Zərdabda pambıq yığmayan işsiz qalacaq

Azərbaycanda pambığın satış qiyməti maya dəyərini ödəmir

«Tutaq ki, pambıq yığmaq istəmirəm... İşsiz qalmalıyam?».

Büdcə təşkilatlarından birində çalışdığından adının açıqlanmasını istəməyən Zərdab rayon sakini AzadlıqRadiosuna danışır ki, ötən həftənin son iş günü (14 oktyabr) onu zorla pambıq yığımına aparıblar. 4 saat sahədə çalışıb. İlk dəfə pambıq yığdığı üçün gördüyü iş heç də məhsuldar olmayıb. Cəmi 3 manatlıq pambıq toplaya bilib.

«BURDA İŞİNİ İTİRMƏK ƏZİZİNİ İTİRMƏYƏ BƏRABƏRDİR»

Müsahib deyir, rayondakı büdcə təşkilatlarında çalışanların çoxu zorla pambıq yığımına cəlb olunub:

- Səhər-səhər camaat evindən çıxıb işə getdiyi yerdə zorla oturdurdular maşına, göndərirdilər sahəyə... Bircə onu deyirdilər ki, «başçının tapşırığıdır». Hünərin var, de «getmirəm». İşsiz qoymaqla hədələyirdilər.

- Heç «getmirəm» deyən oldumu? Məsələn, siz özünüz getdinizmi?

- Başına dönüm, rayon, kənd yeridir. Fikrin paytaxta getməsin. Burda iş itirmək əziz adamını itirməyə bərabərdir. Adamları özlərindən asılı vəziyyətə salıblar. Dünən iş dilənən adam bu gün necə əmrə tabe olmasın?

Müsahibim deyir, pambıq yığımına cəlb olunanlara heç paltarlarını dəyişməyə və özləri ilə yemək götürməyə də imkan verilməyib. O, heç SSRİ dövründə də belə «biabırçı səfərbərlik» görmədiyini deyir:

«Başçı öz müavinləri ilə sahələri gəzib yoxlayırdı görsün, kim pambıq yığmağa gəlib, kim yox... Gəlməyənlərin, necə deyərlər, evi yıxıldı».

Buna da bax-Ağ qızılın qara dərdi

Sizin brauzer HTML5-i dəstəkləmir

Ağ qızılın qara dərdi

«50-60 KİLOYA 5-6 MANAT ALIRSAN»

Rayonun başqa sakini Səməd Əsgərov işsizdir. Deyir, nə qədər istəsələr, pambıq yığmağa hazırdır. Ancaq qarşılığında normal zəhməthaqqı ödənilsin:

«Pambıq toplamaq asan gəlməsin. Gərək 50-60 kilo toplayasan ki, 5-6 manat alasan. Kilosu 10 qəpikdəndir. Çətin, əziyyətli işə görə çox azdır. Ona görə heç işsizlər də bu işə getmir, məcbur olub büdcə təşkilatlarında çalışanları cəlb edirlər».

Növbəti günlər havanın yağışlı keçməsi «pambıqyığan»ların ürəyincə olub. Çünki həftəsonu istirahət günlərini pambıq sahələrində keçirməli olmayıblar. Sakinləri maraqlandıran odur ki, nəyə görə icra hakimiyyəti pambıqyığan maşınlar almır, büdcə təşkilatında çalışanları bu işə cəlb etməklə həm vaxtlarına, həm də əmək fəaliyyətlərinə qənim kəsilir.

«TEXNİKİ İŞÇİLƏR ƏLAVƏ PUL QAZANIR»

Zərdab rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna bildirilib ki, pambıq yığımında iştirak edənlər nə müəllimlər, nə də həkimlərdir: «Texniki işçilərdir. Özləri könüllü iştirak edirlər. Məvacibləri az olduğundan bu da onlara əlavə pul qazanmaq imkanı verir. Burda pis nə var ki? Həm də pambıq yığımı dayanıb, yağışlı havada pambıq yığılmır».

İcra hakimiyyətindən pambıqyığan kombaynların olduğunu bildiriblər. Ancaq əlavə ediblər ki, hazırda başqa sahələrdə də məhsul yığımı mövsümü olduğundan texnika çatışmazlığı var.

Görünür, yağış kəsən kimi Zərdabda yenə sovet vaxtının «Hamı pambıq yığımına!» şüarı işə düşəcək.

Cavad Cavadlı

KÖNÜLLÜ PAMBIQ YIĞIMI, YOXSA MƏCBURİ ƏMƏK?

«Könüllü adı ilə vətəndaşların pambıq tarlalarında əməyə cəlb edilməsi tamamilə qanunsuzdur. Bunu edən təşkilatlar «Könüllü fəaliyyəti haqqında» qanunun tələblərini kobud şəkildə pozurlar».

Son həftələrdə pambıq yığımına tibb, təhsil, mədəniyyət işçilərinin cəlb edilməsinin hüquqi yönlərinə toxunan vəkil Cavad Cavadlı belə deyir. Vəkil qeyd edir ki, şəxslərin könüllü əməyə cəlb olunması 2009-cu ildə qəbul edilmiş «Könüllü fəaliyyəti haqqında» Qanunla tənzimlənir.

Onun bildirməsinə görə, könüllü fəaliyyətə cəlbə yol verən istiqamətlər qanunda konkret göstərilib.

«Qanun könüllülərin işçi çatışmazlığının qarşısını almaq məqsədilə istifadəsini qadağan edir. Habelə, hansısa kommersiya hüquqi şəxsi gəlir əldə etmək üçün könüllünü əməyə cəlb edə bilməz. Bundan əlavə, könüllüləri işə cəlb edən təşkilat könüllülərlə müqavilə bağlamalı və onların həyat və sağlamlıqlarını sığorta etdirməlidir», - deyən vəkilə görə, pambıq tarlalarında işə cəlb olunmalar məcburi əməyə daha çox bənzəyir.

«Bu isə Konstitusiyanın 35-ci maddəsinin (əmək hüququ) tələblərinin pozulmasıdır», - vəkil vurğulayır.

Son həftələr Azərbaycanın bölgələrində müəllimlər, həkimlər və mədəniyyət işçiləri pambıq yığımına aparılır. Hətta pambıq yığımına «ASAN Xidmət»in işçilərinin də cəlb edildiyi bildirilir.

Göyçay rayon icra başçısının birinci müavini İkram Vəliyev AzadlıqRadiosuna deyib ki, heç kimi məcburi pambıq yığımına aparmırlar: «Bütün əhaliyə müraciət olunub. Kim istəyir iş vaxtı, işdən sonra, bazar günü gəlsin, pambığını yığsın, həmin gün də pulunu alıb getsin».