Azərbaycanda son bir ildə işsiz kimi qeydiyyata düşənlərin sayı təqribən 7 faiz artıb.
Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) aylıq hesabatında bildirilir.
Sənəddə vurğulanır ki, 2026-cı il avqustun 1-i Dövlət Məşğulluq Agentliyinin (DMA) yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,1 min nəfər olub. Onların 52,8 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 467,8 manata yüksəlib.
2025-ci il avqustun 1-də DMA -nin yerli qurumlarında 231,3 min nəfər işsiz qeydiyyatda olmuşdu. Onların isə 49,7 faizi qadınlar idi. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 437,1 manat olmuşdu.
DSK-nın son aylıq hesabatında habelə vurğulanıb ki, ölkədə məşğul insan 5 milyon 146 mindən çoxdur.
Sizin brauzer HTML5-i dəstəkləmir
'Türkiyənin, Rusiyanın küçələrində qalmışıq' - Naxçıvan sakini
Belədə ölkədə işsizliyin cəmi 5 faiz civarında olduğu deyilir. Amma müstəqil iqtisadçılar bu rəqəmə şübhə ilə yanaşırlar. Onlar vurğulayırlar ki, elə DSK-nın son məlumatına görə, ölkədə cəmi 1 milyon 787 min 400 muzdlu işçi var. Müstəqil iqtisadçılar hesab edirlər ki, yerdə qalan təqribən 3.3 milyon məşğul insandan realıqda nə qədər adamın çalışıb qazanc əldə etdiyi dəqiq bəlli deyil. Hökumət son illərdə iqtisadiyyatın ağardılmasından bəhs eləsə də rəsmi muzdla işləyənlərin sayında elə də ciddi artım yoxdur.
Müstəqil iqtsiadçılar deyir ki, hökumətin işsizlərin rəsmi sayının müəyyən edilməsi ilə bağlı kriteriyaları müasir beynəlxalq tələblərə cavab vermir. Onların fikrincə, xüsusilə qazancından asılı olmayaraq kənd təsərrüfatı sektorunda çalışanların məşğul əhali sayılması ölkədə real işsizlərin sayını süni yolla azaltmağa xidmət edir.
Müstəqil iqtisadçılarin iddiasına görə, Azərbaycanda reallıqda işsiz insanların sayı azı ikirəqmlidir. Onlar hesab edirlər ki, ölkədə işsiz kimi qeydiyyata düşmək də bəzən iş tapmaqdan çətin olur.