Keçid linkləri

2025, 11 Dekabr, cümə axşamı, Bakı vaxtı 18:00

Azərbaycan xəbərləri

Azərbaycan, İran və Rusiya memorandum imzalayıb

""Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi
""Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi

Azərbaycan, İran və Rusiya arasında üçtərəfli anlaşma memorandumu imzalanıb.

Azərbaycan tərəfi hesab edir ki, memorandumun imzalanması üçtərəfli əməkdaşlığın uzunmüddətli inkişafında və "Şimal–Cənub" marşrutunun qərb istiqamətinin effektivliyinin artırılmasında mühüm addım olacaq.

Sənəd tarif yanaşmalarının uzlaşdırılmasını, vahid kompleks tarifin formalaşdırılmasını, blok-qatarların buraxılmasını və daşımalar üzrə prosedurların təkmilləşdirilməsini nəzərdə tutur. Bu mexanizmlərin həyata keçirilməsi Rusiya, Azərbaycan və İran arasında daha proqnozlaşdırıla bilən, sürətli və iqtisadi cəhətdən səmərəli logistika zəncirinin qurulmasına imkan verməlidir.

Noyabrın 26-da Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçı dövlətlərinin Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclası da keçirilib.

2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin təməli qoyulub. Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə sözügedən sazişi ratifikasiya edib.

Rusiya Azərbaycan və İran Azərbaycan münasibətləri

Liderlərinin ötən ay Düşənbədə görüşünə qədər son dönəmlər Azərbaycan və Rusiya arasında müəyyən gərginlik müşahidə edilib. Xüsusilə bu, ötən ilin sonunda Azərbaycana məxsus təyyarənin Qazaxıstan ərazisində qəzaya düşməsindən sonra özünü göstərməyə başlayıb. Azərbaycan rəsmiləri vurğulayırdı ki, təyyarə Rusiya ərazisində vurulub və 30-dan çox insan həlak olub. Rəsmi Bakının mövqeyinə görə, Rusiya tərəfi üzr istəməli, təqsirkarlar məsuliyyətə cəlb edilməli və zərərçəkən ailələrə kompensasiya ödənilməlidir. Kreml rəhbərliyi hadisə ilə bağlı üzrxahlıq etsə də, rəsmi Bakının başqa istəklərini gerçəkləşdirmirdi. Nəhayət, oktyabrın 9-da ölkə rəhbərlərinin görüşündə Rusiya prezidenti təyyarənin onların ərazisində vurulmasını etiraf edərək müqəssirlərin cəzalanacağı və kompensasiya ödəniləcəyi ilə bağlı vəd verib.

Azərbaycanın İranla da 2024-cü ilə qədər münasibətlərində müəyyən gərginlik olub. Xüsusilə, hər iki ölkənin bir-birinin sərhədinə yaxın ərazidə hərbi təlimlər keçirməsi qarşılıqlı narazılıqlar doğurmuşdu. Hətta 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücum da oldu. Hədisə nəticəsində səfirliyin bir əməkdaşı həlak oldu, ikisi xəsarət aldı. Amma son vaxtlar iki ölkənin münasibətlərində müəyyən yaxınlaşma müşahidə edilir. Hətta onlar birgə hərbi təlimlər də keçiriblər.

Bütün bunlarla belə, son illər Azərbaycanın hər iki ölkə ilə iqtisadi əlaqələrinin gücləndiyi vurğulanıb.

Bakıda SSRİ bayrağı qaldıranların saxlandığı bildirilir

Bakıda Sovet bayraqları
Bakıda Sovet bayraqları

Bakıda keçmiş Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) və Azərbaycan SSR bayrağı qaldıran şəxslərin saxlandığı, barələrində cinayət işinin açıldığı bildirilir.

Bununla bağlı yerli saytlar məlumat yayıblar. Məlumatda həmin şəxsləri Daxili İşlər Nazirliyinin saxladığı qeyd olunur.

Vurğulanır ki, sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb.

Saxlandığı bildirilən şəxslərdən və ya onların yaxınlarından məsələyə münasibət almaq mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin özü də bu məlumatları nə rəsmi təsdiq edib, nə də təkzib.

Bununla belə, qanunvericilik səviyyəsində Azərbaycanda kommunizmin və SSRİ simvollarının təbliği qadağan edilməyib.

Xatırlatma

Bu ilin yayında İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov "Georgi lenti" və SSRİ bayrağına görə vəzifədən çıxarılmışdı. Daha sonra isə o, mənimsəmə və ya israf etmə ittihamı ilə həbs edilib.

İttihamları qəbul etməyən S.Səmədov həbsindən əvvəl yerli mediaya demişdi ki, faşizm üzərində qələbənin 80 illiyi ilə bağlı həmin tədbir zamanı meydanda başqa bayraqlar da olub: "Azərbaycan bayrağı bizim hər zaman başımızın üstündədir".

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Rusiyanın silahlı müdaxiləsi ilə 1920-ci ildə işğal edilib. 1922-ci ildə SSRİ yaradılıb və Azərbaycan sovet sosialist respublikası kimi ora daxil edilib. Azərbaycan, nəhayət, SSRİ-nin dağılması ilə 1991-ci ildə müstəqilliyini bərpa edib.

AİHM qərar verdi: Hökumət 'Azadlıq' qəzetinə 29 min 500 avro ödəməli olacaq

"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid
"Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid

Noyabrın 25-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) "Azadlıq" qəzetinin şikayəti üzrə qərarını elan edib.

İş 2012-ci ildə metro tarifləri artırılanda "Bakı Metropoliteni" QSC rəhbərliyini tənqid edən bir məqalənin dərcindən sonra qəzet barəsində çıxarılan hökmlərlə bağlıdır. Yerli məhkəmələr qəzetin Bakı Metropoliteninin keçmiş baş direktoru Tağı Əhmədovun nüfuzuna zərər vurduğunu deyərək yazı ilə bağlı təkzib vermək, ona 30 min 600 avro məbləğində təzminat ödəmək öhdəliyi qoyub. Qəzet isə Avropa Konvensiyasının 10-cu maddəsinə istinad edərək bu qərarların və sanksiyaların qeyri-mütənasib olmasından şikayət etmişdi.

AİHM Avropa Konvensiyasının 10-cu (ifadə azadlığı) maddəsinin pozulmasını tanıyıb, qəzetə maddi ziyana görə 25 min avro, mənəvi ziyana görə 3 min, əlavə xərclərə görə 1 min 500 avro kompensasiya ödəmək öhdəliyi qoyub.

"Azadlıq" qəzeti 2016-cı ildə maliyyə çətinlikləri səbəbindən çapını dayandırıb. 2017-ci ilin martından qəzetin vebsaytı da, bir sıra digər xəbər saytları kimi, bloklanıb.

2015-2022-ci illərdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon şöbəsinə rəhbərlik edən T.Əhmədov ötən il vəfat edib. O, 1998–2014-cü illərdə Bakı Metropoliteninə rəhbərlik edib.

AİHM-in qərarına maraqlı tərəflərin münasibəti bəlli deyil.

Xatırlatma

2012-ci il iyunun 13-də Yasamal rayon Məhkəməsi "Azadlıq" qəzetinin "Bakı Metropoliteni" QSC-nin rəisi T.Əhmədova mənəvi zərər əvəzi olaraq 30 min manat təzminat ödəməsinə qərar vermişdi.

T.Əhmədov "Azadlıq" qəzetinin 8 aprel 2012-ci il tarixli sayında dərc olunan "Tağı Əhmədov 5 qəpikləri mənimsədi" sərlövhəli məqalədən narazı qalmışdı. Tarif Şurasının 24 noyabr 2011-ci il tarixli qərarı ilə Bakı Metropolitenində gediş haqqı 15 qəpikdən 20 qəpiyə qaldırılmışdı.

İddiaçı məhkəmədən xahiş edib ki, "Azadlıq" qəzetinin üzərinə təkzib vermək və vurduğu mənəvi zərərə görə 200 min manat təzminat ödəmək vəzifəsi qoyan qərar çıxarsın.

Bəxtiyar Hacıyevin 'kars'a salındığı deyilir

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

İctimai fəal Bəxtiyar Hacıyevin üç gündür ki, saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına (kars) salındığı və aclıq aksiyası keçirdiyi bildirilir.

Bununla bağlı bu gün, noyabrın 25-də onun qardaşı Vüqar Hacıyev məlumat yayıb. Onun vurğuladığına görə, noyabrın 23-24-də Ədliyyə Nazirliyinin qaynar xəttinə, Mətbuat xidmətinin rəhbərinə, Penitensiar Xidmətin Mətbuat xidmətinin rəhbərinə, Ombudsman Aparatına müraciət edib: "Lakin müsbət bir addım atılmayıb".

Bundan əvvəl də ictimai fəalın yaxınları rəsmi qurumlara müraciət edərək B.Hacıyevin həbsdə hüquqlarının pozulduğunu bildirmişdilər.

Bütün bu deyilənlərə Ədliyyə Nazirliyi və başqa cavabdeh qurumlardan münasibət almaq mümkün olmayıb. Amma Penitensiar Xidmətdən bundan əvvəl oxşar şikayətlərlə bağlı vurğulanıb ki, onlar heç bir məhbusa ayrıseçkilik etmir və onlarla qanun çərçivəsində davranırlar.

Xatırlatma

B.Hacıyev 2022-ci il dekabrın 9-dan həbsdədir. Həbs edilərkən, ona Cinayət Məcəlləsinin 221.2.2-ci (vəzifəsini yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə sayqısızlıq) maddələriylə ittiham verilib. İstintaqın gedişində B.Hacıyevə qarşı qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və s. əlavə ittihamlar irəli sürülüb.

Bu ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsi B.Hacıyevə 10 il həbs cəzası kəsib, onun mənzilinin və bank hesabındakı vəsaitin müsadirəsinə qərar verib. B.Hacıyev özünü təqsirli bilmir, bu ittihamların hamısının əsassız olduğunu deyir. B.Hacıyev daxili işlər naziri Vilayət Eyvazovun ünvanına tənqidlərinə görə onun sifarişiylə həbs olunduğunu iddia edir.

Daxili İşlər Nazirliyi bu iddianı təkzib edib.

Bəxtiyar Hacıyevə hücumların səbəbi nədir?
Gözlə

No media source currently available

0:00 0:04:10 0:00


Yayılması qadağan edilən informasiyaların dairəsi genişləndirilir

Azərbaycanı interneti azad olmayan ölkələr siyahısına saldılar
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

Noyabrın 24-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin onlayn formatda birgə iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildiyinə görə, iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, gündəliyə bir məsələ- İnzibati Xətalar Məcəlləsində və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi daxil edilib.

Qeyd edilib ki, qanun layihəsinin əsas məqsədi ictimai mənəviyyatı qorumaq, xüsusilə yeniyetmə və gəncləri sosial şəbəkələrdə yayılan zərərli, qeyri-etik informasiyadan müdafiə etmək, həmçinin internet mühitində məsuliyyət mexanizmlərini dəqiqləşdirərək mövcud qanunvericiliyi təkmilləşdirməkdir.

İclasın sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə edilib.

Layihəyə əsasən, informasiya ehtiyatında cəmiyyətə açıqca hörmətsizlik yaradan hərəkətlərin edilməsinə, əxlaqsız ifadələrin səsləndirilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatların yerləşdirilməsinə yol verilməməlidir.

İnzibati Xətalar Məcəlləsinə də bununla bağlı dəyişiklik edilərək müvafiq cəzaların salınmasının nəzərdə tutulduğu bildirilir.

Müstəqil ekspertlər bu layihənin qəbul edilməsi ilə bağlı sözügedən qanunun daha da sərtləşdiriləcəyini düşünürlər. Onların fikrincə, bir çox hallarda qeyd edilən məsəllər süni şəkildə ifadə azadlığına qarşı çevrilə bilər.

Xatırlatma

Azərbaycanda buna qədər də "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna bır sıra dəyişiklik olunub. 2017-ci ildə edilən dəyişikliklə icra qurumuna məhkəmə qərarı olmadan elektron resursları bloklamaq hüququ verilib. Elə həmin il AzadlıqRadiosu, MeydanTV, "Azadlıq" qəzetinin saytları məhkəmə qərarı ilə bloklanıb. Bu, həmin saytlarda yer alan bəzi materialların "dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratması" ilə izah edilib. Amma məhkəmələrdə həmin saytın təmsilçiləri irəli sürülən iddiaların əsassız olduğunu bəyan ediblər.

Sonrakı illərdə də bu proses davam edib.

Bir sıra yerli, beynəlxalq müşahidəçilər həmin qanunda bəzi müddəaları "mürtəce" adlandırır və ilk gündən əleyhinə çıxırlar.

Kipr məhkəməsi azərbaycanlıya sui-qəsd ittihamı ilə 6 il yarım həbs cəzası kəsdi

Həbs
Həbs

Noyabrın 21-də Kiprdə məhkəmə azərbaycanlı Orxan Əsədovu sui-qəsd ittihamı ilə 6 il yarım həbsə məhkum edib. "Reuters" onun vəkilinə istinadla yazır ki, prokurorluq ona qarşı Kiprdə yaşayan israillilərə terror hücumları planlaşdırmaq ittihamını götürüb.

O.Əsədov 2021-ci ilin sonlarından Kiprdə həbsdədir. O, həbs olunanda İsrail İranı Əsədovu adadakı israilli biznesmenləri hədəf almaq üçün killer kimi tutmaqda ittiham edirdi. İran isə bu ittihamları əsassız adlandırıb. İttiham aktında da İranla bağlı hər hansı məqam yer almayıb.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti 2022-ci ilin noyabrında İran kəşfiyyatının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşməni ifşa etdiyini bildirirdi. Məlumatda qruplaşma üzvlərini hərbi təlimlərə cəlb edənlərdən biri - O.Əsədovun üçüncü ölkə ərazisində terror aktına cəhd göstərərkən həbs olunduğu vurğulanırdı.

Vəkil Kostis Efstatiu "Reuters"ə bildirib ki, müvəkkili cinayət törətmək məqsədilə sui-qəsddə, silah saxlamaqda təqsirli bilinib.

Məhkəmə qapalı keçirilib. Təqsirini etiraf etməklə bağlı danışıqlardan sonra prokurorlar təqsirləndirilən şəxsə qarşı terrorla bağlı maddələri, israillilərin onun hədəfində olması ittihamlarını götürüblər.

"Məhkəməni inandıra bildik ki, bu işin etnik mənsubiyyətlə heç bir əlaqəsi yoxdur. Bunun terrorla da heç bir bağlılığı yox idi",– Efstatiu deyib.

Çıxarılan hökmdə artıq həbsdə keçirilən müddət nəzərə alınıb. Vəkil bunu "qanun çərçivəsində ağır cəza" adlandırıb.

Azərbaycanda dana əti bahalaşmaqda davam edir

'Bu, artıq fəlakətdir' - Qafqazda orta maaşla ən az əti azərbaycanlılar alır
Gözlə

No media source currently available

0:00 0:06:04 0:00

Azərbaycan paytaxtı Bakıda son günlər ətin bahalaşdığı bildirilir.

Bakıda qəssab fəaliyyəti ilə məşğul olan, amma adının çəkilməsini istəməyən bir şəxs AzadlıqRadiosuna deyib ki, dana ətinin kiloqramını 18 manata, quzu ətini isə 22 manata satır. O, son günlər dana ətinin 2, quzu ətinin isə 1 manat bahalaşdığını açıqlayıb.

Azərbaycanda bu ilin əvvəlində dana ətinin kiloqramı 12-13 manata təklif edilib (bir il ərzində 30 faiz bahalaşma baş verib).

Qəssab son qiymət artımını bu il ölkədə mal-qara arasında dabaq xəstəliyinin yayılması və bezi heyvanların tələf olması ilə izah edib.

Hələlik rəsmilər son bahalaşmanı şərh etməyiblər.

Son bir ildə ölkədə iri mal-qaranın sayında təqribən 50 min azalma var. Üstəlik, ölkəyə ət idxalı da azalıb. Amma bu ilin 10 ayında quş əti də daxil ət istehsalının çox cüzi – 0.1 faiz artdığı bildirilir.

Ekspertlər vurğulayırlar ki, ölkədə pambıqçılığın inkişafı və örüş yerlərinin azalması səbəbindən mal-qara sayında son illər davamlı azalma baş verib.

update

Bakıda partlayış. Beş nəfər xəsarət alıb [Video]

"AFEN Plaza"da partlayış
"AFEN Plaza"da partlayış

Bu gün, noyabrın 24-ü səhər Bakıda beşmərtəbəli "AFEN Plaza" biznes mərkəzində partlayış olub, beş nəfərin xəsarət aldığı bildirilir.

Olayın səbəbi açıqlanmır.

Biznes mərkəzinin sahibinin ehtimalı: Binada qaz olmayıb, yeraltı qaz sızıb

"Partlayış baş verən binada qaz olmayıb. Burada yolda işlər gedir. Ərazidən qaz xətti keçir. Tikintidə işləyən traktorlar xətti zədələyiblər". Yerli saytların məlumatına görə, bunu jurnalistlərə açıqlamasında partlayış olan "AFEN Plaza"nın sahibi Əbülfət Əliyev deyib.

O, partlayışın zədələnmə nəticəsində yaranan yeraltı qaz sızmasından baş verdiyini ehtimal etdiyini bildirib: "Görünür ki, sızma olandan sonra yaxşı təmir etməyiblər və binaya qaz sızıb. Zirzəmiyə qaz toplanıb, səhər işçi işığı yandıranda partlayış baş verib".

Bu açıqlamaya "Azəriqaz" İstehsalat Birliyi və başqa uyğun rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Bakıda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri görüşüb

Yerevan görüşü: 'İdarəolunan prosesdir'
Gözlə

No media source currently available

0:00 0:04:43 0:00

Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup noyabrın 21-də Azərbaycan paytaxtı Bakıya gəlib.

Ölkənin yerli saytlarının məlumatına görə, bu səfər oktyabrın 21-i və 22-də Azərbaycan nümayəndə heyətinin Ermənistan paytaxtına səfərinə cavab olaraq həyata keçirilib.

Oktyabrın 22-də Yerevanda Ermənistan və Azərbaycan qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmə masa keçirilmişdi. Tədbir Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iştirakı ilə baş tutub. Görüş təşəbbüsü sülh gündəliyini bu il avqustun 8-də Vaşinqtonda qəbul olunmuş Birgə Bəyannamə ruhunda təbliğ etmək məqsədi daşıyıb.

Noyabrın 22-də verilən məlumata görə, səfər zamanı Azərbaycanla Ermənistan arasında sülh prosesinin dinamikası, vətəndaş cəmiyyətinin dialoqun bərpasındakı rolu və yaxın gələcəkdə icra olunacaq birgə layihələr müzakirə olunub, həmçinin sülh prosesi ilə bağlı hər iki cəmiyyəti maraqlandıran aktual mövzulara da toxunulub.

Bundan əlavə, media məkanında birgə fəaliyyətin intensivləşdirilməsi, ekspert qrupları arasında birbaşa əlaqələrin qurulması, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin sülh prosesinə daha geniş şəkildə cəlb edilməsi barədə razılıq əldə olunub.

"Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində işgüzar səviyyədə əlaqələrin və hər iki ölkəyə qarşılıqlı səfərlərin davam etdirilməsi də qərara alınıb.

Səfər zamanı "Sülh Körpüsü" Təşəbbüsü üzvləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə də görüşüblər.

Xatırlatma

Bu il avqustun 8-də 30 ildən çox münaqişədə olmuş Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.

Paraflanan mətində tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır. Sənəddə habelə mübahisəli məsələlərin müzakirələrlə həlli vacib sayılır.

Hisə verilmiş balıq kəskin bahalaşıb

Hisə verilmiş balıq
Hisə verilmiş balıq

Azərbaycanda son həftələr hisə verilmiş balıqların qiymətində ciddi artım müşahidə edildiyi bildirilir.

Paytaxt Bakı sakinlərinin sözlərinə görə, bahalaşma hisə verilmiş bütün növ balıqlarda özünü göstərir. Mütəxəssislər deyirlər ki, sözügedən məhsulun qiyməti təkcə son bir ayda ümumilikdə 30 faiz artıb.

Bildirilir ki, bahalaşmaya səbəb idxal xərclərinin yüksəlməsidir. Amma rəsmi qurumlar, hələlik, bu məsələyə münasibət bildirməyiblər.

Paytaxt sakinlərinin sözlərinə görə, yaş balıqda da bahalaşma müşahidə edilir. Ancaq onlar vurğulayırlar ki, yaş balıqlarda qiymət artımı azdır. Onlar bunu ölkədə mal-qara arasında dabaq xəstəliyinin yayılmasından sonra balıq və quş ətinə tələbatın artması ilə izah edirlər. Quş ətinin də təqribən 80 qəpik-1 manat bahalaşdığı vurğulanır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, son bir ildə Azərbaycanda ərzaq 8.2 faiz bahalaşıb. Müstəqil iqtisadçılar bu rəqəmə bir qədər şübhə ilə yanaşır, bahalaşmanın daha yüksək olduğunu deyirlər.

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq və 'bahalaşacaq'

Smartfonlar
Smartfonlar

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. Fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatına 100 manat dövlət rüsumu alınacaq.

Bu, Milli Məclisin bu gün, noyabrın 21-də keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsi və "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə, ölkəyə idxal olunan mobil cihazların hər ədədi üçün 20 manat aksiz vergisi tutulacaq. Fiziki şəxsin öz istifadəsi üçün il ərzində ölkəyə gətirdiyi 1 ədəd mobil cihaz aksizdən azad olunacaq.

"Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişikliyə əsasən isə, fiziki şəxslərin il ərzində ölkəyə gətirdikləri 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Ekspertlər hesab edirlər ki, bu xaricdən gətirilən telefonları bahalaşdıracaq. Onlar xatırladıblar ki, 2026-cı ilin büdcə layihəsində vergi daxilolmalarının artırılması nəzərdə tutulur.

Vüqar Məmmədov ev dustaqlığına buraxılmayıb

'Hürriyyət TV'nin rəhbəri niyə saxlanılıb?
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Noyabrın 20-də Səbail rayon Məhkəməsində "Hürriyyət TV"nin həbsdə olan baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) səhhətinə görə, ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb. Hakim Ülviyyə Şükürova vəsatəti təmin etməyib.

Müdafiə tərəfinin fikrincə, məhkəmə zamanı V.Məmmədovun ürək ağrılarının güclənməsi, təzyiqinin düşməsi səbəbindən davamlı qaytarması bir daha sübut edir ki, onun sağlıq durumunda ciddi problem var.

31 oktyabr

'Hürriyyət'in baş redaktoru Vüqar Məmmədov həbs edilib

Oktyabrın 31-də "Hürriyyət" qəzeti və "Hürriyyət TV"nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) hakim önünə çıxarılıb. Bu barədə "Hürriyyət" qəzeti məlumat yayıb.

Səbail rayon Məhkəməsinin qərarı ilə V.Məmmədov 3 ay 13 gün müddətinə azadlıqdan məhrum edilib.

Vurğulandığına görə, o, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.

"Hürriyyət" Səbail rayon Məhkəməsinin bu qərarını sifarişli və tamamilə əsassız hesab edir.

30 oktyabr

'Hürriyyət TV'nin baş redaktoru Vüqar Məmmədov saxlanılıb

"Hürriyyət TV" internet televiziyasının, eyniadlı qəzetin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) saxlanılıb.

AzadlıqRadiosunun məlumatına görə, oktyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları bu media orqanlarının yerləşdiyi redaksiyada əməliyyat keçirib. Redaksiyada axtarış aparılıb, kompüterlər, sənədlər götürülüb.

"Vüqar Məmmədovla yanaşı, başqa əməkdaşlar da saxlanılaraq DTX-ya aparılıb. Lakin onlar sonradan buraxılıb", – AzadlıqRadiosunun əldə etdiyi məlumatda bildirilir.

V.Məmmədovun saxlandığını onun yaxınları da AzadlıqRadiosuna təsdiqləyib. Əlavə ediblər ki, redaksiyadan sonra evdə də axtarış aparılıb.

"Hürriyyət"in redaksiyasında əməliyyat keçirilməsi, baş redaktorunun saxlanması barədə məlumatlara DTX-dan şərh almaq mümkün olmayıb.

V.Məmmədov 2023-cü ilin iyununda "Hürriyyət TV"nin efirində qadağan edilmiş məlumatın yayılmasında günahlandırılaraq 1 ay həbs olunmuşdu.

V.Məmmədov Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun, hazırda xaricdə yaşayan hüquqşünas Qurban Məmmədovun bacısı oğludur.

Q.Məmmədov barəsində Baş Prokurorluqda araşdırma gedir. O, bəzi digər mühacirlər kimi, dövlət əleyhinə və kütləvi iğtişaşlara çağırışlarda suçlanır.

Xaricdə yaşayan bəzi bloqerlər barədə bu və digər ittihamlarla qiyabi həbs qərarı çıxarılıb. Onlar ittihamları qəbul etmir, tənqidi çıxışlarına görə təqib olunduqlarını deyirlər.

Azərbaycanda yumurta bahalaşıb

Yumurta
Yumurta

Son günlər Azərbaycanda yumurta bahalaşıb. İstər paytaxt Bakı, istərsə də ölkənin bölgələrində yaşayan sakinlərin AzadlıqRadiosuna bildirməsinə görə, bahalaşma həm kənd, həm də broyler yumurtasında özünü göstərir.

Ayrı-ayrı rayon sakinlərinin sözlərinə görə, bazarlarda kənd yumurtasının bir ədədi 45-50 qəpiyə qədər yüksəlib. Bir qədər əvvəl kənd yumurtası 40 qəpikdən belə ucuz olub.

Paytaxt sakinlərinin deməsinə görə, marketlərdə broyler yumurtalarının qiymətində də bahalaşma var. Hazırda broyler yumurtasının bir ədədi 17-20 qəpiyə təklif edilir. Bir neçə gün əvvəl isə broyler yumurtası 14-15 qəpiyə satılıb.

"Qəhvəyi yumurtalar var. Əvvəl bir ədədi 17 qəpiyə təklif edilirdi. İndi marketdə 35 qəpiyə yüksəlib", - adının çəkilməsini istəməyən bir paytaxt sakini vurğulayıb.

Rəsmilər hələlik bu məsələyə münasibət bildirməyiblər.

Ekspertlər isə bunu bir neçə səbəblə izah edirlər. Onların deməsinə görə, quş yemi və dava-dərmanında bahalaşma var. Üstəlik, onlar əlavə ediblər ki, rayonlarda ev təsərrüfatlarının sayında da azalma var.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 10 ayında 1 milyard 975.2 milyon ədəd yumurta istehsal edilib. 2024-cü ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 3 faiz artıb.

Amma bu il yumurta ixracında da artım olduğu bildirilib.

Azərbaycanda avtomobil istehsalı kəskin azalıb, idxalı artıb

Azərbaycan istehsalı avtomobillər: hökumətin vədləri reallığa çevrilə bilibmi?
Gözlə

No media source currently available

0:00 0:06:17 0:00

Bu ilin 10 ayında Azərbaycanda avtomobil istehsalı azalıb, idxal isə artıb.

Bu barədə Azərbaycan dövlət statistika və gömrük komitələrinin hesabatlarında bildirilir.

2025-сi ilin yanvar-oktyabr aylarında ölkədə 3 min 280 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 min 153 ədəd az (-26 faiz) minik avtomobili istehsal olunub. Yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 13.7 faiz, yük avtomobillərinin istehsalı isə 31.6 faiz azalıb.

Hökumət rəsmiləri hələlik bunu şərh etməyiblər. Ekspertlər isə bunu yerli istehsalın lazımı bazar əldə etməməsi ilə izah ediblər. Üstəlik, onların deməsinə görə, Azərbaycanda avtomobillər istehsal olunmur, bir qayda olaraq, yığılır, çünki lazımı avadanlıqların əksəriyyəti ölkəyə xaricdən gətirilir.

Əvəzində ölkəyə avtomobil idxalında artım var. 10 ay ərzində 1 milyard 606 milyon 638 min dollar dəyərində 86 min 909 ədəd minik avtomobili gətirilib. Bu il Azərbaycana avtomobil idxalı dəyər ifadəsi ilə 308 milyon 671 min dollar (+20.8 faiz), miqdar ifadəsi ilə isə 19 min 860 ədəd (+26.8 faiz) artıb.

Qarakənd faciəsindən 34 il ötür

Qarakənd faciəsinin qurbanları xatirələrdə....
Gözlə

No media source currently available

0:00 0:04:34 0:00

Azərbaycan tarixində adı "Qarakənd faciəsi" kimi xatırlanan olaydan 34 il keçir.

1991-ci il noyabrın 20-də Azərbaycanın Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında rəsmi şəxslərinin olduğu helikopter qəzaya uğrayıb. Azərbaycanın rəsmi versiyasına görə, helikopterə ərazidə olan Ermənistan silahlı qüvvələri atəş açıb.

Nəticədə içəridəki 22 nəfərin hamısı həlak olub. Onların arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, bundan başqa Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də olub.

İlkin rəsmi məlumatlarda helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, sonradan onun vurulduğu açıqlanıb. Amma Ermənistanın rəsmi qurumları və Qarabağda ovaxtkı separatçı qurumun təmsilçiləri Azərbaycanın versiyasını təsdiqləməyiblər.

Faktla bağlı hadisənin ertəsi günü Hərbi Qarnizon Prokurorluğu cinayət işi açıb və istintaqın davam etdirilməsi üçün Respublika Prokurorluğuna verilib. Sonradan cinayət işi üzrə istintaq dayandırılıb. Səbəb hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu qeyd edilib. Cinayəti törədən şəxsləri müəyyənləşdirmək mümkün olmayıb.

Həmin hadisə ilə bağlı bugünədək müxtəlif versiyalar səsləndirilir.

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Tədricən Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi.

2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində isə Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Bundan sonra bölgədəki erməni əhali Ermənistana köç edib. Ermənistan baş verənləri "etnik təmizlənmə", Azərbaycan "antiterror tədbirləri" adlandırıb.

Son illər iki ölkə arasında müxtəlif formatlarda sülh danışıqları aparılıb. Nəhayət, bu il avqustun 8-də Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişini paraflayıblar. Sənəddə tərəflər bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıyır, həmçinin qarşılıqlı iddiaların geri götürülməsini zəruri sayırdılar.

Davamı

XS
SM
MD
LG