Xəbərlər
BMT Ukrayna müharibəsində azı min seksual zorakılıq faktını sənədləşdirib
Rusiyanın Ukraynada genişmiqyaslı təcavüzkar müharibəyə başlamasından bəri mülki şəxslərə və hərbi əsirlərə qarşı azı 1004 seksual zorakılıq faktı qeydə alınıb. Bunu BMT-nin İnsan Hüquqları Ali Komissarlığı sentyabrın 18-də yayımladığı hesabatında bildirir. Real say bundan xeyli yuxarı ola bilər, çünki monitorinq qrupu yalnız Ukraynanın nəzarətindəki ərazilərdə araşdırma apara bilib və yalnız başlarına gələnləri danışmağa cəsarət edən zərərçəkənlərlə görüşüb.
Hesabatda seksual zorakılıq dedikdə zorlama, seksual xarakterli digər zorakı hərəkətlər, məcburi soyundurma, cinsiyyət orqanlarına xəsarət yetirilməsi və işgəncə verilməsi, həmçinin zorlama cəhdləri ilə hədə-qorxular nəzərdə tutulur.
Sənədləşdirilmiş halların 89 faizində seksual zorakılığı Rusiya hərbçiləri və güc strukturları – Federal Təhlükəsizlik Xidməti (FSB) və Federal Penitensiar Xidmətin əməkdaşları törədiblər. Qalan 11 faiz hallar üçün isə Ukrayna hərbçiləri, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) və penitensiar sistemin əməkdaşları məsuliyyət daşıyıblar.
Zorakılığın qurbanları arasında həm mülki şəxslər, həm də hərbi əsirlər olub.
Monitorinq qrupu həm Ukraynada saxlanılan rusiyalı hərbi əsirlərlə, həm də əsirlikdən qayıtmış keçmiş ukraynalı hərbi əsirlərlə müsahibələr aparıb. Rusiya hakimiyyəti isə BMT nümayəndələrinin işğal altındakı ərazilərə girişinə icazə verməyib.
Zorakılıq qurbanlarının dörddə üçü kişilərdir. Onların əksəriyyəti əsirlikdə və ya məcburi saxlanma yerlərində zorakılığa məruz qalıb. Əsirlikdə və ya həbsxanada olmayan qurbanlar arasında isə qadın və qızlar çoxluq təşkil edir. Ən yaşlı qurbanın 82 yaşı olub, ən kiçiyi isə dörd yaşlı qızdır. Üç qadın zorlama nəticəsində uşaq dünyaya gətirib.
Zelenski Nyu-Yorkda Trampla görüşəcək
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla telefonla danışıb. O, X sosial şəbəkəsindəki rəsmi hesabında bu haqda yazıb.
“Vacib söhbət oldu, bir çox mövzunu müzakirə etdik”, – Zelenski bildirib.
O, həmçinin iki prezidentin Nyu-Yorkda şəxsən görüşməklə bağlı razılığa gəldiyini açıqlayıb.
“Bu görüş çox şeyi dəyişə bilər”, – Ukrayna prezidenti vurğulayıb.
“Gərginliyin azaldılması və təhlükəsizliyin əsas məsələləri – enerji və ərzaq təhlükəsizliyi, insanların həyatının qorunması ilə bağlı ideyalarımız var. Biz Amerika komandası ilə birlikdə işləyirik, gerçəkdən ciddi addımlar atmağa hazırıq”, – Zelenski yazıb.
Zelenski Trampa Rusiyaya qarşı sanksiyalar nəzərdə tutan “Lindsi Qrem qanun layihəsi”ni imzaladığına görə təşəkkür edib.
Paylaşımda iki dövlət başçısının görüşünün dəqiq vaxtı göstərilməyib. Zelenski daha əvvəl sentyabrın 20-dən sonra Trampla görüşməyə ümid etdiyini bildirmişdi.
ABŞ prezidenti sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında çıxış edəcək. Onun həmin gün bir sıra ikitərəfli görüşləri də planlaşdırılıb.
DTX 5 ölkədə əməliyyat keçirildiyini, 10 nəfərin saxlandığını bildirir
Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) beş ölkədə paralel əməliyyatlar keçirildiyini və 10 nəfərin saxlanıldığını bildirib.
Qurumun sentyabrın 18-də yaydığı məlumatda deyilir ki, əvvəllər qanunsuz qruplaşmada fəaliyyətə görə məhkum olunmuş bir şəxs və daha bir neçə nəfərin ölkədə "ictimai, dini xadimlərin həyatına sui-qəsd etmək məqsədilə cinayət əlaqəsinə girməsi təsbit edilib", onların keçirdikləri gizli görüşlər, telefon danışıqları qeydə alınaraq müvafiq qaydada sənədləşdirilib.
Açıqlamaya görə, istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, "onlar planlaşdırılan cinayət əməllərini törətdikdən sonra xaricdəki münaqişə bölgələrinə qaçmaq barədə sövdələşiblər".
Vurğulanır ki, digər dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları ilə birgə keçirilən paralel antiterror əməliyyatları sayəsində beş ölkə ərazisində qruplaşmanın ümumilikdə 10 üzvü saxlanıb. Bu şəxslər terroru maliyyələşdirmə, cinayətkar qrup yaratma, həmçinin dövlət və ya ictimai xadimə sui-qəsdə hazırlıq kimi maddələrlə ittiham olunurlar. Məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.
Rəsmi açıqlamaya bu iş üzrə saxlanılan şəxslərin vəkillərindən münasibət öyrənmək mümkün olmayıb. Onların ittihamlara münasibəti bəlli deyil.
Sözügedən maddələrlə ittiham olunan şəxsləri 10 ildən ömürlük həbsə qədər ağır cəzalar gözləyir.
Hökumət gələn il iqtisadiyyatın 2.7 faiz böyüyəcəyini desə də, ekspertlər buna şübhə edirlər
Azərbaycan hökuməti 2027-ci ildə ölkədə 141 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunacağını proqnozlaşdırır.
Bu barədə Maliyyə Nazirliyinin gələn il üzrə makroiqtisadi göstəricilərində qeyd olunub
Gələn il ölkə iqtisadiyyatının 2.7 faiz böyüyəcəyi gözlənilir.
Proqnoza əsasən, qeyri-neft-qaz sektorunda 4.4 faiz artım, neft-qaz sektorunda isə 1.8 faiz azalma nəzərdə tutulur.
Amma müstəqil iqtisadçılar belə bir artımın olacağına indidən şübhə ilə yanaşırlar. Onlar xatırladırlar ki, hökumət 2026-cı ildə iqtisadi artımın 3.5 faiz olacağını proqnozlaşdırsa, səkkiz ayın yekunlarına görə, bu göstərici cəmi 1.2 faiz təşkil edib.
Yaxın Şərqdəki münaqişələr fonunda bu il neft kəskin bahalaşıb. Ekspertlər vurğulayırlar ki, əsas ixracı neft və qazdan ibarət olan Azərbaycanda enerjidaşıyıcıların qiymətindəki ciddi artımdan sonra belə proqnozlar özünü doğrultmursa, bu, ölkə iqtisadiyyatında böhranın başlanğıcı kimi qiymətləndirilməlidir. Amma rəsmilər belə dəyərləndirmələri qəbul etmirlər.
11 sentyabr
Azərbaycan sənayesi geri gedir
Azərbaycan sənayesində azalma var.
Dövlət Statistika Komitəsinin (DSK) sentyabrın 11-də açıqladığı məlumata görə, sənaye sektorunda 2026-cı ilin yanvar-avqust aylarında 44.6 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0.4 faiz az məhsul istehsal edilib.
Bununla belə, komitə vurğulayır ki, 2026-cı ilin səkkiz ayında emal sənayesində 14 milyard 912.1 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3.4 faiz çoxdur.
İqtisadçılar ölkə sənayesində azalmanı əsasən neft-qaz sektorunda hasilatın aşağı düşməsi ilə izah edirlər. Məsələn, ötən il ölkədə 28 milyon tona yaxın neft çıxarılıb. Halbuki, 2009-cu ildə bu göstərici 50 milyon təşkil etmişdi.
Azərbaycan iqtisadiyyatında böyümə yenə yavaşladı
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda 87 milyard 709.5 milyon manatlıq Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsi (DSK) bu gün, sentyabrın 9-da açıqlayıb ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1.2 faiz çoxdur.
Hesabat dövründə neft-qaz sektorunda əlavə dəyər 0.8 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2.1 faiz artıb.
Yanvar-avqust aylarında neft-qaz sektorunda 26 milyard 181.9 milyon manat, qeyri-neft-qaz sektorunda isə 61 milyard 527.6 milyon manatlıq ÜDM formalaşıb.
DSK-nın bundan əvvəlki aylıq hesabatlarının təhlili göstərir ki, ölkə iqtisadiyyatında az da olsa böyümə yenidən kiçilməyə başlayıb. İyulun sonunda bu artım 1.4 faiz, mayda 0, yanvarda isə 1.7 faiz açıqlanmışdı.
Müstəqil iqtisadçılar 1 faiz civarında dəyişən artımı heç iqtisadi inkişaf saymırlar. Hələ may ayında artım tamamilə dayanarkən rəsmilər bunu bəzi dövlət proqramlarının icrasının dondurulması ilə izah etmişdilər. Onlar vurğulayırdılar ki, qarşıdakı aylarda yenidən artım bərpa ediləcək.
ÜDM ilə bağlı son göstəriciyə rəsmilərdən hər hansı münasibət bildirilməyib.
Müstəqil iqtisadçılar isə bu il Yaxın Şərqdə, xüsusilə də Hörmüz boğazı ətrafında gərginliyin artması ilə neftin kəskin bahalaşması fonunda Azərbaycanda iqtisadiyyatın böyüməməsini böhran siqnalı kimi dəyərləndirirdilər. Onlar vurğulayırlar ki, ölkədə əsas ixrac məhsulu olan neft hasilatı azalıb, qeyri-neft sektorunda isə yetərli inkişaf əldə edilməyib.
Azərbaycanda karantin 2027-ci ilin əvvəlinə kimi uzadıldı
Azərbaycanda xüsusi karantin rejiminin müddəti gələn ilin əvvəlinə kimi uzadılıb. Baş nazir Əli Əsədov sentyabrın 17-də bununla bağlı qərar imzalayıb.
Sənədə əsasən, "koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının və onun mümkün fəsadlarının qarşısının alınması məqsədilə" rejim 2027-cı il yanvarın 2-si saat 06:00-dək qüvvədə qalacaq. Ötən qərara görə, bu müddət oktyabrın 1-də başa çatmalı idi.
Azərbaycanda bu virusla əlaqədar 2020-ci ilin martından bəri karantin rejimi qüvvədədir. Yoluxma dinamikasından asılı olaraq qaydalar zaman-zaman sərtləşdirilsə və ya yumşaldılsa da, rejimin müddəti dəfələrlə uzadılıb.
Bu məhdudiyyətlər çərçivəsində Azərbaycanın quru sərhədləri gediş-gəliş üçün hələ də bağlıdır. Yalnız istisna hal kimi, bu il mayın 26-dan etibarən Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilib.
Bəzi müxalifətçilər pandemiyanın bitməsinə baxmayaraq, quru sərhədlərinin açılmamasını hakimiyyətin siyasi və iqtisadi maraqları ilə əlaqələndirirlər. Hətta bu səbəbdən paytaxt Bakıda etiraz aksiyalarına cəhdlər də olub.
Hökumət rəsmiləri son çıxışlarında sərhəd məhdudiyyətlərini daha çox təhlükəsizlik amilləri ilə izah etsələr də, baş nazirin qərarlarında bu addım sırf koronavirus təhlükəsi ilə əsaslandırılıb. Halbuki Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ilin mayında pandemiyanın başa çatdığını elan edib.
Xatırlatma
Dünyada ilk dəfə 2019-cu ilin sonunda aşkarlanan koronavirusu ÜST 2020-ci il martın 11-də pandemiya elan edib. Qlobal miqyasda bu virus səbəbindən təxminən 7 milyon insanın həyatını itirdiyi bildirilir. Rəsmi statistikaya görə, Azərbaycanda indiyədək 834 mindən çox yoluxma faktı qeydə alınıb, infeksiya qurbanlarının sayı isə 10 min 400 nəfərə çatıb.
Son iki ildə ölkədə yeni yoluxma halları ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın hər hansı rəsmi açıqlaması olmayıb.
Bir ildə körpə doğumu 6 min azalıb
Son bir ildə Azərbaycanda doğulan körpələrin sayında 6 minə yaxın azalma var.
Dövlət Statistika Komitəsinin (DSK) sentyabrın 17-də yaydığı demoqrafik hesabatda bu azalma özünü aydın büruzə verir.
Rəsmi məlumata görə, bu ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 48 min 954 doğulan körpə qeydə alınıb. Ötən ilin eyni dövründə isə bu göstərici 54 min 898 idi.
Son 6 ildə Azərbaycanda 1-ci sinfə gedənlər 40 mindən çox azalıb
Yeni tədris ilində Azərbaycanda 2.2 milyon nəfər təhsil alacaq.
Ölkənin yerli saytlarının məlumatına görə, bunu bu gün, sentyabrın 14-də elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, onlardan 1.6 milyon nəfəri ümumi, 260 mini ali, 226 mini isə məktəbəqədər təhsil müəssisələrində oxuyacaq.
Əmrullayev bu il 124 min şagirdin birinci sinfə qəbul olunacağını qeyd edib.
Sentyabrın 15-də Azərbaycanda yeni tədris ili başlayır.
2020-ci il sentyabrın 15-də Azərbaycanda 165 mindən çox uşağın birinci sinfə qədəm qoyacağı açıqlanmışdı.
Son illər Azərbaycanda doğuşların sayında ciddi azalma qeydə alınır. Ekspertlər bu vəziyyəti bir neçə səbəblə əlaqələndirirlər. Onların sözlərinə görə, bu tendensiya, demək olar ki, bütün dünyada yayılıb və əsasən ailə planlamasının nəticəsidir.
Digər tərəfdən, mütəxəssislər hesab edirlər ki, ailələrin maddi və sosial qayğıları da azalmada az rol oynamır. Ekspertlər xatırladırlar ki, 2006-cı ildən Azərbaycanda ünvanlı sosial yardımın tətbiqi ilə uşaqların aylıq müavinətləri ləğv edilib.
Almaniya seçkilər ərəfəsində Latviyaya qırıcılar göndərir
Almaniya gələn ay keçiriləcək parlament seçkiləri vaxtı Latviyanın hava məkanını qorumaq üçün bu ölkəyə "Eurofighter" qırıcıları göndərəcək. Məlumatı Almaniya Müdafiə Nazirliyi yayıb.
Latviya 3 oktyabr parlament seçkiləri ərəfəsində NATO müttəfiqlərindən əlavə dəstək istəyib.
"Son həftələr və aylar dronların Baltikyanı ölkələrin hava məkanını dəfələrlə pozması fonunda Latviya hökuməti parlament seçkilərinin təhlükəsiz keçirilməsi üçün alyansdakı tərəfdaşlarına müraciət edib, hava məkanının müdafiəsində dəstək istəyib", – məlumatda deyilir.
Almaniya Müdafiə Nazirliyi bildirir ki, ölkə "xüsusilə şərq cinahında daha həssas vəziyyətdə olan müttəfiqlərinə etibarlı dəstək göstərir" və bu çərçivədə Latviyaya dörd "Eurofighter" qırıcısı göndərəcək.
Bu il Latviyada dronlarla bağlı bir neçə insident baş verib. İyun və avqustda qırıcı təyyarələr ölkə üzərində dronları məhv edib.
Ukrayna dronların Rusiyanın radioelektron mübarizə (REM) sistemlərinin fəaliyyəti nəticəsində Baltikyanı ölkələrin ərazisinə keçdiyini bildirib. Bununla belə, Litva və Estoniyanın xarici işlər nazirləri də Rusiyanı Ukrayna dronlarını qəsdən bu ölkələrə tərəf yönəltməkdə ittiham ediblər.
SOCAR Kot-d'İvuarda da dənizdən neft çıxaracaq
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın "Eni S.p.A." şirkəti ilə Kot-d'İvuar-da yerləşən "Baleine" neft-qaz yatağının işlənməsi layihəsində 10 faizlik iştirak payının alınması prosesini yekunlaşdırıb.
Bu barədə sentyabrın 16-da SOCAR məlumat yayıb.
Bununla da "Baleine" layihəsində tərəfdaşların iştirak payları növbəti şəkildə bölüşdürülüb: "Eni" – 37.25 faiz, "Vitol" – 30 faiz, "Petroci" – 22.75 faiz və SOCAR – 10 faiz.
22 yanvar
SOCAR Kot-d'İvuarda neft-qaz layihəsində 10 faiz pay alıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Kot-d'İvuarda yerləşən "Baleine" neft-qaz yatağının işlənməsi layihəsində 10 faiz iştirak payının alınması ilə bağlı "Eni S.p.A." şirkəti ilə saziş imzalayıb.
Bu barədə qurum özü məlumat yayıb.
Sənədi Dünya İqtisadi Forumunun 2026-cı il illik toplantısı çərçivəsində SOCAR prezidenti Rövşən Nəcəf və "Eni S.p.A." şirkətinin baş icraçı direktoru Klaudio Deskaltsi imzalayıb.
Məlumatda bildirilir ki, "Baleine" Qərbi Afrikada son illərdə aşkar edilmiş ən iri neft-qaz yataqlarından biri hesab olunur. Dənizdə yerləşən bu neft və qaz yatağı 2021-ci ildə kəşf edilib və 2023-cü ildə hasilatına başlanılıb.
Azərbaycanda isə "qara qızıl" azalır
Azərbaycanın özündə isə neft hasilatı azalıb, qaz çoxalıb. 2025-ci ildə Azərbaycanda 27.7 milyon ton neft (- 4.8 faiz), 51.5 milyard kubmetr təbii qaz (+ 2.4 faiz) hasil edilib.
SOCAR-ın borc öhdəlikləri ilə bağlı son rəqəmlər açıqlanmayıb. Amma 2025-ci ilin əvvəlində uzunmüddətli borc öhdəlikləri 16.5 milyard manat təşkil edib (öhdəliklərdə artım var).
Şirkətin işçilərinin sayında ümumən azalma var. 2025-ci il yanvarın 1-də SOCAR üzrə işçilərin faktiki sayı 48 min 69 nəfər təşkil edib. Ondan əvvəlki 10 il ilə müqayisədə şirkətdə 6 min 645 ştat azalıb.
Beynəlxalq tribunal Haşim Taçiyə 25 il həbs cəzası kəsib
Sentyabrın 16-da Haaqa tribunalı Kosovo Azadlıq Ordusunun (KLA) keçmiş komandiri, sonradan Kosovo prezidenti olmuş Haşim Taçini müharibə cinayətlərində təqsirli bilərək 25 il müddətinə azadlıqdan məhrum edib.
58 yaşlı Taçi qətl, işgəncə və təqib ittihamları ilə mühakimə olunurdu. O, 1998-1999-cu illər müharibəsində Serbiya qüvvələrinə qarşı döyüşmüş Kosovo Azadlıq Ordusunun digər üç keçmiş rəhbəri ilə birlikdə məhkəmə qarşısına çıxarılmışdı. Kosovoda geniş ictimaiyyət onları milli qəhrəman sayır.
Məhkəmə hökmü oxumağa davam edir.
H.Taçi 2020-ci ildə barəsində ittiham irəli sürüldükdən sonra Kosovo prezidenti vəzifəsindən istefa verib. Həmin vaxtdan Niderlandın Haaqa şəhərində yerləşən Kosovo üzrə Xüsusi Məhkəmə Palatalarının təcridxanasında saxlanılır.
Kosovonun Serbiyadan ayrılması uğrunda müharibədə 10 mindən çox insan həlak olub, onların çoxu etnik albanlar idi. 1600-dən çox şəxs isə hələ də itkin düşmüş sayılır.
2008-ci ildə Serbiyadan ayrılaraq müstəqilliyini elan edən Kosovonu bir çox Qərb ölkələri tanıyıb. Serbiya və onun müttəfiqləri olan Rusiya ilə Çin isə bu addımı atmayıb.
Yanvar etirazlarına görə 100-dən çox şəxs edam təhlükəsi ilə üz-üzədir
İranda yanvar etirazları ilə əlaqədar azı 100 nəfərə ölüm hökmü çıxarılıb. Onların arasında beş qadın və ittiham olunduqları əməlləri törətdikləri vaxt yaşı 18-dən az olan azı beş nəfər var. Məlumatı Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı (IHR) yayıb.
Qurum bildirib ki, bu hallar İranın 31 vilayətindən 13-də qeydə alınıb və ölüm cəzası ilə üzləşə biləcək etirazçıların kiçik bir hissəsini əhatə edir. Rəsmi mənbələr 100 işdən beşi barədə məlumat yayıb.
Onların hamısına azı ilkin mərhələdə ölüm hökmü çıxarılıb, bəzilərinin hökmünü İranın Ali Məhkəməsi qüvvədə saxlayıb.
IHR-in direktoru Mahmud Əmiri-Müqəddəm deyir ki, İnqilab məhkəmələri etirazçıları minimum ədalətli məhkəmə standartlarına belə cavab verməyən proseslərdə ölüm cəzasına məhkum edib.
Təşkilatın məlumatına görə, etirazlarla bağlı işlər üzrə təqsirləndirilən şəxslərə adətən öz seçdikləri vəkillə təmin olunmaq imkanı verilmir, işgəncə və məcburi etiraflardan sistemli şəkildə istifadə olunur.
IHR bildirir ki, martın 18-dən bəri İranda 31 etirazçı edam edilib. Onlardan 29-u yanvar etirazları zamanı saxlanılıb, ikisi daha əvvəl keçirilmiş "Qadın, həyat, azadlıq" hərəkatı ilə əlaqəli olub.
Təşkilatın son məlumatlarına görə, 2026-cı ilin əvvəlindən İranda 561 nəfər edam edilib.
Rusiya dronları Nikopolda avtobusa hücum edib, 5 nəfər həlak olub
Rusiya qüvvələri sentyabrın 16-na keçən gecə Nikopolda marşrut avtobusuna dronlarla hücum edib. Bu haqda Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Oleksandr Qanja məlumat verib. Beş sərnişin həlak olub, yeddi nəfər yaralanıb.
Kiyevdən Nikolayevə gedən sərnişin qatarı da dron hücumuna məruz qalıb. Qatar briqadası və sərnişinlər təxliyə olunub, onların daşınması üçün avtobuslar ayrılıb.
Rusiya dronları ilk dəfə deyil sərnişin qatarlarına hücum edir. Sentyabrın 8-də Kiyev-Sumı və Dnepr-Zaporojye qatarları, Sumı vilayətində şəhərətrafı elektrik qatarı dron hücumuna məruz qalıb, bələdçi qadın həlak olub. Sentyabrın 9-da "Şahed" dronu Xarkov vilayətində sərnişin qatarını vurub, yeddi nəfər yaralanıb. Sentyabrın 13-də isə dronlar Ukraynanın qərbində dəmir yoluna hücum edib, Kiyev-Varşava qatarının lokomotivi dağılıb.
Rusiya dronları ötən gecə Kiyevə də hücum edib. Şəhər meri Vitali Kliçkonun sözlərinə görə, paytaxtın Svyatoşinski rayonunda anbarlarda yanğın başlayıb. Hazırda yanğın söndürülür. Bir nəfər xəsarət alıb.
Ümumilikdə gecə ərzində Ukraynaya 80-ə yaxın Rusiya dronu ilə hücum gerçəkləşdirilib.
Yardımlı icra başçısı işdən çıxarıldı, rayonda əməliyyat olub
Sentyabrın 15-də prezident İlham Əliyev Ayaz Əsgərovu Yardımlı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Prezidentin sərəncamında bunun səbəbi açıqlanmayıb.
Amma elə həmin gün yerli mediada Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin aprel ayında bu qurumda anti-korrupsiya əməliyyatı keçirməsi ilə bağlı məlumat yayılıb.
Məlumata görə, icra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Mirzəyev və baş məsləhətçi Yaşar Eyvazov saxlanılıb.
Məhkəmənin qərarı ilə onların barəsində həbs-qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər.
Amma onların nədə ittiham edildiyi açıqlanmır. Məsələyə sözügedən şəxslərin yaxınlarından münasibət almaq mümkün olmayıb.
A.Əsgərov 10 il idi Yardımlı rayon İcra Hakimiyyətinə rəhbərlik edirdi. O, daha əvvəl Qazax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində də çalışıb. Ondan işdən çıxarılmasına münasibət almaq mümkün olmayıb.
Son illər Azərbaycanın bir çox rayon icra hakimiyyətlərində oxşar əməliyyatlar keçirilib. Hətta bir çox başçılar həbs edilib.
İcra başçılarının həbs dalğası, əsasən, 2019-cu ilin dekabrından başlayıb. Həmin vaxt Yevlax və Ağstafa rayonlarında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) oxşar əməliyyatlar keçirmişdi. Ardınca bu proses Neftçala, Biləsuvar, İmişli, Kürdəmir, Cəlilabad və Şəmkir rayonlarında davam edib. Onlar mənimsəmə, vəzifə səlahiyyətini aşma və başqa ittihamlarla həbs ediliblər. Bəziləri tam, bəziləri də qismən ittihamları rədd edib.
'Çevik' həbs olunub
Sosial mediada dini mövzuda mübahisəli çıxışları ilə tanınan "Çevik" ləqəbli bloqer Məqsəd Bağırov həbs olunub. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılan bloqer barəsində Səbail rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib.
31 yaşlı Bağırova Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddəsi ilə ittiham verilib.
Bloqer sentyabrın 2-də yaşadığı Qəbələ rayonunda döyülmüş və xəstəxanaya yerləşdirilmişdi. Onu döyməkdə ittiham olunan Kamran Bilalovu da DTX əməkdaşları saxlayıb. Bilalov isə CM-nin 283.2.1 (dini nifrət və ya düşmənçiliyin salınması, zor tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunur.
"Çevik" iyulun sonunda da inzibati qaydada 10 sutka həbs olunmuşdu. O zaman o, İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə təqsirli bilinib. Sözügedən maddə internetdə cəmiyyətə hörmətsizlik edən və əxlaq qaydalarını pozan şəxsləri cəzalandırmağı nəzərdə tutur. Bura internet vasitəsilə açıq şəkildə söyüş söymək, nalayiq jestlər etmək və ya bədənini milli dəyərlərə zidd formada nümayiş etdirmək daxildir.
İddialara görə, Bağırov TikTok-da canlı yayım zamanı Qarabağ döyüşlərində həlak olmuş şəxslərdən birinin ailə üzvünü təhqir edib.
Bloqerin özü də Qarabağ döyüşlərinin iştirakçısı olub.
Hazırda onun ittiham olunduğu CM-in 283.1 maddəsinin sanksiyasında 8 min manatdan 12 min manatadək cərimə və ya 2 ilədək islah işləri, yaxud da 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Azərbaycan nefti büdcə proqnozunu 30 dollar üstələyib
2026-cı ilin ilk 6 ayında Azərbaycanın reallaşmış neftinin orta qiyməti 94.5 ABŞ dolları/barel təşkil edib.
Ölkənin yerli saytlarının məlumatına görə, bunu sentyabrın 15-də Mərkəzi Bankın (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz artıb.
AMB rəsmisi qeyd edib ki, hesabat dövründə Azərbaycan qazının 1000 kubmetrinin orta reallaşmış qiyməti isə 313 ABŞ dolları olub.
Vurğulanıb ki, qazın orta qiyməti də ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz yüksəlib.
2026-cı ilin ilkin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı neftin bir barelinin ixrac qiyməti 65 ABŞ dolları götürülüb. Demək, real qiymət proqnozu 45.4 faiz üstələyib.
Bu il dünyada neftin bahalaşması bir sıra münaqişələrin gərginləşməsi və Hörmüz boğazının bağlanması ilə izah edilir. Neftin qiymətindən fərqli olaraq hasilatı isə son illər azalır. 2009-cu ildə Azərbaycanda 50 milyon ton neft hasil edilib. Ötən il bu rəqəm 28 milyon tona düşmüşdü.
Bakının azad olunmasından 108 il keçir
Bu gün, sentyabrın 15-də Bakının işğaldan azad olunmasından 108 il keçir.
1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Cümhuriyyətinin korpusu Bakını işğaldan azad edib. Həmin vaxt Bakıda "Sentrokaspi" hökuməti mövcud olub. Tarixçilər cəmi 45 gün sürən bu hakimiyyətin, əsasən, daşnak və menşeviklərdən ibarət olduğunu bildirirlər. Onlardan əvvəl isə bu şəhərə bir müddət bolşeviklərdən ibarət Bakı Soveti başçılıq edib. 1917-ci ildə Rusiyada baş verən inqilabdan sonra müstəmləkə altında olan xalqlar azadlıqlarına qovuşmağa başlamışdı.
Sentyabrın 15-də azad olmaqla Bakı Azərbaycan Cümhuriyyətinin paytaxtına çevrilib. Buna qədər 1918-ci il mayın 28-də elan edilən Cümhuriyyətin paytaxtı Gəncə idi. Azərbaycan Cümhuriyyəti Tbilisidə elan edilmiş, oradan da Gəncəyə köçürülmüşdü.
Azərbaycan Cümhuriyyəti 1918-ci il mayın 28-də qurulub. 1920-ci ildə Rusiya Azərbaycanı təkrar işğal etdiyindən cümhuriyyət devrilib. Azərbaycan müstəqilliyinə bir də 1991-ci il oktyabrın 18-də qovuşub. Arada Azərbaycan Sovet Sosialist Respublikası SSRİ tərkibində olub.
Müstəqil tarixçilər hesab edirlər ki, o vaxt Azərbaycan reallıqda işğal altında idi.