Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:15

Unun qiyməti niyə qalxıb?


Son 10-15 gündə unun qiymətində artım müşahidə olunur
Son 10-15 gündə unun qiymətində artım müşahidə olunur
Son 10-15 gündə unun qiymətində artım müşahidə olunur. Ancaq hələlik bu artım özünü topdansatış məntəqələrində büruzə verməkdədir. Satıcılar deyirlər ki, artıq unun bir kisəsi onlara 40-50 qəpik baha başa gəldiyi üçün özləri də qiyməti qaldırmaq məcburiyyətindədirlər.

Bakının mərkəzində yerləşən «Təzə bazar»ın yaxınlığındakı küçələrdən birində unun topdan və pərakəndə satışı ilə məşğul olan Malik düşünür ki, qiymət artımının səbəbi Rusiyadan Azərbaycana un gətirilməməsidir:

«ÖZ İSTEHSALIMIZ ÇATMIR»

«Son 15 gündə hər kisə un təxminən 40-50 qəpik qalxıb. Qiymət ona görə qalxır ki, Rusiyadan Azərbaycana un idxalını 2011-ci ilin iyununadək dayandırıblar. Alış məhdudlaşıb. Öz istehsalımız da çatmır. Ona görə də qıtlıq əmələ gəlib. İndi 50 kiloluq kisələr 19 manat, 10 kiloluqlar isə 4 manat 30 qəpikdir».

Malik hesab edir ki, dövlət rəhbərliyi unun qiymətinin artmasına imkan verməyəcək. Əksinə qiymətlər aşağı düşəcək. Bununla belə, o deyir ki, qiymət fərqi olmasına baxmayaraq, indi un alıcıları əvvəlkindən çoxdur.

Hələlik unun qiymətinin qalxmasını paytaxtdakı çörək sexlərində və mağazalarda hiss etmirlər. Bakıdakı çörək sexlərindən birinin müdiri Məmməd Məmmədov deyir ki, qiymətdə ciddi artım hiss etmirlər:

«GÜCLÜ ARTIM OLSA, BİZƏ DƏ TƏSİR EDƏCƏK»

Bakıdakı çörək sexi
«Topdansatışda bilmirəm necədir, amma bizdə elə güclü artım hiss olunmur. Ancaq güclü artım olsa bizə də təsir edəcək. Çünki biz unla işləyirik».

Bakıdakı ərzaq dükanlarında adi zavod çörəyinin çəkisi müxtəlif olsa da, qiyməti həmişəki kimi 20-30 qəpik arasında dəyişir. Yəni, dəyişiklik yoxdur. Bunu təkcə söhbət etdiyimiz satıcılar yox, elə alıcılar da təsdiqləyir:

«Yox, elə bir fərq yoxdur. Elə əvvəlki çəki və qiymətdir. Amma heç artmasa yaxşıdır».

Gəncədə isə unun qiymətinin artmasını təkcə topdansatışda işləyənlər yox, həm də alıcılar hiss edir. Gəncədə mağaza və çörək sexlərinə müxtəlif növ un paylayan Vahid Kazımov:

«Satdığımız 50 kiloqramlıq un 15 manat 60 qəpiyə idi. Amma bugünkü gün satışımız 18 manat 60 qəpikdir. Orta qiymət 18 manat 60 qəpikdən 20 manata qədərdir».

Şəhər sakini Ziyafət Alıyev isə diqqəti çörəyin çəkisinin standartlara uyğun olmamasına yönəldir:

«QİYMƏTİNİ ARTIRIBLAR, ÇƏKİSİNİ DƏ AZALDIBLAR»

«Tərəziyə qoyduğum çörəyin çəkisi 300 qramdır. Hamısı satandartdan kənardır. Düzgün çəkmirlər. O qiymətə dəymir. Qabaq 30 qəpiyə verirdilər çörəyi, indi 40 qəpiyə verirlər, çəkisi də eynidir. Qiymətini artırıblar, çəkisini də azaldıblar».

Digər bir sakin, Gülşən Səfərova isə çörəyin çəkisi ilə bərabər keyfiyyətinin də azaldığını bildirir:

Çəkisini azaldıblar. 300 qram ancaq ola
«Çəkisini azaldıblar. 300 qram ancaq ola, əlinə alırsan yüngüldür. Əvvəlcə keyfiyyəti də var idi. Həm də ağır idi. Əvvəl 3 çörək alırdım 2 gün məni görürdü. İndi 1 günə 3-nü alıram».

«BAZAR İQTİSADİYYATIDIR»

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Sabir Vəliyev isə deyir ki, unun qiymətinin qaldırılmasına heç bir səbəb yoxdur:

«Azərbaycanda taxıl, un var. Həm də idxal olunur. Unun bahalaşma ehtimalı da yoxdur. Bazar iqtisadiyyatıdır. Ola bilsin ki, ayrı–ayrı şəxslər bir az artıq pul qazanmaq üçün özbaşına olaraq süni şəkildə qiymətə bir qədər əlavə ediblər. Ancaq ümumiyyətlə respublika üzrə qiymətlərin qalxması zərurəti və belə bir ehtimal yoxdur».

Sabir Vəliyev deyir ki, Kənd Təsərrüfatı Nazirliyinin bu cür hallara müdaxilə etmək səlahiyyəti yoxdur. Olsaydı, lazımi tədbirlər görərdi. İndiki halda isə bu məsələyə İqtisadi İnkişaf və Vergilər nazirlikləri nəzarət edib lazımi ölçülər götürməlidirlər.

«VERGİLƏR NAZİRLİYİNİN BELƏ SƏLAHİYYƏTİ YOXDUR»

İqtisadi İnkişaf Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmadı.

Vergilər Nazirliyinin sözçüsü Fariz Səmədov isə deyir ki, onun təmsil etdiyi qurum bazarda qiymətlərin yuxarı və ya aşağı olmasını diktə etmir:

«Qiymətlərə nəzarət - yəni, vergi ödəyicisinə malın qiymətini diktə etmək qanunla Vergilər Nazirliyinin səlahiyyətlərində nəzərdə tutulmayıb. Lakin Vergi Məcəlləsində bazar qiymətləri maddəsi vardır ki, biz sənədlərində satış qiymətlərini, bazar qiymətlərindən kəskin şəkildə fərqli göstərən vergi ödəyicilərinə onun müddəalarını tətbiq edirik».

Azər Mehtiyev
İqtisadçı ekspert Azər Mehtiyev isə düşünür ki, Rusiyanın taxıl ixracının dayandırılması müddətinin uzadılması ilə bağlı təzədən qərar verməsi qiymət artımına təsir edə bilər. Təbii ki, Azərbaycanda taxılın əsas topdansatış alıcıları olan dəyirmanlar çox yaxşı anlayırlar ki, ölkəyə taxıl gətirməyin azaldılması nə deməkdir. Ona görə də onlar psixoloji olaraq qiymətin qaldırılmasına qərar verirlər:

«İSTEHSALÇILAR, SATICILAR ÇALIŞIRLAR Kİ, BELƏ HALLARDAN İSTİFADƏ ETSİNLƏR»


«Düzdür, hökumət bazarda kəskin qiymət dəyişikliyinin qarşısını almaq üçün Taxıl Fondu yaradıb, taxıl ehtiyatları var. Ancaq hər halda bu cür məlumatlar və xəbərlər hər zaman bazara öz təsirini göstərir. İstehsalçılar, satıcılar çalışırlar ki, belə hallardan istifadə etsinlər. İndiki hal da onun nəticəsidir».

Azər Mehtiyev deyir ki, regionda, eləcə də dünya bazarında zaman-zaman yayılan məlumatlar ölkə bazarına təsir edir. Ancaq məsələ ondan ibarətdir ki, istehsalçıların bu cür fəaliyyətinə heç bir dövlət qurumunun müdaxilə etmək səlahiyyəti yoxdur:

«Yəni, bu sərbəst bazar qiymətləridir. Və sadəcə olaraq bunların süni şəkildə, yaxud inhisarçılıq əlaməti olaraq qaldırılması sübut olunarsa, onda dövlət qurumlarının təsir etmək imkanı var».

Ekspert əlavə edir ki, əgər bazarda taxılın və ya unun doğrudan da azalması müşahidə olunarsa, onda Taxıl Fondundan əlavə taxıl buraxmaqla qiymətlərə təsir göstərmək olar.
XS
SM
MD
LG