Keçid linkləri

2025, 27 Dekabr, şənbə, Bakı vaxtı 04:16

Xəbərlər

Suriyada məsciddə partlayış olub. Ölənlər və yaralananlar var

Suriyada məsciddə partlayış
Suriyada məsciddə partlayış

Suriyanın Homs şəhərində məsciddə partlayış olub. İlkin məlumatlara görə, səkkiz nəfər həlak olub, 18 nəfər yaralanıb. Xəbəri SANA dövlət agentliyi yayıb.

Təhlükəsizlik xidmətindəki mənbə partlayışa məscidə qoyulmuş partlayıcının səbəb ola biləcəyini bildirib.

"Reuters" partlayışın dini azlıq olan ələvi məscidində, cümə moizəsi vaxtı baş verdiyini yazır.

Hələlik məsuliyyəti üzərinə götürən olmayıb.

Azərbaycanda şifer qadağan olunur

Xərçəng yarada bilən şiferlər: 50 ölkə imtina edib, bəs Azərbaycan?
Gözlə

No media source currently available

0:00 0:03:36 0:00

Asbest və tərkibində asbest olan materialların dövriyyəsi qadağan ediləcək. Bu, Milli Məclisdə bu gün, dekabrın 26-da müzakirəyə çıxarılan "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun qəbul ediləcəyi halda, 2027-ci il iyulun 1-də qüvvəyə minəcək.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Statistika

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, son illər qeyd edilən məhsulların ölkəyə idxalı artıb. Azərbaycana 2024-cü ildə 1 min 45 ton asbest (+76.8 faiz) və 27 min 634 ton tərkibində asbest olan təbəqələr (-8.6 faiz) idxal edilib.

Asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumi dam örtüyü fondunun 29 faizini təşkil edir.

Avropa təcrübəsi

Elmi araşdırmalardan onun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığı açıqlandıqdan sonra bir sıra ölkələrdə (əsasən ABŞ və Avropa ölkələrində) asbest və asbest tərkibli məhsulların istifadəsi qadağan edilib. Asbest liflərinin havaya qarışaraq nəfəs yollarına daxil olması müxtəlif xəstəliklərin, o cümlədən ağciyər xəstəliklərinin yaranma riskini artırdığı vurğulanır.

Azərbaycanda bundan öncə…

Azərbaycanda bundan öncə, 2000-ci illərin əvvəlində də asbest və tərkibində asbest olan materialların dövriyyəsinin qadağan edilməsi gündəmə gəlmişdi. Hətta belə iddialar var idi ki, evləri və başqa tikililəri şiferlə örtülən vətəndaşlara bunun dəyişdirilməsi üçün dövlət kompensasiya da verəcək. Amma sonradan bu deyilənlər gerçəkləşməmişdi.

Azərbaycanda evlərin şiferlə örtülməsi daha çox Aran rayonlarında yayılıb. Bu onların evləri sərin saxlaması ilə izah edilirdi.

Türkiyədə mərc oyunlarına görə Erden Timur saxlanıb

"Fənərbaxça"-"Qalatasaray" oyunu
"Fənərbaxça"-"Qalatasaray" oyunu

Türkiyədə futbol üzrə mərc oyunları ilə bağlı istintaq çərçivəsində daha 29 nəfərlə bağlı saxlanma qərarı çıxarılıb. Onların arasında "Qalatasaray" klubunun keçmiş idarəçilərindən Erden Timur da var.

NTV prokurorluğa istinadla 29 şübhəlidən 24-nün saxlanıldığını xəbər verir.

NTV 14 şübhəlinin Türkiyə liqalarının oyunçuları olduğunu bildirir, amma adlarını çəkmir. Altı nəfər isə 2024-cü ilin oktyabrında "Kasımpaşa" və "Samsunspor" arasındakı Super Liqa oyununa mərc qoymağa görə axtarılır.

21 noyabr

Türkiyədə mərc oyunları üzrə istintaq genişlənir

Türkiyənin futbol liqalarında daxili mərc oyunları ilə bağlı istintaqın daha da genişlənəcəyi gözlənir. Noyabrın 20-də prokuror məşqçilərin, şərhçilərin, klub başçılarının da istintaqa cəlb olunacağını bildirib.

Peşəkar liqalarda bəzi rəsmilərin oyunlara mərc qoyduğu açıqlanandan sonra Türkiyə Futbol Federasiyası (TFF) noyabrın əvvəlində 149 hakim və hakim köməkçisini vəzifədən çıxarıb.

Ötən həftə əməliyyat genişlənib, yüksək liqa klublarından birinin rəhbəri daxil səkkiz nəfər həbs olunub. Federasiya bütün liqalardan mindən çox oyunçunu uzaqlaşdırıb. İkinci və üçüncü liqalarda oyunlar iki həftəlik dayandırılıb.

"Növbəti günlərdə yeni bir əməliyyat keçirə bilərik. Futbolumuzu tam təmizləmək istəyirik", – İstanbulun baş prokuroru Akın Gürlek NTV-yə deyib. O, Türkiyənin UEFA, İnterpol ilə əməkdaşlıq etdiyini söyləyib. Hakimiyyət orqanları Monteneqro, Kipr və Gürcüstanda qeyri-qanuni qumar oynamaqda şübhəli bilinən türkiyəliləri də izləyir. Prokuror hazırda türkiyəli şübhəlilərin qeyri-qanuni mərc üçün yararlandığı xarici mərc platformalarından cavab gözlədiklərini əlavə edib.

TFF məsələni şərh etməsə də, federasiya prezidenti İbrahim Hacıosmanoğlu etiraf edib ki, "türk futbolunda mənəvi böhran" yaşanır.

Federasiyanın araşdırması üzə çıxarıb ki, Türkiyənin peşəkar liqalarındakı 571 hakimdən 371-nin mərc hesabı var.

Türkiyənin idman intizamı qaydalarına görə, oyunun nəticəsinə, gedişatına təsir göstərməkdə və ya bunun üçün ödəniş almaqda təqsirli bilinən şəxslər idmandan ömürlük uzaqlaşdırılır. Bu pozuntuları klub rəhbərləri törədirsə, klub təmsil edildiyi liqadan kənarlaşdırılır, məsuliyyət daşıyanlar cərimələnir.

ABŞ Nigeriyada İŞİD-i vurduğunu bildirir

ABŞ gəmisindən qanadlı raketlərin buraxılması
ABŞ gəmisindən qanadlı raketlərin buraxılması

Birləşmiş Ştatlar Nigeriya hökumətinin xahişi ilə ölkənin şimal-qərbində "İslam Dövləti" (İŞİD) silahlılarına zərbə endirib. Məlumatı prezident Donald Tramp və ABŞ ordusu dekabrın 25-də açıqlayıb. Qruplaşmanın regionda xristianları hədəfə aldığı bildirilib.

Tramp oktyabrın sonunda deyirdi ki, Nigeriyada xristianlıq mövcudluğuna təhdid ilə üzləşib. ABŞ prezidenti bildirib ki, bu Qərbi Afrika ölkəsində xristian icmasına qarşı zorakılıq dayanmasa, hərbi müdaxilə edilə bilər.

"Reuters" bazar ertəsi xəbər verib ki, noyabrın sonundan ABŞ Nigeriya üzərində kəşfiyyat xarakterlik uçuşlar keçirib.

Gürcüstanda keçmiş müdafiə naziri saxlanıb

Baço Axalaya
Baço Axalaya

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) keçmiş müdafiə naziri Baço Axalayanı saxlayıb. O, keçmiş prezident Mixeil Saakaşvilinin hökumətində vəzifədə olub. "Exo Kavkaza" xəbər verir ki, keçmiş nazirin saxlanılması 4 oktyabr aksiyası ilə əlaqələndirilir. O zaman müxalifət hakimiyyətin "dinc yolla" devrilməsini planlaşdırırdı.

DTX bildirir ki, aksiyanın təşkilatçıları prezident sarayının ələ keçirilməsi planını elan etməzdən öncə dəfələrlə Axalaya ilə internet vasitəsilə əlaqə saxlayıblar.

DTX rəhbərinin birinci müavini Laşa Maqradze brifinqdə Axalayanı 4 oktyabr aksiyasının "əsas təşkilatçısı" adlandırıb. O, Axalayanın ifadə verməkdən imtina etdiyini də bildirib. Maqradzenin sözlərinə görə, Axalayanın həyat yoldaşı Ani Nadareişvili də saxlanılıb, amma indiki mərhələdə azadlığa buraxılıb.

DTX oktyabr hadisələrində keçmiş məmurun iştirakına dair hər hansı audio və ya video dəlil təqdim etməyib.

B.Axalaya Saakaşvili hökumətində Cəzaların İcrası Departamentinin rəhbəri (2005-2009), müdafiə naziri (2009-2012) və Gürcüstanın daxili işlər naziri (iyul-sentyabr 2012) vəzifələrində olub. 2012-ci ilin noyabrında, parlament seçkilərindən və "Gürcü Arzusu" partiyasının hakimiyyətə gəlişindən bir ay sonra saxlanılıb. Axalaya istefada olan polkovnik Serqo Tetradzenin ölümü işi üzrə təqsirli bilinib, təxminən 10 il həbsdə qalıb, 2022-ci ildə azadlığa çıxıb.

2025-ci il oktyabrın 4-də prezident sarayının ələ keçirilməsinə cəhddən sonra hökumətyönlü "İmedi" telekanalı audioyazı yayımlayıb. Kanal həmin yazıda opera müğənnisi və müxalifətçi Paata Burçuladze ilə keçmiş müdafiə naziri Axalayanın danışdığını bildirib. Onların 4 oktyabr mitinqində hadisələrin radikal inkişaf ssenarisini müzakirə etdikləri iddia olunur. Axalaya yazının saxta olduğunu, səsin ona məxsus olmadığını bildirib.

Moskva məhkəməsi Larisa Dolinanın mübahisəli mənzildən çıxarılmasına qərar verib

Larisa Dolina
Larisa Dolina

Moskva şəhər Məhkəməsi dekabrın 25-də müğənni Larisa Dolinanın Xamovnikidəki mənzildən istifadə hüququna xitam verib.

AzadlıqRadiosunun rus xidməti yazır ki, məhkəmə qapalı iclasda bu mənzili almış Polina Luryenin Dolinanın çıxarılması haqda tələbini təmin edib.

Dolinanın təmsilçisi və prokurorluq müğənniyə mənzildən çıxmaq üçün vaxt verilməsini xahiş ediblər. Luryenin nümayəndəsi isə məhkəmədən Dolinanın dərhal çıxarılmasını istəyib, onun müştərisinin yaşamağa yeri olmadığını deyib.

Keçən ilin avqustunda L.Dolina bahalı mənzilinin satışı zamanı telefon fırıldaqçılarının qurbanı olduğunu bildirib. Bu məsələ Rusiyada böyük ictimai rezonans doğurub. Daşınmaz əmlakın alqı-satqısı zamanı dələduzluq sxemlərinin kütləvi yayılması gündəmə gəlib.

Xamovniki məhkəməsi mənzilin müğənniyə qaytarılması ilə bağlı qərar çıxarıb. Mənzilin alıcısı Polina Lurye isə qərarı yuxarı instansiyalarda mübahisələndirib.

Bu il dekabrın 16-da Rusiya Ali Məhkəməsi mənzil üzərində Luryenin mülkiyyət hüququnu tanıyıb. Luryenin Dolinaya qarşı mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı iddiası isə yenidən baxılmaq üçün Moskva şəhər Məhkəməsinin apellyasiya instansiyasına göndərilib.

Körpü uçub, kombayn sürücüsü həlak olub [Video]

Sabirabadda körpü uçub
Sabirabadda körpü uçub

Bu gün, dekabrın 25-də Sabirabad rayonu Sarxanbəyli kəndində körpü uçub, kombayn sürücüsü həlak olub.

Yerli saytların məlumatına görə, pambıqyığan kombayn üzərində hərəkət edərkən körpü uçub. Kombayn aşaraq kanala düşüb.

İlkin ehtimala görə, səbəb körpünün qəzalı vəziyyətdə olmasıdır.

Hadisəyə rəsmi qurumlar və həlak olan sürücünün yaxınlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azərbaycanın kəndlərində bir sıra körpülərin qəzalı olması ilə bağlı tez-tez şikayətlər eşidilir. Amma rəsmi qurumlar bununla bağlı statistik rəqəmlər açıqlamırlar.

Bununla belə, dekabrın əvvəlində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, Ələt-Astara avtomagistralı üzərində yerləşən qəzalı körpülər yenilənir.

Polşa Baltik dənizi üzərində Rusiya təyyarəsini tutub

Polşa F-16-ları
Polşa F-16-ları

Polşa qırıcıları Baltik dənizi üzərində Rusiyanın kəşfiyyat təyyarəsini tutublar. Təyyarənin ölkənin hava məkanına yaxınlaşdığı bildirilir. Xəbəri Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı yayıb.

İnsident dekabrın 25-də səhər baş verib.

Hərbçilər onu da bildiriblər ki, gecə Belarus tərəfdən Polşanın hava məkanına girən obyektlər aşkarlanıb. Bunların qaçaqmal daşıyan hava şarları olduğu güman edilir.

"Təhlükəsizlik məqsədilə hava məkanının bir hissəsi müvəqqəti olaraq mülki hərəkət üçün bağlanıb", – məlumatda deyilir.

Son aylar Rusiya qırıcıları və dronları NATO ölkələrinin hava məkanını dəfələrlə pozub. "Bloomberg" yazır ki, sentyabrın sonunda Britaniya, Fransa və Almaniya diplomatları Moskvaya xəbərdarlıq ediblər. Rusiyaya deyilib ki, NATO qüvvələri alyansın hava məkanını pozan Rusiya qırıcılarını vurmağa hazırdır.

Kremlin sözçüsü Dmitri Peskov isə bəyan edib ki, bu cür aqressiv bəyanatlar Rusiya sərhədləri yaxınlığında gərginliyin daha bir mənbəyidir.


Ermənistanda 'Şoğakat' televiziyası bağlanır

"Şoğakat TV"
"Şoğakat TV"

Ermənistan hökuməti dekabrın 25-də "Şoğakat" televiziyasını (Dini-Mədəni İctimai Televiziya Şirkəti) bağlamaqla bağlı qərar çıxarıb.

Bu televiziya 2011-ci il fevralın 24-də hökumətin qərarı ilə təsis olunub. Telekanalın səhmlərinin idarə olunması hüququ Ermənistan İctimai Televiziya və Radio Şirkəti Şurasına verilib.

"Şoğakat" televiziyasının əsas fəaliyyəti dini və mədəni proqramların hazırlanıb yayımlanmasıdır.

Onun bağlanması isə bu il oktyabrın 24-də Audiovizual Media Qanununa dəyişikliklərlə izah olunub. Həmin dəyişikliklərdə ölkədə ictimai yayımçıların sayının ikiyə salınması nəzərdə tutulub. Dəyişiklik 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

Hökumət həmçinin ölkənin Torpaq Məcəlləsinə dəyişiklik təklif edir. Müqəddəs Eçmiadzinə kilsələrin yerləşdiyi torpaq üzərində mülkiyyət hüququ verilməyəcək, yalnız pulsuz istifadə hüququ tanınacaq. Bu layihə hökumətin 25 dekabr iclasının gündəliyinə salınıb.

Bu qanun layihəsinin necə əsaslandırıldığı açıqlanmayıb.

Yeni qaydalar Eçmiadzinə indiyədək verilən torpaqlara aid olunmayacaq.

Bütün bunlar baş nazir Nikol Paşinyanla Ermənistan Apostol Kilsəsinin lideri II Qaregin arasındakı gərginlik fonunda baş verir. Hökumət korrupsiya, kilsə daxilində oturuşmuş biznes maraqları ilə mübarizə apardığını bildirir.

Kilsə isə hökumətin konstitusion səlahiyyətini aşdığını bildirir.

Ölkədə bir neçə keşiş, arxiyepiskop müxtəlif ittihamlarla saxlanılıb.

Krasnodar vilayətində yanacaq çənləri yanır

Neft çəninə dron hücumu (Foto arxiv)
Neft çəninə dron hücumu (Foto arxiv)

Ötən gecə Rusiyanın Krasnodar vilayətindəki Temryuk Qara dəniz limanına çoxsaylı dron zərbələri endirilib. Böyük yanacaq çənlərinin alovlandığı, sənaye obyektlərinə ziyan dəydiyi bildirilir. Xəbəri dekabrın 25-nə keçən gecə regional hakimiyyətlər və Rusiya mediası yayıb.

Krasnodar regional operativ qərargahına görə, hücumdan sonra limanda iki neft məhsulu rezervuarında yanğın başlayıb.

Yanğının 2 min kvadrat metri sahəni əhatə etdiyi bildirilir, ilkin məlumatlara görə, xəsarət alan olmayıb. Yerli media orqanlarında yayılan görüntülərdə sahil yaxınlığında emal ərazisindən alov qalxdığı görünür.

Rəsmilər yaxınlıqdakı obyektlərə də ziyan dəydiyini açıqlayıb.

Rusiyanın Müdafiə Nazirliyi dekabrın 25-də Ukraynanın 170 dronundan 141-nin vurulduğunu bildirib. Onlardan yeddisi Krasnodar, bir neçəsi Moskva və Bryansk vilayətləri üzərində vurulub. Moskvanın meri Sergey Sobyanin paytaxta doğru uçan səkkiz dronunun tutulduğunu deyib.

Son aylar Ukrayna qüvvələri Rusiyanın enerji və nəqliyyat infrastrukturuna dəfələrlə dron zərbələri endiriblər.

Ötən gecə Rusiya da Ukraynaya qarşı kütləvi dron zərbəsi həyata keçirib.

Ukrayna Hava Qüvvələri Rusiyadan, eləcə də ilhaq olunmuş Krımdan, Donetsk vilayətindən 131 döyüş dronu buraxıldığını bildirib. 106 dronun vurulduğu, 22-nin hədəflərə çatdığı açıqlanıb.

İtkilər, dəyən ziyanla bağlı məlumat yoxdur.

Türkiyədə 115 şübhəli İŞİD üzvü saxlanılıb

Polis
Polis

Türkiyə hakimiyyəti "İslam Dövləti" (İŞİD) silahlı qruplaşmasına üzv olmaqda şübhəli bilinən 115 nəfəri saxlayıb. Onların Milad və Yeni il bayramlarında hücumlar planlaşdırdığı bildirilir. Məlumatı dekabrın 25-də İstanbul baş prokurorluğu yayıb.

İstanbul polisi İŞİD-in Türkiyədə Milad və Yeni il tədbirlərində qeyri-müsəlman əhaliyə qarşı hücumlar planlaşdırması haqda məlumat əldə edib. Prokurorluq bunu X platformasında paylaşımında yazıb.

Polis İstanbulda 124 yerdə reyd keçirib, axtarılan 137 şübhəlidən 115-ni saxlayıb. Bir neçə tapança və sursatın müsadirə olunduğu bildirilir. Xəbəri "Reuters" yayıb.

Polşa apreldən biometrik pasportu olmayan rusiyalıları ölkəyə buraxmayacaq

Rusiya pasportu
Rusiya pasportu

Polşa 2026-cı il aprelin 1-dən Rusiya vətəndaşlarının beşillik qeyri-biometrik pasportlarını tanımayacaq. Bu haqda Avropa Komissiyası məlumat yayıb.

Gələn il yanvarın 1-dən isə Rusiyaya məxsus, biometrik çipi olmayan diplomatik və xidməti pasport sahiblərinin ölkəyə girişi qadağan olunur.

Daha öncə Danimarka, İslandiya, Latviya, Litva, Fransa, Çexiya və Estoniya Rusiya vətəndaşlarına beşillik qeyri-biometrik pasportla girişi yasaqlayıb. 2026-cı il yanvarın 1-dən isə Almaniya və Rumıniya oxşar addım atacaq.

Litva hakimiyyəti bildirir ki, Rusiya xüsusi xidmətləri biometrik məlumatlar olmayan pasportlardan xaricdə əməliyyatlar üçün yararlana bilər. Amma demokratik qüvvələr, müxalifət, müstəqil media və vətəndaş cəmiyyəti üzvləri üçün istisna edilə bilər.

2025-ci ilin martında Çexiyanın xarici işlər naziri olan Yan Lipavski deyirdi ki, rusiyalılara tələb milli təhlükəsizlik məsələləri ilə əsaslandırılıb: "Növbəti diversiyanı gözləməyəcəyik. Ölkəmizdə qalmaq istəyən hər bir kəs özünü təqdim etdiyi şəxs olduğunu sübut etməlidir".

Rusiyada iki cür xarici pasport növü var – biometrik bilgilərlə və onlarsız. İkinci tip pasportlar qısa müddətə də ucuz çıxarılır. Rusiyada biometrik pasportlar beş illiyə, çiplə olanlar isə 10 illiyə verilir.

Ukrayna Kupyanskı geri alır

Kupyansk
Kupyansk

Z-bloqerlər yazırlar ki, Rusiya Silahlı Qüvvələri Kupyansk ərazisində qalan son mövqelərə də nəzarəti itirmək üzrədir. Bu məqama "Agentstvo" diqqət yetirib.

"Rybar" Telegram kanalının yazdığına görə, Rusiya hərbçiləri Oskol çayının qərb sahilindəki əraziyə nəzarəti itiriblər. Bu Z-kanalın müəllifləri əlavə ediblər ki, Kupyanskda vəziyyət "ağırdan da betədir".

"Rybar" döyüş xəritəsini də yayıb. Şəhərin böyük hissəsinin Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında olduğu görünür. Ötən cümə günü – dekabrın 19-da şəhərin şimal hissəsi Rusiyanın nəzarətində idi. Kanal müəllifləri bunu "uğurların sistemli şişirdilməsi, yuxarı instansiyalara yanlış məlumatların ötürülməsi" ilə izah ediblər: "Vəziyyətlə bağlı yuxarıya göndərilən yanlış hesabatlar ucbatından Kupyanskda "gərəksiz" sayılan ehtiyatlar digər istiqamətlərə köçürüldü".

"Dva mayora" adlı Z-kanalı qeyd edib ki, Kupyanskın alınması haqda yanlış məlumatlar həmin istiqamətdən ehtiyat qüvvələrin çıxarılmasına, nəticədə hərbçilərin faktiki tutduqları mövqelərdə belə möhkəmlənə bilməməsinə səbəb olub.

Digər Z-kanal – "Voyennı obozrevatel" yazır ki, "gələcəkdə Kupyanskın artıq üçüncü dəfə "azad edilməsi"ni gözləmək olar". İlk dəfə bu barədə noyabrın 20-də prezident Vladimir Putinə məlumat verilib, dekabrın əvvəlində isə o özü şəhərin artıq bir həftədir Rusiya hərbçilərinin nəzarətində olduğunu bəyan edib.

Amma dekabrın 12-də Ukrayna prezidenti Volodimir Zelenski Kupyanska səfər edib. Dekabrın 19-da "Birbaşa xətt" adlı mətbuat konfransında Putin Ukrayna liderinin görüntülərini "saxta" adlandırıb, şəhərin yenə də Rusiyanın nəzarətində olduğunu bildirib.

ISW-nin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri şəhərin böyük hissəsinə nəzarət edir.

Ukrayna Müdafiə Nazirliyinə yaxın "DeepState" layihəsi Kupyansk ətrafındakı xəritəsini dekabrın 12-dən yeniləməyib.

ABŞ-ni könüllü tərk edən qanunsuz miqrantlara 3 min dollar vəd olunur

ABŞ-dən deportasiya olunan venesuelalı miqrantlar.
ABŞ-dən deportasiya olunan venesuelalı miqrantlar.

ABŞ-nin daxili təhlükəsizlik nazirliyi ölkəni könüllü tərk etməyə hazır olan qanunsuz mühacirlərə 3 min dollaradək bonus vəd edir.

Qurum bildirir ki, ödənişi "CBP Home" mobil tətbiqi vasitəsilə almaq olar. Tətbiqi ABŞ sərhəd-gömrük xidməti işə salıb. Pul miqrant vətəninə qayıdandan sonra ödənəcək. Proqram bu il dekabrın 31-dək qüvvədədir. 3 min dollardan əlavə ölkəyə qayıtmaq üçün biletpulu da veriləcək.

Nazirlik mayda ölkədən könüllü çıxışla bağlı proqram elan edib. Qanunsuz miqrantlara min dollar və biletpulu vəd olunurdu. Qurum bildirib ki, bu halda miqrantların axtarışı, saxlanması və məcburi deportasiyası üçün tələb olunacaq vəsaitə ortalama 17.1 min dollar qənaət ediləcək.

Daxili təhlükəsizlik nazir Kristi Noem deyib ki, bu ilin yanvarından "CBP Home" proqramı vasitəsilə 1.9 milyon qanunsuz mühacir ABŞ-ni könüllü tərk edib, proqramdan on minlərlə insan yararlanıb. Nazir belə şəxsləri fürsətdən istifadə edərək ölkədən könüllü getməyə çağırıb, əks halda, onların tapılaraq həbs olunacaqlarını və heç vaxt Birləşmiş Ştatlara qayıtmayacaqlarını bildirib.

AXCP NTK sədrinin həbs müddəti azaldıldı

Murad Sultan
Murad Sultan

Bu gün, dekabrın 24-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası Nəzarət Təftiş Komissiyasının (AXCP NTK) sədri Murad Sultanın inzibati həbs müddətini 30-dan 25 sutkaya endirib.

Bu barədə AXCP-dən məlumat veriblər.

Partiyadan vurğulanıb ki, Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Murad Sultanın səhhətində problemlər var.

18 dekabr

AXCP: Murad Sultana 30 sutka verilib

Azərbaycan Xalq Cəbhəsi Partiyası Nəzarət Təftiş Komissiyasının (AXCP NTK) sədri Murad Sultan 30 sutka inzibati qaydada həbs edilib.

Bu barədə həmin partiyadan məlumat verilib.

AXCP-də onun həbsini onlara qarşı "repressiya siyasətinin bir epizodu" kimi dəyərləndirirlər.

AXCP-nin bu açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

17 dekabr

AXCP NTK sədrini 'gördüm' deyən yoxdur

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Nəzarət Təftiş Komissiyasının (NTK) sədri Murad Sultanla dünən, dekabrın 16-sı günortadan əlaqə saxlamaq mümkün olmur.

Bu barədə məlumat yayan həmin partiyadan vurğulandığına görə, "belə hallarda şəxslərin hansısa strukturun əlində olduğu sonradan bəlli olur".

Məlumata Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Müxalifətdə olan AXCP-nin, sədr Əli Kərimli də daxil, 20-yə qədər fəalı hazırda həbsdədir. Partiya müxtəlif ittihamlarla üzləşən bu şəxslərin həbsini siyasi sayır. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı fikirləri "əsassız" adlandırırlar. Onların vurğulamasına görə, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Yerli hüquq müdafiəçilərinə görə, hazırda Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.

Davamı

XS
SM
MD
LG