Türkiyənin "Pegasus" aviaşirkəti Rusiyaya uçuşları ləğv etməyə başlayıb. "Ostorojno, novosti" və "Post"un məlumatına görə, şirkət Türkiyədən Moskvanın Vnukovo aeroportu və əks istiqamətə 12 reysi ləğv edib.
PC1456 reysinin sərnişinləri deyiblər ki, Bodrumdan Moskvaya uçmalı idilər, ancaq təyyarəyə minik zamanı reys ləğv edilib. Onların sözlərinə görə, Türkiyə aviaşirkətləri hava məkanındakı vəziyyətdən dolayı uçuşları ləğv etməyə başlayıblar.
"Görünür, "Pegasus" Zelenskinin sözlərini çox ciddi qəbul edib. Şirkət ötən gün Rusiya reyslərini tamamilə dayandırsa da, digər aviaşirkətlər uçuşları davam etdirirlər", – sərnişinlərdən biri "Post"a danışıb.
Ukrayna prezidenti Volodimir Zelenski bir gün əvvəl Rusiyanın hava məkanının Ukrayna dronları ucbatından tam təhlükəli olacağını bildirmişdi.
1 sentyabr
Zelenski: 'Rusiyanın hava məkanı tam təhlükəlidir'
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya hava məkanından istifadə edən aviaşirkətlərə Ukrayna dronları ilə bağlı xəbərdar edib. Onun dediyinə görə, Moskvanın eskalasiyanı davam etdirməsi fonunda Rusiya səması artıq təhlükəsiz deyil.
"Bu gün Rusiya hava məkanından istifadə edən bütün aviaşirkətlərə, sığorta şirkətlərinə, hələ də Rusiyanın əsas aeroportlarından istifadə edənlərə xəbərdarlıq etmək istəyirik: Rusiya səması tam təhlükəlidir", – Zelenski sentyabrın 1-də gündəlik videomüraciətində deyib.
"Dronlarla dolu səma mülki aviasiyanın yeri deyil", –Zelenski deyib.
Bu açıqlama Kiyevin Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli zərbələri artırdığı bir vaxtda verilir. Ukrayna Kremli sülh danışıqlarına vadar etmək üçün hərbi obyektləri, neft-qaz infrastrukturunu, logistika mərkəzlərini hədəfə alır.
Ukrayna prezidenti Kiyev heç bir mülki təyyarəni təhdid etmədiyini vurğulayıb. Amma dediyinə görə, "Rusiya səmasında elə miqyasda dronlar olacaq ki, bunu nəzərə almaq lazım gələcək".
Rusiya prezidenti Vladimir Putin Qırğızıstanda mətbuat konfransında Zelenskinin açıqlaması ilə bağlı sualı cavablandırıb. O deyib ki, hər hansı insident baş verərsə, Moskva buna cavab verəcək, "bu cür bəyanatlar dövlət terrorizmidir".
Putin 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı işğala başlayandan kommersiya təyyarələri Ukrayna ərazisinə uçmur, ölkənin hava məkanından tranzit üçün istifadə etmir.
2014-cü ilin iyulunda Ukraynanın şərqi Donbas bölgəsində Rusiyaya məxsus raket Amsterdamdan Kuala-Lumpura uçan "Malaysia Airlines" təyyarəsini vurub. Təyyarədə olan 298 sərnişin və ekipaj üzvünün hamısı həlak olub. O zaman bölgədə Kiyev qüvvələri ilə Rusiya və Rusiyanın dəstəklədiyi qüvvələr arasında döyüşlər başlamışdı.
Sentyabrın 1-də Rusiya qüvvələri Ukraynanın müxtəlif bölgələrinə zərbələr endirib. Həmin gün ölkədə yeni dərs ili başlayıb.
Kiyev vilayətinin Borispol şəhərində yaşayış binasının yaxınlığına Rusiya raketi düşüb, azı dörd nəfər həlak olub, 13 nəfər yaralanıb.
Zelenski son hücumları "mülki əhaliyə qarşı Rusiya terroru" adlandırıb.