Keçid linkləri

2026, 26 May, çərşənbə axşamı, Bakı vaxtı 18:51

Xəbərlər

Gömrük borcu olanların ölkədən çıxışı bağlana bilər

Dövlət Gömrük Komitəsi
Dövlət Gömrük Komitəsi

Dövlət Gömrük Komitəsinin (DGK) səlahiyyətlərinin artırılması nəzərdə tutulur.

Aprelin 29-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Gömrük Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Yeni təklifə əsasən, gömrük borcunu ödəməyən şəxslərin və ya şirkət rəhbərlərinin ölkədən çıxışına qadağa qoyula bilər. Belə ki, gömrük orqanlarına borcu olan şəxslərin ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması üçün məhkəməyə müraciət etmək hüququ verilir.

Bundan başqa, gömrük təmsilçiliyi institutunun yenidən qurulması və bu sahədə imkanların liberallaşdırılmasından bəhs edilir. Bu çərçivədə "gömrük brokeri" anlayışı "dolayı gömrük təmsilçiliyi" termini ilə əvəz edilir.

Layihə Milli Məclisin plenar iclasına çıxarılmadan ictimaiyyət arasında tənqidlərə səbəb olub.

İqtisadçı Natiq Cəfərli Facebook səhifəsində xatırladır ki, uzun müddətdir DGK-nın müstəqil və hərbi rütbəli bir qurum kimi fəaliyyətinə ehtiyac olmadığı müzakirə edilir. Onun sözlərinə görə, çoxdan təklif var ki, qurum ya Maliyyə, ya da İqtisadiyyat nazirliyinə birləşdirilsin, hərbi rütbələr ləğv edilsin.

İqtisadçı vurğulayıb ki, amma hazırda bu islahatların əvəzinə DGK-nın səlahiyyətlərini kəskin artıran yeni qərarların qəbulu gündəmdədir.

N.Cəfərli sözügedən dəyişiklikləri məqbul saymır.

Azərbaycanda problemli kreditlərin artımı sürətlənib

Problemli kreditlər azalmır, artır
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Bu il aprelin 1-nə ölkə banklarında vaxtı keçmiş kreditlərin məbləği 619.6 milyon manat təşkil edib.

Mərkəzi Bankın məlumatına görə, bu, martın 1-i ilə müqayisədə 10.25 faiz çoxdur. Ölkədə vaxtı keçmiş kreditlərin məbləği ilin əvvəlindən bəri 18.1 faiz, son bir ildə isə 28.65 faiz artıb.

Rəsmilər bu artımı hələlik şərh etməyiblər. Bununla belə, hazırda qanunvericilikdə bank borclarını vaxtında ödəməyənlərə qarşı tədbirlər sərtləşdirilir.

Müstəqil ekspertlər isə problemli kreditlərin artmasını ölkə vətəndaşlarının maddi durumunun getdikcə pisləşməsi kimi izah edirlər.

Xatırlatma

Azərbaycanda 2015-ci ildə iki devalvasiya baş vermiş, manat iki dəfədən çox dəyər itirmişdi. Onda problemli kreditlərin 2 milyard manata yaxınlaşdığı açıqlanmışdı. 2019-cu il fevralın 19-da isə prezident fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman verdi. Onda 10 min dollara qədər kredit götürən fiziki şəxslərin borclarında 2015-ci ildə baş vermiş devalvasiyalardan sonra yaranmış fərq dövlət hesabına ödənildi. Bundan sonra problemli kreditlər azaldı. Amma 2021-ci ilin əvvəlində yenidən vaxtı keçmiş kreditlərin artdığı açıqlanmışdı. Bu, onda koronavirus pandemiyası ilə izah edilirdi. 2022-ci ildə isə yenidən problemli kreditlərin azaldığı vurğulanırdı. Lakin bu ildən əks proses müşahidə edilir.

Birləşmiş Ərəb Əmirlikləri OPEC-dən ayrılır

OPEC
OPEC

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) mayın 1-dən Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC+ formatından çıxır. Əbu-Dabinin rəsmi bəyanatında qeyd olunur ki, bu qərar ölkənin uzunmüddətli enerji strategiyasına uyğundur və sektorun inkişafı üçün investisiyaların artırılmasına yönəlib. BƏƏ rəsmiləri həmçinin beynəlxalq bazarda enerji resurslarının etibarlı tədarükçüsü statusunu qoruyub saxlamaq niyyətində olduqlarını vurğulayıblar.

Təşkilatdan ayrılma qərarı neft hasilatı siyasətinə yenidən baxılması, milli maraqların qorunması, həmçinin "Fars körfəzi və Hörmüz boğazındakı təlatümlər" fonunda enerji bazarlarında yaranmış vəziyyətlə izah olunur.

1967-ci ildən OPEC-in üzvü olan Əbu-Dabi əmirliyi 1971-ci ildə BƏƏ-nin yaranması ilə bu üzvlük statusunu yeni federasiya tərkibində saxlayıb.

OPEC-in 2024-cü il məlumatlarına əsasən, təşkilatın ümumi neft hasilatında Ərəb Əmirliklərinin payı (kvotası) 13.5 faiz olub. Qurumu tərk etdikdən sonra ölkənin bazar tələbatından asılı olaraq hasilat həcmini tədricən artıracağı gözlənilir.

1960-cı ildə təsis edilmiş OPEC hazırda Venesuela, İran, Səudiyyə Ərəbistanı və Əlcəzair də daxil olmaqla, 12 əsas neft ixracatçısını birləşdirir. Genişləndirilmiş OPEC+ formatına isə Rusiya, Azərbaycan və Qazaxıstan kimi müstəqil istehsalçılar daxildir. Ümumilikdə OPEC+ qlobal neft istehsalının təxminən yarısını təmin edir.

Üç ayda xarici borcun faizlərinə 70 milyon dollar ödənilib

Maliyyə Nazirliyi
Maliyyə Nazirliyi

Bu ilin ilk üç ayında Azərbaycanın xarici dövlət borcu üzrə 71.9 milyon ABŞ dolları faiz ödənilib. Bu barədə Maliyyə Nazirliyinin hesabatında bildirilir.

Hesabata əsasən, 2026-cı ilin birinci rübünün yekununda ölkənin ümumi dövlət borcu 24 milyard 464 milyon manat təşkil edib. Bu məbləğin 4 milyard 689,3 milyon dolları (32.6 faiz) xarici, 16 milyard 493 milyon manatı (67.4 faiz) isə daxili dövlət borcunun payına düşüb.

Rüblük hesabatların təhlili göstərir ki, ölkənin dövlət borcu ilin əvvəli ilə müqayisədə azalıb. İlin əvvəlində bu məbləğ 25 milyard 987 milyon manat açıqlanmışdı.

Keçən il xarici borc üzrə faiz ödənişlərinə 225 milyon dollar vəsait sərf olunub.

Xatırlatma

Hesabat dövründə Azərbaycanın dövlət borcu azalsa da, rəsmi hesabatlarda onun qarşıdakı illərdə artacağı proqnozlaşdırılır. Halbuki bir neçə il öncə rəsmilər çıxışlarında, bir qayda olaraq, dövlət borcunu azaltmağı əsas məqsədlərdən biri kimi vurğulayırdılar.

Ekspertlər bunu, əsasən, son illər Azərbaycanın əsas ixrac məhsulları olan neft və qazın ucuzlaşması ilə izah edirdilər. Hərçənd son aylarda ABŞ, İsrail-İran münaqişəsi dünya neftinin və maye qazının 20 faizinin nəql edildiyi Hörmüz boğazının bağlanmasına, nəticədə "qara qızıl"ın 70 faiz bahalaşmasına səbəb olub.

Sel və daşqınların fəsadları üçün 85 milyon manat ayrıldı

İlham Əliyev
İlham Əliyev

Prezident İlham Əliyev aprelin 28-də sel və daşqınların təhlükəli təsirlərinə qarşı mübarizə tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakıda və ölkənin müxtəlif bölgələrində güclü leysan yağışları nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün Prezidentin ehtiyat fondundan 85 milyon 869 min 260 manat vəsait ayrılıb.

Ayrılan maliyyənin bir hissəsi rayonlarda yeni fərdi evlərin tikintisinə, zərərçəkənlərin mənzil təmiri və kirayə xərclərinə yönəldiləcək.

Bu proses çərçivəsində bəndlərin inşası, kollektorlardakı çökmələrin aradan qaldırılması, nasos stansiyalarının mühərriklərinin yenilənməsi, körpülərin bərpası və yolların təmiri də nəzərdə tutulur.

Zərdabın üç kəndində sakinlər təhlükə gözləyir – Rəsmi qurum isə 'şişirdilib' deyir
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

Xatırlatma

Son aylarda yağan yağışlar Bakıda və ölkənin bir çox bölgəsində ciddi fəsadlara yol açıb. Küçə, həyət və evlərin su altında qaldığı bir sıra ərazilərdə etirazlar baş verib; sakinlər hökumətdən yardım və kompensasiya tələb ediblər.

Əslində, son illər Bakıda və paytaxtətrafı qəsəbələrdə güclü yağışlar zamanı eyni problemlər mütəmadi olaraq təkrarlanır. Hətta 2024-cü ilin oktyabrında Sabunçu rayonundakı tuneli su basması nəticəsində iki nəfər həyatını itirmişdi.

Ekspertlər mövcud vəziyyəti, əsasən, son illərdə paytaxt və ətraf yaşayış məntəqələrində tikinti işlərinin plansız aparılması ilə əlaqələndirirlər. Mütəxəssislər vurğulayırlar ki, son 20 ildə ölkədə su və kanalizasiya sistemlərinin yenilənməsinə külli miqdarda vəsait ayrılıb. Onların fikrincə, əgər həmin vəsaitlərdən səmərəli istifadə olunsaydı, problem bu dərəcədə kəskinləşməzdi.

Tuapseyə yenə dron hücumu olub, neft emalı zavodu yanır

Əvvəlki hücumlardan birindən sonra Tuapse
Əvvəlki hücumlardan birindən sonra Tuapse

Tuapseyə dron hücumundan sonra neft emalı zavodunda yanğın baş verib. Bu barədə Krasnodar diyarının operativ qərargahı məlumat yayıb. Xəsarət alan olmayıb. Yanğının söndürülməsinə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi daxil olmaqla 122 nəfər və 39 texnika cəlb olunub.

Ukraynanın "Exilenova+" Telegram monitorinq kanalı iddia edir ki, əvvəlki zərbədən zavodun rezervuar parkının böyük hissəsi zədələnib və ya dağıdılıb. Kanalın məlumatına görə, hazırda zavodun bir neçə rezervuarının yandığı ehtimal olunur. Yerli sakinlər alovun üçüncü rezervuara keçdiyini yazırlar. Ukrayna tərəfi hələlik hücumla bağlı şərh verməyib.

Bu il aprelin 16-da və 20-də bu neft emalı zavodu artıq dron hücumuna məruz qalmışdı. Rezervuar parkında başlayan güclü yanğın bir neçə gün davam etmiş, onlarla kilometr məsafədən görünmüşdü. Yanan məhsulların qalıqları atmosferə yayılmış, leysan yağışlar Tuapse çayında suyun səviyyəsini qaldırmışdı. Daha əvvəl çaya axan neft məhsulları qoruyucu baryerləri aşaraq Qara dənizin akvatoriyasına daxil olmuşdu.

Rusiya Müdafiə Nazirliyi aprelin 28-nə keçən gecə Astraxan, Volqoqrad, Kursk və Rostov vilayətləri, Krasnodar diyarı, ilhaq olunmuş Krım, Qara və Azov dənizlərinin akvatoriyaları üzərində 186 dronun vurulduğunu açıqlayıb.

Ukraynaya zərbələrdə yaralananlar var

Ukraynanın Zaporojye və Sumı vilayətlərinə Rusiyanın hücumları nəticəsində altı nəfər yaralanıb. Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya qoşunları ötən gecə Ukraynaya 123 dron buraxıb, onlardan 95-i vurulub.

Çeçen separatçısı ilə görüşə görə Almaniya səfiri Rusiya XİN-ə çağırılıb

Almaniyanın Rusiyadakı səfiri Aleksandr Lambsdorf
Almaniyanın Rusiyadakı səfiri Aleksandr Lambsdorf

Almaniyanın Rusiyadakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Almaniyalı deputatın Kiyevdə çeçen separatçısı ilə görüşünə görə ona etiraz notası verilib.

Moskva Bundestaq deputatı Roderix Kizevetterin Moskvanın "terrorçu" hesab etdiyi "Çeçenistan İçkeriya Respublikası"nın lideri Əhməd Zakayevlə danışıqlar apardığını bildirir.

"Çeçenistan İçkeriya Respublikası" 1990-cı illərin ortalarında Birinci Çeçen müharibəsindən sonra Moskvadan faktiki müstəqillik əldə edib, lakin sonradan onun rəhbərliyi mühacirətə gedib.

İçkeriya Rusiyanın cənubundakı Çeçenistan regionunun tarixi adıdır. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Rusiya qoşunları ilə çeçen separatçıları arasında baş vermiş iki qanlı müharibə bu regionda ciddi dağıntılara səbəb olub.

Rusiya İçkeriyanı terror təşkilatı kimi tanıyır, onunla əlaqəli bütün strukturları və nümayəndələrini qanunsuz sayır.

Rusiya XİN-in məlumatına görə, "Kiyevdə keçirilən son görüşlə bağlı səfir Aleksandr Lambsdorfa sərt etiraz bildirilib". Moskva bu cür təmasları Rusiyanın daxili işlərinə müdaxilə sayır və Berlini "düşmən xarakterli" addımların mənfi nəticələri ilə bağlı xəbərdar edir.

Almaniya XİN sözçüsü isə ittihamları "tamamilə əsassız" adlandırıb.

Rusiya və Ukrayna hərbi əsirləri dəyişiblər

Əsir mübadiləsi, 11 aprel, 2026-cı il
Əsir mübadiləsi, 11 aprel, 2026-cı il

Rusiya və Ukrayna hərbi əsirləri mübadilə edib, hər tərəfdən 193 nəfər təhvil verilib. Bu barədə aprelin 24-də Rusiya Müdafiə Nazirliyi və Ukrayna prezidenti Volodimir Zelenski demək olar ki, eyni vaxtda məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, mübadilə Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-nin vasitəçiliyi ilə həyata keçirilib. Mübadilə Belarus ərazisində baş tutub və azad edilən rusiyalı hərbçilər hazırda oradadır.

Zelenskinin sözlərinə görə, azad edilənlər arasında hərbçilər, Milli Qvardiya üzvləri, sərhədçilər, polis əməkdaşları var. Yaralılar, Rusiyada barələrində cinayət işi açılmış şəxslərdən də azad edilənlər olub.

Hazırda rəsmi sülh danışıqları aparılmasa da tərəflərin əsirlərin və həlak olanların cəsədlərinin mübadiləsi ilə bağlı təmasları davam etdirdiyi bildirilir. Rusiya Dövlət Dumasının deputatı Shamsail Saraliyev bir gün əvvəl belə mübadilənin hazırlandığını bildirsə də, detallı danışmamışdı.

Əvvəlki əsir mübadiləsi aprelin 11-də baş tutub. Müharibə dövründə tərəflər 20-dən çox əsir mübadiləsi həyata keçiriblər.

Müəllimlərin işə qəbulu imtahanında ödəniş təsdiq edildi – 60 manat

Emin Əmrullayev müəllimləri inandıra  biləcəkmi?
Gözlə

No media source currently available

0:00 0:06:21 0:00

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği rəsmən təsdiqlənib.

Bu barədə aprelin 24-də baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak haqqı 60 manat müəyyən edilib.

Bu ilin əvvəlində qanunvericiliyə bu məsələ ilə bağlı dəyişiklik təsdiqlənib. Həmin vaxt müəllimlərin işə qəbul müsabiqəsinin pullu olacağı tənqidlərə səbəb olmuşdu.

23 dekabr

Müəllimlərin işə qəbulu müsabiqəsi pullu olacaq

"Ümumi təhsil haqqında" Qanuna dəyişiklik edilir.

Qanun layihəsi parlamentin bu gün, dekabrın 23-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Sənəd layihəsinə əsasən, "Ümumi təhsil haqqında" Qanuna yeni məzmunda 27.4-cü maddə əlavə edilir. Həmin maddə belədir: "27.4. Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi... müsabiqə yolu ilə həyata keçirilir. Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak ödənişlidir. (ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslər istisna olmaqla)".

Ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum açıqlayacaq.

Xatırlatma

Müəllimlərin müsabiqəsi bu vaxta qədər ödənişli olmayıb. Müsabiqə dörd mərhələdən ibarətdir: elektron ərizədəki göstəricilərin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsi.

Gələn il Azərbaycanda bir sıra sahələrdə vergilər də artırılacaq. Müstəqil təhlilçilər bunu ölkədə neft hasilatının ildən-ilə azalması və son bir ildə "qara qızıl"ın qiymətinin düşməsi ilə izah edirlər. Ölkə iqtisadiyyatında ixracın 90 faizə yaxını neft və qazın payına düşür.

Azərbaycanda İkinci Dünya müharibəsinin 13 iştirakçısı qalıb – birdəfəlik yardım alacaqlar

'Ay pulemyot, mənim başıma çox oyun açmısan'
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Azərbaycanda İkinci Dünya müharibəsinin iştirakçılarına, onların dul həyat yoldaşlarına, habelə həmin dövrdə Leninqradın (Sankt-Peterburq) müdafiəsində və arxa cəbhədə fədakarlıq göstərmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək.

Bu barədə aprelin 24-də prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, müharibə iştirakçılarına 2 min 750 manat, digər kateqoriyadan olan şəxslərə isə 1 min 500 manat birdəfəlik yardım ödəniləcək.

Yardımların maliyyələşdirilməsi üçün Azərbaycan Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, sərəncamın ümumilikdə 2 minə yaxın şəxsə şamil olunacağı gözlənilir. Onlardan yalnız 13 nəfəri İkinci Dünya müharibəsinin birbaşa iştirakçılarıdır.

Ötən il bu say 21 nəfər olaraq açıqlanmışdı. Həmin şəxslərə isə bundan az – 2 min 500 manat mükafat verilmişdi.

Sərəncam sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir çox istifadəçi narazılıq edir ki, son aylar Bakı və ətrafında yağıntılar ciddi fəsadlar törədib, lakin sel nəticəsində ziyan çəkənlərə kompensasiya verilməyib.

Xatırlatma

Hər il mayın 9-da Azərbaycanda, eləcə də Rusiya və dünyanın bir çox digər ölkələrində faşizm üzərində Qələbə Günü rəsmi şəkildə qeyd olunur. Bu il həmin tarixi qələbədən 81 il ötür."

İkinci Dünya müharibəsi 1939-cu ildə faşist Almaniyasının Polşaya hücumu ilə başlayıb. 1941-ci il iyunun 22-də isə Hitler Almaniyası SSRİ-yə – o cümlədən Azərbaycana (1991-ci ildə müstəqilliyini bərpa edib) hücum edib.

1945-ci ildə başa çatan müharibə ilə əlaqədar Qələbə Günü Avropa ölkələrində mayın 8-də qeyd olunsa da, Ukrayna istisna olmaqla keçmiş SSRİ məkanında mayın 9-na üstünlük verilir.

Bu müharibədə Azərbaycandan SSRİ ordusu sıralarında 660 min nəfər iştirak edib. Onlardan təqribən yarısının geri dönmədiyi bildirilir.

Avropa Komissiyası Rusiyanın iştirakına görə Venesiya Biennalesinə 2 milyon avronu dondurdu

2022-ci ildə Venesiya Biennalesində Rusiya pavilyonu
2022-ci ildə Venesiya Biennalesində Rusiya pavilyonu

Avropa Komissiyası Rusiyanın Venesiya Biennalesində iştirakına icazə verildiyinə görə tədbirə ayrılmış 2 milyon avroluq maliyyəni kəsib. Açıqlamanı Avropa Komissiyasının təmsilçisi Toma Renye verib.

"Avropa Komissiyasının 2 milyon avroluq qrantın dayandırılması ilə bağlı məktublar göndərdiyini təsdiqləyə bilərəm. Biz Rusiya pavilyonunun açılması qərarını siyasi baxımdan qınayırıq və İtaliya hökumətini bu məsələ ilə məşğul olmağa çağırırıq", –Renye bildirib. O vurğulayıb ki, maliyyənin dayandırılması birbaşa Rusiyanın iştirakı ilə bağlıdır.

Rusiyanın bu müasir incəsənət sərgisində iştirak edəcəyi martın əvvəlində məlum olub. Rusiyanın pavilyonu "Ağac göydə kök salıb" adlandırılıb. Tədbir çərçivəsində Rusiyanın müxtəlif regionlarından, eləcə də Argentina, Braziliya, Mali və Meksikadan sənətçilərin qatıldığı musiqi festivalının təşkil olunacağı bildirilir.

Avropa Komissiyası bəyanatında qeyd edir ki, Aİ ölkələri və qurumları sanksiya rejiminə əməl etməli və Rusiyanın Ukraynadakı müharibəsini dəstəkləyən və ya ona haqq qazandıran şəxslərə platforma verməkdən çəkinməlidirlər.

Moskva bunu "mədəniyyətin ləğvinə yönəlmiş diskriminasiya səyləri" adlandırıb.

Venesiya Biennalesi iki ildən bir keçirilir, memarlıq, kino, musiqi, rəqs və teatr daxil olmaqla, müxtəlif incəsənət sahələrini əhatələyən ən böyük beynəlxalq mədəniyyət sərgilərindən biridir. Rusiya bu tədbirdə sonuncu dəfə 2022-ci ildə iştirak edib.

Venesiya Biennalesi: "Səlahiyyətimiz yoxdur"

Venesiya Biennalesinin rəhbərliyi Avropa Komissiyasının qərarına cavab olaraq bildirib ki, "hər hansı ölkənin iştirakının qarşısını almaq səlahiyyəti yoxdur. İtaliya Respublikasının rəsmən tanıdığı istənilən ölkə iştirak üçün müraciət edə bilər".

Rusiyanın Ukraynada işğalçı müharibəsi artıq beşinci ildir davam edir. Ukrayna Avropa İttifaqına üzv 21 ölkə ilə birlikdə Moskvanın tədbirdə iştirakının mümkünlüyünü tənqid edən məktub yaymışdı.

Lakin sərgi təşkilatçıları bu tələbi rədd edib. İtaliya baş nazirinin müavini Matteo Salvini isə onları dəstəkləyib.

Bu sərgi müasir incəsənət sahəsində dünyanın ən qədim və ən nüfuzlu tədbirlərindən biridir. O, əsas ekspozisiya ilə yanaşı, ayrı-ayrı ölkələrin təşkil etdiyi milli pavilyonlardan ibarətdir.

Bu il ümumilikdə 99 ölkənin milli pavilyonlarla iştirakı planlaşdırılır.

Biennale bundan əvvəl də İran və İsrail də daxil olmaqla, bəzi ölkələrin kənarlaşdırılması ilə bağlı tələbləri rədd edib.

Ukraynaya zərbələrdən ölənlər var

Dneprə dron hücumu
Dneprə dron hücumu

Aprelin 23-nə keçən gecə Dneprə zərbə nəticəsində iki nəfər həlak olub, 10 nəfər yaralanıb. Yaralılardan dördünün vəziyyəti orta ağırdır, xəstəxanaya yerləşdirilib. Onlardan ikisi 9 və 14 yaşlı qızlardır. Bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja məlumat verib.

Zərbənin yaşayış binasının yuxarı mərtəbələrini zədələdiyi, yanğın baş verdiyi açıqlanıb.

Rusiya hərbçiləri Jitomir vilayətində mülki nəqliyyat infrastrukturunu da dronlarla hədəf götürüb. Vilayət hərbi administrasiyasının rəhbəri Vitali Buneçko bir qadının həlak olduğunu bildirib.

Ötən gecə Rusiya ordusu Ukraynaya 155 zərbə dronu ilə hücum edib. Onlardan 139-nu hava hücumundan müdafiə qüvvələri məhv edib.

Rusiya Müdafiə Nazirliyi bu hücumları şərh etməyib.

Ukrayna hakimiyyəti və beynəlxalq qurumlar mülki infrastruktura və dinc əhaliyə zərbələri Rusiyanın hərbi cinayətləri kimi qiymətləndirir. Rusiya isə bunu qəbul etmir, hərbi obyektlərin hədəfə alındığını bildirir.

Problemli kreditlər artıb, icra məmurlarının səlahiyyətləri genişləndirilir

Problemli kreditlər azalmır, artır
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Azərbaycanda bank borclarını vaxtında ödəməyənlərə qarşı tədbirlərin sərtləşdirilməsi gözlənilir. Qanunvericiliyə dəyişiklik edilərək icra məmurlarının səlahiyyətlərinin genişləndirilməsi nəzərdə tutulur.

Bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunacaq "Dövlət icra məmurları haqqında" Qanuna dəyişikliklər layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, icra məmuru tələbi borclunun hesabındakı pul vəsaitlərinə, qiymətli əşyalarına, habelə bank və digər kredit təşkilatlarındakı əmanətlərinə yönəldə bilər.

Layihədə isə tələbin dairəsinin genişləndirilməsi təklif olunur. Yeni sənədə əsasən, icra məmuru tələbi borclunun əmlakına, o cümlədən nağd vəsaitlərinə, bank, digər kredit və ya elektron pul təşkilatlarındakı hesab və əmanətlərinə, habelə saxlancda olan pul vəsaitlərinə yönəldə biləcək.

Ekspertlər bu dəyişiklikləri birmənalı dəyərləndirmirlər. Bir qrup ekspert hesab edir ki, icra məmurlarının səlahiyyətlərinin genişləndirilməsi icra prosesinin ümumi effektivliyini artırmağa xidmət edir. Onların fikrincə, əsas məqsəd bank borclarının qaytarılmasını daha operativ və real mexanizmlərlə təmin etməkdir. Xüsusilə, elektron pul hesablarına çıxış imkanı müasir maliyyə sisteminə uyğun addım kimi qiymətləndirilir.

Digər qisim ekspertlər isə hesab edir ki, bu addımlar bank borcu olan şəxslərə qarşı tədbirlərin hədsiz sərtləşdirilməsinə xidmət edir. Onların qənaətincə, icra məmurlarının səlahiyyətlərinin bu dərəcədə genişləndirilməsi sui-istifadə risklərini də özü ilə gətirir. Tənqidçilər vurğulayırlar ki, hökumət əhalinin sosial rifahını yaxşılaşdırmaq və borc yükünü azaltmaq əvəzinə, daha çox cəza mexanizmlərini gücləndirmək yolunu tutur.

Həmin ekspertlər xatırladırlar ki, Azərbaycanda bank faizləri bir çox ölkələrlə müqayisədə hədsiz dərəcədə yüksəkdir.

Mərkəzi Bankın məlumatına görə, 2026-cı il martın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 562 milyon manat təşkil edib. Bu göstərici fevralın 1-i ilə müqayisədə 0.8 faiz artıb.

Son bir ildə isə problemli kreditlərin məbləği 17 faiz çoxalıb.

Tim Kuk 'Apple'ın baş direktoru vəzifəsindən gedir

Tim Kuk
Tim Kuk

Tim Kuk ABŞ-nin "Apple" texnologiya nəhənginin baş icraçı direktoru vəzifəsindən gedir və Direktorlar Şurasının sədri olacaq. Şirkətin yaydığı press-relizdə bildirilir ki, Kuk bundan sonra da şirkətin ABŞ prezidenti Donald Trampla əlaqələrini kurasiya edəcək.

Bu il sentyabrın 1-dən "Apple"ın yeni baş direktoru Con Ternus olacaq.

50 yaşlı Ternus 2001-ci ildən şirkətdə çalışır, hazırda onun aparat təminatı üzrə vitse-prezidentidir. "Reuters" yazır ki, son illər "Mac" kompüterlərinin satışının bərpası məhz onun adı ilə əlaqələndirilir.

65 yaşlı Kuk 1998-ci ildən "Apple"da işləyir, 2011-ci ildə Stiv Cobsun istefasından sonra ona rəhbərlik edib. O, "Apple Watch", "AirPods" və "Apple Vision Pro" məhsullarını, "iCloud", "Apple Pay", "Apple TV" və "Apple Music" xidmətlərini istifadəyə verib.

"Bloomberg" qeyd edir ki, Kukun rəhbərliyi dövründə şirkətin səhmləri 20 dəfə bahalaşıb. Şirkətin bazar dəyəri 350 milyard dollardan 4 trilyon dollara, gəlirləri 2011-ci ildəki 108 milyard dollardan ötən maliyyə ilində 416 milyard dollara yüksəlib.

Azərbaycanın xarici ticarəti azalsa da, Çinlə artıb

Azərbaycan-Çin yaxınlaşması vətəndaşa nə verir?
Gözlə

No media source currently available

0:00 0:02:55 0:00

Bu ilin birinci rübündə Azərbaycanla Çin arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 7.3 faiz artaraq 1 milyard 103 milyon ABŞ dollarını üstələyib.

Dövlət Gömrük Komitəsinin (DGK) statistikasına görə, Çindən Azərbaycana idxal 6.9 faiz artaraq 1 milyard 74 milyon dollar təşkil edib. Çin 2024-cü ildən etibarən Azərbaycanın idxal tərəfdaşları arasında Rusiyanı geridə qoyaraq birinci yerə yüksəlib.

Azərbaycandan Çinə ixrac edilən məhsulların dəyəri 25.2 faiz artaraq 29 milyon dollara çatıb.

Çinlə ticarət əməliyyatları ölkənin ümumi dövriyyəsinin 11.73 faizini təşkil edir.

Ümumilikdə isə Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövründəki 12 milyard dollardan 9.4 milyard dollara qədər geriləyib.

Xatırlatma

Son illər Azərbaycan və Çin arasında həm iqtisadi, həm də siyasi baxımdan yaxınlaşma müşahidə olunur. 2024-cü il iyulun 3-də "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul edilib. Ötən il də "Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş" qüvvəyə minib.

Son aylar isə iki ölkə qurumları arasında birgə investisiya fondunun yaradılması ilə bağlı addımlar atılır.

Müxalifət hesab edir ki, Çin, Rusiya kimi ölkələrlə əlaqələri genişləndirməkdənsə, Qərbə inteqrasiya prosesini sürətləndirmək lazımdır.

Üstəlik, onların fikrincə, Çinlə yaxınlaşma ABŞ ilə əməkdaşlığa xələl gətirə bilər.

Davamı

XS
SM
MD
LG