Keçid linkləri

2026, 13 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:32

Xəbərlər

Nazim Bəydəmirli hüquqlarının məhdudlaşdırıldığını bildirir

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Həbsdə olan keçmiş deputat, iqtisadçı Nazim Bəydəmirli ədliyyə nazirinə müraciət edərək hüquqlarının əsassız olaraq məhdudlaşdırıldığını bildirib.

O vurğulayıb ki, bilmədiyi səbəbdən ayrıseçkiliyə məruz qalır.

"Videogörüntülərin bərpa edilməsi ilə bağlı müraciətlərimə müsbət cavab verilmir, həyat yoldaşıma baş etibarnamənin rəsmləşdirilməsi mümkün olmur, həmçinin lazımi tibbi yardımla və həkimlə təmin olunmuram", - o şikayətlənib.

Keçmiş deputat əlavə edib ki, 13 saylı Cəzaçəkmə Müəssisəsindən 6 saylı Cəzaçəkmə Müəssisəsinə etap olunduğu gündən (5 aydır karantində saxlanıldığını bildirir) videogörüntü hüququndan məhrum edilib.

N.Bəydəmirli bildirib ki, bu problemlərlə bağlı xanımı Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun və Baş Tibb İdarəsinin rəisi Cəmil Kamillinin qəbulunda olub, amma indiyədək heç bir tədbir görülməyib.

Müraciətə sözügedən rəsmi qurumların münasibətini almaq mümkün olmayıb. Amma bundan əvvəl Penitensiar Xidmətdən oxşar şikayətlərə cavab olaraq bildirilmişdi ki, cəzaçəkmə müəssisələrində məhbuslar üçün qanunvericilikdə nəzərdə tutulan bütün zəruri imkanlar yaradılır.

N.Bəydəmirli 2023-cü ilin iyulundan həbsdədir. O, hədə-qorxu ilə əmlak tələb etməkdə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum olunub. Keçmiş deputat ittihamları "uydurma" adlandırır.

2005-2010-cu illərdə Gədəbəy rayonundan Milli Məclisin üzvü olmuş N.Bəydəmirli vurğulayır ki, 2023-cü ilin yayında Gədəbəyin Söyüdlü kəndində yerli əhalinin etirazları ilə bağlı kimisə "qurban vermək" lazım gəldiyindən məhz onu seçiblər. Bu səbəbdən o, özünü "ekologiya məhbusu" adlandırır.

Xatırlatma

2023-cü ilin iyununda Söyüdlü sakinləri ərazidəki qızıl zavodunun tullantı sularının kənddəki gölü zəhərlədiyini və bunun sağlamlığa ciddi mənfi təsir göstərdiyini bildirərək etiraz aksiyası keçirmişdilər. Hadisələr zamanı və sonradan saxlanılan 8 nəfərə 20 günlük inzibati cəza verilib, 4 kənd sakini isə narkotik ittihamı ilə həbsxanaya göndərilib.

Həmin qızıl zavodunun işi müvəqqəti dayandırılsa da, sonradan rəsmi komissiya yenidənqurma və modernləşdirilmə ilə bağlı müəyyən tövsiyələr verməklə müəssisənin fəaliyyətinin bərpasını mümkün sayıb. Zavodun istismarçısı olan "Anglo Asian Mining" şirkətinin qarşısında yerli icmalarla münasibətlərin yaxşılaşdırılması, Söyüdlü kəndində korporativ tibbi və sosial layihələrin icrası kimi tələblər də qoyulurdu.

Müəssisənin son durumu ilə bağlı yaxın tarixdə ictimaiyyətə hər hansı açıqlama verilməyib.

Bir gündə üç dron Moldovanın hava məkanını pozub

Dronun Aneniy-Noy rayonunun Harbovat kəndində partladığı an
Dronun Aneniy-Noy rayonunun Harbovat kəndində partladığı an

Sentyabrın 30-da Moldovanın hava məkanını üç dron pozub.

Səhər Moldova polisi ölkə ərazisinə daxil olmuş dron barədə məlumat yayıb. Qurumun məlumatına görə, dron saat 5:40 radələrində müşahidə edilib, daha sonra Aneniy-Noy rayonunda yerə düşüb.

Gün ərzində Moldovanın Müdafiə Nazirliyi reaktiv mühərrikli daha bir dronun aşkarlandığını açıqlayıb. Dron ölkənin hava məkanına şərq tərəfdən - tanınmamış Dnestryanı bölgənin ərazisindən keçərək daxil olub.

Müdafiə naziri Anatoli Nosatı bildirib ki, bu, artıq 84-cü belə haldır. "Rusiya Federasiyası vətəndaşlarımızın həyatını təhlükəyə atır. Onların Dnestrin hansı sahilində yaşamasının və ya hansı dildə danışmasının heç bir fərqi yoxdur", – Nosatı vurğulayıb.

Axşam isə hakimiyyət orqanları gün ərzində hava məkanının artıq üçüncü dəfə pozulduğunu bəyan ediblər. Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın Ukraynaya kütləvi hücumları fonunda, saat 20:45 radələrində növbəti dron Moldova sərhədini keçib. Dron aşkarlandıqdan sonra ölkə rəhbərliyi hava məkanının mərkəzi hissəsini müvəqqəti olaraq uçuşlara bağlayıb.

Qubad İbadoğlu Almaniyaya gedib

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçı alim Qubad İbadoğlu bu gün, sentyabrın 29-u səhər Azərbaycanı tərk edərək Almaniyaya gedib.

"Azadlıq" qəzetinə açıqlamasında o, səhhəti ilə əlaqədar olaraq xaricə çıxış qadağasının ləğv edildiyini bildirib. "Müayinə, müalicə və zərurət yaranarsa, ürəyimdən açıq tibbi əməliyyat olunmaq üçün Almaniyaya gəldim", –İbadoğlu bildirib.

Hazırda onun barəsində iltizam qətimkan tədbiri qüvvədədir.

Məsələ ilə bağlı rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Q.İbadoğlu 2023-cü il iyulun 23-də Azərbaycanda həbs edilmişdi. O, əvvəlcə mütəşəkkil qrup halında saxta pul və ya qiymətli kağızlar hazırlamaq və yaymaqda, sonradan isə dini ekstremist materiallar saxlamaq və yaymaqda təqsirləndirilib.

Səhhətindəki problemlərə görə 2024-cü ilin aprelində ev dustaqlığına buraxılan iqtisadçının qətimkan tədbiri sonradan polis nəzarəti ilə əvəzlənib. Həmin ilin avqustunda isə onunla bağlı cinayət işi ümumi icraatdan ayrılıb.

Q.İbadoğlu həbsdən çıxandan bir müddət sonra rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. İdarə Heyəti partiyanın fəaliyyətinə xitam verilməsini qurumun rəsmi qeydiyyata alınmaması ilə əsaslandırıb.

Azərbaycanda avtobusların 61 faizinin yaşı 20-dən çoxdur

Paytaxtdakı nəqliyyat xaosunun səbəbi - Avropada 1.6, Bakıda 1.1
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

Azərbaycandakı avtobusların 87 faizinin yaşı 10 ildən, 61 faizinin yaşı isə 20 ildən yuxarıdır. Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) hesabatında bildirilir.

DSK-nın məlumatına görə, 2025-ci ildə ölkədəki avtobusların ümumi sayı 33 min 186 ədədə çatıb. Bu göstərici 2024-cü ildə 32 min 107 ədəd təşkil edirdi.

Artıma baxmayaraq, avtobus parkında köhnə nəqliyyat vasitələrinin payı yüksək olaraq qalır. 2025-ci ilin sonuna olan məlumata görə, istismar müddəti 10–20 il olan avtobusların sayı 8 min 776, yaşı 20 ildən yuxarı olanların sayı isə 20 min 274 ədəd təşkil edib. Nəticədə ölkənin avtobus parkındakı nəqliyyat vasitələrinin 87.5 faizinin yaşı 10-u, 61 faizindən çoxunun yaşı isə 20-ni keçib.

Xatırlatma

Son illər Azərbaycanda, xüsusilə paytaxt Bakıda vətəndaşlar həm tıxaclardan, həm də sərnişin avtobuslarının durumundan şikayətlənirlər. Xüsusilə isti havada bəzi avtobuslarda kondisionerin olmamasından gileylər eşidilir. Rəsmi açıqlamalara görə isə, son illər paytaxtın bir sıra marşrut xətlərinə müasir avtobuslar cəlb edilib. Bu müasir avtobuslarda gediş haqqı digərlərindən 10 qəpik bahadır.

Putin Rusiyanın neft və yanacaq məlumatlarını məxfiləşdirdi

Rusiyadakı qıtlıq azərbaycanlıları da vurdu: 'Hamı nigarandır'
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

Rusiya prezidenti Vladimir Putin sentyabrın 28-də ölkənin yanacaq-energetika sahəsinə aid məlumatlara çıxışı məhdudlaşdıran fərman imzalayıb. Sənədə əsasən, neft emalı zavodlarında emal olunan xammalın və istehsal edilən yanacağın həcmi, benzin və dizelin satışı, onların daşınma marşrutları barədə məlumatlar məxfiləşdiriləcək.

Bu məlumatların mediada və internetdə açıq şəkildə yayılması qadağan edilir.

Məhdudiyyət şirkətlərin özlərinin yayımladığı hesabatlara şamil olunmur.

Fərmana görə, yanacaq sektoru ilə bağlı məlumatlara çıxış "ABŞ və ona qoşulmuş xarici dövlətlərin, habelə beynəlxalq təşkilatların qeyri-dost və beynəlxalq hüquqazidd hərəkətlərinə cavab olaraq" məhdudlaşdırılır. Xarici dövlətlərin konkret hansı addımlarının bu qərara səbəb olduğu açıqlanmır.

Ukrayna 2026-cı ildə Rusiyanın neft emalı infrastrukturuna dronlar ilə hücumlarını xeyli intensivləşdirib. "Reuters" Beynəlxalq Enerji Agentliyinə istinadən bildirir ki, ilin ilk səkkiz ayında Rusiyanın neft emalı zavodlarına orta hesabla hər üç gündən bir uğurlu zərbə endirilib. Nəticədə iyulda Rusiyada neft emalının həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 30 faiz azalaraq 2004-cü ildən bəri ən aşağı səviyyəyə düşüb. Benzin istehsalı isə 20 faiz azalıb.

Jurnalist Əvəz Zeynallı vəfat edib 

Əvəz Zeynallı məhkəmədə
Əvəz Zeynallı məhkəmədə

"Xural TV" internet televiziyasının rəhbəri Əvəz Zeynallı uzun sürən xəstəlikdən sonra bu gün, sentyabrın 28-də vəfat edib.

O, bir ildən çox idi ki, xərçəng xəstəliyindən müalicə olunurdu. Məhz bu səbəbdən də həbsdən vaxtından əvvəl azad edilmişdi. Ötən il aprelin 25-də Penitensiar Xidmətin Müalicə Müəssisəsindən buraxılan jurnalist elə həmin gün Nizami rayon Məhkəməsinin qərarı ilə səhhətinə görə azadlığa buraxılmışdı.

Yaxınları deyirdi ki, Ə.Zeynallının xəstəliyi daha tez müəyyən edilsə də, səhhəti ilə əlaqədar azadlığa buraxılması yubadılıb. Vəkilləri də səhhətinə görə azad olunması üçün məhkəməyə müraciət etmişdi. Rəsmi qurumlar bu iddialara münasibət bildirməyiblər.

Ə.Zeynallı 2022-ci il sentyabrın 9-da həbs olunmuşdu. Ona qarşı əvvəlcə rüşvət ittihamı irəli sürülsə də, sonradan cinayət işinə dələduzluq və nüfuz alveri kimi yeni ittihamlar da əlavə edilmişdi. O, özünü təqsirli bilmir, susdurulması üçün siyasi sifarişlə həbs olunduğunu deyirdi.

Məhkəmənin hökmü ilə 9 il azadlıqdan məhrum edilən jurnalistin cəza müddəti sonradan 2 ay azaldılmışdı.

Bu, Ə.Zeynallının ikinci həbsi idi. Birinci həbsi zamanı isə o, Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında 2011-ci il oktyabrında saxlanmış və 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin vaxt baş redaktor külli miqdarda rüşvət almaq, məhkəmə qərarlarını icra etməmək və vergidən yayınmaqda ittiham olunurdu. O, bütün ittihamları rədd edirdi. 2014-cü ildə prezidentin əfv sərəncamı ilə azadlığa çıxmışdı.

Xatırlatma

Hazırda Azərbaycanda 20 civarında jurnalist həbsxanadadır. Onlar əsasən qaçaqmalçılıq və digər qanunsuz əməllərdə ittiham olunurlar. Amma özləri ittihamları qəbul etmir, bunu peşə fəaliyyətləri və siyasi qərarlarla əlaqələndirirlər.

Beynəlxalq insan haqları təşkilatları hökuməti haqsız yerə tutulan şəxsləri azad etməyə çağırır.

Xalq Cəbhəsi üzvü 20 sutka həbs edilib

Tərlan Baxışlı
Tərlan Baxışlı

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Nizami rayon şöbəsinin fəalı Tərlan Baxışlının 20 sutka müddətinə həbs edildiyi bildirilir.

Partiyadan yayılan açıqlamaya görə, sentyabrın 25-də səhər saatlarında o, kirayə yaşadığı evdən çıxıb, daha sonra onunla əlaqə qurmaq mümkün olmayıb: "Ailəsinin verdiyi məlumata görə AXCP Nizami rayon Şöbəsinin fəalı Tərlan Baxışlıya 20 sutka inzibati həbs cəzası verilib".

Partiyadan onun şərləndiyini düşünürlər.

Hələlik məsələnin detallarını öyrənmək və AXCP-nin açıqlamasına rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Son illər AXCP-nin bir çox üzvləri vaxtaşırı inzibati qaydada həbs edilir. Hazırda partiyanın 20-dən çox fəalı isə uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var. Həmin şəxslər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs olunduğunu bəyan edir.

Hüquq müdafiəçilərinin hazırladığı siyahıya görə, Azərbaycan həbsxanalarında hazırda ümumilikdə 328 siyasi məhbus var. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri qanunazidd əmələ görə mühakimə olunublar.

Vuçiç istefa verib

Aleksandr Vuçiç
Aleksandr Vuçiç

Serbiya Prezidenti Aleksandr Vuçiç sentyabrın 27-də istefa verdiyini açıqlayıb. O, oktyabrda keçiriləcək seçkilərdə ölkə parlamentinə namizəd olacaq.

Vuçiç 2027-ci ildə prezidentlik müddətinin başa çatmasını gözləmədən vəzifəsindən ayrılacağını iyunun sonunda bildirmişdi. O, hakim Serbiya Tərəqqi Partiyasının seçki siyahısına başçılıq edəcək, baş nazir postuna namizəd olacaq. Bosniya əsilli avstriyalı politoloq Vedran Cihiç 2026-cı ilin iyununda “Die Presse” qəzetinə müsahibəsində Vuçiçin istefa haqda açıqlamalarını baş nazir vəzifəsini tutmaq üçün bir gediş kimi qiymətləndirmişdi.

Aleksandr Vuçiç İyulda “Die Presse”yə müsahibəsində partiyasının oktyabr seçkilərində qələbə şansını yüksək qiymətləndirib. “Üç aydan sonra bir çox ölkədəkindən xeyli demokratik keçəcək seçkilərdə qalib gələcəyik. Serbiyanı iqtisadi baxımdan daha güclü edəcəyik”, – o deyib.

Sentyabrın 7-də Serbiya hökuməti Vuçiçdən ölkənin birpalatalı parlamenti Xalq Skupşinasını buraxmağı, növbədənkənar seçki təyin etməyi xahiş edib. Vuçiç də belə edib. Seçki oktyabrın 25-də keçiriləcək. Serbiya Konstitusiyasına əsasən, seçki kampaniyasına 45 gündən 60 günədək vaxt ayrılmalıdır.

Vuçiç 12 il prezident postunda olub. Onun ikinci prezidentlik müddəti 2027-ci ildə başa çatmalı idi. Konstitusiyaya görə, eyni şəxs iki müddətdən artıq prezident ola bilməz.

Serbiya parlament respublikasıdır. İcra hakimiyyəti bütünlüklə baş nazirin rəhbərlik etdiyi hökumətə məxsusdur. Ancaq prezidentin də, xüsusilə xarici siyasət və təhlükəsizlik sahələrində bir sıra səlahiyyətləri var.

Moskvada politoloq narkotik ittihamı ilə həbs edilib

Aleksandr Kınev
Aleksandr Kınev

Rusiyada politoloq Aleksandr Kınev cinayət işi çərçivəsində həbs edilib və Moskvanın Perovo rayon Məhkəməsinin qərarı ilə sentyabrın 25-də istintaq təcridxanasına göndərilib.

"Mediazona"nın məhkəmə sənədlərinə istinadən yaydığı məlumata görə, Kınev narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur və bu maddə üzrə onu 10 ildən 20 ilədək həbs cəzası gözləyir.

Politoloqun saxlanılması faktını vəkil Mixail Biryukov da "Mediazona"ya təsdiqləsə də, onun məhz nə vaxt saxlanıldığı hələlik məlum deyil. İki gün əvvəl Kınev Dövlət Dumasına keçirilən seçkiləri "Facebook" hesabında şərh edib, həmçinin yaxın vaxtlara qədər onun Telegram-kanalında da seçki nəticələri ilə bağlı paylaşımlar dərc olunub.

Jurnalist Aleksey Venediktovun yazdığına görə, Kınev özünü təqsirli bilmir.

Kınev Rusiyanın regionlarında hakimiyyət strukturunu təhlil edir, seçkilərlə bağlı araşdırmalar aparır. Onun 2025-ci ildə işıq üzü görən "Rusiya regionlarını kim və necə idarə edir" kitabında SSRİ-nin dağılmasından sonra regional administrasiyaların formalaşması mərhələləri tədqiq olunur.

Politoloq Ukraynadakı müharibəyə qarşı çıxıb. Rusiya hakimiyyəti bu ilin fevralında onu "xarici agent" elan edib.

Azərbaycana gələnlər də azalmaqdadır, gedənlər də

Yaxın Şərqdəki gərginlik Azərbaycanda turizm mövsümünü 'vurdu': 60 faiz azalma
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 586 min xarici və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsinin (DSK) sentyabrın 25-də yaydığı məlumata görə, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7.8 faiz azdır.

Gələnlərdən ən çox- 27.9 faizini Rusiya, 19.4 faizini Türkiyə, 7.8 faizini İran, 4.8 faizini isə Gürcüstan vətəndaşları təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6.6 faiz artaraq 77.8 min, MDB ölkələrindən gələnlərin sayı isə 3.1 faiz artaraq 619.5 min nəfərə çatıb. Bunun əksinə olaraq, Körfəz ölkələrindən gələnlərin sayı 33.3 faiz azalaraq 192 min nəfərə düşüb.

Bu ilin səkkiz ayında ötən ilin analoji dövrü ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı da 2.4 faiz azalaraq 1 milyon 384.5 min nəfər olub. Onların 43.9 faizi Türkiyəyə (ötən ilin eyni dövrünə nisbətən 2.2 faiz çox), 14.8 faizi Rusiya Federasiyasına (2.2 faiz az), 12.8 faizi Gürcüstana (13.6 faiz çox), 5.3 faizi isə İrana (41.2 faiz az) gedib.

Rəsmi statistika son illər həm Azərbaycana gələnlərin, həm də ölkədən xaricə gedənlərin sayında davamlı azalma meylinin olduğunu göstərir.

Xatırlatma

Ekspertlərin fikrincə, ölkəyə gələn xaricilərin sayının azalmasına iki əsas amil təsir edir: quru sərhədlərinin hələ də bağlı qalması və Azərbaycanda istirahətin qonşu ölkələrə nisbətən baha olması. Quru sərhədləri 2020-ci ildə koronavirus səbəbindən bağlansa da, hökumət təhlükəsizlik amillərini əsas gətirərək bu məhdudiyyəti hələ də qüvvədə saxlayır.

Körfəz ölkələrindən gələnlərin sayındakı azalma isə bu il Yaxın Şərqdə artan hərbi gərginliklə izah olunur.

Azərbaycan vətəndaşlarının xaricə səfərlərindəki geriləməni isə mütəxəssislər əhalinin maddi vəziyyəti ilə əlaqələndirirlər.

Qazaxıstanda təlimdə həlak olan hərbçilərin sayı 12-yə çatıb

Qazaxıstan ordusunun Xəzər dənizində təlimi
Qazaxıstan ordusunun Xəzər dənizində təlimi

Qazaxıstanda Xəzər dənizində hərbi təlimlər zamanı həlak olan hərbçilərin sayı 12-yə çatıb. Manğıstau vilayətinin regional hakimiyyət orqanlarının yaydığı məlumata görə, daha iki hərbçinin axtarışları davam edir və onlar hələ də itkin düşmüş hesab olunurlar.

Hadisə ötən gün baş verib, güclü dalğa 17 nəfəri dənizə aparıb. Onlardan 12-si ölüb, üçünü isə xilas etmək mümkün olub.

Prezident Kasım-Jomart Tokayev sentyabrın 25-də ölkədə ümummilli matəm günü elan edib.

"Azattyq Asia" yazır ki, bu, Xəzər dənizində təlim zamanı ilk ölüm halı deyil. 2015-ci ildə Aktau yaxınlığında keçirilən "Mərkəz – 2015" təlimlərində də dörd hərbçi həlak olmuşdu. Həmin vaxt göyərtəsində 52 hərbçi olan altı BTR-80 zirehli transportyoru dənizə çıxmış, güclü külək nəticəsində batmışdı. Faciənin səbəbləri kimi təhlükəsizlik qaydalarına riayət olunmaması, şəxsi heyətin hazırlığının yetərsizliyi və nəzarətin zəifliyi göstərilmişdi. Altı nəfər təqsirli bilinərək məsuliyyətə cəlb edilmişdi.

+++

Qazaxıstan Müdafiə Nazirliyi təlim zamanı 9 hərbçinin həlak olduğunu, qalanlarının isə axtarıldığını bildirib.

Məlumata görə, sentyabrın 24-də Manğıstau vilayətində Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri təlim keçirərkən hava şəraiti qəfil pisləşib və külək güclənib. Xəzər dənizinin sahilində təlim-döyüş tapşırığını yerinə yetirən hərbçilər güclü dalğanın təsirindən dənizdə batıb.

19 hərbçidən doqquzunun öldüyü təsdiqlənib, üç hərbçi xilas edilib. Onlardan biri xəstəxanaya yerləşdirilib. Qalan hərbçilərin axtarışı davam edir.

Faktla bağlı Qazaxıstan Baş Prokurorluğunda cinayət işi başlanıb.

Berlin aeroportu dron səbəbindən işini müvəqqəti dayandırıb

Berlin-Brandenburq aeroportu
Berlin-Brandenburq aeroportu

Berlin-Brandenburq aeroportu yaxınlığında dron görünməsi səbəbindən sentyabrın 23-ü axşam saatlarında işini müvəqqəti dayandırıb.

Dron yerli vaxtla saat 20:00 radələrində görünüb. Bundan sonra Almaniyanın Hava Nəqliyyatının İdarə Edilməsi Xidməti (DFS) əvvəlcə şimal, sonra isə cənub uçuş-enmə zolağını bağlayıb. Məhdudiyyətlər bir saat sonra aradan qaldırılıb.

DPA agentliyinə görə, Berlin-Brandenburq Almaniya hava limanları arasında yaxınlığında ən çox dron aşkar edilən məkandır. Dispetçer xidməti 2026-cı ilin ilk altı ayında burada 28 dron qeydə alıb və onlardan 7-sində uçuşlar dayandırılıb. Müqayisə üçün, 2025-ci ilin bütün ili ərzində cəmi 8 dron qeydə alınmışdı.

Hazırda Almaniya aeroportları və hərbi obyektləri yaxınlığında şübhəli dronların görünməsi ilə bağlı bir neçə hadisə araşdırılır.

Avqustda Leypsiq hava limanında bir neçə dron tapılıb. Onlardan birinin partlayıcı ilə təchiz olunduğu və Ukraynanın sursat daşıyan "An-124" təyyarəsinin yaxınlığında yerləşdiyi bildirilir. Sentyabrın 1-də Almaniya hakimiyyəti iddia edilən təxribat cəhdində Rusiyanı günahlandırıb. Moskva ittihamları rədd edib.

Sentyabrın 23-də Vunstorf hərbi aerodromu yaxınlığında tapılan dron qalıqlarının yanında da naməlum maddə aşkarlanıb. Maddənin partlayıcı olduğu güman edilir, amma kriminalistik ekspertiza hələ bitməyib. Həmin aerodromda Almaniya Hərbi Hava Qüvvələrinin "Airbus A400M" hərbi nəqliyyat təyyarələri yerləşir.

Almaniyanın Federal Prokurorluğu və Federal Cinayət İşləri İdarəsi bu iki hadisə arasında əlaqəni araşdırır.

Almaniya mediasının məlumatına görə, dronların quruluşu oxşardır. Vunstorfdakı dronun ən azı bir detalı 3D printerdə hazırlanıb.

Rusiya hərbi helikopteri Polşanın hava məkanını pozub

Helikopter Polşanın hava məkanına təxminən 300 metr daxil olub və orada 42 saniyə qalıb

Sentyabrın 23-də Rusiyaya məxsus Mi-8 hərbi helikopteri Polşanın hava məkanını pozub. Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığının məlumatına görə, hadisə ilə əlaqədar qırıcı təyyarələr havaya qaldırılıb.

Açıqlamada bildirilir ki, Kalininqrad istiqamətindən gələn helikopter Polşanın hava məkanına təxminən 300 metr daxil olub və orada 42 saniyə qalıb.

“Hadisənin xarakteri göstərir ki, Rusiya hava hücumundan müdafiəmizin hazırlığını yenidən sınağa çəkir”, – məlumatda deyilir.

Sentyabrın 13-nə keçən gecə Polşa-Ukrayna sərhədi yaxınlığında Rusiya dronlarının hücumlarından sonra Polşanın baş naziri Donald Tusk Rusiyanın gərginliyi artırmasının “artıq fakta çevrildiyini” bildirib. O xəbərdarlıq edib ki, qarşıdakı həftələr və aylar Moskvanın “çox intensiv fəaliyyət” dövrü ola bilər. Tuskun sözlərinə görə, gərginliyin Polşa ərazisinə də yayılacağını istisna etmək olmaz.

İyulun 30-na keçən gecə Rusiyanın X-101 qanadlı raketi Polşaya düşüb. Ölkə prokurorluğunun məlumatına görə, raket 2026-cı ilin ikinci rübündə Moskva vilayətindəki zavodlardan birində istehsal olunub.

Yaxınları Samir Aşurovun təcridxanada döyüldüyünü deyir

Samir Aşurov
Samir Aşurov

Almaniyadan Azərbaycana readmissiya edildikdən sonra həbs olunan Samir Aşurovun saxlandığı 1 saylı Kürdəxanı Təcridxanasında döyüldüyü bildirilir.
Bu barədə onun yaxınları məlumat yayıb.

Yaxınlarının açıqlamasına görə, Samir Aşurov bunun səbəbini təcridxananın bir əməkdaşına adı ilə müraciət etməsini göstərib. Onların vurğulamasına görə, o, Samir Aşurova “Mənə müəllim deyə müraciət etməlisən” söyləyib.

Yaxınları əlavə edib ki, artıq sentyabrın 22-də baş vermiş hadisə ilə bağlı Penitensiar Xidmətin rəisinə, Ombudsman Aparatına, prokurorluğa şikayət ərizələri yazılıb.

Hələlik, bu iddialara sözgedən təcridxananın cavabdeh şəxslərindən və başqa rəsmi qurumlardan münasibət alamq mümkün olmayıb.

Amma Penitensiar Xidmətdən bir qayda olaraq cəzaçəçəkmə müəssisələri və təcridxanalarda saxlanan şəxslərə işgəncə verilməsi ilə bağlı iddiaları yalanlayırlar.


17.09.2026

Ali Məhkəmə də Samir Aşurovu vaxtından əvvəl azadlığa buraxmadı

Sentyabrın 17-də Ali Məhkəmədə Almaniyadan Azərbaycana readmissiya edildikdən sonra həbs olunan Samir Aşurovun kassasiya şikayətinə baxılıb.

Yaxınlarının yaydığı məlumata görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin S.Aşurovun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətini təmin etməməsi ilə bağlı olub.

Ali Məhkəmənin hakimi Vidadi Cəfərov Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

"Samirə verilən haqsız cəzanın 2/3 hissəsini çəkdikdən sonra vaxtından əvvəl azadlığa buraxılması üçün müraciət etmişdi. Amma Xəzər rayon Məhkəməsi bu müraciəti rədd edib, Apellyasiya Məhkəməsi isə həmin qərarı dəyişdirmədən qüvvədə saxlayıb", – onda S.Aşurovun xanımı Nuranə Aşurova demişdi.

Samir Aşurovun həbsi

2023-cü il martın 29-da Almaniyadan deportasiya olunan S.Aşurov bundan 20 gün sonra saxlanıb. O, Elşən Nəbiyev adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunub. Aşurov əvvəlcə Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə həbsdə saxlanıb. Bir neçə ay sonra isə ona qarşı Cinayət Məcəlləsinin daha bir - 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq törətmək) maddəsi ilə ittiham irəli sürülüb. 2023-cü il dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu təqsirli bilərək 6 il 6 ay azadlıqdan məhrum edib.

Hüquq müdafiəçiləri S.Aşurovu siyasi məhbus kimi tanıyıblar. O, ittihamı qurama sayır.

Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarına daxil edilənlər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.

Xatırlatma

Son dörd il ərzində Avropa ölkələrindən (əsasən, Almaniyadan) Azərbaycana readmissiya edilən şəxslərdən ən azı beş nəfərin (S.Aşurov daxil) narkotik və başqa ittihamlarla həbsi diqqət çəkib. Onlar həbslərini mühacirətdə olarkən Azərbaycanla bağlı etiraz aksiyalarında fəallıqları ilə izah ediblər. Amma rəsmilər, bir qayda olaraq, insanların tənqidi mövqelərinə görə əsassız yerə təqib olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.

Rüsum 15 dollardan 300 dollara qaldırıldı

Polad zavodu
Polad zavodu

Azərbaycandan ixrac olunan vintlər (boltlar və qaykalar) üçün gömrük rüsumu kəskin artırılıb.

Nazirlər Kabinetinin sentyabrın 22-də qəbul etdiyi yeni qərara əsasən, bu məhsulların hər 1000 kiloqramı üçün gömrük haqqı 15 dollardan 300 dollara qaldırılıb. Yeni qayda 2029-cu ilin sonuna qədər qüvvədə olacaq.

Qərar dərc olunduqdan 30 gün sonra qüvvəyə minir.

Hökumət bu addımın səbəbini rəsmi olaraq açıqlamayıb.

Son bir ildə Azərbaycanda bir çox sahələrdə rüsum və cərimələr artırılıb.

Davamı

XS
SM
MD
LG