir sahə üzrə ümumi məlumatlardır, təsnifatlandırma yoxdur. Tutaq ki, biz bilirik ki, bu il 11-ci sinfi bitirənlərin sayı 107 min nəfər olub. Amma neçəsinin şəhər, neçəsinin kənd, qəsəbə məktəblərinin məzunu olduğu bilinmir. Təhsil Nazirliyi deyir ki, bu məlumatlar Statistika Komitəsindədir, Statistika Komitəsi isə bu rəqəmləri açıqlamır.

500 MİLYON DOLLAR NƏYƏ XƏRCLƏNİB?


İqtisadçı Rövşən Ağayev də deyir ki, rəsmi rəqəmlərin obyektivliyinə şübhə etmək bir problemdirsə, statistikanın əlçatımlılığı və müfəssəlliyi ikinci problemdir. Məsələn, son altı ildə büdcə təşkilatlarının nəqliyyat sektorunun yaxşılaşdırılmasına 500 milyon dollar vəsait xərclənib. Amma statistikada büdcə təşkilatlarının nəzarətində nə qədər nəqliyyat vasitəsi olmasını statistika açıqlamır. Dövlət Statistika Komitəsinin rəsmi saytında yalnız minik maşınlarının sayı var, sədr Arif Vəliyev isə deyir ki bu rəqəmlər illik toplanır, amma heç AzadlıqRadiosunun rəsmi müraciəti əsasında da Statistika Komitəsi rəqəm açıqlamamışdı.

Rövşən Ağayev deyir ki, belə məlumatların açıqlanması bu sahəyə vətəndaş nəzarətinə yardımçı olardı.

STATİSTİKA KOMİTƏSİNƏ 15.000 İŞÇİ LAZIMDIR

“Siz istədiyiniz statistikanı aparmaq üçün bizə 1500 yox, 15 min adam lazımdır” deyən komitə sədri Arif Vəliyev isə imkanları çərçivəsində işlədiklərini deyir:

- Bir neçə gün əvvəl bizə bir məktub gəlib. Soruşurlar ki, bir həftə ərzində bir uşaq nə qədər bezdən istifadə edir. Biz yəni bunun da statistikasını aparmalıyıq? Başa düşürəm, sizə nə isə lazımdır, amma siz də bizi başa düşün. Onda gərək işçilərin sayı 10 dəfə artsın.

Bir çox məlumatların rəsmi saytda verilməməsinə gəlincə, komitə sədri bunu saytı çox yükləmək istəməməsi ilə izah etdi.

İqtisadçı Rövşən Ağayev isə hesab edir ki, bütün məlumatlar əlçatan olmalıdır, əgər o məlumatlar ictimaiyyətə göstərilmirsə, əslində ona “yoxdur” demək lazımdır.
XS
SM
MD
LG