Prezident İlham Əliyev "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" Qanunu təsdiqləyib.
Bu qanun Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir.
Prezidentin təsdiqlədiyi "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nizamnaməsi"nə görə, Dövlət Qoruğu İdarəsinin idarəetmə orqanı onun İdarə Heyəti olacaq. İdarə Heyətinin tərkibi üç üzvdən – İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarətdir.
İdarə Heyətinin sədrini Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsinin təqdimatı əsasında Prezident vəzifəyə təyin və vəzifədən azad edir.
Şuşa 1992-ci il mayın 8-də işğal edilmişdi, ötən il noyabrın 8-də azad olunub.