Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:55

Azərbaycan xəbərləri

123 gündəlik yoluxma aşkarlanıb, 4 ölüm

COVID-19
COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 123 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 406 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu gün, iyunun 4-də verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər də vəfat edib.

Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 334 min 539 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 326 min 269-u sağalıb, 4 min 933-ü vəfat edib, aktiv xəstə sayı isə 3 min 337-ə düşüb.

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 9 min 585, indiyə qədər isə ümumilikdə 3 milyon 551 min 620 test icra olunub.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanla Türkiyə arasında yeni hərbi sənəd imzalanıb

Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Baş Qərargahı arasında protokol imzalanıb
Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Baş Qərargahı arasında protokol imzalanıb

İyunun 4-də Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda yazılıb ki, iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, müdafiə sənayesi və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib: "Görüşün sonunda iclasın yekunlarına dair Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikası Baş Qərargahı arasında protokol imzalanıb".

İclasın Azərbaycan tərəfdən həmsədri Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahın ikinci rəisi korgeneral Selçuk Bayraktaroğlu idi.

Bu formatda növbəti görüşün 2022-ci ildə Türkiyənin Ankara şəhərində keçirilməsinin planlaşdırıldığı bildirilir.

Formula-1 başlayır

Formula-1
Formula-1

Bu gün, iyunun 4-də Bakıda Formula-1 üzrə Azərbaycan Qran-Prisi start götürəcək.

Bakıda beşinci dəfə keçirilən yarışın ilk gününə birinci sərbəst yürüşlər və bolidlərin trek sınağı planlaşdırılıb.

İyunun 5-i Formula-2-də sprint yarışları, həmçinin Formula-1-də üçüncü sərbəst yürüş və sıralama turu planlaşdırılır.

İyunun 6-da Formula-2-də yekun yarış təşkil olunmalıdır. Saat 16:00-da isə Qran-Prinin startı veriləcək. Təxminən 2 saatlıq yarışın ardınca mərhələ qaliblərinin mükafatlandırılması nəzərdə tutulub.

Koronavirus pandemiyası səbəbindən 2020-ci ildə baş tutmayan yarışda əvvəlki illərlə müqayisədə bu dəfə əyləncə proqramları təşkil olunmayacaq.

Bu mərhələyə də, əvvəlki yarış kimi, 10 komandanın heyətində 20 pilot qatılmalıdır.

Formula-1 Bakının mərkəzini iflic edib
Gözlə

No media source currently available

0:00 0:03:34 0:00

Xatırlatma

Azərbaycanda Formula-1 yarışları 2016-cı ildən keçirilir. Amma ötən il koronavirus pandemiyası ilə bağlı bu yarışlar təxirə salındı.

Təşkilatçı tərəflə bağlanan müqaviləyə əsasən, Azərbaycan hələ 2024-ci ilə kimi bu yarışlara ev sahibliyi etməlidir. Hökumət bu yarışlara çəkilən tam xərcləri dəqiq açıqlamayıb. Müxalifət hesab edir ki, ölkədə bu yarışlara çəkilən xərclər əhalinin sosial ehtiyaclarına sərf olunmalıdır.

Sabiq nazir müavini ifadə verməkdən imtina etdi

Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Mədəniyyət nazirinin həbsdə olan keçmiş müavini Rafiq Bayramovun işi üzrə məhkəmə dindirmələri başlayıb. İyunun 3-də məhkəmədə ona ifadə vermək təklif olunsa da, o, imtina edib.

Sabiq nazir müavininin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər heyəti baxır.

Hakimin ifadə vermək təklifinə cavab olaraq, Bayramov deyib ki, ifadə vermək istəmir. Amma bu, tamamilə ifadə vermək istəməməsi anlamına gəlməməlidir. Şahidlər dindiriləndən sonra ifadə verə bilər.

Keçmiş nazir müavinin məhkəməsində iyunun 8-də şahidlər dindiriləcək.

Xatırlatma

Cinayət işinin materiallarında iddia olunur ki, Bayramov nazirliyin tabeliyində olan müəssisələrin rəhbərlərindən aylıq rüşvət alıb. Həmin qurumların təmir-tikintisi üçün büdcədən ayrılan vəsaitlərin bir hissəsi ona çatıb. Ümumilikdə 1 milyon 800 min manata yaxın rüşvət və yeyintidən söhbət gedir.

Bayramov, eləcə də nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. İstintaqın sonunda Sultanovun işi üzrə icraat ayrılıb. Bayramov məhkəmə qarşısına tək çıxarılıb.

Bayramova qarşı CM-in 311.3.3 (külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və başqa maddələrlə ittihamlar irəli sürülüb. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Azərbaycan və Rusiya siyasi məsləhətləşmələr aparıb

XİN
XİN

Bu gün, iyunun 3-də Bakıda Azərbaycan və Rusiya Federasiyası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov və Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenkonun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən siyasi məsləhətləşmələrdə ikitərəfli strateji tərəfdaşlıq məsələləri müzakirə olunub.

Müdafiə Nazirliyi yeni statistika açıqlayıb

Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi

İyunun 2-də Azərbaycan Müdafiə Nazirliyi (MN) İkinci Qarabağ müharibəsində həlak olan hərbi qulluqçuların sayı ilə bağlı yeni məlumat yayıb. Orada Azərbaycan Silahlı Qüvvələrinin həlak olan hərbi qulluqçularından iyunun 2-dək dəfn edilən 2 min 900 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 14 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

"...İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir", - məlumatda yazılıb.

MN-in bundan əvvəl, martın 2-də yaydığı məlumatda həlak olan hərbçilərin sayı 2 min 881, itkin düşmüş hesab olunanlar isə 28 nəfər göstərilirdi.

Nazirlik 44 günlük müharibədən az sonra isə 1 min 200 hərbi qulluqçunun xəstəxanada müalicə aldığını bildirirdi.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi

...Özünü yandırdığı deyilir

Qarabağ qaziləri niyə özlərinə qəsd edir?
Gözlə

No media source currently available

0:00 0:04:22 0:00

İyunun 2-də Biləcəri qəsəbəsində Birinci Qarabağ müharibəsində sağlamlığını itirdiyi deyilən Məhəmmədəli Hacıyevin özünü yandırmağa cəhd etdiyi bildirilir.

M.Hacıyevin yaxınları "Turan"a bildirib ki, o, 1-ci qrup əlildir və qəsəbədə açdığı kiçik bir köşkdə meyvə-tərəvəz satmaqla ailəsini dolandırıb: "Bu gün, iyunun 2-də isə rayon icra hakimiyyətinin nümayəndələri və polislər gələrək orada meyvə-tərəvəzi sata bilməyəcəyini, obyekti qanunsuz işlətdiyini deyiblər. Nəticədə isə Məhəmmədəli özünə benzin tökərək yandırdı".

M.Hacıyevin yaxınları qeyd edib ki, o, 5 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb, vəziyyəti ağırdır. Hələlik, xəstəxana ilə danışmaq mümkün olmayıb.

İcra hakimiyyətinin mövqeyi

Məsələyə Binəqədi rayon İcra Hakimiyyətindən də mövqe bildirilib. Qurumun İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva "Turan"a deyib ki, iyunun 2-də Biləcəri qəsəbəsi, M.S.Ordubadi küçəsində özünü 1-ci Qarabağ müharibəsinin veteranı kimi təqdim edən Kəlbəcər rayon sakini, 1973-cü il təvəllüdlü Məmmədəli Hacıyev qanunsuz küçə ticarəti ilə məşğul olmağa cəhd göstərib: "Qanunsuz fəaliyyəti ilə əlaqədar xəbərdarlıq edildiyi zaman üzərinə neft tökərək intihara cəhd etmişdir. Məlumat üçün bildiririk ki, bundan əvvəllər də bu şəxs Bakı şəhərinin bir çox rayonlarında özünü 1-ci Qarabağ müharibəsinin qazisi kimi təqdim etməklə dövlət mülkiyyətində olan torpaq sahələrini zəbt edərək yaşayış və qeyri-yaşayış obyektlərinin tikintilərinə nail olmaq məqsədilə bu tipli təxribatlar törətmişdir".

Azərbaycanda bundan əvvəlki illərdə də keçmiş döyüşçülərin oxşar şikayətlər üzündən canına qəsd etdiyi bildirilir. Hərçənd, rəsmilər, bir qayda olaraq, deyirlər ki, ölkədə Qarabağ müharibəsində sağlamlığını itirən şəxslərə və ya həlak olanların ailələrinə hər cür dövlət qayğısı var.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi. Həmin vaxt 16 min civarında insanın həlak olduğu, minlərlə şəxsin yaralandığı bildirilir.

2020-ci ildə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Həmin döyüşlərdə Azərbaycanın 3 minə yaxın hərbçi itirdiyi, minlərlə şəxsin isə yaralandığı deyilir.

Ermənistan vətəndaşlarının məhkəməsi başladı

Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın məhkəməsi
Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın məhkəməsi

Bu gün, iyunun 2-də Yasamal rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə hakimlər Rafiq Abbasov və Camal Ramazanovdan ibarət tərkibdə Ermənistan vətəndaşları Lüdvik Mkrtiçyan ilə Alyoşa Xosrovyanın cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Prosesdə hakim E.Allahverdiyev təqsirləndirilən şəxslərin anket məlumatlarını elan edib.

Təqsirləndirilən şəxslər Azərbaycan dilini bilmədiklərini deyiblər və onlara tərcüməçi təyin olunub.

Prosesdə dövlət ittihamçısı Mahir Abbasov çıxış edib. Bundan sonra isə məhkəmə işi icraata götürüb.

Məhkəmə baxışı iyunun 9-a təyin olunub.

Azərbaycanda iki Ermənistan vətəndaşının hakim önünə çıxarılacağı ilə bağlı bir müddət öncə Azərbaycan Baş Prokurorluğu da məlumat yaymışdı.

Həmin məlumatda qeyd edilirdi ki, L.Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndində, A.Xosrovyan isə ondan 17 gün əvvəl saxlanıb.

Məlumata görə, onlar əvvəllər müxtəlif illərdə bir sıra cinayətlərdə ittiham edilir: "Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən ...barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib".

İttihamlara, hələlik, təqsirləndirilən şəxslərdən, onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Hadrutda tutulan hərbçilər hakim önündə

Qarabağda tutulan yeni erməni əsirlər hara aparılıb?
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

Ölkə ərazisində terror-təxribat və digər cinayət əməlləri törətməkdə şübhəli sayılan Ermənistan silahlı dəstələrinin üzvlərinin cinayət işi üzrə ibtidai istintaqın yekunlaşdığı bildirilir.

Bu barədə Azərbaycan Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Məlumata görə, onlar ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla atəşkəsin elan olunmasından sonra Azərbaycan ərazisinə qanunsuz olaraq gizli yollarla keçib Hadrut qəsəbəsinin meşəlik ərazisində mövqe tutaraq terror-təxribat və digər cinayət əməlləri törətməkdə günahlandırılırlar.

Onların Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin ötən il dekabrın 13- də keçirdiyi antiterror əməliyyatı nəticəsində tərksilah edildiyi deyilir. Əlavə edilir ki, Xidmətin İstintaq baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. Cinayət işində ümumilikdə 14 təqsirləndirilən şəxsdən söhbət gedir: "Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq,...), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah... və qurğular əldə etmə,...), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə... və ya ayrı-ayrı şəxslərə basqın etmə) və başqa maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq...məhkəməyə göndərilib".

İttihamlara, hələlik, təqsirləndirilən şəxslər və ya onların vəkillərindən münasibət almaq mümkün olmayıb. Amma Ermənistan tərəfi onları hərbi əsir sayaraq geri təhvil verilməsini istəyir. Azərbaycanın rəsmi orqanları isə deyir ki, onlar üçtərəfli razılaşmadan və döyüşlərin dayanmasından sonra saxlandıqlarından hərbi əsir deyillər.

Üstəlik, onların sayı ilə də bağlı ziddiyyətlə məlumatlar var. Həmin şəxslər saxlanarkən onların 60-dan çox olduqları bildirilmişdi. Rəsmi qurumlar onlardan üçünün geri göndərildiyini açıqlamışdılar. Bu günlər Prezident İlham Əliyev isə Ermənistana qaytarılan hərbi qulluqçuların sayını 14 qeyd etmişdi.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

Azərbaycanın 28 vətəndaşı Almaniyadan qaytarılıb

İllüstrativ foto
İllüstrativ foto

Bugün, iyunun 1-də Almaniyadan Bakıya 28 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) məlumatına görə onlar "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" sazişə uyğun göndərilib.

Readmissiya – başqa ölkələrin ərazisinə qeyri-qanuni daxil olan və orada qeyri-qanuni yaşayan şəxslərin geri qəbul edilməsidir.

Xidmətdən bildirildiyinə görə, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Təxminən iki ay əvvəl , martın 31-də də Almaniyadan Bakıya eyni sazişə əsasən 32 nəfər Azərbaycan vətəndaşının gətirildiyi açıqlanmışdı.

Son vaxtlar sosial şəbəkələrdə ölkəyə xaricdən bu qaydada gətirilən vətəndaşlardan bəzilərinin sorğu-sual edilmələri və təzyiqlərlə üzləşməsi haqqında müəyyən iddialar yer alır. Amma rəsmi qurumlar beləi ddiaları qəbul etmirlər.

"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş 2014-cü il fevralın 28-də Brüsseldə imzalanıb.

Bundan əvvəl də Avropa ölkələrində icazəsiz yaşayan yüzlərlə Azərbaycan vətəndaşı öz ölkələrinə gətirilib.

Gənc cəbhəçi təzyiqlərlə üzləşdiyini deyir

O.Baxışlı
O.Baxışlı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, keçmiş məhbus Orxan Baxışlı təzyiqlərə məruz qaldığını bildirir. O deyib ki, bir müddət əvvəl bəzi qurumlar atası Rafiq Baxışov barədə məlumatlar əldə etməyə çalışıblar: "Bu gün, iyunun 1-də isə əmim Baxışov Fikrəti Cəlilabad rayon Polis Şöbəsinə çağırıblar. İndi isə mənim özümə şöbədən zəng vurub gəlməyimi istədilər. Səbəbi də demədilər. Mən isə rəsmi çağırış vərəqi göndəriləndən sonra gəlməyə hazır olduğumu dedim".

O.Baxışlının sözlərinə görə, artıq ikinci dəfədir ki, rayonda ona təzyiq etməyə çalışırlar: "Təxminən bir ay əvvəl mən rayona gedəndə icra nümayəndəsi anama zəng vurub deyib ki, Orxan koronavirusa yoluxub. Mən də sağlam olduğuma görə şübhələnib təcili rayondan çıxdım. Bu gün də rayona qan verməyə gəlmişdim və heç nədən polisə çağırıldım".

Fəalın fikrincə, bu, onun siyasi fəaliyyəti ilə bağlıdır.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, bildirirlər ki, Azərbaycanda heç kim siyasi fəaliyyətinə görə təzyiqlərə məruz qalmır.

Xatırlatma

O.Baxışlı bundan əvvəl 2018-ci il mayın 6-da saxlanıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunub. O, Cinayət Məcəlləsinin 234.4.3 (satış̧ məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə 6 il azadlıqdan məhrum edilib. Sonradan Ali Məhkəmə satış məqsədini ittihamdan xaric edib, maddəni 234.1-ə tövsif edərək cəzanı da 3 ilə endirib. Gənc fəal ittihamı rədd edib, narkotiki cibinə polislərin atdığını deyib.

Mənsub olduğu partiyadan isə bildirilib ki, O.Baxışlı həbsindən bir neçə gün öncə - mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günündə mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb. Həmin çıxışda gənc fəal E.Hüseynovun qətlində hakimiyyəti günahlandırmışdı. Rəsmilər isə dəfələrlə bəyan ediblər ki, E.Hüseynovun qətlində günahkar olan şəxslərin tapılmasında maraqlıdırlar. Onlar bu qətlə görə hakimiyyətin günahlandırılmasını əsassız sayırlar. E.Hüseynov 2005-ci ildə qətlə yetirilib. Qatil və ya qatillər hələ də tapılmayıblar.

O.Baxışlı bu ilin martında əfv sərəncamı ilə azadlığa çıxıb.

Keçmiş nazir müavini 1.8 milyonluq yeyintiyə görə özünü qismən suçlu sayır

Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Mədəniyyət nazirinin həbsdə olan keçmiş müavini Rafiq Bayramov yeyinti, rüşvət alma suçlamaları üzrə özünü qismən təqsirli bilir. O, iyunun 1-də məhkəmədə ona qarşı irəli sürülmüş ittihamlara münasibət bildirərkən belə deyib.

Sabiq nazir müavinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əfqan Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Bayramovun işi üzrə məhkəmə istintaqı başlayıb. Prokuror ittiham aktını elan edib. Orada iddia olunur ki, Bayramov nazirliyin tabeliyində olan müəssisələrin rəhbərlərindən aylıq rüşvət alıb. Həmin qurumların təmir-tikintisi üçün büdcədən ayrılan vəsaitlərin bir hissəsi ona çatıb. Ümumilikdə 1 milyon 800 min manata yaxın rüşvət və yeyintidən söhbət gedir.

Bayramov ittihamda yazılanlarla qismən razılaşdığını söyləyib.

Məhkəmə prosesi iyunun 3-də keçmiş nazir müavinin özünün ifadəsi ilə davam edəcək.

Bayramov, eləcə də nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. İstintaqın sonunda Sultanovun işi üzrə icraat ayrılıb. Bayramov məhkəmə qarşısına tək çıxarılıb.

Bayramova qarşı CM-in 311.3.3 (külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və başqa maddələrlə ittihamlar irəli sürülüb. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İlkin Rüstəmzadənin bacısına hücum olduğu bildirilir

T.Rüstəmzadə
T.Rüstəmzadə

Mayın 31-də axşam saatlarında ictimai fəal İlkin Rüstəmzadənin bacısı Türkan Rüstəmzadəyə hücum olduğu bildirilir.

İ.Rüstəmzadə özü də bildirib ki, metronun "Əhmədli" stansiyası yaxınlığında bir naməlum şəxs bacısına hücum edib: "O, Türkanın ağzını əli ilə bağlayaraq "qardaşına denən ağıllı olsun" deyib".

İ.Rüstəmzadənin sözlərinə görə, o, Daxili İşlər Nazirliyinin rəsmi səhifəsinə onlayn müraciət ünvanlayıb: "Bu dəfə də günahkarlar tapılmasa, deməli, təhdidin arxasında dövlət özü durur".

Daxili İşlər Nazirliyindən isə "Turan"a bildirilib ki, məsələ araşdırılıb məlumat veriləcək.

İlkin Rüstəmzadə ilə müsahibə
Gözlə

No media source currently available

0:00 0:00:43 0:00

İ.Rüstəmzadə 2013-cü ilin martından həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə kütləvi iğtişaşların təşkili, xuliqanlıq kimi ittihamlarla 8 il azadlıqdan məhrum olunmuşdu. İttihamları qəbul etməyən siyasi fəal 2019-cu ilin martında prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.

'Ermənistan silahlı qüvvələrinə məxsus PUA ələ keçirilib'

Griffon tipli dronlardan biri (Arxiv fotosu)
Griffon tipli dronlardan biri (Arxiv fotosu)

Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) ələ keçirildiyi bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi bu gün, mayın 31-i məlumat yayıb:

"Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus “Qrifon-12” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib".

Mayın 12-dən baş verənlər...

Bu il mayın 12-də Ermənistan rəsmi qurumları bildirmişdilər ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın sərhədlərini pozaraq bir neçə kilometr məsafədə bu ölkənin ərazisinə girib. Azərbaycan isə bunu təkzib edib. Tərəflər bir-birlərini atəşkəsi pozmaqda da ittiham edib.

Ermənistan tərəfi iki hərbi qulluqçusunun həlak olduğunu açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyi isə bəyan edib ki, qarşı tərəfə atəş açmayıb. Bu nazirlik daha sonra bildirib ki, Ermənistan mayın 27-də səhər saatlarında dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribata əl atıb.

Nazirliyin məlumatına görə, onlar Azərbaycan ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təchizat yolunu minalayarkən qarşı tərəfin altı hərbi qulluqçusu saxlanıb.

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan isə hərbçilərin Ermənistan ərazisindən oğurlandığını iddia edir.

Mayın 28-də də Azərbaycan Naxçıvan istiqamətində bir hərbi qulluqçunun yaralandığını açıqlayıb.

Öz növbəsində, Ermənistan Müdafiə Nazirliyi Naxçıvan ərazisini atəşə tutmaları barədə Azərbaycan tərəfinin açıqlamasını təkzib edib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Şuşa ilə bağlı qanun qəbul edildi

Şuşa necə idarə olunacaq?
Gözlə

No media source currently available

0:00 0:04:05 0:00

Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb və üçüncü oxunuşda təsdiqlənib

AZƏRTAC-ın xəbərinə görə, parlamentin müzakirəsinə təqdim olunmuş qanun layihəsi Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi, təşkilati əsaslarını müəyyənləşdirir.

15 maddədən ibarət layihəyə görə, Şuşa şəhərinin inzibati sərhədləri daxilində Dövlət Qoruğu yaradılır.

Xatırlatma

Ötən il noyabrın 8-də Azərbaycan ordusu Dağlıq Qarabağda Şuşa şəhərini azad edib.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlamışdı. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Ötən il isə 44 günlük savaş və sonrakı razilaşma nəticəsində Azərbaycan işğal altında olan ərazisinin çox hissəsini azad edib.

Ailəsi Polad Aslanovun müayinəsini istəyir

P.Aslanov
P.Aslanov

Həbsdə olan xeberman.com saytının təsisçisi Polad Aslanovun yaxınları onun həkim müayinəsinə ehtiyacı olduğunu deyirlər.

Onun həyat yoldaşı Gülmirə Aslanova bildirir ki, əri ürək-damar xəstəsi olmasına baxmayaraq, həbsxanada müalicə almır.

"İki ilə yaxındır (12.06.2019) Polad həbs olunub. Bu günə qədər bir dəfə də olsun onun ürəyini müayinə etməyiblər. Mayın 27-də 1 saylı Cəzaçəkmə Müəssisəsində ona baş çəkdim. Görüşdə olarkən mənə bildirdi ki, ürəyində ağrı var və nəfəs darlığı olur", - Aslanova qeyd edir.

O deyir ki, müraciət etmələrinə baxmayaraq, ərini müayinə etmirlər. G.Aslanova aidiyyəti qurumlardan xahiş və tələb edir ki, həyat yoldaşını müayinə etsinlər, nəticəsi barəsində ona məlumat versinlər.

Bu açıqlamaya, hələlik, Penitensiar Xidmət və başqa aidiyyəti qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

xeberman.com, press-az.com informasiya saytlarının təsisçisi və redaktoru Polad Aslanov 2019-cu ildə dövlətə xəyanətdə şübhəli bilinərək saxlanılıb. Sonra 2020-ci ildə məhkəmə araşdırmasının nəticəsində 16 il həbs cəzasına məhkum edilib. Amma o, ittihamı qurama sayır və həbsini yazıları ilə bağlayır.

Zakir Həsənov tapşırıq verdi

Müdafiə Nazirliyi
Müdafiə Nazirliyi

Mayın 31-də Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Zakir Həsənov son günlər Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində yaranmış vəziyyəti təhlil edib... Müdafiə naziri düşmən təxribatlarının qarşısının alınması ilə bağlı azad edilmiş ərazilərdə yerləşən hərbi hissələrin komandanlığına qətiyyətli addımların atılması və çevik tədbirlərin görülməsini tapşırıb", - məlumatda bildirilir.

Paşinyanın sərhədlə bağlı təklifini Azərbaycan və ABŞ-da ekspertləri dəyərləndirir
Gözlə

No media source currently available

0:00 0:04:44 0:00

Son həftələr...

Son həftələr Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşib. Bu il mayın 12-də Ermənistan rəsmi qurumları bildirmişdilər ki, Azərbaycan Silahlı Qüvvələri onların sərhədlərini pozaraq bir neçə kilometr ərazilərinə girib. Azərbaycan isə bunu təkzib edib. Tərəflər bir-birlərini atəşkəsi pozmaqda da ittiham edib.

Ermənistan tərəfi iki hərbi qulluqçusunun həlak olduğunu açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyi isə bəyan edib ki, qarşı tərəfə atəş açmayıb.

Azərbaycan Müdafiə Nazirliyi daha sonra bildirib ki, Ermənistan mayın 27-də səhər saatlarında dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribata əl atıb. Nazirliyin məlumatına görə, onlar Azərbaycan ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təchizat yolunu minalayarkən qarşı tərəfin altı hərbi qulluqçusu mühasirəyə alınaraq əsir götürülüb. Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan isə hərbçilərin Ermənistan ərazisindən oğurlandığını iddia edir. Mayın 28-də də Azərbaycan Naxçıvan istiqamətində bir hərbi qulluqçunun yaralandığını açıqlayıb. Öz növbəsində, Ermənistan Müdafiə Nazirliyi Naxçıvan ərazisini atəşə tutmaları barədə Azərbaycan tərəfinin açıqlamasını təkzib edərək bildirib ki, belə bir hal baş verməyib.

Ermənistanda Azərbaycanla ərazi mübadiləsi barədə bunları deyirlər
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

141 gündəlik yoluxma aşkarlanıb, 4 ölüm 

Arxiv foto
Arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 141 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 486 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan mayın 30-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 4 nəfər də vəfat edib.

Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 333 864 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 324 103-ü sağalıb, 4 907-i vəfat edib, aktiv xəstə sayı 4 854-ə düşüb.

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 5535, hazırkı dövrədək isə ümumilikdə 3 509 174 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Şuşada məktəb layihəsindən Azərbaycan və Türkiyədə belə danışılır...

Şuşa şəhəri, Azərbaycan prezidenti İlham Əliyev şəhərdə Azərbaycan bayrağını qaldırır, 15 yanvar 2021
Şuşa şəhəri, Azərbaycan prezidenti İlham Əliyev şəhərdə Azərbaycan bayrağını qaldırır, 15 yanvar 2021

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçelinin Şuşada məktəb layihəsinin qəbul edilməməsi ilə bağlı açıqlamasından sonra bu məsələyə toxunub.

AZƏRTAC-ın xəbərinə görə, O, deyib ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli tərəfindən hədiyyə olaraq Şuşa şəhərində Üzeyir Hacıbəyli adına incəsənət məktəbinin inşa edilməsi təşəbbüsünü Azərbaycan minnətdarlıqla qarşılamışdı.

Hikmət Hacıyev, 2015
Hikmət Hacıyev, 2015

Hikmət Hacıyev əlavə edib ki, Prezident İlham Əliyev mayın 27-də Türkiyənin milli təhsil nazirini qəbul edən zaman Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Şuşaya gözlənilən səfəri çərçivəsində bu ölkə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin təməlqoyma mərasiminin proqramda əksini tapdığını bildirmişdi.

Prezidentik köməkçisinin vurğulamasına görə, mütəxəssislər səviyyəsində incəsənət məktəbi binasının memarlıq layihəsinin Şuşa şəhərinin özünəməxsus arxitektura üslubuna uyğunlaşdırılması məqsədilə işçi müzakirələrin aparılması təklif olunub.

“Bu xoşniyyətli təşəbbüsün məqbul görülməməsi əsla müzakirə mövzusu deyildir. Məsələnin mahiyyəti barəsində tam dolğun məruzə olunmamasının anlaşılmazlığa səbəb olduğu istisna edilməyə bilər. Əminik ki, qarşılıqlı anlaşma şəraitində texniki memarlıq xarakterli məsələlər işçi səviyyədə həll olunaraq, Üzeyir Hacıbəyli adına Şuşa incəsənət məktəbinin tezliklə inşasına başlanılacaq”, - deyə Prezidentin köməkçisi qeyd edib.
MHP sədri Dövlət Bahçeli bu günlər “Twitter" səhifəsində qeyd etmişdi ki,həmin layihə uygun görülməyib və bunu sayğı ilə qarşılayırlar.

Bir müddət əvvəl belə bir layihənin gerçəkləşəcəyi ilə bağlı həm Azərbaycanda və həmdə Türkiyədəki bəzi media orqanlarında məlumatlar yer almışdı.

Xatırlatma

Şuşa şənlikləri - Bakıda vətəndaşlar küçələrə axışdı (2020)
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

Ötən il noyabrın 8-də Azərbaycan ordusu Dağlıq Qarabağda Şuşa şəhərini azad edib.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlanmışdı. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Ötən il isə 44 günlük savaş və sonrakı razilaşma nəticəsində Azərbaycan işğal altında olan ərazisinin çox hissəsini azad edib.

164 gündəlik yoluxma aşkarlanıb, 7 ölüm

Tibbi işçisi, arxiv foto
Tibbi işçisi, arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 164 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 419 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan mayın 29-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 7 nəfər də vəfat edib.

Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 333723 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 323617-i sağalıb, 4903-ü vəfat edib, aktiv xəstə sayı 5203-ə düşüb.

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 7004, ötən müddət ərzində isə ümumilikdə 3503639 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

‘8 Noyabr’ stansiyası istifadəyə verilib

Yeni açılan "8 Noyabr" metro stansiyası, Bakı, 29 may 2021
Yeni açılan "8 Noyabr" metro stansiyası, Bakı, 29 may 2021

Bu gün, mayın 29-da Bakı Metropoliteninin “8 Noyabr” stansiyası istifadəyə verilib.
AZƏRTAC-ın xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev stansiyada yaradılan şəraitlə tanış olub.

Yeni istifadəyə verilən stansiya ötən il noyabrın 8-də Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşa şəhərinin işğaldan azad edilməsi münasibəti ilə “8 Noyabr” adlandırılıb.

"8 Noyabr" metro stansiyasının giri-çıxışı, Bakı, 29 may 2021
"8 Noyabr" metro stansiyasının giri-çıxışı, Bakı, 29 may 2021

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlət başçısına stansiya barədə məlumat verib.

Bildirib ki, ümumi uzunluğu 363,34 metr olan Bakı Metropoliteninin 26-cı, “Bənövşəyi” xəttin 3-cü stansiyası Nəsimi rayonunda yerləşir:

«Stansiya ərazinin yeraltı nəqliyyat vasitəsilə şəhərin mərkəzi və paytaxtın digər rayonları ilə birləşdirilməsində xüsusi rol oynayır.

Üçsəviyyəli quruluşa malik stansiyanın giriş və müvafiq keçid-nəzarət sahəsi üst mərtəbəyə aiddir. Texniki xarakterli ikinci səviyyədə elektrik təchizatı, havalandırma, işarəvermə, rabitə və digər xidməti sahələrə aid avadanlıqlar yerləşir. Buradan sərnişinlər eskalatorlar və pilləkənlə vestibülə, oradan da platformaya enirlər. »

Habelə qeyd edilib ki, Bakı şəhərinin sürətlə inkişaf etməsi və meqapolisə çevrilməsi reallığında yeni xətlərin yeddi vaqonluq qatarların hərəkəti üçün nəzərdə tutulması isə yeniliklərin davamıdır:

«Bu özünəməxsusluqlarla metronun “Avtovağzal” stansiyasından başlanan və layihə uzunluğu 18,5 kilometr olaraq Xocasən qəsəbəsindən Qaraçuxur qəsəbəsinədək uzanacaq xəttin daha bir sahəsi - “Memar Əcəmi”–“8 Noyabr” istiqaməti şəhərin yeraltı nəqliyyat şəbəkəsinə qoşulur. ”

(Metronun "8 Noyabr" stansiyası birinci Qarabağ müharibəsində həlak olan Ceyhun Səlimov-un adını daşıyan prospektdə yerləşir.Red.)

Bakı metrosunun yeni açılmış "8 Noyabr" stansiyası
Bakı metrosunun yeni açılmış "8 Noyabr" stansiyası

Beləliklə verilən məlumata görə, yeni açılan stansiya Bakının Nəsimi rayonu ilə digər rayonları birləşdirəcək:

“8 noyabr” stansiyasından hərəkət edən sərnişinlər “Memar Əcəmi” stansiyasında bir yoldan digər yola keçməklə hərəkətlərini müəyyənləşdirə biləcəklər”.

İlham Əliyev "8 Noyabr" stansiyasında
İlham Əliyev "8 Noyabr" stansiyasında

Xatırlatma

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlanmışdı. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Ötən il isə 44 günlük savaş və sonrakı razilaşma nəticəsində Azərbaycan işğal altında olan ərazisinin çox hissəsini azad edib.

"8 Noyabr" stansiyasının giriş-çıxışı
"8 Noyabr" stansiyasının giriş-çıxışı

242 gündəlik yoluxma aşkarlanıb, 5 ölüm

COVID-19
COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 242 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 392 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan mayın 28-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 5 nəfər də vəfat edib.

Qurumdan bildirilib indiyədək Azərbaycanda ümumilikdə 333 min 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 323 min 198-i sağalıb, 4 min 896-sı vəfat edib, aktiv xəstə sayı 5 min 465-ə düşüb.

Açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 10 min 254, ötən müddət ərzində isə ümumilikdə 3 milyon 496 min 635 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

update

Rəsulzadənin Novxanıdakı abidəsi ziyarət olunur

Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki abidəsi
Məhəmməd Əmin Rəsulzadənin Novxanı kəndindəki abidəsi

Bu gün, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (XC) yaranmasının 103 illiyi ilə bağlı bəzi siyasi partiyaların təmsilçiləri, ictimai fəallar Məhəmməd Əmin Rəsulzadənin doğulduğu Novxanı kəndindəki abidəsini ziyarət ediblər.

İlk ziyarətçilərdən bir qrupu Müsavat Partiyasının rəhbərliyi olub. Amma koronavirus pandemiyasi ilə bağlı elan edilən karantin üzündən ziyarətçi qruplar beş nəfərdən çox olmayıb. Orada Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər açıqlamalar da verib: "Elə bir gün olacaq ki, biz ağsaqqallardan, böyüklərimizdən həmin şəxslərin ailə üzvlərindən xahiş edəcəyik ki, Məhəmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xoylunun, Əlimərdan bəy Topçubaşovun və Xalq Cümhuriyyətinin digər qurucularının məzarlarını Bakıya gətirib ən uca yerdə quraq. Onlar millətimizin and yerlərindən biri və bəlkə də birincisi olsun".

Dərsliklərdə Cümhuriyyət haqda məlumatlar ildən-ilə azalır
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

"Bu gün bizim dövlətin ad günüdür"

"Bu gün bizim dövlətin ad günüdür". Bunu mayın 28-də Xalq Cümhuriyyətinin (XC) yaranmasının 103 illiyi ilə bağlı Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli deyib. O və Milli Şuranın Koordinasiya Mərkəzinin bəzi üzvləri də abidənin önünə gəliblər. Amma polis abidənin önünə həmin qrup əklil qoyarkən karantin olduğunu bildirərək beş adamdan artıq şəxsi buraxmayıb.

Ə.Kərimli təəssüflə vurğulayıb ki, bu günə haqq etdiyi qiyməti verən yoxdur: "Qurucu babalarımız 103 il əvvəl o rəşadətli addımı atmasaydı, bu gün müstəqil Azərbaycan dövləti olmazdı...".

Onun sözlərinə görə, bu gün televizorlara kimin şəkilinin vurulmasından asılı olmayaraq, bu dövləti quran həmin qurucu babalardır: "Qurucu babalarımızı xatırlayırıq. Məhəmməd Əmin Rəsulzadəni, Fətəli Xan Xoylunu, Nəsib bəy Yusifbəylini və digərlərini xatırlayırıq".

Bu bayrağı Rəsulzadə özü tikib
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

İstiqlal abidəsinin ziyarəti...

Bəzi siyasi partiyaların, o cümlədən ReAL Partiyasının təmsilçiləri də bu gün, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103 illiyi ilə bağlı Bakıda İstiqlal abidəsini ziyarət ediblər.

Azərbaycan Xalq Cümhuriyyətinin 103 illiyi ilə bağlı həm Prezident İlham Əliyev və həm də bir çox rəsmilər də xalqı təbrik edib.

23 aylıq fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 27-də Rusiyanın silahlı müdaxiləsi ilə süqut edib. Cümhuriyyətin bir çox qurucuları işğaldan sonra Azərbaycandan mühacirət etmək məcburiyyətində qalıblar.

1991-ci il noyabrın 18-də Azərbaycan öz müstəqilliyini yenidən bəyan edib. Həmin vaxt Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi elan edilib.

1992-ci ildən Azərbaycanda mayın 28-i Respublika Günü kimi qeyd edilir.

Prezident Ağdamda

Ağdam. 2020
Ağdam. 2020

Mayın 28-də Prezident İlham Əliyev Ağdam rayonuna səfər edib.

AZƏRTAC-ın xəbərinə görə, səfər çərçivəsində şəhərin baş planı ona təqdim olunub.

Dövlət başçısının Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşdüyü, şəhərin bərpasının təməl daşının qoyulması mərasimində iştirak etdiyi və ağac əkdiyi bildirilir.

Prezident bu səfərinin əvvəlində isə Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib. O, habelə, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasiminə qatılıb. Daha sonra da Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub və şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Ağdam rayon mərkəzi və bəzi kəndləri daxil. Rayonun bəzi kəndləri işğal edilməmişdi) nəzarəti ələ alıb. Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Putindən Əliyevə bayram təbriki

Vladimir Putin (solda) və İlham Əliyev, arxiv fotosu
Vladimir Putin (solda) və İlham Əliyev, arxiv fotosu

Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib. Bu haqda Kreml məlumat yayıb.

Rusiya prezidenti Azərbaycana sosial-iqtisadi, elmi-texniki və digər sahələrdə uğurlar arzulayıb. O, Azərbaycanın dünya arenasında əhəmiyyətli nüfuzu olduğunu, bir sıra beynəlxalq məsələlərin həllində fəal rol oynadığını vurğulayıb.

Putin Azərbaycanla dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan əlaqələri yüksək qiymətləndirdiyini qeyd edib.

“Əminəm ki, birgə səylərimizlə gələcəkdə də xalqlarımızın rifahı, regional təhlükəsizlik və sabitliyin təminatı naminə bütün sahələrdə strateji tərəfdaşlığı, məhsuldar əməkdaşlığı gücləndirəcəyik”, – Putin deyib.

Mayın 28-də Azərbaycanda Respublika Günü qeyd olunur. Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür.

Davamı

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG