Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:50
«Biz o vaxt da bilirdik ki, Azərbaycanda nə «holland sindromu» olacaq, nə də iqtisadiyyat birtərəfli inkişaf edəcək».

Bu fikirləri oktyabrın 20-də ilin doqquz ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədəki yekun nitqində prezident İlham Əliyev deyib.

«Xatırlayıram, 5-10 il bundan əvvəl bəzi xarici elmi mərkəzlərdə Azərbaycanın neft strategiyası ilə bağlı keçirilmiş müzakirələrdə belə bir fikir ortaya qoyulurdu ki, Azərbaycanda «holland sindromu» olacaq, Azərbaycan iqtisadiyyatı birtərəfli şəkildə inkişaf edəcək, Azərbaycan o təbii resurslardan səmərəli şəkildə istifadə edə bilməyəcəkdir. Mən o söhbətləri yaxşı xatırlayıram və çox şadam ki, bu gün biz artıq o söhbətləri eşitmirik. Biz o vaxt da bilirdik ki, Azərbaycanda nə «holland sindromu» olacaq, nə də iqtisadiyyat birtərəfli inkişaf edəcəkdir. Biz bilirdik ki, Azərbaycanda neftdən əldə olunan gəlirlər ən yüksək səviyyədə idarə olunacaqdır».

ARAYIŞ:
  • «Holland sindromu» təbii resursların istismarı ilə istehsal sektorunun tənəzzülü arasında qarşılıqlı əlaqəni izah etmək üçün istifadə edilən iqtisadi konsepsiyadır. «Holland sindromu» bütünlükdə istehsal sektorunun sadəcə təbii sərvətlərdən asılılığını yaradır və digər sahələrin inkişaf perspektivini azaldır. 1960-cı illərdə Hollandiya təbii qaz satmaqdan xeyli pul qazanırdı və birdən məlum oldu ki, qeyri-qaz sahələri tənəzzülə gedir. Sonralar «holland sindromu» adını alan bu fenomenin ilkin əlaməti odur ki, ya yerli pul ölür, ya da daxili istehsal.
«AZƏRBAYCANDA «HOLLAND SİNDROMU» OLUB, ÖZÜ DƏ BÜTÜN ƏLAMƏTLƏRİ İLƏ»

Prezidentdən fərqli olaraq iqtisadçılar ölkədə «holland sindromu»nun hələ 1996-cı ildən müşahidə olunduğunu deyirlər.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyir ki, «holland sindromu»nu ifadə edən dörd effektin dördü də Azərbaycanda müşahidə olunmaqdadır. Onun sözlərinə görə, bunun birincisi «məzənnə» effektidir və bu milli valyutanın möhkəmlənməsini nəzərdə tutur ki, bunu da heç kim təkzib edə bilməz.

«Son beş ildə götürsək, Azərbaycan manatı xarici valyutaya nisbətdə möhkəmlənib və buna məzənnə effekti
Qubad İbadoğlu
deyilir».

ÜSTƏGƏL INFLYASIYA


İqtisadçıya görə, «holland sindromu»nu göstərən ikinci əlamət – «xərc effekti» də Azərbaycanda müşahidə olunub. Bu idxal və ixrac oluna bilməyən, xüsusən də xidmət sektorunda qiymətlərin real sektora nisbətən daha sürətlə bahalaşması tendensiyasıdır.

Mərkəz rəhbəri 2009-cu il istisna olmaqla son beş ildə bu effektin Azərbaycan iqtisadiyyatında müşahidə olunduğunu bildirir. O, buna əmlak bazarında kəskin qiymət artımını misal çəkir. Deyir bu bahalaşma birbaşa «holland sindromu»nun sözügedən əlaməti ilə bağlı olub. İqtisadçı bura 2007-2008-ci illərdə müşahidə olunan 20 faizə yaxın inflyasiyanı da əlavə edir.

Qubad İbadoğlu deyir ki, «holland sindromu»nun digər effekti «resursların yerdəyişməsi» effektidir ki, bu Azərbaycanda daha çox resursların qeyri-neft sektorundan neft sektoruna keçməsilə müşahidə olunub. İqtisadçı bura kapitalla birgə əmək resurslarını şamil edir.

Amma iqtisadçı bildirir ki, ötən il dünyada baş verən iqtisadi böhran «holland sindromu»nun xərc effekti ilə resursların yerdəyişməsi effektinə təsir etdiyindən Azərbaycanda resursların qeyri-neft sektorundan neft sektoruna keçməsi müşahidə olunmayıb.

Və nəhayət sonuncu-dördüncü effekt «texnologiyaların əvəz olunması» effektidir ki, bu da BP-nin timsalında baş verib. Bu şirkət dünyanın ən qabaqcıl texnologiyasını Azərbaycanın neft sektoruna tətbiq edib.

«AZƏRBAYCAN İQTİSADİYYATI NECƏ ŞAXƏLƏNİB Kİ, BÜDCƏ 70% NEFTDƏN ASILIDIR?»


İlham Şaban
Qubad İbadoğlu bildirir ki, bütün bu sadaladığı hallardan sonra Azərbaycan iqtisadiyyatının şaxələndiyini söyləmək düzgün olmazdı:

«Azərbaycan iqtisadiyyatı şaxələnibsə onda sektorlar üzrə büdcə gəlirlərində onların payı görsənməli idi. Bu gün Azərbaycan dövlət büdcəsinin gəlirlərinin demək olar ki, 70 faizə qədəri birbaşa və ya dolayı neft sektorundan formalaşır».

«AZƏRBAYCAN GƏLƏCƏYƏ QAZLA GEDİR»


Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, indi «holland» sindromu yoxdur deməklə məsələ bitmir. Və əslində ölkə postneft dövründə baş verə biləcək problemlərə hazırlaşmalıdır, nefti əvəz edəcək və neftə yaxın gəlir gətirəcək sahələri inkişaf etdirməlidir. Mərkəz rəhbərinə görə, əgər indi Azərbaycan 50 milyon neft ixracı səviyyəsində özünü tənzimləyirsə 15-20 milyard büdcəyə öyrənən ölkə neft ixracı 5 milyona düşəndəki vəziyyəti düşünməlidir.

«Biz öyrəşdiyimiz 15-20 milyard əvəzinə cəmi neftdən 2 milyard vəsait əldə etsək onda necə və nəyin hesabına yaşayacağıq? Bax onda Holland sindromundan danışa bilərik. Amma indi Azərbaycan hələ neft hasilatının pikinə çatmayıb».

İlham Şabana görə, indi görünən odur ki, Azərbaycan neftdən sonrakı dövrə hələ ki qazla getməyi planlaşdır.

Şərhləri göstər

XS
SM
MD
LG