Ukrayna prezidenti Volodimir Zelenski deyir ki, Budapeştdə sülh danışıqlarına qoşulmağa hazırdır. Amma o, rusiyalı həmkarı Vladimir Putinin Ukraynada dörd ilə yaxındır gedən müharibəni bitirmək istəyinə şübhəsini də dilə gətirib.
"Putinin bu müharibəni bitirməyə hazır olmasından əmin deyiləm. Məncə, o, aqressiya ilə cavab vermək istəyir", – Zelenski NBC-nin oktyabrın 19-da yayımladığı, öncədən yazılmış müsahibəsində deyib.
Onun sözlərinə görə, Putin real sülh danışıqlarını ertələmək istəyir, onunla görüşməyə də meylli deyil, çünki bu halda müharibəni bitirmək üçün konkret təkliflərə razılaşmaq lazım gələcək.
Bu müsahibədən öncə Zelenski oktyabrın 17-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampla görüşüb. İki liderin Ukraynanın ABŞ ordusuna dron texnologiyası verməsi qarşılığında uzaqmənzilli "Tomahawk" raketləri almasını müzakirə edəcəyi gözlənilirdi. Amma Tramp bunun əvəzində Rusiya və Ukraynanı atəşkəsi dərhal dayandırmağa çağırıb. O, gələn həftələrdə Budapeştdə Putinlə görüşəcəyini də elan edib.
Donetsk məsələsi
"The Washington Post" oktyabrın 18-də yazıb ki, Putin oktyabrın 16-da Trampla telefon söhbətində müharibəni bitirmək üçün şərtini səsləndirib – Kiyevin şərqi Donetsk vilayətindən tam çıxmasını tələb edib.
Tramp oktyabrın 17-də sosial şəbəkədə tərəflərdən olduqları yerdə dayanmalarını istəyib: "Qoy hər ikisi Qələbəsini elan etsin, Tarix qərar versin!".
O, oktyabrın 19-da da eyni fikri səsləndirib: "İndi durumu olduğu kimi saxlayırsız. Onlar... sonradan danışıq apara bilərlər".
Tramp Ağ evdə Zelenski ilə danışır.
"The Financial Times" məsələdən agah şəxslərə istinadla yazıb ki, Tramp Ağ evdə Zelenski ilə görüşdə onu, Donetsk bölgəsinin verilməsi də daxil, Rusiyanın müharibəni bitirmək üçün irəli sürdüyü şərtləri qəbul etməyə çağırıb.
Amma Tramp elə həmin gün – oktyabrın 19-da jurnalistlərə belə bir müzakirə aparmadığını bildirib: "Xeyr, bunu heç müzakirə etməmişik".
O vurğulayıb ki, məsələləri "sən bunu götür, biz də bunu" prinsipi ilə müzakirə etmək çox çətindir.
Bir hissəsi Rusiya işğalı altında olan Donbasla bağlı nə etməli sualına cavabında Tramp deyib ki, hər şeyi olduğu kimi saxlamaq lazımdır: "Sonradan bir-biri ilə nəyisə razılaşdıra bilərlər. Amma indi münaqişə tərəfləri cəbhə xəttində dayanmalıdır – evlərinə çəkilməli, döyüşləri, insanları öldürməyi dayandırmalıdırlar".
Ukraynada sülh üçün yekun sülh sazişində ərazi güzəştlərinin olacağı gözlənilsə də, Putinin nəyə razılaşacağı, Kiyevin hüquqi baxımdan nə təklif edə biləcəyi müəyyən deyil. Ukrayna konstitusiyasına görə, ölkə ərazisinə hər hansı dəyişikliyin təsdiqlənməsi üçün referendum keçirilməlidir. Belə bir səsvermə isə 2022-ci ildə Rusiyanın tammiqyaslı işğalı başlayandan hərbi vəziyyət elan olunduğundan keçirilə bilməz.
Qarşılıqlı zərbələr
Oktyabrın 19-da Ukrayna dronları Rusiyada Orenburq qaz zavoduna hücum edib. Nəticədə Qazaxıstandan qaz alışında fasilə yaranıb. Orenburqdakı zavod dünyada ən böyük oxşar obyekt sayılır.
Samara vilayətində, cəbhə xəttindən 1000 km-dək məsafədə yerləşən neft emalı zavodu da dron zərbəsinə məruz qalıb.
Son aylar Kiyev Rusiyanın enerji infrastrukturuna hücumları intensivləşdirib, Rusiyada yanacaq çatışmazlığı yaranıb.
Ukraynada isə bir sıra vilayətlərə Rusiyanın dron hücumları qeydə alınıb. Dnepropetrovksda kömür mədəninə irimiqyaslı zərbə barədə xəbərlər gəlib.