Zalujnı Zelenski ilə münaqişələrindən danışıb

Zelenski və Zalujnı

Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnı 2022-ci ildə prezident Volodimir Zelenski ilə tez-tez münaqişələr yaşamasından danışıb. O, "The Associated Press" agentliyinə deyib ki, məhz bu səbəbdən Ukrayna Təhlükəsizlik Xidməti (SBU) onun ofisində axtarış aparıb.

Agentlik Zalujnının Zelenskinin əsas siyasi rəqibi sayıldığını, amma 52 yaşlı səfirin siyasi ambisiyalarını müzakirə etmək istəmədiyini yazır. Deyir, Rusiyanın təcavüzkar müharibəsi ilə üzləşmiş ölkəsində milli birliyə zərbə vurmaq istəmir. "Amma Zalujnının Zelenski ilə dərin uçurumu haqda ilk dəfə açıq danışması onun müharibə başa çatandan sonra prezidentliyə namizədliyini vermək arzusunun əlaməti ola bilər", – AP yazır.

Axtarış

Zalujnının sözlərinə görə, axtarışlar 2022-ci ilin sentyabrında, ordu ölkənin şimal-şərqində əks-hücum əməliyyatı apardığı vaxt baş verib. Prezidentin qərargahında gərgin müşavirədən sonra o, kabinetinə qayıdıb, bir neçə saat sonra SBU-nun onlarla əməkdaşı oraya gəlib.

Həmin vaxt otaqda 10-dan çox britaniyalı zabit olubmuş. Zalujnının sözlərinə görə, SBU əməkdaşları nə axtardıqlarını deməyiblər, o isə onların sənədləri və kompüterləri axtarmalarına mane olub.

SBU Zalujnının ofisində nə vaxtsa axtarış aparılmadığını bildirib. Zelenskinin administrasiyası səfirin dediklərinə şərh verməyib.

Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnı London aeroportunda Ukrayna prezidenti Volodimir Zelenskini qarşılayır.

Zalujnı danışır ki, prezidentin hərbi strategiyasına tez-tez etiraz edib. Dediyinə görə, Zelenski ilə fikir ayrılıqları ölkənin müdafiəsi ilə bağlı olub. Ən böyük mübahisə 2023-cü ildə Ukrayna ordusunun əks-hücum əməliyyatı vaxtı yaranıb. Zalujnı əməliyyatın iflasını qüvvələrin cəbhə xətti boyunca səpələnməsi ilə izah edib. Prezident və digər rəsmilər bu əməliyyat üçün silahlı qüvvələrə yetərincə resurs ayırmayıblar.

Keçmiş baş komandan bildirib ki, ilkin plan Rusiya qüvvələrini Zaporojye vilayətindən çıxarmaq, daha sonra isə Azov dənizinə çatmaq idi. Lakin Ukrayna ordusunun qüvvələri böyük əraziyə dağılıb, resurs çatmayıb.

Zalujnıya seçki kampaniyası üçün təkliflər gəlir

2024-cü il fevralın əvvəlində Zelenski Zalujnını vəzifədən azad edib, ona "Ukrayna qəhrəmanı" fəxri adını verib. Zalujnı Ukraynanın Böyük Britaniyada səfiri təyin olunub. Onda bəzi siyasi təhlilçiləri bunu ovaxtkı baş komandanın Zelenski üçün siyasi rəqib kimi potensialını məhdudlaşdırmaq cəhdi adlandırıblar.

AP yazır ki, bir sıra məsləhətçilər, partiya funksionerləri və siyasi dairələr Zalujnıya seçki kampaniyasının hazırlanmasında kömək təklif edirlər. Zalujnıya yaxın, adının açıqlanmasını istəməyən bir məmurun sözlərinə görə, 2025-ci ilin yazında generala amerikalı siyasi məsləhətçi Pol Manafort müraciət edib. O, 2016-cı ildə Donald Trampın prezidentlik kampaniyasına rəhbərlik edib, 2018-ci ildə Ukraynanın keçmiş rusiyapərəst prezidenti Viktor Yanukoviç üçün gizli lobbiçiliyə görə məhkum olunub.

Agentlik qeyd edir ki, rəy sorğuları nəzəri seçkidə Zalujnının Zelenskidən az fərqlə önə çıxdığını göstərir. Dörd ilə yaxınlaşan müharibə uzandıqca, Zelenskinin populyarlığı azalır.