Keçid linkləri

2026, 12 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 12:58

Xəbərlər

Hələbdə toqquşmalarda azı dörd nəfər öldürülüb

SDF döyüşçüləri
SDF döyüşçüləri

Yanvarın 6-da Suriyanın şimalında Hələb şəhərində toqquşmalarda azı dörd nəfər öldürülüb, bir neçə nəfər yaralanıb. Hökumət və kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri (SDF) zorakılığa görə bir-birini ittiham edib.

Rəsmi SANA agentliyi dünən öldürülənlərin üçünün dinc sakinlər, birinin əsgər olduğunu xəbər verir.

Yanvarın 7-də Hələbdə təhsil ocaqlarının, hökumət idarələrinin işini dayandırdığı, eləcə də Hələb aeroportuna uçuşların 24 saatlığa təxirə salındığı bildirilir.

Bu arada hökumət ABŞ-nin dəstəklədiyi SDF-i hökumət qüvvələrinə birləşdirməyə çalışır. SDF 14 illik müharibədə qazandığı muxtariyyəti əldən vermək istəmir. Bu qruplaşma hazırda "İslam Dövləti" (İŞİD) həbsxanalarına və neft resurslarına nəzarət edir. Suriyada təxminən bir il öncə Bəşər əl-Əsəd devriləndən sonra siyasi durum kövrək olaraq qalır.

Kürd qüvvələrin inteqrasiyası üzrə razılaşma 2025-ci ilin sonunadək icra olunmalı idi. Amma bu yöndə irəliləyiş olmayıb və tərəflər buna görə bir-birini qınayıb.

"Reuters" yazır ki, SDF-in Suriya ordusuna inteqrasiyası alınmasa, zorakılıq qızışa, nəticədə Türkiyə duruma müdaxilə edə bilər. Ankara terrorçu saydığı kürd silahlılara qarşı müdaxilə ilə hədələyib.

İsrail ordusu Livanda 'Hizbullah' və HƏMAS obyektlərini vurduğunu bildirir

İsrailin Livanın cənubundakı Annan kəndinə zərbəsi.
İsrailin Livanın cənubundakı Annan kəndinə zərbəsi.

İsrail Müdafiə Ordusu (SAXAL) Livanda "Hizbullah" və HƏMAS-ın infrastruktur obyektlərinə zərbələr endirdiyini bildirir. ABŞ və İsrail "Hizbullah"ı terror təşkilatı kimi tanıyır, Livanda isə bu silahlı təşkilat qanuni siyasi qüvvə kimi fəaliyyət göstərir. HƏMAS ABŞ və Aİ-də terror təşkilatı kimi tanınır.

SAXAL-ın məlumatına görə, zərbələrlə bir neçə silah anbarı, yerüstü və yeraltı hərbi qurğular, Livanın cənubunda HƏMAS-a məxsus silah istehsalı meydançaları hədəfə alınıb. Bu obyektlərdən hərbi gücün artırılması, İsrail hərbçilərinə qarşı terror aktlarının törədilməsi üçün istifadə edildiyi bildirilir. Obyektlərin mülki yaşayış məntəqələrində yerləşməsi isə "terror təşkilatlarının Livanın dinc sakinlərindən canlı qalxan kimi istifadəsinin nümunəsi" adlandırılır. Ordu əhaliyə xəbərdarlıq edilməsi yönündə tədbirlər görüldüyünü bildirir.

"The Associated Press" yazır ki, İsrail Hərbi Hava Qüvvələri Livanın cənub və şərq bölgələrinə, eləcə də ölkənin üçüncü ən böyük şəhəri olan Sidona zərbələr endirib. Zərbələrdən birinin Sidonda üçmərtəbəli kommersiya binasını tamamilə dağıtdığı iddia olunur.

Livan prezidenti Jozef Aun hücumları pisləyib. O bildirib ki, bu zərbələr həm döyüşləri səngitməyə yönəlik beynəlxalq səylərə, həm də Livanın səylərinə ziddir. Livan hökuməti uzun müddət "Hizbullah"ın nəzarətində olmuş ərazilərdə hakimiyyətini genişləndirməyə, silahlı dəstələrin tərksilah olunmasına çalışır.

Səfərbərlik Xidmətindən 93 nəfərin işi prokurorluğa göndərilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

2025-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) 172 əməkdaşı barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.

Bu barədə Dövlət Xidmətinin bu gün, yanvarın 6-da ötən ilin yekunlarına dair yayılan məlumatında bildirilir.

Onlardan 65-i rəhbər heyətə daxil olub.

ŞHXÇDX vurğulayır ki, o cümlədən doqquz əməkdaş mənfi əsaslarla ehtiyata buraxılıb və ya əmək müqaviləsinə xitam verilib.

"Ümumilikdə ötən il 44 fakt üzrə 93 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib", - məlumatda əlavə edilir.

Qanunvericilikdə dəyişiklik

2023-cü ilin sonundan Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların yararlı olması barədə qərar verilməsi qaydası dəyişib. Bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna dəyişiklik edilib.

Prezident "Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" üç il əvvəl oktyabrın 6-da fərman imzalamışdı. Qanunvericilik fərmana uyğunlaşdırıldı. Fərmana əsasən, 2024-cü il iyulun 1-dən həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı yekun tibbi müayinəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Əvvəlki qanunvericilikdə xidmətə yararlı olub-olmamaq məsələsində əsas söz sahibi SHXÇX nəzdində tibbi komissiyalar sayılırdı. Hələlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə bu məsələlərlə bağlı hər hansı hesabat vermir.

Şikayətlər qalır

Üstəlik, həqiqi hərbi xidmətə çağırışla bağlı vətəndaşlardan eşidilən şikayətlər heç də tam aradan qalxmayıb. Şikayətlərdə xidmətə yararsız gənclərin süründürməçiliklə üzləşdikləri, bəzi hallarda isə xidmət yerinin seçilməsində "tapşırma"ların rol oynaması və başqa iddialar yer alır. Konkret şikayətlərə cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Qırğızıstan da bloqerlərin fəaliyyətini tənzimləyəcək

Qırğızıstanda bloqerlik sahibkarlıq fəaliyyəti sayılacaq.
Qırğızıstanda bloqerlik sahibkarlıq fəaliyyəti sayılacaq.

Qırğızıstanda bloqerlər haqqında qanun layihəsi hazırlanır və sənədin 2026-cı il ərzində hazır olması gözlənilir. Bunu ölkənin mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambetaliyev "AKIpress"ə müsahibəsində deyib.

"Bloqerlərin izləyiciləri, təsir etdikləri auditoriya var və bloqerin kim olduğunu müəyyənləşdirməliyik. O, təbii ki, kütləvi informasiya vasitələrinə aid edilməyəcək, amma əhali üzərində müəyyən təsiri var və hər hansı məlumat yayarkən məsuliyyət də daşımalıdır", – agentlik nazirə istinadla yazır.

Mambetaliyev sosial şəbəkə səhifələrində müxtəlif mal və xidmətləri reklam edən bloqerləri xüsusi vurğulayıb: "50 min -100 min, bəzən bir milyon və daha çox izləyicisi olan bloqerlər var, sahibkarlıqla məşğuldurlar, bu və ya digər məhsulu reklam edirlər. Bu da sahibkarlıq fəaliyyətidir. Ona görə də biz elə mexanizm müəyyən etməliyik ki, hər iki tərəf razı qalsın".

Qazaxıstan və Tacikistanda bloqerlər sahibkar kimi qeydiyyatdan keçməli və vergi ödəməlidirlər. Vergi Komitəsinin məlumatına görə, 2024-cü ildə Tacikistanda bloqerlər 2.5 milyon dollar qazanıblar, bunun 440 min dolları vergi və digər məcburi ödənişlərə gedib. Söhbət rəsmən vergi orqanlarında qeydiyyatdan keçmiş 114 bloqerin gəlirlərindən gedir.

2025-ci ilin fevralında isə Qazaxıstanın Dövlət Gəlirləri Komitəsi bloqerlərin və onların gəlirlərini genişmiqyaslı yoxlamağa başlayıb. Qurum bildirib ki, onların nəzarət siyahısında 594 nəfər var və vergi orqanlarının fikrincə, bu şəxslər dövlətdən təxminən 106 milyon dollar gəliri gizlədiblər.

Bricit Makrona qarşı onlayn qısnamaya görə 10 nəfər məhkum edilib

Emmanuel Makron və Bricit Makron
Emmanuel Makron və Bricit Makron

Yanvarın 5-də Parisdə məhkəmə 10 nəfəri Fransanın Birinci xanımı Bricit Makrona qarşı onlayn qısnamada təqsirli bilib. Onlar Makronun transqadın olması, kişi doğulması ilə bağlı saxta iddialar yaymışdılar.

"Reuters" Bricit və əri -Fransa prezidenti Emmanuel Makronun son illər dəfələrlə saxta iddialarla üzləşdiyini yazır.

Prezident cütlüyünün 24 yaş fərqi də tənqid və ironiya mövzusu olub. Onlar uzun müddət bunu gözardı ediblər, amma son vaxtlar fəal şəkildə məhkəmələrə üz tuturlar.

Bugünkü məhkəmə qərarı isə Makronların mövqeyini gücləndirir. Onlar ABŞ-də sağçı influenser və podkaster Kendis Ouensə qarşı böhtan maddəsi ilə məhkəmə iddiası qaldırıblar. O da B.Makronun kişi doğulduğunu iddia edib.

Səkkiz kişi və iki qadın B.Makronun cinsi və seksual kimliyi barədə zərərli şərhlər verməkdə, hətta onun əri ilə yaş fərqini pedofiliyaya bərabər tutmaqda təqsirli biliniblər. Onlara səkkiz aya qədər şərti cəza kəsilib, - Fransız mediası məlumat verib.

Finlandiyada azərbaycanlı Baltik dənizində kabelin zədələnməsinə görə həbs edilib

"Fitburg"
"Fitburg"

Finlandiya məhkəməsi "Fitburg" yük gəmisinin heyət üzvü olan Azərbaycan vətəndaşının həbs edilməsi ilə bağlı qərar çıxarıb. "Yle" qəzeti onun Helsinki və Tallin arasında "Elisa" şirkətinin kabelini zədələməkdə şübhəli bilindiyini yazır.

Gəminin saxlanılması xəbəri yanvarın 1-də yayılıb. İstintaq məlumatlarına görə, gəminin 14 heyət üzvü Rusiya, Gürcüstan, Qazaxıstan və Azərbaycan vətəndaşları olub. Finlandiya onların hamısını saxlayıb, dörd nəfərə ölkədən çıxmaq qadağan edilib.

Polis bildirib ki, gəmidən götürülən materialların təhlili bir neçə həftə çəkə bilər. Gəmidə istintaq tədbirləri davam edir.

LSEG-nin məlumatına əsasən, gəmi Karib dənizində yerləşən Sent-Vinsent və Qrenadinin bayrağı altında üzürdü. Kabel zədələnəndə "Fitburg" Sankt-Peterburqdan Hayfaya (İsrail) doğru hərəkət edirmiş.

İlk dəfə deyil Baltik və Şimali dənizlərində kabel zədələnməsi, yaxud kəsilməsi Rusiya ilə əlaqələndirilir. 2024-cü ilin dekabrında Finlandiya "Eagle S" tankerini saxlayıb. Tanker Kuk adaları bayrağı altında Rusiya nefti daşıyırdı. Ölkə təhqiqatçılarına görə, tanker 11 ton ağırlığında lövbərini Fin körfəzinin dibi ilə 90 km sürükləyərək "Estlink 2" Finlandiya-Estoniya elektrik kabelini və dörd internet xəttini zədələyib. Onlar tankerin "kölgə donanmasına" aid olduğunu bildiriblər. Tankerin kapitanı və Gürcüstan vətəndaşı olan birinci köməkçisinə ittiham irəli sürülüb, amma məhkəmə onları rədd edib. Məhkəmədə cavabdehlər gəminin lövbərinin təsadüfən düşdüyünü bildiriblər.

2025-ci ilin yanvarında isə Latviyanın tələbi ilə Norveçdə "Silver Dania" gəmisi rusiyalı ekipajla birlikdə saxlanıb: gəmi Latviya və İsveç arasında olan sualtı fiberoptik kabelin zədələnməsində şübhəli bilinib. Gəmi Sankt-Peterburq və Murmansk arasında hərəkət edirdi.

Azərbaycanda siqaretlər bahalaşıb

Siqaret dükanı
Siqaret dükanı

Azərbaycanda siqaretlər qiymət və markasından asılı olaraq təqribən 8-10 faiz arasında bahalaşıb.

Bakıdakı mağazalarda bunun əsasən dünən, yanvarın 4-dən baş verdiyi bildirilir.

Onlar qiymət artımının topdansatış məntəqələrində də baş verdiyini vurğulayıblar.

Rəsmi qurumlar, hələlik, məsələyə münasibət bildirməyiblər.

Bundan əvvəl isə ölkədə bəzi tütün məhsullarının bahalaşdığı açıqlanmışdı.

Bu ildən Azərbaycanda tütün məmulatları üzrə aksiz vergiləri artırılıb.

Üstəlik, Azərbaycanda elektron siqaretlərdən istifadə qadağan olunacaq. Bu məsələ Milli Məclisdə müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.

Ekspertlər hesab edirlər ki, belə qadağa və qiymət artımı ilə yanaşı, sosial, maarifləndirici layihələr də həyata keçirilməlidir.

Azərbaycan-ABŞ əməkdaşlığı müzakirə edilib

İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib
İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 4-də Birləşmiş Ştatlardan (ABŞ) gələn nümayəndə heyəti ilə ikitərəfli əməkdaşlığa aid bir çox məsələləri müzakirə edib.

AZƏRTAC-ın xəbərinə görə, nümayəndə heyətinə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator Markueyn Mallin və Nümayəndələr Palatasından bir sıra konqresmenlər daxildir.

Bildirildiyinə görə, qonaqlar ötən ilin avqustunda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş razılaşma münasibətilə dövlət başçısına təbriklərini çatdırdılar.

Prezident isə, öz növbəsində, artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin yaradıldığını deyərək bu xüsusda Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini vurğulayıb. O, 1992-ci ildə qəbul edilən və Azərbaycana yardımları dayandıran "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin iki ölkə arasında əlaqələrin bugünkü inkişafının mahiyyətinə uyğun olmadığını deyib. Əliyev ABŞ prezidenti Donald Trampın bu düzəlişin fəaliyyətini dayandırmasını yüksək qiymətləndirərək onun tamamilə ləğvi istiqamətində Konqres üzvlərinin də bundan sonra səylərini davam etdirəcəyinə ümidvar olduğunu söyləyib.

Görüşdə Azərbaycanla ABŞ arasında siyasi, iqtisadi, enerji, müdafiə, müdafiə sənayesi, təhsil, informasiya texnologiyaları, süni intellekt və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.

Trampa qədər...

Rəsmi Bakının son illər Qərb ölkələri, xüsusilə də ABŞ ilə münasibətlərində ayrı-ayrı vaxtlarda gərginlik müşahidə edilib. ABŞ rəsmiləri, bir qayda olaraq, Azərbaycanda fundamental azadlıqlar və tənqidçilərin həbsi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Azərbaycan rəsmiləri isə belə çağırışları ölkənin daxili işlərinə qarışmaq kimi dəyərləndiriblər.

Lakin 2024-cü ilin noyabrında Tramp ABŞ prezidenti seçildikdən sonra iki ölkə arasında isti münasibətlər yaranıb.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Ötən il avqustun 8-də 30 ildən çox münaqişədə olmuş Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq.

Paraflanan mətində tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.

Zelenski prezident administrasiyası rəhbərliyini Budanova təklif edib

Kirilo Budanov
Kirilo Budanov

Ukrayna prezidenti Volodimir Zelenski prezident administrasiyasının rəhbəri vəzifəsini Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirilo Budanova təklif edib.

K.Budanov Telegram-da yazıb ki, Zelenskinin təklifini qəbul edir. "Ukrayna üçün tarixi bir zamanda dövlətimizin strateji təhlükəsizliyi ilə bağlı son dərəcə vacib məsələlərə fokuslanmaq mənim üçün həm şərəf, həm də böyük məsuliyyətdir", – o qeyd edib.

Ukraynanın Prezident Aparatının rəhbəri vəzifəsini daha öncə Andriy Yermak tuturdu. O, noyabrın 28-də korrupsiya qalmaqalı fonunda ofisində axtarışlardan sonra istefa verib.

Xersona dron zərbəsində 27 nəfər həlak olub

Xorlı kəndində "Ukrayna Evi" restoranı və "Leo" oteli hədəfə alınıb.
Xorlı kəndində "Ukrayna Evi" restoranı və "Leo" oteli hədəfə alınıb.

Ukraynanın Xerson vilayətinin Rusiyanın nəzarətində olan hissəsinə dron hücumu nəticəsində qurbanların sayı 27-yə çatıb. Həlak olanlar arasında iki azyaşlı uşaq da var. Məlumatı Rusiyanın İstintaq Komitəsi yayıb.

31 nəfər, o cümlədən beş uşaq xəsarət alıb. Onlar Xerson vilayəti və ilhaq olunmuş Krımda müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilib.

Xersonun "Most" portalı xəbər verib ki, Xorlı kəndində "Ukrayna Evi" restoranı və "Leo" oteli hədəfə alınıb. Rusiya Federasiya Şurasının üzvü Dmitri Roqozin və hərbi bloqer Aleksandr Şeptura yanğın yerindən görüntüləri paylaşıb. Şepturanın sözlərinə görə, Rusiya hərbçiləri də yanğının söndürülməsi zamanı həlak olub.

İstintaq Komitəsinin bildirdiyinə görə, yanvarın 1-nə keçən gecə binada azı 100 nəfər olub. Komitə əlavə edib ki, təhqiqatçılar bir neçə dronun fraqmentlərini götürüblər. Rusiyanın təyin etdiyi region rəhbəri Vladimir Saldo isə hücumu üç dronun gerçəkləşdirdiyini, birində yandırıcı maddə olduğunu deyib.

Saldo yanvarın 1-də Rusiya prezidenti Vladimir Putinə telefonla durum barədə məlumat verib. O, hücumu "qəddarlıq, insafsızlığa görə 2014-cü il mayın 2-də Odessada insanların yandırılmasına bərabər" adlandırıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi Dmitro Lixoviy isə Ukrayna hərbçilərinin bu hücumla əlaqəsi iddialarını təkzib edib. "Ukrayna müdafiə qüvvələri beynəlxalq humanitar hüquq normalarına sadiqdir, yalnız düşmənin hərbi hədəflərinə, Rusiya Federasiyasının yanacaq-energetika kompleksinə, digər qanuni hədəflərə zərbələr endirir", – o deyib.

İsveçrədə beşgünlük matəm elan edilib

Polis əməkdaşları Kran-Montanadakı "Le Constellation" barında partlayış yerində keşik çəkirlər.
Polis əməkdaşları Kran-Montanadakı "Le Constellation" barında partlayış yerində keşik çəkirlər.

İsveçrədə dağ-xizək kurortunda yanğında ölənlərə görə beşgünlük matəm elan edilib. Yanğında təxminən 40 nəfər həlak olub, 115-dən çox insan ciddi yanıq xəsarətləri alıb.

"Reuters" xəbər verir ki, qurbanların yekun sayını müəyyənləşdirmək bir neçə gün çəkə bilər.

İtkin düşən yeniyetmələrin valideynləri, xarici səfirliklər vətəndaşlarının qurbanlar, yaralılar arasında olub-olmamasını öyrənməyə çalışır. Rəsmilər ekspertlərin yanmış cəsədlərdən diş və DNT nümunələrini araşdırdığını bildirib.

Yerli xəstəxanaların ağır yanıq xəsarətləri alanlarla dolu olduğu xəbər verilir.

Təhqiqatçılar terrorçuluq, qəsdən yandırma əlamətlərinin olmadığını bildiriblər. Yerli media yanğına pirotexnikanın səbəb olması ehtimalından yazıb. Şahidlərə görə, ofisiantlardan biri, əlində pirotexnika və ya benqal şamı tutan iş yoldaşını tavana çox yaxınlaşdırıb, bu isə yanğına səbəb olub.

1 yanvar

İsveçrədə dağ-xizək kurortunda partlayış olub. Ölənlər var

İsveçrənin Kran-Montana dağ-xizək kurortundakı "Le Constellation" barında partlayış və sonrakı yanğın nəticəsində azı 40 nəfər ölüb, təxminən 100 nəfər yaralanıb.

"Reuters"in məlumatına görə, partlayış yerli vaxtla saat 01:30 radələrində Yeni ilin gəlişinin qeyd olunduğu barda baş verib. Polis rəsmisinin sözlərinə görə, hadisə zamanı içəridə 100-dən çox insan olub.

Hüquq-mühafizə qurumları partlayışın mənbəyinin araşdırıldığını bildiriblər. Jurnalistlərin məlumatına görə, partlayışa pirotexnikadan istifadə səbəb ola bilərdi.

Barın ətrafı mühasirəyə alınıb, ərazi üzərində uçuşlar qadağan edilib. RTS telekanalının xəbərinə görə, İsveçrənin cənub-qərbindəki xəstəxanalar "ağır yanıqları olan xəstələri" müalicə etmək üçün səfərbər olunub.

Kran-Montana kurortu İsveçrə Alp dağlarının mərkəzində, Vale kantonunda yerləşir.

Mamdani Qurana and içərək Nyu-York meri vəzifəsinə başlayıb

Zöhran Mamdani and içir
Zöhran Mamdani and içir

Nyu-Yorkun seçilmiş meri Zöhran Mamdani Yeni il gecəsi rəsmən vəzifəsinin icrasına başlayıb. Andiçmə mərasimi Yeni ilin ilk dəqiqələrində Manhettendə, şəhərin ən qədim stansiyalarından biri, artıq fəaliyyətini dayandırmış "City Hall" metro stansiyasında keçirilib.

Mamdaninin yanında xanımı Rama Duvaci də mərasimdə olub.

"Nyuyorklular, Yeni iliniz mübarək, həm bu tuneldə, həm də onun üstündə olanlar", – Mamdani deyib.

Şəhər tarixində ilk dəfə Nyu-York meri Qurana and içib. Mamdani üç Qurandan istifadə edib: atasının saxladığı Quran, XVIII və ya XIX əsrin əvvəllərinə aid kiçik Quran, nənəsi və babasının yadigarı Quran. Əvvəllər mer vəzifəsinə seçilənlər İncilə and içiblər. Amma qanunla andiçmədə dini kitabdan istifadə tələbi yoxdur.

Nyu-York ştatının qanunlarına görə, yeni mer yanvarın 1-də vəzifəsinin icrasına başlayır, mərasimin gecə yarısından sonra keçirilməsi adət halını alıb.

Demokrat partiyasından olan Z.Mamdani sosialistdir, 34 yaşı var. O, müsəlmandır, Uqandada doğulub. Nyu-York meri seçkiləri 2025-ci ilin noyabrında olub.

Mamdaninin qələbəsi Konqresə bu ilin noyabrında keçiriləcək aralıq seçkilərinə təsir göstərə bilər. Bu seçki ABŞ Konqresinə nəzarət məsələsini həll edəcək. Mamdani seçki kampaniyasında, əsasən, yaşayış səviyyəsi ilə bağlı məsələlərə fokuslanıb, respublikaçı prezident Donald Trampı sərt tənqid edir. Ötən bir ildə Trampın reytinqi iqtisadi problemlərdən dolayı düşüb.

Mamdani andiçmədən sonra çıxışında seçki kampaniyasının əsas vədlərinə – məhdudiyyətsiz uşaq baxımı, əlçatan kirayələr, pulsuz avtobus xidmətinə toxunub.

"Biz bütün nyuyorklulara cavab verəcəyik, demokratiyamızı satın ala bildiyini düşünən milyarder, yaxud oliqarxa yox. Demokrat sosialist kimi seçilmişəm, demokrat sosialist kimi idarə edəcəyəm", – o deyib.

Nyu-Yorkun əhalisi 9 milyondur.

Ukrayna daha iki 'Patriot' alıb

"Patriot"
"Patriot"

Ukrayna ordusu daha iki "Patriot" zenit-raket kompleksi qəbul edib. Bu haqda ölkənin Müdafiə Nazirliyi məlumat verib. Bundan öncə nazir Denis Şmıqal Almaniya hökuməti ilə tədarük üzrə razılaşmaların əldə olunduğunu bildirmişdi.

Ukrayna tərəfinin bildirdiyinə görə, iki batareyanın döyüş sursatsız qiyməti 2 milyard dollardan çoxdur. "Patriot" kompleksləri hava hücumundan müdafiə sisteminin əsas elementlərindən biridir, hava və raket təhdidlərindən müdafiə üçün nəzərdə tutulub.

Kiyev Qərb tərəfdaşlarına dəfələrlə müraciət edərək əlavə "Patriot" kompleksləri, onlar üçün raketlər istəyib. ABŞ prezidenti Donald Tramp iyulda deyib ki, Avropa ölkələri Ukraynaya öz ehtiyatlarından komplekslər verəcək, Vaşinqton sonradan onların yerini yeni sistemlərlə dolduracaq. Tramp Avropaya 17 "Patriot" kompleksinin göndərilməsi üçün hazırlıq gördüklərini, bu komplekslərin böyük hissəsinin sonucda Ukraynaya veriləcəyini açıqlayıb.

Berlin sentyabrda Kiyevə iki "Patriot" qurğusunun verildiyini, noyabrda isə daha iki kompleksin göndəriləcəyini, bunların pulunu Danimarka, Litva və Norveçin ödədiyini bildirib.

Rusiya Ukraynaya hərbi yardımı qınayır.

Prezident: 'Valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir'

İlham Əliyev
İlham Əliyev

"Biz bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik". Prezident İlham Əliyev bunu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.

"İqtisadi inkişafa gəldikdə, biz bu il əldə olunmuş uğurlarla fəxr edə bilərik. Bizim valyuta ehtiyatlarımız tarixi rekord həddə çatıb - 80 milyard dollardan artıqdır. Bizim xarici borcumuz daha da aşağı düşüb, bu gün ümumi daxili məhsulumuzun (ÜDM) cəmi 6.3 faizini təşkil edir", - o vurğulayıb.

Onun sözlərinə görə, bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 100 faizdir, ondan da çoxdur. "Bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 16 dəfə üstələyir və təsadüfi deyil ki, dünyanın aparıcı reytinq agentlikləri Azərbaycanın kredit reytinqini qaldırıblar - investisiya reytinqini müsbət reytinq səviyyəsinə qaldırıblar", - o əlavə edib.

Amma...

Müstəqil iqtisadçılar ölkədə iqtisadi inkişafla bağlı fikirləri bir elə də bölüşmürlər. Onlar vurğulayırlar ki, bu ilin 11 ayında ÜDM cəmi 1.6 faiz artıb və bu, real artım sayılmır. Üstəlik, xatırlanır ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac azalıb, idxal isə artıb.

2026-cı ildə həm vergi və rüsumlar, həm də cərimələr artırılır. Müstəqil iqtisadçılara görə, vergilər, rüsumlar bundan sonra da artacaq, çünki, hökumətin hədəfi yanlışdır - hədəf vətəndaş hesabına büdcəyə əlavə gəlir gətirməkdir, əslində isə məqsəd iqtisadi aktivliyin artırılması olmalıdır.

2026-ci ildə neftin ucuzlaşacağı proqnozlaşdırılır
Gözlə

No media source currently available

0:00 0:06:23 0:00


Rusiya MN 'Putinin iqamətgahına dron hücumu' barədə mətbuat konfransı keçirib

İqor Bolşakov
İqor Bolşakov

Rusiyanın Müdafiə Nazirliyi "Putinin iqamətgahına hücum" barədə mətbuat konfransı keçirib. İki gün öncə baş verdiyi deyilən hücumu Ukrayna dronlarının gerçəkləşdirildiyi iddia olunur. Xəbəri Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələrinin başçısı, general-mayor Aleksandr Romanenkov açıqlayıb.

Moskva bu hücum barədə daha öncə bəyanatlar səsləndirib. Putin ABŞ prezidenti Donald Tramp ilə telefon söhbətində bu haqda danışıb. Bəzi ölkə prezidentləri “hücumu” qınayıb.

Romanenkov hücumun dekabrın 28-də axşam 8-ə 20 dəqiqə işləmiş uzaq məsafəli təyyarə tipli dronlarla gerçəkləşdirildiyini bildirib. Hədəfin Putinin Novqorod vilayətindəki iqamətgahı olduğunu deyib. Romanenkov dəqiqləşdirməsə də, bu iqamətgah Valday şəhəri yaxınlığındadır. 91 dronun hamısının vurulduğu açıqlanıb.

MN “vurulan dronlardan” birinin görüntülərini də yayıb. Onun “Çaklun-B” dronu olduğu bildirilir.

Heç bir itki, yaxud ziyan olmadığı qeyd olunur.

“Mojem obyasnit” layihəsi Novqorod vilayətinin 14 sakini ilə danışıb. Onlar “hücum” günlərində dron təhlükəsinə dair SMS almadıqlarını deyiblər. Valday sakinləri dron, partlayış səsi eşitmədiklərini söyləyiblər.

MN isə bu məlumatları təkzib etmək üçün İqor Bolşakov kimi təqdim etdiyi sakinin dediklərini yayımlayıb. O, dekabrın 29-da Putinin iqamətgahına yönələn dronların səsini eşitdiyini deyib.

Tramp Putinlə söhbətindən sonra “hücum”un “həssas vaxtda” baş verdiyini, “bunun onun xoşuna gəlmədiyini” vurğulayıb.

Bir sıra qərb liderləri isə Rusiyanın “hücum”la bağlı bəyanatlarına skeptik yanaşıblar. Ukrayna prezidenti Volodimir Zelenski isə bu iddianı "yalan" adlandırıb/

Davamı

XS
SM
MD
LG