Çexiya QHT-si Rusiyada ‘arzuolunmaz’ elan edildi

İllüstrativ foto

“Arzuolunmaz” təşkilatlar qanunu 2015-ci ilin mayında qəbul olunub, sonradan bir neçə dəfə yenilənib

Rusiya Baş Prokurorluğu Çexiyanın qeyri-hökumət təşkilatını “arzuolunmaz” siyahısına salıb.

İyunun 29-da yayılmış bəyanata görə, Praqada yerləşən “Spolecnost Svobody Informace” – İnformasiya Cəmiyyəti Azadlığı təşkilatı “Rusiya Federasiyasında konstitusiya quruluşunun əsaslarına və təhlükəsizliyə təhdid yaradır”.

“Arzuolunmaz” təşkilatlar qanunu 2015-ci ilin mayında qəbul olunub, sonradan bir neçə dəfə yenilənib. Kreml xaricdən – əsasən Avropa və Birləşmiş Ştatlardan maliyyələşən qeyri-kommersiya və qeyri-hökumət təşkilatlarının sıxışdırılması üçün bir neçə belə addım atıb.

Çexiya təşkilatı isə siyahıya salınan 36-cı xarici qurumdur.

2015-ci ildə təsis olunmuş bu təşkilatın missiyası maarifləndirmə fəaliyyəti aparmaq, informasiyaya çıxış hüquqları pozulan şəxslərə kömək etməkdir.

Prezident Vladimir Putin iyunun 28-də imzaladığı qanunla “arzuolunmaz”larla bağlı qanunun miqyasını genişləndirib. Rusiyada bu qrupa salınmış təşkilatın fəaliyyətində iştirak kriminallaşdırılır.