Xəbərlər
ANAMA-nın əməkdaşı həlak olub
Aprelin 14-də işğaldan azad edilmiş Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində mina partlayıb. Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Bildirilib ki, qurumun əməkdaşı Muğan Mətili xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə minanın partlaması nəticəsində həlak olub.
Məsələyə onun yaxınlarından münasibət almaq mümkün olmayıb.
Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, 2020-ci il 10 noyabr sazişindən bəri ölkənin 70-dən çox vətəndaşı minaya düşərək həlak olub, 350-yə yaxın şəxs isə müxtəlif xəsarət alıb. Onlar habelə əvvəl deyirdilər ki, Ermənistan işğaldan azad olunan ərazilərdə minaların xəritəsini vermir. Sonradan Azərbaycanda saxlanılan Ermənistan hərbçilərindən bəzilərinin geri qaytarılması müqabilində bir sıra rayonların minalanmış ərazilərin xəritələrinin alındığı bildirildi. Hərçənd rəsmilər bu xəritələrin böyük ölçüdə reallığı əks etdirmədiyini vurğuladılar. Buna cavab olaraq da Ermənistan baş naziri dedi ki, onlar əllərində olan bütün xəritələri Azərbaycana veriblər.
Xatırlatma
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Qarabağ bölgəsi, (Füzuli daxil) ətraf yeddi rayon işğal edilib. 2020-ci ildəki 44 günlük müharibə (həmin il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiyanın birgə imzaladığı bəyanatla dayanmışdı) və 2023-cü ildəki birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Ötən ilin avqustunda Vaşinqtonda prezident Donald Trampın vasitəçiliyi ilə 30 ildən çox münaqişədə olan Azərbaycan və Ermənistan arasında sülh sazişi paraflanıb. Sənədin mətnində tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdığı və qarşılıqlı iddialardan imtina etdiyi vurğulanır.
Orxan Səttarov prezidentin yeni mətbuat katibidir
Orxan Səttarov Azərbaycan prezidentinin mətbuat katibi təyin edilib. Bu barədə prezident İlham Əliyev bu gün, aprelin 13-də sərəncam imzalayıb.
Ötən il fevralın 17-də Azər Qasımov prezidentin mətbuat katibi vəzifəsindən azad edilmişdi. O vaxtdan bu posta təyinat olmamışdı.
59 yaşlı A.Qasımov 2004-cü ildən sözügedən vəzifəni tuturdu.
Bir çox kütləvi informasiya vasitələrinin (KİV) təmsilçiləri Azərbaycanda, bir qayda olaraq, əksər dövlət qurumun mətbuat xidmətləri kimi, prezidentin mətbuat xidməti ilə də əlaqə saxlamağın çətinliyindən şikayətlənirlər. Prezidentin mətbuat xidməti bu baxımdan xüsusilə əlçatan sayılmır. Şikayətlərə görə, onlar KİV-lərə lazımı qədər açıq deyillər. Amma onların özləri belə fikirləri qəbul etmirlər.
Yeni mətbuat katibi kimdir
Yerli saytların məlumatına görə, O.Səttarov Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Xarici media ilə iş sektorunun müdiri olub. Buna qədər isə "Vestnik Kavkaza" xəbər agentliyində çalışıb.
O, Elm və Təhsil Nazirliyinin Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdir müavini Rəcəb Səttarovun oğludur.
O.Səttarovun qardaşı İsmət Səttarov isə Azərbaycan Audiovizual Şurasının sədridir.
ARXİV
Palata sədri: Büdcə qanunvericiliyi üzrə pozuntularda artım müşahidə edilib
2025-ci ildə Hesablama Palatası 43 audit keçirib. AZƏRTAC-ın xəbərinə görə, bunu aprelin 13-də Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı deyib.
V.Gülməmmədov bildirib ki, 2025-ci ilin İş Planı üzrə keçirilmiş audit 700-ə yaxın qurum və müəssisələri, layihələri əhatə edib: "Say ifadəsində büdcə qanunvericiliyi və dövlət satınalmaları üzrə aşkar edilmiş nöqsanların payı çox olub. Müvafiq olaraq, 51.6 faiz və 24.1 faiz təşkil edib. Əvvəlki illərlə müqayisədə büdcə qanunvericiliyi üzrə pozuntuların payında artım, satınalmalar sahəsində isə pozuntu sayında artmama (sabitlik) müşahidə edirik".
Onun vurğulamasına görə, 2021-2025-ci illərdə ümumilikdə 26 səmərəlilik auditi keçirilib, yoxlamalar 4.1 milyard manatdan çox vəsaiti əhatə edib.
Büdcəyə hesablanmış zərərin 101.5 mln. manatı üzrə vəsaitin bərpası, 40.2 mln. manatı üzrə isə materialların hüquq-mühafizə orqanlarına göndərilməsi barədə qərar qəbul edilib. Yerli saytların məlumatına görə, bu qeyd "Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında Hesabat"da əksini tapıb.
Xatırlatma
Hesablama Palatası 2001-ci ildən fəaliyyət göstərir. Hər il Milli Məclisə hesabat verməli olan bu qurum dövlət büdcəsinin həm gəlirlərinə, həm də xərclərinə nəzarət etməlidir. Ölkə parlamentindən fərqli olaraq bəzi müxalif qüvvələr onun fəaliyyətini tam yetərli saymır. Onlar hesab edirlər ki, bu qurum büdcə vəsaitlərinin mənimsənilməsinə aid ciddi pozuntuların üzərinə qətiyyətlə gedə bilmir. Hərçənd, Palata rəhbərliyi belə fikirləri qəbul etmir.
Hissə rəisi rüşvət almaqda ittiham edilir
Müdafiə Nazirliyinin hissə rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir.
Bu barədə Baş prokurorluq aprelin 13-də məlumat yayıb.
Məlumata görə, Əvəz Rüstəmovun Müdafiə Nazirliyi Mənzil-İstismar Xidmətinin Salyan rayon hissəsinin bölmə rəisi, habelə rəisi vəzifəsini müvəqqəti icra etdiyi dövrdə vətəndaşlardan rüşvət alması iddiası ilə bağlı cinayət işinin istintaqı tamamlanıb: "Əvəz Rüstəmova Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə ittiham elan edilməklə barəsində yaşı və səhhəti nəzərə alınmaqla, ev dustaqlığı qətimkan tədbiri seçilib".
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İttihamlara Ə.Rüstəmov və onun yaxınlarından münasibət almaq mümkün olmayıb. Həmin ittihamlar üzrə şəxsə 12 ilədək həbs cəzası verilə bilər.
Xatırlatma
Son illər Azərbaycanda Müdafiə Nazirliyinin maliyyə və bir çox sahələr üzrə vəzifəli şəxsləri oxşar ittihamlarla məsuliyyətə cəlb edilirlər. Həmin şəxslər, əsasən, ittihamları qəbul etməsələr də, bütün bunlar ölkədə korrupsiyaya ilə mübarizə kimi təqdim edilir.
Amma bəzi ekspertlər də hesab edirlər ki, Azərbaycanda korrupsiya ilə real, köklü mübarizədən çox onun imitasiyası yaradılır. Onların fikrincə, ölkədə korrupsiya ilə sistemli mübarizə yoxdur.
Avstraliya tarixində ilk dəfə orduya qadın başçılıq edəcək
Avstraliya tarixində ilk dəfə ordunun rəhbəri qadın olacaq. Bu haqda hökumət aprelin 13-də məlumat yayıb.
General-leytenant Syuzan Koyl hazırda birgə imkanlar üzrə rəisdir. O, iyuldan quru qoşunlarının komandanı olacaq, bu vəzifədə general-leytenant Saymon Stüartı əvəz edəcək.
Hazırda Avstraliya ordusunun sıralarında qadın zabitlərin sayı artır. Bu, ordunun sistemli cinsi qısnama və ayrıseçkilik ittihamları ilə üzləşməsi fonunda baş verir.
"İyuldan Avstraliya ordusunun 125 illik tarixində ilk dəfə qadın quru qoşunları komandanı olacaq", – baş nazir Entoni Albaneze bildirib.
Müdafiə naziri Riçard Marlz Koylun təyinatını "əsl tarixi məqam" adlandırıb.
55 yaşlı Koyl 1987-ci ildə hərbi xidmətə başlayıb, komandanlıqda bir sıra vəzifələrdə çalışıb.
"Reuters" yazır ki, hazırda qadınlar Avstraliya Müdafiə Qüvvələrinin (ADF) təxminən 21 faizini, yüksək rəhbər vəzifələrin isə 18.5 faizini təşkil edir. ADF 2030-cu ilədək qadınların ümumi iştirak səviyyəsini 25 faizə çatdırmağı hədəf qoyub.
Ötən ilin oktyabrında ADF-yə qarşı kollektiv iddia qaldırılıb, ordunun minlərlə qadın zabiti sistemli cinsi qısnama və ayrıseçkilikdən qoruya bilmədiyi iddia olunub.
Pasxa atəşkəsinə baxmayaraq, Ukraynada iki nəfər öldürülüb
Pasxa atəşkəsinə baxmayaraq, Ukraynanın şərqi Donetsk vilayətində Rusiya qoşunları iki nəfəri öldürüb, bir nəfər yaralanıb.
Region qubernatoru Vadım Filaşkin Telegram-da yazıb ki, aprelin 12-də Kramatorsk və Drujkovka şəhərlərində bir nəfər həyatını itirib.
Rusiya və Ukrayna bir-birini 32 saatlıq atəşkəsi pozmaqda ittiham edib. Atəşkəs aprelin 11-dən 12-si gecə yarısınadək davam edib.
Ukrayna rəsmiləri Pasxa atəşkəsi müddətində Rusiya hərbçilərinin Xarkov vilayətində dörd ukraynalı hərbi əsiri də güllələyərək öldürdüyünü bildirib. Ancaq detallar açıqlanmayıb. Rusiya bu məlumatı şərh etməyib. Bu xəbəri müstəqil şəkildə təsdiqlətmək mümkün olmayıb.
Ukrayna Rusiyanın atəşkəsi 10 min 721 dəfə pozduğunu bildirib. Hava zərbələrinin qeydə alınmadığı açıqlanıb.
Rusiya Müdafiə Nazirliyi isə bazar gününə keçən gecə Ukraynanın atəşkəs min 971 dəfə pozduğunu bildirib.
Naxçıvanın ombudsmanı olmayacaq
Naxçıvan Muxtar Respublikasında (MR) Ombudsman təsisatı ləğv edilib. Bu barədə Naxçıvan MR Ali Məclisinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, bu gün, aprelin 10-da Naxçıvan MR Ali Məclisinin sessiyası keçirilib. Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, Naxçıvan MR Konstitusiyasından həmin təsisatla bağlı müddəalar çıxarılıb. Bu səbəbdən "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun ləğv edilməsi zərurəti yaranıb.
Qanun səsə qoyularaq qəbul edilib.
Ötən il iyulun 8-də Milli Məclis "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihəsini üçüncü oxunuşda qəbul etmişdi.
Hüquqşünaslar hesab edirdi ki, həmin dəyişikliklərlə, əsasən, ölkə prezidentinin muxtar respublikada hökmü artırılır.
Azərbaycanda Ombudsman Aparatı 2002-ci ildən fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasında isə ayrılıqda Ombudsman Aparatı 2005-ci ildə yaradılmışdı.
İstər Muxtar Respublikada, istərsə də bütünlükdə Azərbaycanda ombudsman aparatlarının fəaliyyətini hüquq müdafiəçiləri əsasən tənqidi dəyərləndiriblər. Onlar vurğulayıblar ki, ombudsmanların hesabatında heç vaxt həbs yerlərində işgəncə faktlarının təsdiq edilməsi ilə bağlı rəylər yer almayıb. Halbuki ölkədə insan hüquqları və işgəncə halları ilə bağlı çoxsaylı şikayətlər var. Həmin hüquq müdafiəçiləri hesab edirlər ki, Azərbaycanda Ombudsman Aparatının mövqeyi hökumətin insan haqları ilə bağlı mövqeyindən köklü şəkildə fərqlənmir. Amma Ombudsman Aparatının özündə tənqidləri əsaslı saymayıblar.
Xatırlatma
1995-ci ilin dekabrından Naxçıvan MR Ali Məclisinə sədrlik edən Vasif Talıbovun dörd il öncə, 2022-ci ildə istefaya göndərilməsi muxtar respublikada dəyişikliklərə səbəb oldu. Həmin il dekabrın 22-də prezident İlham Əliyev ora öz səlahiyyətli nümayəndəsini göndərdi. Daha sonra muxtar respublikada bir çox vəzifəli şəxslər mənimsəmə və başqa ittihamla istintaqa cəlb edildilər.
Naxçıvan MR 1924-cü ildə yaradılıb. Onun Azərbaycanın başqa əraziləri ilə quru sərhədi yoxdur. Türkiyə, Ermənistan və İran İslam Respublikası ilə qonşudur.
Rusiya və Ukraynadan qarşılıqlı dron zərbələri
Aprelin 9-u səhər Rusiya qoşunları Ukraynanın Zaporojye rayonuna zərbə endirib. Bir nəfər həlak olub, dörd nəfər yaralanıb.
Dnepropetrovsk vilayətinə hücumlar nəticəsində isə iki nəfər yaralanıb. Çoxmərtəbəli və fərdi evlərə, qaraja və avtomobillərə ziyan dəydiyi bildirilir.
Aprelin 8-i axşam saatlarında Rusiya hərbçiləri Odessa vilayətində yarımstansiyaya zərbə endirib. Vilayət administrasiyasının rəhbəri Oleq Kiper infrastruktur obyektinin zədələndiyini yazıb, detalları açıqlamayıb.
Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya ötən gecə Ukraynaya 119 pilotsuz aparatla hücum edib, onlardan 99-u hava hücumundan müdafiə qüvvələri vurub. Daha 16 dron 11 müxtəlif məkanda düşüb.
Rusiya Müdafiə Nazirliyi isə ötən gecə Kursk və Astraxan vilayətləri, həmçinin Krasnodar diyarı və Azov dənizi üzərində Ukraynaya məxsus 69 dronun vurulduğunu bildirir.
Krasnodar diyarında dron hücumundan bir kişi həlak olub. Diyarın operativ qərargahı bildirib ki, Krımsk şəhərində "PUA qalıqlarının neft bazasının ərazisinə düşməsi nəticəsində" üç nəfər xəsarət alıb.
Bryansk vilayətinin qubernatoru Aleksandr Boqomaz sosial şəbəkədə yazıb ki, Ukrayna hərbçiləri Klimovo rayonunda avtomobili vurub, bir qadın yaralanıb.
Azərbaycanın gəliri artıb, amma artıq neftin qiyməti düşür...
Bu ilin yanvar-mart aylarında Azərbaycan dövlət büdcəsinin gəlirləri 9 milyard 599 milyon manat təşkil edib. Bu da proqnozun 458.9 milyon manat və ya 5 faiz üstələnməsi deməkdir.
Bununla bağlı Maliyyə Nazirliyi məlumat yayıb.
Ölkənin yerli saytlarının hesablamalarına görə, 2026-ci ilin yanvar-mart aylarında dünya bazarlarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta illik ixrac qiyməti 85.11 ABŞ dollarına bərabər olub.
Fevralın 28-də ABŞ və İsrail İrandakı hədəflərə zərbələr endirməyə başlayıb ( ABŞ və İsrail İranın nüvə proqramını bütün dünyaya təhdid sayır). İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Nəticədə Hörmüz boğazının bağlanması fonunda neft kəskin bahalaşıb. Amma aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib, bunla da neft ucuzlaşmağa başlayıb. Ekspertlər hesab edirlər ki, danışıqlar müsbət nəticə versə, neft ənənəvi qiymətlərə düşəcək.
Azərbaycanın builki dövlət büdcəsində "Azeri Light" markalı neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb. 2026-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin (38 milyard 423 milyon manat) 16 milyon 350 milyon manatı neft-qaz sektorunun hesabına formalaşmalıdır.
Rusiya dronu Ukraynada avtobusu vurub, 4 nəfər həlak olub
Rusiya dronu Ukraynanın Nikopol şəhərində bələdiyyə avtobusunu vurub, azı 4 sərnişin həlak olub, 16 nəfər yaralanıb. Ukrayna rəsmiləri bunun FPV dronu olduğunu deyirlər, yəni operator sərnişinlərin mülki şəxslər olduğunu çox güman, görürdü.
Aprelin 7-də Dnepropetrovsk vilayətinin şərqində yerləşən Nikopol şəhərinin mərkəzində bələdiyyə avtobusu dayanacağa yaxınlaşarkən dron hücumuna məruz qalıb. Vilayət hərbi administrasiyasının rəhbəri Oleksandr Hanjanın sözlərinə görə, həm avtobusun içində, həm də minmək üçün gözləyən insanlar olub.
“Bu, mülki əhaliyə qarşı qəsdən törədilmiş terror idi”, – o, Telegram-da yazıb.
“Çox qorxuludur, çünki avtobuslar işə gedən insanlarla dolu olur”, – Nikopol sakinlərindən biri hücumdan az sonra AzadlıqRadiosunun Ukrayna xidmətinə deyib.
“Təsəvvür edin, tək bir zərbədən nə qədər qurban ola bilərdi”, – o əlavə edib.
“Burada necə yaşayacağımızı bilmirik, şəhərdə necə hərəkət edək, ümumiyyətlə necə sağ qalaq. Çox qorxuludur”, – deyən qadın zərbədən cəmi 10 dəqiqə əvvəl həmin yerin yaxınlığında olduğunu da qeyd edib.
Ukrayna hakimiyyəti hadisəyə FPV dronun səbəb olduğunu bildirib. Bu dronları operator birbaşa video bağlantı ilə uzaqdan idarə edir, pilot hədəfini yaxından görə bilir.
Vilayət qubernatoru Rusiya qüvvələrinin ötən gecə Dnepropetrovsk vilayətinə azı 10 dəfə hücum etdiyini deyib. Onun sözlərinə görə, dron zərbəsindən bir evdə yanğın baş verib, 11 yaşlı uşaq həyatını itirib, daha 5 nəfər yaralanıb.
Ukrayna Hərbi Hava Qüvvələri aprelin 7-də bildirib ki, Rusiya ötən gecə Ukraynaya qarşı 110 dron buraxıb.
Rusiyanın Vladimir vilayətinə dron hücumunda üç nəfər ölüb
Rusiyanın Leninqrad vilayətinə yenidən dron hücumu olub. Vilayətin qubernatoru Aleksandr Drozdenko bildirib ki, hava hücumundan müdafiə qüvvələri region üzərində 22 dronu vurub.
Ukraynanın "Supernova+" və "Exilenova+" monitorinq kanalları isə Ust-Luqa limanının hücuma məruz qaldığını yazır.
Ukrayna tərəfi hələlik hücumla bağlı şərh verməyib.
Bu il martın 25-dən Ukrayna dronları ixrac üçün vacib Ust-Luqa limanına aktiv hücum edir. Zərbələr nəticəsində üç neft tankeri, bir neçə yanacaq rezervuarı, yanalma körpüləri və "Novatek"in infrastrukturu zədələnib. "Bloomberg" aprelin 5-də yazıb ki, bir neçə günlük fasilədən sonra Ust-Luqa limanı neft yüklənməsi bərpa edilib.
Vladimir vilayətinə də dron hücumu olub. Qubernator Aleksandr Avdeyev bildirib ki, dronlardan biri Aleksandrovski rayonunda ikimənzilli yaşayış evinə düşüb, nəticədə valideynlər və onların 2014-cü il təvəllüdlü oğlu həlak olub. Beş yaşlı qız isə hazırda qohumlarının yanındadır.
Rusiya Müdafiə Nazirliyi aprelin 7-nə keçən gecə Ukraynanın 45 dronunun vurulduğunu açıqlayıb.
Ukraynanın atəşkəs təklifi
Ukrayna Prezidenti Volodimir Zelenski enerji infrastrukturuna hücumların dayandırılması üçün atəşkəs təklif edib.
“Əgər Rusiya bizim enerji infrastrukturumuza zərbələri dayandırmağa hazırdırsa, biz də eyni şəkildə cavab verməyə hazır olacağıq”, – Zelenski aprelin 6-da müraciətində deyib. O, təklifin ABŞ vasitəsilə çatdırıldığını əlavə edib.
Hazırda Rusiya Ukrayna ərazisinin 20 faizini tutub, Kiyevdən qüvvələrini Donetsk vilayətindən çıxarmasını tələb edir.
Donetsk və Luqanskın daxil olduğu Donbasa nəzarət ABŞ-nin vasitəçilik etdiyi sülh danışıqlarında əsas mübahisəli məqamdır.
Son aylar ABŞ-Ukrayna və Rusiya danışıqlarının bir neçə raundu keçirilib. Amma fevralın 28-də ABŞ və İsrail İrana aviazərbələrə başlayandan Ukrayna və Rusiya arasında görüş olmayıb.
Azərbaycana gələnlər azalıb, gedənlər artıb
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycana gəlmiş xaricilərin və vətəndaşlığı olmayan şəxslərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə azalıb. Bu barədə bu gün, aprelin 3-də Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumatda vurğulanır ki, bu ilin iki ayında Azərbaycana dünyanın 163 ölkəsindən 337.3 min (0.4 faiz az) xarici və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin çoxu (23.2 faiz) Rusiya Federasiyası vətəndaşları olub: "2025-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 0.8 faiz artaraq 298.7 min nəfər olub. Vətəndaşlarımızın 37.4 faizi Türkiyəyə (əvvəlki ilin eyni dövrünə nisbətən 2.1 faiz çox), 15.2 faizi Rusiya Federasiyasına (2.8 faiz az), 12.5 faizi İrana (17.7 faiz çox)... gediblər".
Ekspertlər Azərbaycana gələnlərin sayında azalmanı, əsasən, bu ölkədə bir sıra qonşularla müqayisədə turizm imkanlarının əlverişli olmaması ilə izah edirlər. Onlar deyirlər ki, Azərbaycanda turizmlə bağlı qiymətlər qonşu ölkələrlə, o cümlədən Gürcüstanla müqayisədə yüksəkdir.
2020-ci ilin əvvəlindən koronovirus pandemiyası ilə bağlı Azərbaycanın quru sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb. Pandemiya başa çatsa da, bu məhdudiyyətin götürülməməsini rəsmilər təhlükəsizlik amili, ekspertlər isə hökumətin iqtisadi maraqları (ölkədən valyuta çıxmasın və s.) ilə izah edirlər.
Şuşaya bu yol ödənişli oldu
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 81.3 kilometrlik hissəsi ödənişli avtomobil yolu kimi müəyyən edilib.
Nazirlər Kabineti bu barədə aprelin 1-də qərar verib.
Ödənişli avtomobil yolunun başlanğıc və son nöqtələri belədir:
- başlanğıc nöqtəsi: M–6 Hacıqabul–Bəhramtəpə–Mincivan avtomobil yolunun 157-ci kilometri;
- son nöqtəsi: Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun (Zəfər yolu) 100.5-ci kilometri.
Tarif Şurası ödənişin məbləğini təsdiq etməlidir, - qərarda vurğulanır.
24 fevral
Azərbaycanda ödənişli yollarda sürət artırıldı
"Yol hərəkəti haqqında" və "Avtomobil yolları haqqında" qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda təsdiqlənib.
Layihəyə əsasən, ödənişli avtomagistrallarda sürət həddi minik və çəkisi 3.5 tondan az yük avtomobilləri üçün 130 kilometr/saat müəyyən edilir. İri avtobuslar, qoşqulu minik avtomobilləri və 3.5 tondan artıq yük avtomobilləri üçün isə 90 kilometr/saat.
Azərbaycanda yollarda sürət həddinin saatda 130 kilometr müəyyən edilməsi ilk dəfədir.
Ölkədə hazırda əsas ödənişli yol "Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi" yeni avtomobil yoludur. Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayan bu yolun 129 kilometrlik hissəsi ödənişli əsaslarla fəaliyyət göstərir.
Qiymətlər avtomobildən asılı olaraq dəyişir.
- minik avtomobilləri və kütləsi 3.5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9.3 qəpik (bütün yol üçün 12 manat)
- kütləsi 3.5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri.. üzrə 1 km-ə 11.6 qəpik (15 manat)
- avtobuslar üzrə 1 km üçün 7.8 qəpik (10 manat)
- TIR-lar üzrə 1 km-ə 19.4 qəpik (25 manat)
Müstəqil ekspertlər hesab edir ki, böyük neft pullarının gəldiyi bir ölkədə ödənişli yolların olması və orada sürət həddinin artırılması sosial bərabərliyə imkan vermir. Həmin yolla müqayisədə alternativ ödənişsiz yolun isə nisbətən əlverişsiz olduğu vurğulanır.
Ekspertlərə görə, qanunvericiliyə bu dəyişiklik "pulun varsa, sürətdə problem yoxdur" deməkdir.
Azərbaycanda taksilərin icbari sığorta xərcləri artırılır
"Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində Qaydalar"a dəyişikliklər təsdiq edilib. Bu barədə Mərkəzi Bankın (AMB) aprelin 3-də yaydığı məlumatda bildirilir.
"Aparılan təhlillər şəxsi məqsədlərlə istifadə olunan avtonəqliyyat vasitələrinə münasibətdə sərnişin daşımalarında istifadə olunan taksilərin üçüncü şəxslərin əmlakına və səhhətinə zərər vurma ehtimallarının yüksək olduğunu göstərib", - məlumatda vurğulanır.
"Qeyd olunan amillər taksi fəaliyyətində istifadə olunan nəqliyyat vasitələrinə münasibətdə xüsusi əmsalların tətbiqi zərurətini yaradıb", - əlavə edilir.
Nəticə...
Avtonəqliyyat vasitəsi taksi kimi istifadə edildikdə birillik icbari sığorta haqqı məbləği hesablanarkən 1.5 əmsalı tətbiq olunacaq.
Ekspertlər düşünür ki, bu hal taksi xidmətində qiymətlərin bir qədər də yüksəlməsinə xidmət edəcək.
Son illər Azərbaycanda taksi fəaliyyəti sahəsində qanunvericiliyə edilən bir sıra dəyişikliklər həm onların sayının azalmasına, həm də qiymət artımına səbəb olub.
Ekspertlər bu sahədə son dəyişiklikləri hökumətin monopoliya siyasəti ilə izah edirdilər.
Müdafiə Nazirliyinin həkim komissiyasının keçmiş rəisi hakim önünə çıxarılır
Azərbaycan Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının keçmiş rəisi ilə bağlı cinayət işi məhkəməyə göndərilib. Bu barədə bu gün, aprelin 2-də Baş Prokurorluq məlumat yayıb.
Məlumat görə, Rasim Həsənovun komissiyasının rəisi vəzifəsində işlədiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması ittihamı üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
"Rasim Həsənovun 2021-2025-ci illərdə... hərbi qulluqçuların şəhadətləndirilərək tərxis olunmaları üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib", - məlumatda vurğulanır.
R.Həsənov Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilir. Həmin ittihamlarla ona 12 ilədək həbs cəzası verilə bilər.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
R.Həsənov barəsində ötən il həbs-qətimkan tədbiri seçilib.
İttihama R.Həsənov və onun yaxınlarından münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Azərbaycanda müxtəlif dövlət qurumlarında vəzifəli şəxslərin tez-tez rüşvət və korrupsiya ittihamları ilə məsuliyyətə cəlb edilmələri ilə bağlı rəsmi açıqlamalar yayılır. Amma bəzi ekspertlər hesab edir ki, ölkədə korrupsiya ilə köklü mübarizədən çox onun imitasiyası yaradılır. Onlar qeyd edirlər ki, belə işlərdə verilən cəzalar da, əsasən, ya ittihama adekvat olmur, ya da sonradan yüngülləşdirilir.
Lakin rəsmi şəxslər də tez-tez vurğulayırlar ki, ölkədə korrupsiya ilə real mübarizədə hakim iradə mövcuddur.
Problemli kreditlər artmaqda davam edir
Bu il martın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 562 milyon manat təşkil edib. Mərkəzi Bankın açıqlamasına görə, bu göstərici fevralın 1-i ilə müqayisədə 0.8 faiz çoxdur.
Ölkədə problemli kreditlərin məbləği son 1 ildə isə 17 faiz artıb.
Xatırlatma
Azərbaycanda 2015-ci ildə iki devalvasiya baş vermiş, manat iki dəfədən çox dəyər itirmişdi. Onda problemli kreditlərin 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı. 2019-cu il fevralın 19-da isə prezident fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman verdi. Onda 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında devalvasiyalardan sonra yaranmış fərq dövlət hesabına ödənildi. Bundan sonra problemli kreditlər azaldı. Amma 2021-ci ilin əvvəlində yenidən vaxtı keçmiş kreditlərin artdığı açıqlanmışdı. Bu, onda koronavirus pandemiyası ilə izah edilirdi. Lakin sonradan vaxtı keçmiş kreditlərdə yenidən azalma müşahidə edilmişdi. Bununla belə, 2024-cü ilin sonlarından yenidən əks proses getməyə başladı.
İqtisadçılar bunu əhalinin maddi vəziyyətinin nisbətən ağırlaşması ilə izah edirlər.