Zəngilanda milyonluq layihələr niyə eyni şirkətə verilir? – 'Öncədən bəllidir ki, kim qalib gələcək'

"Protean Construction" ASC

Zəngilan şəhərində yeni yaşayış məhəlləsinin tikintisi üçün 26.5 milyon manat vəsait ayrılıb. Şəhərdə ikinci yaşayış məhəlləsinin tikinti-quraşdırma işləri "Protean Construction" ASC-yə həvalə olunub. Bugünlərdə "Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" Publik Hüquqi Şəxs ilə adıçəkilən şirkət arasında 26 milyon 596 min manatlıq satınalma müqaviləsi imzalanıb.

AzadlıqRadiosunun araşdırması göstərib ki, bu, "Protean Construction"ın Zəngilanda ilk tender qalibiyyəti deyil. Qısa müddətdə bu şəhərlə bağlı bir çox iri layihələr məhz bu şirkətə verilib.

Zəngilan şəhərində yaşayış məhəlləsinin tikintisi ilə bağlı bundan öncə - 2024-cü ilin fevralında keçirilən tenderin qalibi də "Protean Construction" olub. O zaman satınalma müqaviləsi şirkətlə "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" arasında imzalanıb. Müqavilənin dəyəri isə 11 milyon 500 min manat olub.

Şirkətin Zəngilanla bağlı aldığı növbəti irihəcmli layihə 2025-ci ilin noyabrına təsadüf edir. "Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" ilə "Protean Construction" ASC arasında imzalanan 1 milyon 88 min manatlıq tender müqaviləsinə əsasən, şirkət Zəngilan şəhərindəki yaşayış məhəlləsində mühəndis təminatı və transformator binasının inşası işlərini icra etməli idi.

Hesablama Palatasının iradları

Hesablama Palatası 2025-ci ildə yaydığı audit hesabatında "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və Idarəetmə Xidməti"nin fəaliyyətini dəyərləndirib. Qurum bildirib ki, "mühüm sayda müqavilənin bir mənbədən satınalma metodu ilə ehtimal olunan qiymət təyin edilmədən bağlanması rəqabət mühitini birbaşa pozub".

Hesabatda Zəngilan şəhərində yaşayış məhəlləsinin tikintisi ilə bağlı konkret olaraq qeyd edilir ki, sənədlərdə iş həcmləri artıq göstərilib, tikinti materialının dəyərinin digər işlərdə nəzərə alınmasına baxmayaraq, həmin xərclər fərqli qiymətlərlə təkrarən yazılıb və bütün bunlar obyektin müqavilə dəyərinin 146 min 942 manat artmasına səbəb olub.

AzadlıqRadiosu sözügedən layihələr, Hesablama Palatasının audit hesabatındakı nöqsanlarla bağlı nə şirkətdən, nə də aidiyyəti publik şəxslərdən əlavə açıqlama ala bilib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Qarabağı hansı şirkətlər tikir? Tender elanı verilirmi?

"Protean Construction" ASC-nin saytında yer alan məlumata görə, 2001-ci ildə "Azərneftkimyazavodtəmirtresti" 2 nömrəli Tikinti-Quraşdırma İdarəsinin bazasında "Tikinti-Quraşdırma Azər. Neft Kimya Zavod-2" ASC yaradılıb. Daha sonra, 2017-ci ildə isə rebrendinq nəticəsində bu ASC-nin bazasında "Protean Construction" təsis edilib.

Azı 100 milyon manatlıq su-kanalizasiya layihələri

"Protean Construction" ASC illərdir ki, həm də keçmiş "Azərsu", indiki Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əksər tenderlərinin dəyişməz qalibidir. Bu şirkətə həvalə olunan layihələrin sayı və satınalma müqavilələrinin dəyəri bunu deməyə əsas verir.

Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sisteminin yaradılması üçün 2025-ci ilin sentyabrında "Protean Construction" ilə 38 milyon 558 min manatlıq satınalma müqaviləsi imzalanıb.

Keçmiş "Azərsu" bundan öncə 2023-cü ilin dekabrında "Füzuli şəhərinin xarici su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması işlərinin satın alınması" üzrə 28 milyon 590 min manatlıq tenderdə də bu şirkəti üstün sayıb.

Bakının Binəqədi qəsəbəsinin bir hissəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı 12.9 milyon manatlıq, Şuşanın içməli su təchizatına dair 8.6 milyon manatlıq tenderlərin qalibi də "Protean Construction" ASC olub.

Ümumiyyətlə, "Protean Construction" su təchizatı və kanalizasiya sistemi layihələri üzrə son bir neçə il ərzində ümumilikdə 100 milyon manatdan çox dəyəri olan satınalma müqaviləsi əldə edib.

Hələ bura şirkətin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və başqa dövlət qurumlarından qazandığı digər tenderlər daxil deyil.

Yerli media "Protean Construction" ASC-nin "Azərsu"nun keçmiş rəhbərliyinə bağlılığı barədə yazsa da, AzadlıqRadiosu bu iddiaları təsdiqlədə bilməyib.

Zöhrab İsmayıl

"Məqsəd keyfiyyətə nail olmaq deyil"

İqtisadçı Zöhrab İsmayıl AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda dövlət qurumlarının irihəcmli tender elanları dərc edilsə də, bunlar formal xarakter daşıyır. Ekspert hesab edir ki, məqsəd şəffaflıq görüntüsü yaratmaqdır: "Bu tenderdə rəqiblər, kimlərin hansı şərtləri təklif etdiyi məlum olmur. Halbuki tenderin məqsədi rəqabət mühitinin yaranması və daha uyğun şərtlər təklif edən şirkətin seçilməsidir. Amma Azərbaycan reallığında öncədən məlum olur ki, hansı şirkət qalib olacaq".

Z.İsmayıl yada salır ki, cəzalandırılan məmurlarla bağlı cinayət işlərində və Hesablama Palatasının auditlərində də tenderlərlə bağlı qanun pozuntularından bəhs olunur. Buna baxmayaraq, illərdir ki, dövlət qurumları eyni üsullarla işləməkdə davam edir. İqtisadçı səbəbi də belə izah edir: "Çünki məqsəd keyfiyyətə nail olmaq deyil. Reallıq budur ki, Azərbaycanda on milyonluq tenderlərdə qalib elan edilən şirkətlər sıradan şirkətlər olmur, korrupsiya maşınının elementi, məmur biznesinin tərkib hissəsi olur".

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bu ilin iyulunda deyirdi ki, 2025-ci ildə satınalmaların 52.4 faizi müsabiqə (tender) üsulu ilə icra olunub. Ümumi xərcin 54.6 faizi isə bir mənbədən (müsabiqəsiz) satınalmaya sərf edilib.

AzadlıqRadiosu bundan əvvəl bir neçə dəfə on milyonlarla dollarlıq dövlət layihələrinin ayrı-ayrı məmurlara, deputatlara yaxın şirkətlərə həvalə olunmasından yazıb. Jurnalist araşdırmaları Qarabağdakı tikinti tenderlərinin prezidentin qızlarına məxsus şirkətlərə verilməsini də üzə çıxarıb.

Hakimiyyət təmsilçiləri isə korrupsiya iddialarını adətən rədd edir, oxşar tənqidlərin, araşdırmaların altında siyasi məqsədlər axtarırlar.