Nyu-Yorkun seçilmiş meri Zöhran Mamdani Yeni il gecəsi rəsmən vəzifəsinin icrasına başlayıb. Andiçmə mərasimi Yeni ilin ilk dəqiqələrində Manhettendə, şəhərin ən qədim stansiyalarından biri, artıq fəaliyyətini dayandırmış "City Hall" metro stansiyasında keçirilib.
Mamdaninin yanında xanımı Rama Duvaci də mərasimdə olub.
"Nyuyorklular, Yeni iliniz mübarək, həm bu tuneldə, həm də onun üstündə olanlar", – Mamdani deyib.
Şəhər tarixində ilk dəfə Nyu-York meri Qurana and içib. Mamdani üç Qurandan istifadə edib: atasının saxladığı Quran, XVIII və ya XIX əsrin əvvəllərinə aid kiçik Quran, nənəsi və babasının yadigarı Quran. Əvvəllər mer vəzifəsinə seçilənlər İncilə and içiblər. Amma qanunla andiçmədə dini kitabdan istifadə tələbi yoxdur.
Nyu-York ştatının qanunlarına görə, yeni mer yanvarın 1-də vəzifəsinin icrasına başlayır, mərasimin gecə yarısından sonra keçirilməsi adət halını alıb.
Demokrat partiyasından olan Z.Mamdani sosialistdir, 34 yaşı var. O, müsəlmandır, Uqandada doğulub. Nyu-York meri seçkiləri 2025-ci ilin noyabrında olub.
Mamdaninin qələbəsi Konqresə bu ilin noyabrında keçiriləcək aralıq seçkilərinə təsir göstərə bilər. Bu seçki ABŞ Konqresinə nəzarət məsələsini həll edəcək. Mamdani seçki kampaniyasında, əsasən, yaşayış səviyyəsi ilə bağlı məsələlərə fokuslanıb, respublikaçı prezident Donald Trampı sərt tənqid edir. Ötən bir ildə Trampın reytinqi iqtisadi problemlərdən dolayı düşüb.
Mamdani andiçmədən sonra çıxışında seçki kampaniyasının əsas vədlərinə – məhdudiyyətsiz uşaq baxımı, əlçatan kirayələr, pulsuz avtobus xidmətinə toxunub.
"Biz bütün nyuyorklulara cavab verəcəyik, demokratiyamızı satın ala bildiyini düşünən milyarder, yaxud oliqarxa yox. Demokrat sosialist kimi seçilmişəm, demokrat sosialist kimi idarə edəcəyəm", – o deyib.
Nyu-Yorkun əhalisi 9 milyondur.